Folklor adamı

 

Bir qərinəlik tanışlığımızın təcrübəsinə güvənib düşünəndə bəzən mənə elə gəlir ki, Bəhlul Abdulla həyatdan folklora yox, folklordan həyata gəlib. Qaynar və işıqlı gözlərinin dərinliyindən həyat eşqi, sözə, kəlama vurğunluq boy göstərir, təcəssüm tapır. İncə yumoru, şux zarafatları ilə dodaqlara tamarzı qalan gülüşü, qıtlaşan, çöhrələrdən qəhətə çıxan təbəssümü yoxdan var edir. Yaxın Şərqdə müdrikliyi və hazırcavablığı ilə folklor qəhrəmanı kimi tanınan Danəndənin təkcə adını yox, məramını və missiyasını da müasirlik məcrasında ləyaqətlə yaşadır və ucaldır. Əminliklə vurğulamaq olar ki, Bəhlul Danəndədən Bəhlul Abdullayadək min ildən ziyadə bir dövrü əhatə edən zamanda çoxsaylı görkəmlər, baxışlar, qəliblər dəyişilsə də mayası müdriklikdən, xalq hikmətindən yoğrulmuş folklorun tarixi mahiyyəti dəyişməz olaraq qalır. Araşdırmalarında, elmi düşüncələrində dəyişilməz mənəvi dəyərlərə istinad edən, söykənən əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Bəhlul Abdullanın fərqli və üstün cəhətlərindən biri onun folklorumuzun sübh çağını, az tədqiq olunan dövrünü, sahəsini gündəmə gətirməsidir. Hələ gənclik illərindən xalq yaradıcılığı bulağından su içib, folklor mühitində böyüyüb boya-başa çatan Bəhlul müəllim ilk dəfə “Qaynar çeşmə” (1969) məqaləsi ilə ədəbiyyata gələrək çeşmə kimi çağladı, obrazlı ifadələri, poetik deyim tərzi ilə imzasını yaddaşlara həkk etdi. Çox keçmədi ki, “Yusif Vəzir Çəmənzəminli və folklor” (“Elm”, 1981) mövzusunda dissertasiya müdafiə edərək alimlik dərəcəsi aldı. Adıçəkilən tədqiqatda “yazıçı və folklor” prizmasından problemə yanaşan B.Abdulla şifahi xalq ədəbiyyatından səxavətlə barınan görkəmli yazıçı Y.V.Çəmənzəminlinin zəngin ədəbi-bədii irsi əsasında “ədib-alimin Avropada yayılmış folklorşünaslıq nəzəri məktəblərinə münasibəti, xüsusilə Azərbaycan şifahi ədəbiyyatında “Avesta” motivlərini geniş tədqiq etməsi, onu həm folklorşünas kimi bir sıra folklor janrları haqqında elmi əsərlər yazması, bədii əsərlərində xalq yaradıcılığından faydalanması” məsələlərini geniş və hərtərəfli araşdıraraq sanballı, mötəbər bir monoqrafiya ərsəyə gətirmişdir. Ədibin o vaxtadək çap olunmayan elmi əsərlərinin bir qisminin müxtəlif xarici dillərdə olması, fərqli qrafikalar ilə yazıya alınması gənc folklorşünası nəinki götürdüyü mövzudan çəkindirməyə vadar edirdi, əksinə yeni faktlar tədqiqatının siqlətini daha da artırır, elmi məziyyətlərinin prioritetliyini önə çəkirdi. Əsatirlərin mənşəyi və təşəkkülü məsələsində Y.V.Çəmənzəminlinin irəli sürdüyü elmi mülahizələri Adalbert Kun, Vilhelm Şvarts, Maks Müller, Teodor Benfey, Harvey Spenser, Elizabet Teylor kimi görkəmli mifoloqların, antropoloqların, folklorşünasların nəzəriyyələri ilə müqayisə edərək araşdırıcının elmi obyektivliklə paralel tarixi təcrübənin müsbət elementlərini ehtiva edən milli özünəməxsusluğa üstünlük verməsi o dövrün ictimai-siyasi mühitində kifayət qədər cəsarətli addım idi.

Professor Bəhlul Abdulla elmi yaradıcılığının növbəti mərhələsində xalqımızın söz yaradıcılığına, qədim adət-ənənələrinə, mərasim folklorunun təşəkkül və təkamül prosesinə güzgü tutdu, unudulmuş rəmzlərə, kölgəli məqamlara aydınlıq gətirdi. Onun “Azərbaycan mərasim folkloru və onun poetikası” (1989) adlı doktorluq dissertasiyası elmi yeniliyi və problemə fərqli baxışları ilə dövrün ədəbi-mədəni mühitinə bahar ovqatı gətirdi. Azərbaycan poetik təfəkkürünün ən qədim qaynaqları, örnəkləri olan alxışlar, qarğışlar, sınamalar, ovsunlar, dualar, fallar və öygülər kimi arxaik janrlarda yuvalanan əski türk düşüncələri dünyanın qocaman xalqlarının dəyərli folklor nümunələri ilə müqayisəli şəkildə ilk dəfə təhlilə cəlb edildi. Bəhlul Abdulla bu monumental araşdırmasında Azəri türklərinin mərasim, ayin və etiqad folklor nümunələrinin qədimliyini, zənginliyini və milli özünəməxsusluğunu sabiq SSRİ imperiyası miqyasında birinci olaraq mükəmməl monoqrafiya məcrasında qabarda bildi. Sovet rejiminin kosmopolit ideologiyası beynəlmiləlçiliyi dövlət siyasəti səviyyəsində təbliğ edəndə Bəhlul müəllim haqlı olaraq milli-mənəvi dəyərlərə, soykökə, təmələ diqqəti yönəldir, bu zəngin xəzinədən bəhrələnməyi tövsiyə edirdi.

Türk təfəkkürünün ilkin çağlarının, əski təsəvvürlərin zəngin qaynaqlar əsasında sistemli tədqiqi sonralar da Bəhlul Abdullanın “Haqqın səsi” (1989), “Azərbaycan folklorunda mifoloji at” (2000), “Folklorda say simvolikası” (2006) və b. kitablarında da uğurla davam etdirildi. Bu əsərlərdə klassik ədəbiyyat nümunələri ilə qədim folklor örnəklərinin qarşılıqlı müqayisəsi maraqlı elmi nəticələrə gətirib çıxarmışdı.

Şübhəsiz ki, bu gün professor Bəhlul Abdulla folklorşünaslığımızın elmi-nəzəri arsenalını zənginləşdirən, fəal həyat mövqeyi, fərqli düşüncə tərzi, özünəməxsus üslubu, nüfuzu olan say-seçmə alimlərimizdəndir. Onun çoxsaylı kitabları arasında Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi nadir sənət incisi olan “Kitabi-Dədə Qorqud” dastanlarına həsr edilmiş əsərləri xüsusi yer tutur. Alimin bu möhtəşəm mənəvi abidənin 1300 illik yubileyi ərəfəsində və ondan sonra qələmə aldığı “Kitabi-Dədə Qorqud” və İslam dini” (1997), “Kitabi-Dədə Qorqud”un poetikası” (1999), “Dəli Domrul “Kitabi-Dədə Qorqud”da və Qorqudşünaslıqda” (2002), “Kitabi-Dədə Qorqud”da rəng simvolikası” (2004), “Salur Qazan” (2005), “Kitabi-Dədə Qorqud”da nitq etiketlərinin etnomifik poetikası” (2007), “Kitabi-Dədə Qorqud”un etnik ənənə, mərasim sistemində mifoloji təsəffürlərin yeri” (2008), “Kitabi-Dədə Qorqud”da xanımlar” (2009) və b. əsərləri ana kitabımızdakı mövzu qatlarının rəngarəngliyini, çoxşaxəliliyini nişan verməklə yanaşı folklorşünaslıq elmimizə sanballı töhfədir.

Şifahi xalq ədəbiyyatı mətnlərinin toplanması, sahmana salınması, tərtibi və çapa hazırlanması araşdırıcılar üçün bütün zamanlarda mühüm iş sayılıb və həmişə xüsusi diqqət və qayğıya möhtac olub. Mir Möhsün Nəvvab, Salman Mümtaz, Əhliman Axundov, Məmmədhüseyn Təhmasib, Mirəli Seyidov ənənələrini Azad Nəbiyev, Sədnik Paşayev, İsrafil Abbasov ilə çiyin-çiyinə Bəhlul Abdulla da ləyaqətlə yaşadır və inkişaf etdirir. Onun bu çətin və gərəkli sahədə müstəsna xidmətləri sayəsində “Azərbaycan bayatıları”, “Azərbaycan şifahi xalq ədəbiyyatı antologiyası”, “Dastanlar”, “Arazam, Kürə bəndəm”, “Göyər səmənim, göyər”, “Ağırlığım-uğurluğum odlara”, “Dava yorğan davasıymış” və başqa toplular işıq üzü görüb.

Böyük şövqlə pedaqoji fəaliyyətlə məşğul olan alim eyni zamanda qələmini bədii yaradıcılıq sahəsində də sınayır. Onun bayatı janrında yazdığı şeirlər məzmun və sənətkarlıq baxımından diqqəti cəlb edir. Dörd misrada böyük fikirləri, müdrik kəlamları, çılğın hiss və duyğuları ifadə etməyi bacarır. Bəzən Bəhlulun bayatılarını klassik bayatı örnəklərindən fərqləndirmək mütəxəssislər üçün də müşkül məsələyə çevrilir. Bəhlul Abdulla “Bayatılarım”, “Buynuz bayatıları” kitablarının müəllifidir.

Bəhlul Abdulla çoxsaylı kitablarında demək olar ki, tarixə istinad etmir. O, sözün özünü tarix sayır, ona güvənir. B.Abdullaya görə sözün tarixi tarixi sözlərə çevrilmiş dualardan, öygülərdən, andlardan, alxış və qarğışlardan başlanır. Tarixin mifi, mifin tarixindən daha qədim və konkretdir. Mifik mətnlər tarixi məxəzlər sayılmasa da yarandığı mövcud mühitin mənəvi salnaməsidir. Bəhlul müəllimin mif və mühit, folklor və zaman məcrasındakı araşdırmaları onu ədəbiyyat tarixçisi kimi də tanınmasına rəvac vermişdir. Təsadüfi deyildir ki, o AMEA Nizami adına Ədəbiyyat İnstitutunun hazırladığı altı cildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitabının I cildinin (2004, 760 səh.) əsas müəlliflərindən biri və redaksiya heyətinin üzvüdür. Alimin çoxcildliyin ilk sayına “Arxaik folklor janrları”, “Mərasim folkloru” və “Əmək nəğmələri” adlı irihəcmli oçerkləri daxil edilmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, ədəbiyyatımız, mədəniyyətimiz qarşısında böyük xidmətlərinə görə professor Bəhlul Abdulla “Əməkdar elm xadimi” fəxri adına layiq görülən ilk folklorşünas alimimizdir.

Bəzən “dağ adamı” ifadəsini işlədirik. Bu an gözlərimiz önündə mənən saf, qürurlu, cismən vüqarlı, əzəmətli bir şəxsiyyət canlanır. Lerik dağlarının axar-baxarlı qoynunda dünyaya gələn əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Bəhlul Abdulla isə sözün əsl mənasında təpədən dırnağadək folklor adamıdır. Onu zaman silkələdikcə içindən və üstündən folklor örnəkləri ələnir.

 

 

Asif RÜSTƏMLİ

 

525-ci qəzet.- 2010.- 27 aprel.- S.7.