Ədəbiyyatımız və
Elmimiz,
YAXUD YAZIÇILAR
BİRLİYİ VƏ ELMLƏR AKADEMİYASI
Bu yaxınlarda “525-ci qəzet”in
səhifələrində xalq yazıçısı
Elçinin Azərbaycan ədəbiyyatı və onun təşkilatlanması
problemləri haqqında düşüncələri ilə
Əlbəttə,
iqtisadiyyat sahəsində biz öz seçimimizi artıq
etmişik. Mərkəzləşmiş təsərrüfat və
vahid dövlət idarəçiliyi sistemindən bazar
iqtisadiyyatına keçilməsi prosesi artıq başa
çatmışdır. Kommunist ideologiyasından və sosialist təsərrüfat
sistemindən imtina edildikdən sonra belə bir keçid
labüd idi. Lakin bu keçidin özü də ilk illərdə
yaxşı ölçülüb-biçilmədiyindən
iqtisadiyyatımız böyük itkilər verdi. Sənaye də,
kənd təsərrüfatı da az qala iflic vəziyyətinə
düşmüşdü. Nə yaxşı ki, 1993-cü ildən
sonra hələ yeni strukturlar formalaşmadan əvvəlkiləri
kor-koranə dağıtmaq praktikasına son qoyuldu. Bu
tendensiyanın neobolşevik mahiyyətini çox
düzgün qeyd edən Elçin Əfəndiyev onun ədəbiyyatımıza
vura biləcəyi ziyanların da qarşısını
almağa çağırır.
Yeniliyi, müstəqilliyi,
azadlığı “sovetdən nə qalıbsa dağıtmaq”
kimi başa düşənlər, təbii ki, təkcə
iqtisadiyyatda yox, başqa sahələrdə də var idi. Mən
Yazıçılar Birliyini ləğv etmək tərəfdarlarının
arqumentləri ilə yaxşı
İqtisadiyyatla yanaşı,
elmi, ədəbiyyatı, təhsili və ümumiyyətlə
istənilən ictimai həyat sahəsini əhatə edən
mərkəzləşmiş idarəetmə sistemi, əlbəttə,
məhz sosializm üçün spesifik bir cəhət idi.
Amma onun çatışmazlıqları ilə yanaşı,
üstünlükləri də var idi. Xüsusilə elm sahəsində
dövlət tərəfindən maliyyələşdirmə
və mərkəzləşdirilmiş fəaliyyət prinsipi
elmin inkişafı üçün böyük hərəkətverici
qüvvə idi. Kapitalizm cəmiyyətindəki alimlər də
məhz belə bir şərait arzu edirdilər. A.Eynşteyn
deyirdi ki, elm adamı gərək qazanc barədə
düşünməli olmasın, onun bütün maddi
ehtiyacları və qayğıları üzərindən
götürülməlidir. Buna uyğun model isə məhz
sosializm cəmiyyətində
formalaşdırılmışdı. Və sosializmin bu
üstünlüklərindən bəhrələnmiş,
dövlət tərəfindən maliyyələşməyə
vərdiş etmiş alimlər üçün başqa tipli
təşkilati forma və maliyyələşmə
metodları, təbii ki, müəmmalı və hətta
qorxulu görünür; xüsusən də yaşlı nəsil
üçün. Axı, ənənəvi sistemdə dərəcələr,
ölçülər, meyarlar və müvafiq maaş
kateqoriyaları detallarına və qəpiyinədək müəyyənləşdirilmişdi.
İnkişaf səviyyəsi konkret göstəricilər və
titullarla müəyyən edilmiş, dissertasiya işlərinin
yazılıb müdafiə edilməsi ilə, kiçik elmi
işçidən baş elmi işçiliyə qədər
bütün pillələri keçməklə reqlamentləşdirilmişdi.
İndi gün kimi aydın olan bu sistemdən
çıxıb elmdə təşəbbüskarlığa,
rəqabətə, fərdi münasibət prinsipinə,
konkret nəticəyə-məhsula görə maliyyələşmə
mexanizminə, layihə-qrant və müsabiqə metodlarına
əsaslanan tamamilə başqa meyarlar sisteminə keçmək,
bildiyini qoyub biləcəyə getmək risk deyilmi və kim
bunu istəyər?
Əlbəttə, islahat
naminə islahat aparmaq olmaz. Hər hansı yeni bir təşkilati
forma gerçək ictimai tələbatdan ortaya
çıxmalı və elmi üsullarla əsaslandırılmalıdır.
Yüz ölçmədən biçmək olmaz. Amma
köhnə strukturları mütləqləşdirmək, hər
hansı bir yeni təşəbbüsü
dağıdıcılıq kimi dəyərləndirmək də
yolverilməz haldır. Bütün sahələrdə
olduğu kimi, elmdə də, yəqin elə ədəbiyyatda
da yenilikçilərlə ənənəçilər
arasında mübarizə labüddür. Bir daha təkrar edirəm
ki, hər bir yeni ancaq köhnənin, təməlin üzərində
qurulmaqla, məhz onun öz içərisindən bir daxili zərurət
kimi cücərib çıxmaqla, həqiqi bir yenilik olar və
ancaq bu zaman fayda gətirə bilər. Yoxsa “hələ
köhnəni yıxaq, sonra baxarıq” düşüncəsi
ilə atılan addımların yeniliyə heç bir aidiyyəti
yoxdur.
YAZIÇILAR BİRLİYİ VƏ ƏDƏBİYYATIN
ÖZÜ
Elçinin qeyd etdiyi kimi,
söhbət heç bir siyasi-inzibati qəliblərə
sığmayan ədəbiyyatdan gedir. Yazıçılar
Birliyinin adından, nüfuzundan, rəsmi səlahiyyətlərindən,
fəaliyyətindən və ya fəaliyyətsizliyindən isə
ancaq söz-söhbət gedir.
İndi kiminsə
yazıçı və ya şair olması üçün
hansı isə birliyin, hansı isə təşkilatın
üzvlük vəsiqəsi tələb olunmur, çünki
mətbuat azadlığı verildikdən sonra hamı öz əsərini
istədiyi şəkildə çap etdirmək hüququna
malikdir. Hətta Yazıçılar Birliyinin orqanlarında da
çap olunmaq üçün onun üzvü olmağa
ehtiyac yoxdur. Qəzet, jurnal və kitab buraxmaq ixtiyarı
hamıya verildiyi kimi, ictimai birlik yaratmaq səlahiyyəti də
heç kim üçün məhdudlaşdırılmamışdır.
Hətta ənənəvi “Yazıçılar
İttifaqı” adı dəyişildiyi üçün, bu
ad, necə deyərlər, vakansiyadır və kim istəsə,
sovetlər dönəmindəki həmin adı da bərpa edə
bilər. Yəni söhbət hansısa ictimai birlikdən və
ya onun adından getmir. Söhbət əslində ancaq dövlətin
məhz hansı təşkilatı maliyyələşdirməsindən
gedir. Bu isə artıq yaradıcı qruplar, ədəbi cərəyanlar,
hətta təşkilatlar arasında rəqabət olmayıb,
dövlətə yönəli bir istəkdir. Bu istək
uğrunda mübarizə də, məntiqlə yanaşsaq,
qrupların və ya təşkilatların öz aralarında
deyil, müvafiq dövlət orqanlarının meyarlarına və
tələblərinə cavab vermək uğrunda getməlidir.
Dövlət isə, təbii ki, daha çox dərəcədə
ictimai nüfuz meyarından çıxış edir. Yəni
bu mübarizə əslində ictimai nüfuz uğrunda
mübarizədir. Bu nüfuzu qazanmaq üçün isə
yenə də əvvəlcə yazıb-yaratmaq, çap
olunmaq tələb olunur. Yenə başlanğıca
qayıtmış oluruq.
Kapitalizm cəmiyyətinin və
yeni iqtisadi münasibətlərin ruhuna uyğun olaraq, müxtəlif
yaradıcı qrupların və alternativ təşkilatların
olması təbii haldır. Sadəcə olaraq dövlət bunlardan
ancaq birini maliyyələşdirir (əslində EA-dan fərqli
olaraq burada tam maliyyələşmədən deyil, maliyyə
dəstəyindən söhbət gedir). Digər təşkilatlar
isə fərqli mənbələrdən maliyyə dəstəyi
ala bilərlər. İnkişaf etmiş ölkələrin
hamısında bədii ədəbiyyata real ictimai ehtiyac
olduğuna görə, kitablar böyük tirajla çap
olunub satılır və bütün maliyyə məsələləri
həll olunduğundan, meydanda daha çox həqiqi ədəbi-bədii
meyarlar, sənətin öz prinsipləri qalır. Mədəni-mənəvi
və intellektual inkişaf səviyyəsinə görə
geri qalmış, xüsusən təhsilin səviyyəsi
aşağı olan ölkələrdə isə
oxucuların azlığı üzündən ədəbiyyat
özünü maliyyələşdirə bilmir və maddi dəstəyə
ehtiyac yaranır. Kapitalizm şəraitində ya ədəbiyyat
da, incəsənətin bu və ya digər formaları da
yüksək sənət meyarlarından uzaqlaşaraq kütləvi
şüur səviyyəsinə enir, şoular və
komediantlıq artır, kütləvi mədəniyyət
genişlənərək onsuz da maddi cəhətdən
problemləri olan həqiqi ədəbiyyatı və sənəti
bir az da sıxışdırır, ya da milli burjuaziya yüksək
sənəti qorumaq üçün müxtəlif vəqflərin,
fondların, maarifçi-xeyriyyə təşkilatlarının
vasitəçiliyi ilə ona maddi dəstək verir. Yəni nəzərlər
dövlətə deyil, ictimai elitaya yönəlir. Uzağa
getməyək, bizə yaxın olan Türkiyədə də ədəbiyyat
və sənətə dəstək vermək
üçün yaradılmış neçə-neçə
vəqflər fəaliyyət göstərir. Bizim problemimiz belə
vəqflərin və ya onları maliyyələşdirə
biləcək milli burjuaziyanın hələ də
formalaşmamasıdır. Bax, dövlət də ancaq məcburiyyət
üzündən əslində özünə aid olmayan bu
yükü də üzərinə götürür. Lakin
dövlətdən üstəlik alternativ maliyyələşdirmə
sistemi gözləmək sadəlövhlük olardı.
İndiki mərhələdə dövlətin ən
böyük dəstəyi məhz alternativ təşkilatlanmalar
üçün hüquqi baza formalaşdırmaq və bu təşkilatların
istər dövlət fondlarından, istərsə də ictimai
fondlardan, vəqflərdən qrantlar və digər formalarda dəstək
ala bilməsinə şərait yaratmaqdır.
Necə deyərlər,
hansısa yeni bir ədəbi-bədii məktəbin yeni cəmiyyətin
açdığı imkanlar sayəsində dəstəklənməsi
daha qanunauyğundur. Yeni cəmiyyətin öz mənəvi, bədii-estetik
və intellektual siması formalaşdıqca, yeni
yaradıcılıq istiqamətləri də özünə
daha böyük dəstək tapacaqdır.
Söhbət yenilik
axtarışından yox, mənəvi həyatda və
sosiumdakı yeniliklərin bədii tərənnümü
zamanı öz-özünə məhz yenilik kimi təzahür
edən ədəbi-bədii faktdan gedir. Elçin yazır:
“Bu gün yüksək səviyyəli ədəbiyyat
mübarizəsi üçün, bəlkə də heç
vaxt olmadığı qədər münbit ədəbi zəmin,
ədəbi şərait var. Eyni zamanda bu gün belə bir ədəbiyyat
mübarizəsinə böyük də bədii-estetik ehtiyac
var”. Bəli, ədəbi-bədii həyatın zahiri tərəflərinin,
təşkilati məsələlərin az qala intriqa səviyyəsində
üzə çıxan melodramatik mübarizə yox, yeni bədii-estetik
səviyyəyə aparan yolların öz dramatizmi və ədəbi-bədii
prosesin öz daxilində mübarizə!
Səlahəddin XƏLİLOV
525-ci qəzet.- 2010.- 27 aprel.- S.5.