Əməkdar artist Sevil Xəlilova: “Çox istərdim ki, yaradıcı insanın həyatında hər şey zamanında olsun...”

 

Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Sevil Xəlilova 1953-cü ildə Bakıda anadan olub. 1969-70-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası nəzdində “kino aktyoru” kursunun axşam şöbəsində oxuyub, 1970-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino aktyorluğu fakültəsinə daxil olub. Hələ tələbə ikən Akademik Milli Dram Teatrında Nazim Hikmətin “Şöhrət və ya unudulan adam” psixoloji dramında Professorun qızı rolunu ifa edib. Akademik Milli Dram Teatrında milli və dünya klassiklərinin, müasir Azərbaycan və əcnəbi dramaturqların əsərlərində maraqlı rollar yaradıb. “Kölgələr pıçıldaşır”da Çeşmə, “Şəhərin yay günləri”ndə Qumru, “Dəli yığıncağı”nda Zəvvar, “Əliqulu evlənir”də Humay, “Kimdir haqlı?”da Məlahət, “Büllur sarayda” Səadət, “Təhminə və Zaur”da Mədinə, “Nişanlı qız”da Zərifə, “Vaqif”də Gülnar, “Poçt şöbəsində xəyal”da Züleyxa, “Afət”də İlçay və digər rolları uğurla ifa edib. Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı tamaşalarda da maraqlı obrazlar yaradıb. Bunlardan İlyas Əfəndiyevin “Atayevlər ailəsi”ndə Mehrican, Mirzə Fətəli Axundovun “Hacı Qara” əsərində Sona, Ənvər Məmmədxanlının “Şərqin səhəri” əsərində Nataşa, Altay Məmmədovun “Kişilər” əsərində Səlimə, Anarın “Ötən ilin son gecəsi” əsərində Gülarə, Ruhəngiz Qasımovanın “Yollar görüşəndə” əsərində Rahidə, Aslan Qəhrəmanovun “Müsabiqə” əsərində Sevinc və başqa rolları qeyd etmək olar.

– Sizinlə müsahibə götürmək istəyimizi bildirəndə şərt qoydunuz ki, “əgər sensasiya axtarırsınızsa, razı deyiləm”. Sizcə, bugünkü teatrda sensasiya axtarmağa gərək var, yoxsa elə o sensasiya həqiqətən də mövcuddur?

– Bilirsiniz, bəzən bu cür söhbətləri izləyirəm və bəzən bunlar elə sənətə aidiyyəti olmayan suallardır. Biz ancaq oynadığımız tamaşalardan, rejissorlarımızdan, tərəf müqabillərimizdən danışa bilərik. Mənim üçün kimin nə etdiyi və necə yaşadığı maraqsızdır. Bu gün mən Azərbaycan teatrının vəziyyətinin çox gərgin və ağır olduğunu deyə bilmərəm. İşləyən və zəhmət çəkən insan üçün heç bir iş çətin, ağır deyil. “Mən-mən” deməklə heç bir şey düzəlmir. “Mənə bunu vermədilər”, “Buna çata bilmədim” – bu tip düşüncələri qəbul edə bilmirəm. Hər bir insan səy göstərməli, çalışmalıdır, daha bunu kiminsə üstünə atmaq düzgün deyil. Düzdür, bəzən həyatda elə hallar olur ki, bu gün almalı olduğunu bu gün almırsan, sabah qazanmalı olduğunu beş gün sonra əldə edirsən. Bunları şişirtməyə, sensasiyaya çevirməyə lüzum yoxdur. Hər kəsin öz qisməti, tale payı var.

– 57 yaşlı aktrisamız indiyədək xalq artisti fəxri adına layiq görülməməsini də gecikmə ilə əlaqələndirir?

– Mən böyük səhnəyə hələ tələbə ikən gəlmişəm. Böyük və kiçik rollar üzərində çalışdıqdan və çox əziyyətlər çəkdikdən 13 il sonra Naxçıvan Muxtar Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşəm. Həmin dövrlərdə elə ay olurdu ki, mən 24, ya 26 tamaşa oynayırdım. Bu adı da mən çox fəxr və şərəflə daşıdım, çünki bu 13 illik zəhmətimin bəhrəsi idi. Bundan sonra düz 16 il sonra, 2002-ci ildə çoxsaylı rollardan, qastrol səfərlərindən sonra Azərbaycanın əməkdar artisti fəxri adına layiq görüldüm. Məhz 29 ildən sonra mən əməkdar artist adını qazandım. Amma iş orasındadır ki, o ad mənim üçün çox qiymətlidir və zəhmətimin bəhrəsidir. Mən bu adı halallıqla daşıyıram. Bu ad məhz mənimdir. Heç kim deyə bilməz ki, “bu adı Sevil xanıma verdilər və yaxud adı aldı”. Bunu mən qazandım. Üzərindən 5 il keçəndən sonra prezident təqaüdünə layiq görüldüm. Düzdür, mənim taleyimdə hər şey gecikə-gecikə olur, amma buna da şükür edirəm. Ola bilərdi ki, heç bu da olmasın... Sənətə gələn zaman çox böyük sənətkarlar görmüşəm və o vaxtlar o sənətkarların fəxri adları yox idi. Mən Hamlet Qurbanovun, Bürcəli Əsgərovun fəxri adının olmamasını gördükdən sonra necə özümə ad istəyə bilərdim? Bəzən insanların taleyində elə olur ki, kimsə qabağa düşür. Amma çox istərdim ki, sənətkarın, yaradıcı insanın həyatında hər şey zamanında olsun. Hər bir sənətkar məqamında, yerində layiq olana layiq görülürsə, yaşamaq stimulu, istəyi, tələbkarlığı da artır. Bəzən doğrudan da gecikir bunlar. Sənət adamına hər şeydən əvvəl tamaşaçı alqışı lazımdır. Sonra da əgər əməkdar artist, xalq artisti fəxri adları, “Şöhrət” ordeni verilmə ənənəsi varsa, məqamında insanlara verilməlidir ki, onun ləzzətini duyasan. Qocalanda, 80 yaşında xalq artisti adı kimə lazımdır?! Təqaüdlər, mükafatlar da zamanında verilməlidir ki, sənətkar öz ehtiyaclarını ödəyə bilsin... Elə insanlar var ki, düşünürlər ki, xalq artistidirsə, daha heç nə etməyə bilər. Ancaq bundan sonrası daha çətindir, çünki aktyor o adı doğrultmalıdır. Bu aləmdə elə insanlar tanıyıram ki, heç ad hayında deyillər, elə düşünürlər ki, mənə bir az pul versinlər, daha heç nə lazım deyil. Maddi sıxıntı insanlarda bu cür problemlər yaradır. Kimlərisə ad-san maraqlandıra bilər... Sözün düzü, məni elə çox yerlərdə xalq artisti kimi təqdim edirlər, biləndə ki, əməkdar artistəm, inanmırlar. Tamaşaçılar məni ya mağazada, ya ictimai nəqliyyatda görəndə dərhal tanıyır. Bəzən soruşurlar ki, niyə görünmürsünüz, efirə çıxmırsınız? Mən televiziyada hansı verilişə çıxım? İndi elə bir veriliş görmürəm ki, sənətimdən danışa bilim. Elə hamı çıxıb deyir ki, “mən belə yaratmışam, mən belə oynamışam, məndən yoxdur, mən bir dənəyəm”...

– Rejissorlar Sizi niyə baş obrazlarda görmürlər?

– Elə tamaşalar olur ki, baxıram və deyirəm ki, bu rolu mən çox gözəl oynayardım, amma... Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqili teatr aktyoru kafedrasında dərs deyirəm. Mən rejissuranı oxudum, öyrəndim, dərinliklərinə getdim, 25 il teatrda çalışdım və bu müddətdən sonra instituta dərs deməyə gəldim. Çünki artıq özümdə bu gücü hiss etdim. Pedaqogika başqa bir şeydir, ola bilər ki, hər şeyi bilə bilərsən, ancaq bu bilgini başqasına ötürmək son dərəcə çətindir.

– Bəlkə pedaqogikaya üz tutmağınızın səbəbi bu sənətdən inciməyiniz olub?

– Yox mən aktrisalıqdan, sənətdən küsmədim, sadəcə boş qalan məqamlarımı, vaxtımı səmərəsiz istifadə etmək istəmədim. İnsan ömrüdür, su kimi axıb gedir. Niyə boş oturmalıyam?

– Yaşayışınız necədir? 

– Pis deyil, adi insan yaşayışıdır. Çalışıram ki, aldığım mədaxil məxaricimi ödəyə bilsin. Mən ümumiyyətlə hər şeyin yaxşısını istəyirəm, amma əgər yaxşıların yaxşısını əldə edə bilmirəmsə, əlimdə olana qane olmağı, nəfsimi boğmağı bacarıram. Əlbəttə, daha yaxşı yaşaya bilərdim. Ümumiyyətlə, haqqımı gözləməyi bacaran insanam.

– Sizi çox hallarda metrodan istifadə edərkən görürük. Avtomobildən istifadə etmirsiniz?

– Mənim maşınla gedib-gəlmək imkanım yoxdur. Ömür-gün yoldaşım sağ olanda maşınımız da var idi. Mən indi əməkhaqqı və prezident təqaüdü ilə dolanıram. Əgər o təqaüd olmasa, heç metrodan da istifadə etməyə gücüm olmaz... Bir qızım var. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin həm bakalavr, həm də magistr pilləsini bitirib. Düzdür, ailə şəraiti ilə əlaqədar işləmir. Qızım ailəli olub, indi qızım və 4 yaşlı nəvəmlə bir yerdə qalıram. Mən belə qərar qəbul etdim ki, onlar mənimlə birgə yaşasalar, mənə, özlərinə, cəmiyyətə yaxşı olar. Dünyaya övlad gətirirsənsə, onun ağrısını da, acısını da çəkməlisən. Övladı cəmiyyət yararsız şəkildə böyütməkdənsə, bu şəkildə böyüməsi daha yaxşıdır. Mən heç zaman əqidəmi dəyişməmişəm, hər zaman deyirəm ki, mənəvi təmizlik partiyasının üzvüyəm. İnsan nə qədər sağa-sola ləngər vurursa, bütün bunlar özünü onun simasında göstərir. Bəzən efirdə belə söhbətlərə rast gəlirəm ki, kimsə deyir, “qızımı ərə vermişəm, oğlumu evləndirmişəm, özüm isə sevirəm”. Bu, dəhşətdir...

 

 

(APA)

 

525-ci qəzet.- 2010.- 30 aprel.- S.7.