Böyük nəslin dastanı

 

Əsası 1890-cı ildə F.Pavlenko tərəfindən qoyulan, 1933-cü ildən ömrünün sonunadək böyük yazıçı M.Qorkinin redaktorluğu ilə nəşr olunub şöhrət qazanan JZL dünyada ən çox oxunan bioqrafik seriyadır. Son illər bu məşhur seriyadan görkəmli Azərbaycan yazıçı və publisisti Hüseynbala Mirələmovun “Heydər Əliyev” və “İlham Əliyev” kitabları çap olunub. Bu kitabları H.Mirələmov rus yazıçısı Yuri Andriyanovla birlikdə yazmışdı. Nəhayət bu günlərdə böyük nəslin dastanının üçüncü kitabı – “Zərifə Əliyeva” (2010) Moskvada həmin seriyadan çap olundu. Bu kitabı H.Mirələmov tək yazıb.

H.Mirələmov Azərbaycan xalqının tarixi taleyi üzərində aramsız düşünən, ümummilli lider Heydər Əliyevin ideallarına hədsiz sadiq bir yazıçı, alim və ictimai xadimdir. O, Heydər Əliyev mövzusuna birdən-birə gəlməyib, böyük həssaslıqla, addım-addım daxil olub. Onun “Amalın işığında” (2002), “Həqiqət” (2003), “Zəfər yolu” (2003), “Bir günəş var” (2004), “İşığın izi ilə” (2004), “Millətin atası” (2004) kimi sanballı kitabları, adlarından da göründüyü kimi, Ulu Öndərin, yazıçının öz obrazı ilə desək, Böyük İnsanın möhtəşəm tarixi fəaliyyətini müxtəlif rakurslardan əks etdirən əsərlərdir. Mən deyərdim ki, bu kitablar təkcə fundamental “Heydər Əliyev” monoqrafiyasının deyil, həm də “İlham Əliyev” və “Zərifə Əliyeva” monoqrafiyalarının yazılması üçün etibarlı zəmin rolunu oynayıb. Çünki adları qeyd olunan kitabların hamısında Heydər Əliyevin əzəmətli şəxsiyyəti həm onun nəcib xanımı Zərifə Əliyeva, həm də övladları, xüsusilə də Azərbaycanın prezidenti İlham Əliyevlə birlikdə təqdim olunur.

H.Mirələmov “Zərifə Əliyeva” kitabı üçün cazibədar forma tapıb. Monoqrafiya bədii əsərlərə – romanlara xas “Dastanın başlanğıcı” adlı epiloqa başlanır və “Əbədiyyət dastanı” adlı proloqla tamamlanır. Bu əsər, nəcib bir Azərbaycan qadını, görkəmli oftalmoloq alim-akademik, ağıllı və sədaqətli həyat yoldaşı, fədakar ana – nəslin ocağının odunu qoruyan və bütün Azərbaycan üçün saxlayan böyük insan haqqında əbədiyyət dastanıdır. Yazıçı öz qəhrəmanının nurlu obrazına onun müasirlərinin xatirələri prizmasından nəzər salır... Fəqət “dastan” ata ocağından başlanır. İstər qız olsun, istərsə oğlan şəxsiyyətin yetişməsinə üç başlıca amil təsir göstərir: ana qucağı, ata ocağı və təhsil ocağı! Zərifə xanım Azərbaycanda sovet dövrü səhiyyəsinin qurucularından biri, “daxili azadlıq və yüksək ləyaqətə, böyük ağıl və iradəyə malik” bütöv şəxsiyyət, tibb elmləri doktoru, professor Əziz Əliyevin ailəsində dünyaya gəlmiş altı xoşbəxt uşaqdan biri idi: Tamerlan, Cəmil, Ləzifə, Zərifə, Dilbər, Gülara! Dilbər rabitəçi mühəndis, Gülarə pianoçu sənətini seçdi. Qalan dörd övlad isə şöhrətli atanın şərəfli yolu ilə gedib həkimlik sənətinə yiyələndi.

H.Mirələmov kitabının Əziz Əliyevdən bəhs edən fəslini “Əvəzolunmaz insan” adlandırır. Bu həqiqətən belə idi. Yazıçı bunun səbəbini hər şeydən öncə Ə.Əliyevin mühitində axtarır, onun müasirlərinin xatirələrində izahını tapır. Əziz Əliyev 1897-ci il yanvarın 1-də qədim Azərbaycan yurdu İrəvan quberniyasının Hamamlı kəndində hörmətli bir kişinin, Məmmədkərim Kərbəlayi Qurbanəli oğlunun ailəsində dünyaya gəlib. Rus-tatar məktəbini, sonra isə gimnaziyanı bitirib. 1918-də atasını, 1920-ci ildə anasını itirir. Ruhdan düşmür. Yeni yaradılmış Azərbaycan Dövlət Universitetinin tibb fakültəsində 1927-ci ildə təhsilini başa vurur. Böyük istedad, dərin savad və idarəçilik qabiliyyəti sayəsində o 1930-cu ildə artıq səhiyyə naziri idi... H.Mirələmov onu uşaqlıq yoldaşı, akademik Mustafa Topçubaşovun bir cümləsi ilə dəqiq xarakterizə edir: “Görünür, səhiyyənin atası Hippokrat özünün həkimlik andını Əziz kimi həkimlərə baxıb yazmışdır”.

Zərifə xanım Əliyeva belə bir atanın həkim və ictimai xadimin əlinin sığalı ilə böyümüşdü. Ə.Əliyev 1935-ci ildə Tibb İnstitutunun rektoru, 1937-də isə eyni zamanda Azərbaycan Dövlət Universitetinin – iki ali məktəbin rektoru təyin olunur. 1941-ci ildə isə o artıq Azərbaycan KP (b) MK-nın katibi idi. Ə.Mirələmov öz qəhrəmanlarının yetişdiyi mühit haqqında təsəvvür yaratmaq üçün Ə.Əliyevin 1942-ci ildən etibarən səkkiz il Dağıstana rəhbərlik etdiyi dövr də xüsusi diqqət yetirir. Bu zaman o təkcə Dağıstanın obkomu deyil, həm də Mahaçqala Müdafiə Komitəsinin sədri idi. Məhz buradakı fəaliyyəti, şablondan uzaq şəxsiyyəti, humanizmi, insansevərliyi, sadəliyi və əlbəttə, yüksək siyasi iradəsi və dövlət quruculuğu sahəsindəki istedadı ilə həqiqətən əvəzolunmaz şəxsiyyət olduğunu sübut etmişdir.

1950-ci ildə Moskvada İctimai Elmlər Akademiyasını bitirib Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini təyin edildikdən sonra ona təzyiqlər başlanır. Şübhəsiz ki, Ə.Əliyevin gündən günə artan nüfuzu ətrafındakıları narahat edirdi.

Kitabın “Zərifə və Heydər” fəslini həyəcansız oxumaq olmur. Zərifə xanım 1949-cu ildə təhsilini başa vurub Moskvadan, DTK zabiti Heydər Əliyev isə 1950-ci ildə Leninqraddan Bakıya qayıdırlar. Müəllif yazır: “Ayrılıq onların sevgi hisslərini daha da möhkəmlətmişdi və o, ailə qurmağı qərara alır”. Bu Ə.Əliyevin ailəsinin nəzarətə alındığı, izlənildiyi, özünün yüksək vəzifələrdən çıxarıldığı dövr idi. Bundan sonra məhəbbətin sınağı, sevgi “Dastan”ının çətin səhifələri başlayır. İndi təkcə Ə.Əliyev deyil, gənc Heydər Əliyev də təzyiqlərə məruz qalır. Azərbaycan SSR DTK-nın rəhbəri general S.Yemelyanov onu yanına çağırıb Ə.Əliyevin ailəsi ilə əlaqələri kəsməyi tələb edir. 1953-cü ilin əvvəllərində S.Yemelyanov onu bir də çağırıb xəbərdarlıq edir və işdən çıxarılacağı ilə hədələyir. Fəqət, heç bir qüvvə bu məhəbbətin qarşısını ala bilmir. Çünki bu qarşılıqlı təmənnasız məhəbbət, iki sədaqətli və qüvvətli insanın duyğularının qarşısıalınmaz seli idi. Bu məhəbbət əsasında 1954-cü ildə qurulmuş ailə Əziz Əliyevin böyük ümid və rəğbətinə səbəb oldu. H.Mirələmov dəqiq faktlarla onun öz kürəkəninə olan ehtiramını, onun böyük gələcəyinə dönməz ümidini əks etdirir. Lakin, şübhəsiz o vaxt Allahdan savayı heç kəs bilmirdi ki, bu sadə ailə Azərbaycan tarixində yeni səhifə açacaq, tarixin yeni mərhələsinin əsasını qoyacaq.

H.Mirələmov yazır: “Bu məhəbbətin tarixi haqqında sonralar çoxlu şeirlər yazıldı, filmlər çəkildi. Rejissor Vaqif Mustafayev bu mövzuda “Əsl məhəbbət haqqında” adlı insanı riqqətə gətirən dramatik bir film çəkdi. Və biz burada ekrandan filmin əsas qəhrəmanı Heydər Əliyevin təsirli etirafını eşidirik: “Mən onu həqiqətən çox sevirdim. Onun da mənə olan məhəbbətini hiss edirdim. Düşünürəm ki, bizim bir-birimizə olan məhəbbətimizin nə qədər dərin köklərə malik olduğunu sübut etməyə ehtiyac yoxdur”. Sonralar xalq şairi Zəlimxan Yaqub Heydər Əliyevin nəhəng şəxsiyyətinə, cahanşümul əməllərinə həsr etdiyi “Böyük ömrün dastanı” poemasında bu qeyri-adi məhəbbətin vəsfinə xüsusi bir fəsil ayırdı”.

Elə kitablar var ki, öz zəmanələri üçün, elə kitablar var ki, yalnız kitabxanalar üçün yazılır. H.Mirələmovun trilogiyası – “Heydər Əliyev”, “İlham Əliyev” və “Zərifə Əliyeva” kitabları yaddaş üçün, əbədiyyət üçün yazılıb. Çünki bu kitablar bir nəslin üç böyük şəxsiyyətinə müəllifin dərin ehtiramını, səmimi ziyalı duyğularını əks etdirir. Dərin və ciddi araşdırmalar, tutarlı faktlar, dövrə və dövlətçiliyə dərindən bələdlik, yüksək tarixilik duyğusu və yazıçının peşəkarlığı bu kitabların hər səhifəsində aydın hiss olunur. Yazıçı-publisist H.Mirələmov bu dünya şöhrətli qəhrəmanlarının həyat və fəaliyyətinə, xalqımızın tarixi taleyindəki rollarına qlobal şəkildə yanaşa bilmiş və H.Əliyev, İ.Əliyev və Z.Əliyeva haqqında yazmağın böyük məsuliyyətini bir an da unutmamışdır. Artıq qeyd etdik ki, “Zərifə Əliyeva” kitabının qəhrəmanı dərin və ülvi məhəbbətdir. H.Əliyevin və Zərifə xanımın simasında bu məhəbbət ağır sınaqlara məruz qalır, hədə-qorxu ilə üz-üzə gəlir. Hər iki tərəfin böyük iradəsi sayəsində yenilmir. Müəllif yazır: “Sonralar H.Əliyev etiraf etmişdi: “Bilirsinizmi nə kimi fikirlər mövcud idi, çünki mən DTK-da işləyirdim, onun atasının ətrafında nələr baş verir, onu necə izləyirlər. Bilirdim və mən bilirdim, eşitmişdim ki, onu bütün ailəsi ilə buradan Qazaxıstana sürgün etmək planı var. Mən düşünmüşdüm: əgər onları sürgün etsələr, mən onun ardınca Qazaxıstana gedəcəyəm, bəlkə də mənə orada iş tapmaq buradakından asan olacaq”.

Bu insanın öz sevgisi yolunda həqiqi bir fədakarlığı idi. Biz eşq yolunda belə fədakarlıqlar haqqında nağıllarda, dastanlarda, Nizaminin, Füzulinin, Nəvainin, Şekspirin əsərlərində oxumuşuq. “Eşqdir mehrabı uca göylərin // Eşqsiz ey dünya nədir dəyərin?!” – deyirdi Şeyx Nizami, “Yarəb, bəlayi-eşq ilə qıl aşina məni // Bir dəm bəlayi-eşqdən etmə cüda məni” – deyə fəryad edirdi Mövlanə Məhəmməd Füzuli, dünya ədəbiyyatında məhəbbət haqqında ikinci böyük dastanı – “Romeo və Cülyetta”nı yaratmış U.Şekspir isə eşqi xoşbəxtlik adlandırırdı: “Xoşbəxtliyin nə olduğunu, nəhayət ki, dərk etdim, çünki sevirdim”. H.Əliyevin Zərifə xanıma məhəbbəti övladlarına keçdi, xalqa, millətə böyük sevgiyə çevrildi.

“Zərifə Əliyeva” kitabı, beləliklə də, nümunəvi Azərbaycan xanımı, H.Əliyev kimi böyük bir şəxsiyyətlə həyatda yanaşı addımlamış həyat yoldaşı, qayğıkeş və mehriban ana haqqında maraqlı bioqrafik əsərdir. Həqiqətən də zirvədən-zirvəyə addımlamış və əbədiyyətə qovuşmuş tarixi şəxsiyyətlər haqqında mənalı bir dastandır.

Dastan xalqın epos təfəkkürünün yaratdığı ən möhtəşəm bədii abidədir. Dastanın yaranması üçün əvvəlcə xalq yaranmalı, öz mifini yaratmalıdır... Və türkün ən böyük dastanında “Kitabi Dədə Qorqud” eposunda “Ana haqqı tanrı haqqı” adlandırılır, “Ana südü-dağ çiçəyi” ölümcül qəhrəmanı cana gətirir.“Cənnət anaların ayaqları altındadır”- deyib Məhəmməd əleyhüssəlam, “Anamın bircə öpüşü məni rəssam elədi” – yazıb Rafael, “Ana bir əli ilə beşiyi, o biri əli ilə dünyanı yırğalayır”bu sözlər də böyük sərkərdə Napoleonun dilindən çıxıb, İ.V.Höte isə belə yazıb: “Təbiətin ən böyük möcüzəsi anadır”. Zərifə Əliyeva kitabının qəhrəmanı belə böyük bir ana, xoşbəxt taleli tarixi bir şəxsiyyətdir. Və müəllif onun parlaq surətini ən isti boyalarla, ən ülvi və nəcib sözlərlə nəqş edib. Ümumiyyətlə bu kitab böyük bir dövrün konteksti, fakt və sənəd mənzərəsi nəzərə alınmaqla yüksək tarixilik və müasirlik duyğusu ilə yazılmış konseptual tədqiqat əsəridir.Dilinin şirinliyinə, bədii tutumuna, müəllif mövqeyinin səmimiliyinə görə onu xatirələrdən hörülmüş yaddaş romanı da adlandırmaq olur. Əsərdəki xatirələr hər şeydən öncə Zərifə Əliyevanı dünya şöhrətli bir oftalmoloq kimi səciyyələndirir. Müəllif xatirələrin kontekstoloji əsasını düzgün müəyyən edərək, elə bir fikri-mənəvi sistem qurur ki, maraq oxucunu ahənrüba kimi öz arxasınca çəkib aparır.

Kitabda akademik Püstəxanım Əzizbəyovanın xatirələri gənc məktəbli qız Zərifə Əliyevanın vətənpərvər fədakarlığı haqqında məxəz kimi təqdim olunur. O danışır ki, biz indiki İqtisad Universitetində yerləşən qospitalın bir palatasını şefliyə götürmüşdük. Məktəbli qız Zərifə dərhal vəziyyəti ələ aldı. Pəncərənin qarşısında üzü tamam yanmış və bədəni sınıq-sınıq olmuş təyyarəçi yatır, heç nə yemir, heç nə danışmır, gözünü belə açmırdı. Nəhayət Zərifə, öz söhbətləri və istiqanlılığı ilə onu dilə gətirdi. Məlum oldu ki, yaralı təyyarəçinin biz yaşda qızı var. O, Zərifəyə bir məktub diqtə elədi və biz məktubu onun qızına yolladıq.

Bir dəfə biz xəstələrə baş çəkib Zevin küçəsinə endik. Yolun kənarında gözəl, ucaboy bir qadın başını dik tutub dayanmışdı. Zərifə mənə dedi: “Gördün, gördün? O, kordur”. Bu iki fakt adicə müşahidə deyil, Zərifə Əliyevanı həkimliyə, özü də göz həkimliyinə aparan tale məqamlarıdır.

Professor Umnisə Musabəyova ona uğurla dövlət imtahanı vermiş tələbəsi Zərifə Əliyevaya deyir: “Həkimlik gözəl, şərəfli sənətdir. Fəqət, tibb elmləri içərisində ən şərəflisi oftalmologiyadır. Mən istərdim ki, sən oftalmoloq olasan”. Zərifə Əliyeva Bakıdan sonra 1948-ci ildə Moskva məktəbini keçib, istedadlı və bacarıqlı həkim kimi oftalmoloq peşəsinə yiyələnir. 1949-50-ci illərdə bu nəcib və şərəfli ixtisas üzrə ordinatura keçir, 1950-53-cü illərdə isə aspiranturanı bitirir. 1954-cü ildə Heydər Əliyevlə ailə həyatı qurur, 1955-ci il oktyabr ayının 18-də onların ilk övladı – Sevil xanım dünyaya gəlir. Zərifə xanım 1960-cı ildə “Traxoma xəstəliyinin sintomisin və onun başqa terapiya metodları ilə əlaqəli müalicəsi” mövzusunda uğurla müdafiə edərək oftalmologiya üzrə tibb elmləri namizədi alimlik dərəcəsi alır. Və 24 dekabr 1961-ci ildə Heydər və Zərifə Əliyevlərin oğul övladı – Azərbaycanın gələcək prezidenti İlham Əliyev anadan olur. Zərifə xanım 1976-cı ildə Moskvada çox çətin bir mövzuda – “Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərində görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsi alır, 1977-ci ildə professor, 1983-cü ildə isə akademik seçilir... Bura qədər elmi axtarışlarla dolu böyük həyat yolu var. Gəlin biz də H.Mirələmovun qələminin izi ilə xatirələrə qayıdaq...

Xatirə yaddaşın gəncliyi, şəxsiyyətin özünüifadəsidir. Xatirə şəxsiyyətin yaddaşında bitən elə bir ağacdır ki, onun bəhrəsi bütöv bir cəmiyyətə məxsusdur. Xatirələr ən yaxşı etirafdır: insan həm özü, həm də müasirləri barəsində həqiqəti söyləyir. Xatirələr bədii mədəniyyətin unikal bir növüdür. “Zərifə Əliyeva” kitabında da fakt və xatirə, bədii təsvir, lirik tərənnüm və fəlsəfi mühakimə həssaslıqla bir-birini tamamlayır. Məsələn, kitabda tibb elmləri doktoru Həcər xanım Nəsrullayevanın, Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru Kərim Kərimovun, Fərhad Məmmədovun, tibb xidməti polkovniki, tibb elmləri doktoru V.Vaynşteynin, professor A.Dobromıslovun, tibb elmləri doktoru, professor M.Sultanovun, baş tibb bacısı N.İsmayılovanın, professor T.Hüseynovun göz həkimi, humanist insan kimi Zərifə xanım barəsində bir-birindən maraqlı xatirələri kitabda yer alıb. Həmin xatirələr işığında onun obrazı daha nəcib, səmimi və ülvi təsir bağışlayır. Bu xatirələrdə Zərifə xanım ilk cərrahiyyə əməliyyatının uğurundan hədsiz sevinən uşaq qəlbli həkim (akademik P.Əzizbəyova) 60-cı illərdə Azərbaycan rayonlarında traxomaya qarşı fədakarcasına mübarizə aparan, bilik və bacarığını əsirgəməyən tibb alimi (t.e.d. H.Nəsrullayeva), öz peşəkarlığı və insani keyfiyyətləri ilə seçilən... traxomanın ləğv edilməsində xüsusi xidmətləri olan, səhiyyəyə inam və əqidə ilə xidmət edən göz cərrahı (K.Kərimov), təkcə özünün yox, həm də peşəsinin – oftalmologiyanın şərəfini qoruyan prinsipial alim (t.e.d. V.Vaynşteyn) xəstəni təkcə dərmanla yox, həm də sözlə müalicə etməyi bacaran, təmənna və tərif güdməyən səmimi, ciddi və xeyirxah həkim (prof.A.Dobromıslov) kimi fikirlər və ifadələrlə səciyyələndirilir. Xatirələrdə həm də belə bir unikal cəhət ön plana çəkir ki, Zərifə xanım müasirlərinə, xüsusilə həmkarlarına qarşı həssas, acı qəlbə toxunan söz işlətməkdən uzaq, xəstələrə qayğı ilə yanaşan, fəqət öz həyatı və elmi prinsiplərindən dönməyən, elmdə və həyatda öz haqlı mövqeyini inadkar bir inamla müdafiə etməyi bacaran mütəxəssis və şəxsiyyət idi. H.Mirələmov onun xarakterində peşəkarlığa və prinsipiallığa hörməti ön plana çəkir. O, düşüncəsi saf, əqidəsi dürüst, əlləri şəfalı fenomenal bir həkim, yüksək nəzəri biliyə, intellektual səviyyəyə malik alim idi.

Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınlarına böyük qiymət verərək demişdir: “Azərbaycan qadınları həmişə milli iftixara çevrilən işlər görüblər” Belə qadınlardan biri də onun öz xanımı Zərifə Əliyeva idi. H.Əliyev kimi dahi bir şəxsiyyətin sevilən xanımı olmaq həm böyük bir şərəf və səadət, həm də məsuliyyət idi. Tarixən böyük kişilərin arxasında böyük xanımlar dayanıb. Azərbaycan xanımları təkcə zəriflik və gözəllik mücəssəməsi deyil, həm də müdriklik, mərdlik, sədaqət, mənəvi dayaq timsalıdır. Biz belə hesab edirik ki, sevmək özü də bir qəhrəmanlıqdır. Azərbaycanın belə qəhrəman xanımları çox olub: Tomris, Nüşabə, Məhinbanu, Şirin, Möminə xatun, Zahidə xatun, Mehrican xatun, Səlcuqşah bəyim, Pərixan xatun, Məhinbanu Sultan, Tuti Bikə, Ağabəyim Ağa, Natəvan... Zərifə xanım və onun gəlini, ölkənin birinci xanımı Mehriban xanım da məhz belə xanımlardandır.

Əsl-nəcabət, yüksək mənəvi mədəniyyət, ali analıq və qadınlıq duyğusu, millətə və dövlətə sevgi, humanizm və insanpərvərlik, tarixi keçmişimizə hörmət, sivil dünyanı heyrətə salan böyük intellekt bu xanımları tarixi şəxsiyyətlər kimi səciyyələndirən, onlara ümumxalq ehtiramı gətirən başlıca cəhətlərdir.

Bu gün Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva bütün sahələrdə – həm dövlətçilikdə, həm xalqla mənəvi ünsiyyətdə, həm millətə və milli mədəniyyətə məhəbbətdə ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın müqəddəs ənənələrini şərəf və ləyaqətlə qoruyub saxlayır, yüksək əxlaqi dəyərlər kimi gələcək nəsillərə çatdırırlar.

H.Mirələmovun “Heydər Əliyev”, “İlham Əliyev”, “Zərifə Əliyeva” kitabları – JZL trilogiyası bir tarixi həqiqəti reallıqla təsdiq etdi ki, tarixi kütlə yox, liderlər yaradır. Bu kitablar Əliyevlər nəslinin tarixdəki rolunu aydınlaşdırır və təsdiq edir. H.Mirələmovun “Zərifə Əliyeva” kitabını oxuyur və düşünürəm: bu kitabın konseptual əsasında nə dayanır? İlk cavabım: Zərifə Əliyevanın simasında milli əxlaqi dəyərlərimizin ülvi təcəssümünü, uca zirvəsini əks etdirib H.Mirələmov. Bu qadın məhəbbəti, qadın sədaqəti, pak qadın mənəviyyatı, qadın şəxsiyyəti, qadın dəyanəti, xanımlıq məktəbi, sadəlik və səmimiyyət haqqında ensiklopediyadır. Əslində ərə gedən bütün qızlarımızın ən qiymətli cehizi olmalıdır bu kitab! Qoy onlar sevəndə, həyat yoldaşına arxa durmalı olanda, sevgiləri sınaq qarşısında qalanda, elmi axtarışların əzabını intixab edəndə, xoşbəxtlik anlarını yaşayanda “Zərifə Əliyeva” kitabını oxusunlar.

Böyük fransız maarifçi filosofu J.J.Russo deyirdi: “O şey ki, əxlaqi cəhətdən doğru deyil, o heç bir baxımdan məqbul sayıla bilməz” H.Mirələmovun kitabı yüksək əxlaqi dəyərlər haqqında, onu qorumaq, nəsildən-nəslə ötürmək barəsində qəlbi Allah nuru ilə dolu bir insanın əsəridir.

Prezident İlham Əliyev 1995-ci ildə “Günay” qəzetinə müsahibəsində “Zərifə xanım yadınızda necə qalıb?” sualına belə cavab verir: “Ən əziz insan kimi. Onun vəfatından sonra mənim həyatım, ümumiyyətlə bütün ailəmizin həyatı dəyişdi. Belə ki, mən indi onun sağlığında güldüyüm kimi gülə bilmirəm. Doğrudur, onun vəfatından on ildən artıq vaxt keçir, lakin indi də həyatımda hər hansı bir xoşbəxt hadisə baş verəndə düşünürəm: kaş o bu hadisənin sevincini yaşaya biləydi. O vəfat edəndə mənim böyük qızımın bir yaşı var idi. Belə ki, mənim qızlarım nənələrini görə bilmədilər – bu onların tərbiyəsi üçün böyük itki idi”. Müəllif bu mənalı fikrə önəm verir: Zərifə Əliyevanın həyat tərzi, davranışı, həkimliyə olan sevgisi, ailəcanlılığı böyük mənəvi tərbiyə və əxlaqi gözəllik məktəbi və gənc qızlarımız üçün misilsiz nümunədir.

H.Mirələmov Zərifə xanımın 1985-ci ildə Moskvada vaxtsız vəfatını ümumxalq kədəri kimi qələmə alır. Bu hər kəsdən öncə qüdrətli şəxsiyyət H.Əliyev üçün ağır mənəvi zərbə idi. Bütün ailə bu itkini böyük acısı-ağrısı ilə yaşadı. Azərbaycan xalqı öz qiymətli qızına matəm saxladı. “Zərifə Əliyeva” kitabında bu ağır itki ilə bağlı görkəmli adamların xatirələri bu itkinin ağırlığını səmimi bir tərzdə əks etdirir. Jurnalistlərdən birinin “Sizin üçün ən sevimli adam kimdir? – sualına Heydər Əliyev çox müxtəsər cavab vermişdi: “Zərifə xanım”.

Zərifə Əliyevanın son məktubunda isə bu sözlər yazılmışdı: “Mənə görə narahat olma, uşaqlara yaxşı bax. Unutma ki, mən səni sevirəm...” Bəli, H.Mirələmov öz qəhrəmanının obrazını bu sevginin nurunda yaradır. Bu sevgi, ər, ailə, övlad qarşısında bir borc deyil, mənəvi tələbat idi və öz səmimiyyəti ilə insanlığa işıq saçırdı. Zərifə xanım öz sevgisini qəlbinin hərarətini təkcə ailəsinə və övladlarına həsr etmir, bir həkim kimi onun mehriban təbəssümü, mərhəmətli sözləri ilə xəstələrinə də bəxş edirdi. O, yunan filosofu Platonun bir fikrini həkimlik peşəsi üçün məram seçmişdi: “Həkimin edə biləcəyi ən böyük səhv xəstənin qəlbini, ruhunu nəzərə almadan onun bədənini müalicə etməyə başlamasıdır”. Kitabda müəllifin gətirdiyi onlarla fakt və xatirə belə bir həqiqəti aydınlaşdırır ki, Zərifə xanım xəstələrinə qarşı olduqca səbirli və təmkinli, onun dərdlərinə həssas, istəklərinə qayğıkeş münasibət bəsləyən bir həkim idi. Doğrudur, bədənin hər bir üzvü insan üçün gərəklidir. Lakin, göz insanı dünyaya bağlayan, insanın dünya haqqında təsəvvürlərini formalaşdıran əsas orqandır. Göz həkimi olmaq nur həkimi olmaq deməkdir. Hürufilər deyirdi ki, İnsan Həqdən qopmuş nur parçasıdır. Tanrının nuru insanın gözündə əks olunur. Göz qəlbə açılan nur pəncərəsidir. Keçmişdə babalar bir kişi ağır xəstələnəndə demirdilər ki, filankəs ölür, deyirdilər ki, gözünün nuru çəkilir. Zərifə xanım Allahın nurunu insana qaytaran qüdrətli bir loğman idi.

“Zərifə Əliyeva” kitabının qəhrəmanını H.Mirələmov təbiətən şərqli, təfəkkürən qərbli kimi vermiş, onun şəxsiyyətində Şərq və Qərb dəyərlərinin vəhdətini əks etdirmişdir...

Hər insan özü bir dünyadır. Hər ömürün öz dastanı var. Hərə öz taleyini yaşayır, tarixini yaradır. Ömür sürmək hələ tale yaşamaq deyil. Çünki, insan yaşadığı illərin sayı ilə yox, gördüyü işlərin sanbalı ilə yaddaşlara köçür, tarixə daxil olur. Taleyi Allah insanın alnına ana bətnində yazır. Hərənin heç kimə bənzəməyən öz alın yazısı var. Nə yazılıbsa, o da olacaq.

Zərifə Əliyevanın taleyinə Əziz Əliyev kimi böyük bir həkimin, ictimai xadimin, diplomatın, ölkənin rəhbərlərindən birinin ağıllı qızı olmaq, eyni zamanda atasına ədalətsiz münasibətin şahidi olmaq, Heydər Əliyev kimi dahi bir şəxsiyyətin sevgisini qazanmaq və 1969-cu ildən Azərbaycanın birinci xanımı olmaq, həkim oftalmoloq kimi akademiklik zirvəsinə yüksəlmək, İlham Əliyev kimi prezident oğulun anası olmaq, Mehriban xanım kimi nadir xislətə, nurlu qəlbə, böyük istedada malik gəlinin qaynanası olmaq şərəfi yazılmışdı. Bu gün prezident İlham Əliyev və Mehriban xanım ülvi bir sədaqətlə, nəcib ehtiramla böyük siyasi iradə və qalibiyyət əzmi ilə dahi Heydər Əliyevin və nəcib alim Zərifə xanımın arzularını həyata keçirir, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı qoruyub möhkəmlədir, böyük nəslin dastanının yeni səhifələrini yaradırlar... Tarixin yeni zirvələrinə zəfərli yürüşü əks etdirən Əbədiyyət Dastanı davam edir.

Əminik ki, görkəmli yazıçı H.Mirələmov Azərbaycan prezidenti İlham Əliyevin qalibiyyət əzmini yeni epopeyalarda daha böyük istedadla əks etdirəcək.

 

 

Nizaməddin ŞƏMSİZADƏ,

Professor

 

525-ci qəzet.- 2010.- 28 aprel.- S.4.