Cəfər Cabbarlı “Mən bir susmaz
duyğuyam ki...” adlı mərasimlə anılıb
A.M.Şərifzadə adına
mədəniyyət evində
görkəmli Azərbaycan
dramaturqu, şairi və nasiri Cəfər Cabbarlının
xatirəsinə həsr
olunmuş “Mən bir susmaz duyğuyam
ki...” mövzusunda ədəbi-bədii gecə
keçirilib. Bu barədə ədibin nəvəsi Qəmər Seyfəddinqızı məlumat
verib. Gecədə mədəniyyət evinin direktoru Zivər Əhmədova “Cəfər Cabbarlının
həyat və yaradıcılığı” mövzusunda
məruzə ilə çıxış edib.
Z.Əhmədova məruzəsində görkəmli yazıçının
çoxşaxəli fəaliyyətindən,
XX əsr Azərbaycan
ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin
inkişafında, müasir
ədəbi dilimizin formalaşmasında müstəsna
xidmətlərindən söz
açıb. Gecədə
C.Cabbarlının “Ana”, “Bahar”,
“Ey dan ulduzu”,
“Məhkum Şərqə”
şeirləri, pyeslərindən
parçalar ifa olunub, sözlərinə yazılmış mahnılar
səslənib. Ədibin qızı
Gülarə Cabbarlı
gecədə çıxış
edib, atasının xatirəsinə göstərilən
yüksək hörmət
və ehtirama görə tədbirin iştirakçılarına və
təşkilatçılarına minnətdarlığını bildirib.
SARA
525-ci qəzet.-
2010.- 30 aprel.- S.7.