Açıq ana dilində
açıq danışmaq istedadı
Cəlil Məmmədquluzadə hansı əsəri qələmə alıbsa, xalqla açıq ana dilində, açıq danışıb. Öz fitri istedadına güvənən ədib bütövlükdə xalqı və onun formalaşması ideyasını əsas götürmüşdür. Onun elə bir bədii nəsr əsəri yoxdur ki, bu böyük məsuliyyət yükünü özündə daşımasın. Cəlil Məmmədquluzadə öz oxucusunun varlığa ayıq baxması, cəmiyyət və təbiət hadisələrinə ağıl və zəka ilə yanaşması, bir sözlə, mənəvi cəhətdən inkişaf edib yüksəlməsi məsələsinə xüsusi əhəmiyyət verirdi. Onun xalqı sivil görmək məramı xalqın formalaşması prosesinin əsasını təşkil edirdi. Ədibin fundamental nəsr əsəri olan “Danabaş kəndinin əhvalatları” bütün bədii məziyyətləri ilə bir yerdə həm də bu məqsədə xidmət edir. Ədib bu əsərdə əzilən və bu əzilmədə öz hüquqlarını tələb etməyən insanların dərdini ifadə etməklə, onların niyə bu günə qaldıqlarının səbəbini də göstərir. Buna səbəb kimi bir çox faktorlar sırasında insanın öz hüquqlarından, hətta təbii hüquqlarından məhrum olmağı önə çəkilir. Və müəllif tipik bir kəndin simasında bütöv bir ölkənin gerçək mənzərəsini yaratmaqla həyəcan təbili çalır. Bütöv bir ölkənin tipik kəndində vətəndaş vətəndaşın halına acımağı belə yada salmır. İmkanı olan hər kəs özündən aşağını təhqir etməyə, yamanlamağa, onu ac-yalavac qoymağa, var-dövlətini əlindən çıxarmağa hazırdır. Xudayar bəyin ölən “dostunun” dul arvadı Zeynəbə inadkar “məhəbbəti” onun olan-qalanını əlindən almaq məqsədinə qulluq edir. Hətta Zeynəbin doğmaca oğlu da öz mənafeyi naminə anasından imtina etməyə hazırdır...
“Ədibin təsvir etdiyi aləmdə yerli camaatla sadə və təmiz ana dilində danışmaq istəyən də yoxdur. Xalq nə din, nə də hökumət adamlarını başa düşə bilir”. Bu kənddə dünyanı dərk etməyən, əsrin yeni qaydalarından xəbərsiz insanlar yaşayır. Müəllif dünyadan xəbərsizliyin, avamlığın bir günahını rejimdə, iperiya siyasətində görürsə, digər tərəfdən yeni həyat uğrunda mübarizədə əfəllik edən caamatın, müti və qul psixologiyasına şükranlıq edənlərin özündə axtarır.
Əlbəttə, “Poçt qutusu”ndakı Novruzəlinin adi poçt qutusuna nabələdliyi bir xalqın gerilik və savadsızlığının ümumiləşdirilmiş faktı kimi maraqlıdır. Lakin bu kiçik hekayə həm də azərbaycanlının pis mənada şükranlıq, öz hüquqları uğrunda mübarizə barədə düşünməkdən belə çəkinmək faktını da ifadə edir: Novruzəli onun savadsızlığına bais olan, onu mütiliyə alışdıran xanda heç bir günah görmür, əksinə, əsərin sonunadək ona layiq olmadığını dilə gətirərək səmimi bir ehtiram göstərir. Yazıçı, əslində, novruzəlilərin sivil bir xalq kimi formalaşmasına mane olan xanı – bu konteksdə ziyalını – daha çox satira atəşinə tutur.
Belə də anlamaq olar ki, novruzəlilər savadsız və avam olduqları üçün onların düşünmək qabiliyyətləri belə yoxdur. Ancaq ədibin “Quzu” hekayəsində gününü eyş-işrətlə keçirən başqa bir xandan bir quzunun pulunu üç dəfə almağa nail olan kəndli belə düşünməyə o qədər də əsas vermir. Ədib göstərir ki, mütilik və şükranlıq xalqın qanına hopub və bu xarakterik keyfiyyətlərdən qurtulmayınca azərbaycanlının bir xalq kimi formalaşması ləngiyəcəkdir.
Bu fikirlə bağlı “Danabaş kəndinin məktəbi” əsərinə diqqət etmək yerinə düşər. “Danabaş kəndinin əhvalatları” povestində təsvir olunan kəndin tam mütilik və avamlıq xarakteri “Danabaş kəndinin məktəbi”ndəki kənddə itaətkarlıq və qul psixologiyasından, az da olsa, narazılıq hissləri özünü göstərir. Əvvəlcə onu qeyd edək ki, əslində bu kəndlər Cəlil Məmmədquluzadə təsvirində tipik Azərbaycan kəndi simasındadır. Deməli, yazıçı bu kəndlərin və onun adamlarının təsvirində ümumiyyətlə bütöv bir xalqın ovqatını göstərməyə çalışır. Təsadüfi deyil ki, “Danabaş kəndinin əhvalatları” tək bir povesti deyil, ədibin silsilə nəsr əsərlərini ehtiva edir. Bu sırada “Danabaş kəndinin məktəbi” maraqlı bir yer tutur. Müəllif Azərbaycan xalqını yalnız avamlıq və mütilik kimi statik bir şəkildə deyil, onu getdikcə az-çox inkişafda, dinamikada təsvir edir. “Danabaş kəndinin əhvalatları”ndakı mağmın kəndlə “Danabaş kəndinin məktəbi”ndəki kəndin dinamikası bunu sübut edir. Müəllifi narahat edən əsas məsələ “Danabaş kəndinin əhvalatları”ndakı avamlıq və mütiliyin tipikliyidir, bütöv bir ölkəyə xas olmasıdır. Ona görə də Cəlil Məmmədquluzadə eyni mövzuya müxtəlif rakurslardan tez-tez qayıtmalı olur.
Diqqət edək: Bu hekayə yalnız adı, forma və üslub xüsusiyyətləri ilə deyil, mövzu, mündəricə, sənətkarlıq, satira və yumoru ilə də “Danabaş kəndinin əhvalatları” povestinə yaxındır.
Hər iki nəsr əsərində kəndin adının “Danabaş” olması təsadüfi deyil. Əvvəla, həqiqətən Azərbaycan gerçəkliyində xalqın müəyyən ovqatı ifadə edən belə kənd adları çoxdur. “Ətcələr”, “Lehməli”, “Samanlı”, “Düdüklü”, “Qapazlı”, “İtqapan” və s. kənd adları yüz-yüz illərin arxasından gəlib bu gün də Azərbaycan reallığında yaşamaqdadır. İkincisi, bu kənd adı Cəlil Məmmədquluzadə əsəbiliyinin, xalqın avamlığına, qanmaq, anlamaq istəməməsinə sənətkar əsəbiliyinin ifadəsidir. O bilirdi ki, yalnız bu cür sərt ifadələrlə xalqı öz hüquqlarını anlamağa, bir xalq kimi formalaşmağa dəvət etmək olar. Üçüncüsü və əlbəttə, ən vacibi odur ki, dünya satira təcrübəsində təsvir olunan obrazların, yer adlarının satirik tonda təqdimi çox geniş yayılıb. 1769-1774-cü illər arasında A.İ.Novikovun “Truten”, “Pustomelya”, “Jivopisets”, “Koşelyok” satirik jurnallarında bu satirik yazıçı da təsvir etdiyi avam və mütilik rəmzi olan rus kəndlərini, xalqa zülm edən kütbeyin insanları onların xarakterinə görə adlandırırdı: Onun publisistik obrazları içərisində Bezumnıy, Xudovospitannik, Krivosud, Molokosos, Ljelubitel, Şeqolixa, Volokita... kimi adlar çoxdur. Onun “Razorennaya” adı verdiyi və bir çox əsərlərində təsvir etdiyi kənd də XVIII əsrin tipik rus kəndidir. Sonralar təhkimçiliyin dəhşətlərini göstərmək üçün digər satiriklərin də istifadə etdikləri bu tipli kənd adları rus ədəbiyyatında çox populyar olub. Təsadüfi deyil ki, təkcə Cəlil Məmmədquluzadənin öz yaradıcılığında yox, habelə “Molla Nəsrəddin” jurnalının ümumi kontekstində “Danabaş kəndi” də xalqın geriliyinin, məzlumluğunun, ümumi ətalətin rəmzi kimi hallandırılıb.
Cəlil Məmmədquluzadə hansısa əsərində birbaşa və açıq şəkildə heç bir ideoloji məqam ifadə etməyib. Ümumiyyətlə, sənətkar ideyanı obrazlar, situasiyalar vasitəsilə gerçəkləşdirir.
Tədqiqatçılar belə bir həqiqəti yekdil şəkildə qeyd edir ki, bu böyük sənətkar “birbaşa deyilməsi lazım gələn adi, məzəmməti də, danlaq və giley-güzarı da dolayı şəkildə söyləməyi çox sevir. Doğrudan da əgər yazıçı öz fikrini ... müstəqim şəkildə söyləmiş olsaydı, düşünmək üçün az imkan qalardı. Cəlil Məmmədquluzadə isə düşündürməyi daha çox sevən sənətkardır. O özünün bütün yaradıcılığında belədir. Nəsrində isə bu xüsusiyyət özünü daha dərindən göstərir. Görkəmli akademik İsa Həbibbəyli qeyd edir ki, “Azərbaycan ədəbiyyatında bədii nəsr Cəlil Məmmədquluzadənin yaradıcılıq hünəri, səmərəli ədəbi axtarışları sayəsində qəti şəkildə formalaşmış, milli bədii təfəkkürün ayrılmaz tərkib hissəsi olub”. Həm də bu əsərlər öz ideyası, mahiyyəti etibarilə xüsusi önəm kəsb edir. Onların hamısında “xəlqilik, yığcamlıq, bədiilik və ümumiləşdirmə bacarığı yazıçının nəsr əsərlərinin canını təşkil edir”. Bu maraqlı fikrin davamı kimi onu da əlavə etmək olar ki, Cəlil Məmmədquluzadənin nəsri bütövlükdə Azərbaycan xalqının bir millət və bir xalq kimi formalaşmasının ideya yükünü özündə daşımaqdadır.
Xalqın formalaşması faktı bir çox proseslərdən keçir. Cəlil Məmmədquluzadə bu proseslərin başlıcasını xalqın maariflənməsində, səmərəli əməkdə, iş görmək qabiliyyətində görür. “Usta Zeynal”ın, “Nigarançılıq”ın, “Şer bülbülləri”nin və s. nəsr əsərlərinin mahiyyətində xalqı bir xalq kimi görmək, mükəmməl, kamil azərbaycanlının yaradıcılığını görmək arzusu dayanır. “Kişmiş oyunu” hekayəsindəki kəndlilərin bir qismi işlə məşğul olmaq istəyirlər. Əslində Danabaş kəndindən heç də yararlı olmayan Zurnalı kəndinin adamları qışı tövlədə keçirməklə məşğuldurlar. Kəndin az-çox qanan adamları soyğunçuluqla məşğul olan iranlıların ayağını Zurnalıdan kəsmək üçün maraqlı bir hadisə quraşdırılar. Və onsuz da avara kəndlilərin avaralığına şərait yaradan bu adamları kənddən bir dəfəlik qaçırırlar. Geridə qalmış, avam, elm və mədəniyyətdən uzaq Azərbaycan kəndlilərini belə ayıq-sayıq görmək Cəlil Məmmədquluzadəni çoxdan düşündürürdü. Arazın o tayından gələn acgöz, əmmaməli-qurşaqlı dilənçilərin fırıldağına inanmayan belə diribaş kəndli surətləri yaratmaqla ədib öz idealının bədii ifadəsini vermişdir. Bu idealın arxasında isə bütöv bir xalqın hər cəhətdən formalaşması arzusu dayanır.
Xalqın formalaşması kimi ciddi bir prosesdə Cəlil Məmmədquluzadə Azərbaycan qadınının cəmiyyətdə yeri barədə xüsusi nəsr araşdırması aparıb.
Cəlil Məmmədquluzadə yaradıcılığında qadın problemini xeyli araşdırmış görkəmli alim-ədəbiyyatşünas Firudin Hüseynovun fikrincə, “Şərq qadınının azadlığı uğrunda mübarizə tarixi bizim ədəbiyyatda XIX əsrdən, Mirzə Fətəli Axundovun fəaliyyəti ilə başlayır”. Doğrudan da Mirzə Fətəli Axundov istər “Kəmalüddövlə məktubları”ndakı fəlsəfi traktatlarında, istərsə də, demək olar ki, bütün komediyalarında Azərbaycan qadınının cəmiyyətdə ona layiq yerini görməyə və göstərməyə cəhd göstərmişdir. Bütün bunlarla bərabər Cəlil Məmmədquluzadənin Azərbaycan qadını barədə bədii, publisistik görüşləri öz sələflərindən xeyli dərəcədə fərqlənir. Çox təəssüf ki, sovet ideoloji kanonları çərçivəsində təqdim olunan bir sıra tədqiqatlarda istər Mirzə Fətəli Axundov yaradıcılığında, istərsə də Cəlil Məmmədquluzadənin bədii dünyasında qadın azadlığını daha çox onun islamdan, müsəlmançılıqdan azadlığında görmüşlər. Sovet-kommunist ideologiyasının tələblərindən doğan bu tip təqdimatların səbəbi hamıya aydındır. Lakin narahatlıq doğuran odur ki, bəzi tədqiqatlar saxta din xadimlərinin xalqa sırıdığı dini ehkamlarla islam dəyərləri arasında fərqi görmək istəməmiş, qeyri-elmi şəkildə bu dəyərlərin özünü də tədqiqatçı basqınlarına məruz qoyub. Hətta, bəzən Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə kimi dünya baxışları çox geniş və obyektiv olan yaradıcı şəxsiyyətlərin əsərlərində islam və qadın problemlərinə dair məqamları ümumi kontekstdən çıxararaq özlərinə sərf edən interpretasiyalarda təqdim etməyə cəhd göstərmişlər. Azərbaycan sovet ədəbiyyatşünaslığında bu cəhət o qədər populyar olub ki, və o qədər aydındır ki, biz bu barədə illüstrativ materiallar təqdim etməyi artıq bilirik.
Cəlil Məmmədquluzadə qadın azadlığını buxovlayan faktlar içərisində islamı deyil, islam qanunlarından öz mənfəəti üçün istifadə edən, bu qanunları özünə sərf edən şəkildə təsvir edən saxtakarları nəzərdə tutur. Bu mənada ədibin ən böyük və ən mükəmməl əsəri “Danabaş kəndinin əhvalatları”dır. Bu əsəri Cəlil Məmmədquluzadənin Azərbaycan qadınına indiyədək olan münasibəti dəyişmək tələbindən irəli gələn üsyannamə kimi də qiymətləndirmək olar.
Cəlil Məmmədquluzadə Zeynəbin taleyini, ağrı-acılarını, bir az da dəqiq desək, milli faciəsini qələmə almaqla qadına qarşı zorakılığı, imkanlıların öz istəklərini gerçəkləşdirmək yolunda hər cür qeyri-sivil qaydalara əl atmalarını qabartmaq istəmişdir. Cəlil Məmmədquluzadə bu povestdə feodal əxlaqının ... insanları korlayıb zay etdiyini, nifaq, xəbislik, xəyanət, tamahkarlıq, dünya malına hərislik, acgözlük ruhunda tərbiyə etdiyini bədii cəhətdən əsaslandırır. Zeynəbin öz ərinə sədaqəti, onun ölümündən sonra kimsəni qəbul edə bilməməsi və s. kimi keyfiyyətlərinin hamısı islam dəyərlərinin saflıq təlqinindən, ədalət və sədaqət təlqinindən irəli gəlir. Ancaq allahın yaratdığı bəndələr niyə belə insafsız, əclaf və acgözdürlər? – Zeynəbin ara-sıra allaha müraciəti və üsyanı məhz bu suala cavab axtarışından doğur. Bizcə, indiyəqədərki tədqiqatlarda bütün günahların “şəriət qayda-qanunlarında” axtarılması kimi qeyri-elmi məqamları bir kənara qoyaraq Cəlil Məmmədquluzadənin Azərbaycan milli-mənəvi dəyərlərindəki bir çox boşluqlarından narahat olduğu fikri üzərində dayanmaq daha doğru olardı. Çünki Cəlil Məmmədquluzadə bütün əsərlərində – hətta o bütöv Şərq dünyasının problemlərini qoyanda da – hər şeyi azərbaycançılıq naminə qələmə alıb. “Danabaş kəndinin əhvalatları”ndakı əhvalatların bütün Azərbaycan üçün tipikliyi, Zeynəbin taleyinə, faciəsinə səbəbkar insanların bu ölkədə “bolluğu”, Azərbaycanlının bu tip qeyri-sivil “qaydaları” böyük ədibi qələmə sarılmağa vadar edirdi. Bütün bunlar Azərbaycan xalqını formalaşdırmaq səylərindən irəli gəlirdi. Haqqında bəhs etdiyimiz povestin əsas obrazlarından olan Zeynəbin timsalında Azərbaycan qadınlarının dünyadan xəbərsizlik halını göstərmək də mühüm məqsəd yükü daşıyır. Bu faciələrin əsas səbəbi yenə də savadsızlığın, bixəbərliyin nəticələri ilə bağlıdır. Cəlil Məmmədquluzadə Mirzə Fətəli Axundovu daha çox hansı keyfiyyətlərinə görə bəyənirdi? Cəlil Məmmədquluzadənin fikrincə, Mirzə Fətəli Axundovun “komediyalarında Şərq qadını ilk dəfə səhnəyə çıxıbdır, orada danışıbdır, gülübdür, ağlayıbdır və izhari-vücud eləyibdir”. Cəlil Məmmədquluzadəyə görə, Mirzə Fətəli Axundovun sənətkarlığı və böyüklüyü də bundadır.
Bu keyfiyyətdən çıxış edən Cəlil Məmmədquluzadə XX əsrin əvvəlləri Azərbaycan mühitində qadının yerini müəyyən etmək, onun hüquqlarını cəmiyyətin bütün üzvləri ilə bərabər görmək üçün çalışıb. Bu arzularını gerçəkləşdirmək üçün onun bir neçə mənbəyi olub: klassik Azərbaycan bədii, publisistik söz sənətinin ənənələri, dövrün yeni təkanla üzə çıxan mübariz ruhu və bu ruhun ifadəsinə çevrilən mətbuatın mövcud imkanları. Klassikada daha çox Mirzə Fətəli Axundova söykənirdi; dövrün ictimai-siyasi fikir cəbhəsində ən ciddi ziyalıları birləşirdi; yeni mətbuat orqanlarının imkanlarından nəinki istifadə edirdi, habelə özü bu mətbuat orqanlarının ən möhtəşəmlərindən birinin – “Molla Nəsrəddin” jurnalının yaradıcısı idi. Deməli, Cəlil Məmmədquluzadə öz ideallarının gerçəkləşməsində bütün üsullardan istifadə edirdi. Bu idellar sırasında isə Azərbaycan xalqının formalaşması ilk yerdə dayanırdı. Xalqın formalaşması prosesində isə qadının yeri onu daha çox düşündürən bir problem idi.
Cəlil Məmmədquluzadə, hər şeydən əvvəl, bir vətəndaş kimi, Azərbaycan qadınının xalqa layiq olduğunu bildirirdi. Onun fikrincə bizim qadınlarımızın “cümləsi fitri qabiliyyət və gözəlliklərin heç birindən məhrum deyildir: səlamət, cürət, dilavərlik, səbat cümləsi bunlarda mövcuddur. Ancaq tək bircə düşmənləri var, o da elmsizlik və tərbiyəsizlikdir”.
Cəlil Məmmədquluzadə və müasirləri Azərbaycan xalqını formalaşdırmaq səyləri çağında millətin düşmənlərinin, donoslarının ağrılarını da çəkməli olurdular. Lakin bütün bunlar öz millətinin millətlər içində yerini görmək arzusunu gerçəkləşdirmək istəyənlərin – o cümlədən Cəlil Məmmədquluzadənin fəallığını azalda bilməmişdir. Əksinə, Cəlil Məmmədquluzadə öz ideyalarını gerçəkləşdirmək üçün daha ciddi əsərlər üzərində işləmiş, “Molla Nəsrəddin”in qadir gücünü problemlərin həllinə yönəltmişdir. Əli bəy Hüseynzadə “Molla Nəsrəddin”in lap ilk nömrələrinə heyranlıqla yazırdı: “Vəhləyi-oulada bu qədər qəmli bir zamanda böylə bir müzhik qəzetənin çıxması qərib görünürsə də, lakin yaxşı diqqət edib dərin bir nəzərlə baxılırsa, görünür ki, bü zəhk və xəndə ancaq zahiri olub, onun təhtində bol-bol olan göz yaşları gizlidir. Bu xəndənin üzündən pərdəyi rəf etsəniz, mavərasında ahu zar, giryə və büka görərsiniz!... Bu Qoqolun, Sviftin, Dikkensin xəndəsidir... Xeyir, bu ürəgi yas və ələmlə dolu “Molla Nəsrəddin”in xəndəsidir”. Daha sonra Əli bəy Hüseynzadə jurnalın konkret bir nömrəsindəki tematikanı açıqlayır: jurnalın 3-cü nömrəsində verilən dörd maraqlı şəkli belə izah edir: “Biri dərəceyi-maarifimizi, biri dərəceyi-təməddünümüzü, biri əhvali-siyasiyyeyi-islamı, biri də nisvani-islamiyyənin vəziyyətini surəti-müstəhziyanədə irad edir”.
Əli bəy Hüseynzadənin “Molla Nəsrəddin”ə verdiyi bu qiymət Cəlil Məmmədquluzadəyə verilən qiymətdir. Əli bəy Hüseynzadə və Cəlil Məmmədquluzadə münasibətlərinə bu kontekstdən yanaşmaq lazımdır.
Cəlil Məmmədquluzadənin azərbaycançılıq məfkurəsinin ifadəsində qadına verdiyi qiymət və onun azadlığı yolunda olan maneələri tənqid etmək üsullarına qayıdarkən yenə də onun nəsrinin gücünü qeyd etməmək mümkün deyil.
Cəlil Məmmədquluzadə obrazı ustadcasına tipikləşdirdiyi kini, dərdi, problemi də tipikləşdirir, ümummilli dərdin ümummilliliyini ustalıqla göstərir. Onun qadın obrazlarının problemləri bir elin, bir regionun deyil, bütövlükdə Azərbaycan üçün səciyyəvidir. Cəlil Məmmədquluzadə məhz bu məqamlarda Azərbaycan dərdini ümumiləşdirir və bu dərdə əlac tapmağın yollarını aramağı tələb edir. Tədqiqatçı Firudin Hüseynov doğru qeyd edir ki, Cəlil Məmmədquluzadə realizminin gücü, ədibin ustalıq və sənətkarlığı da elə ondadır ki, dövrün qadınlarını həyati, bəzək-düzəksiz, heç bir süniliyə yol vermədən göstərə bilmişdir. Bütün qüvvətli və zəif cəhətləri, mütiliyi, şəriət ehkamları, hökumət idarələri qarşısında acizliyi ilə bərabər təsvir etmişdir. Onlara yaşadıqları feodal mühitinə uyğun gəlməyən sifətlər verməmişdir. Müasirlik baxımından onları eyibsiz göstərməmişdir. “Mirzə Fətəli Axundov və qadın məsələsi” adlı məqaləsində Cəlil Məmmədquluzadə böyük dramaturqun realizmindən, sənətkarlığından bəhs edərək yazır: “Mirzə Fətəlinin məqsədi bu deyildi ki, əsrin qadınlarını hər bir eyb və nöqsandan ari qələmə versin və onların eyblərini gizlətsin. Əgər bir para xam yazıçılar kimi elə eləmiş olsaydı, o daha Mirzə Fətəli olmazdı”.
Fikrimizcə,
Cəlil Məmmədquluzadə də “Danabaş kəndinin əhvalatları”
povestindəki qadın surətlərini yaradarkən bədii
ustalığın bu cəhətini unutmayıb. O da öz
qadın surətlərini “hər cür eyb və nöqsandan
ari”, “mübariz”, “qəti addım atan”, “cəsarətli”,
“ağlamayan, inləməyən” adamlar kimi təsvir etsəydi,
“bir para xam yazıçılar”ın yolu ilə gedər, daha
Cəlil Məmmədquluzadə olmazdı.
Allahverdi MƏMMƏDLİ,
filologiya elmləri namizədi
525-ci qəzet.- 2010.- 28 aprel.- S.7.