Azərbaycan filmləri Özbəkistanda göstərilib
Özbəkistanda Azərbaycan kinosu həftəsi keçirilib. Kino həftəsində Azərbaycanı xalq artisti Rafiq Əliyev, rejissorlar Mehriban Ələkbərzadə, Samir Kərimov, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Almaz Sultanzadə təmsil ediblər. APA-nın məlumatına görə, kino həftəsinin açılışı 500 nəfərlik Əlişir Nəvai adına Kino Sarayında baş tutub. Açılışda “Özbəkkino” Milli Agentliyinin rəhbərliyi, dövlət xadimləri, kino sənətkarları, yaradıcı ziyalılar, şəhər ictimaiyyəti və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Həftə boyunca Özbəkistanın 4 kinoteatrında “Hökmdarın taleyi”, “Məhkumlar”, “Niyyət” bədii, “Azərbaycan motivləri”, “İz...Qala” sənədli, “Bir addım”, “Düyün” qısametrajlı, “Mərhəmətin dadı” və “Nuş olsun” cizgi filmləri göstərilib. Eyni zamanda “İki xalqın oğlu” başlığı altında kino və teatr rəssamı Yusif Hüseynovun rəsmləri və “Azərbaycan kinosu: dünən və bu gün” adlı fotosərgi nümayiş etdirilib.
525-ci qəzet.-
2010.- 30 aprel.- S.7.