“Mütərcim”in növbəti
sayı çıxıb
Azərbaycan Yazıçılar
Birliyi, Bakı Slavyan Universiteti və “Mütərcim” Tərcümə Mərkəzinin
həmtəsisçiliyilə nəşr olunan “Mütərcim” ədəbi,
elmi, tərcümə
jurnalının 2010-cu ildə
ilk sayı işıq
üzü görüb.
Daha çox tərcümə dərgisi
kimi tanınan nəşrin bu sayı baş redaktor, filologiya elmləri doktoru Telman Vəlixanlının
“Bugünkü tərcüməçiliyimizin
mənzərəsinə ötəri
bir nəzər” yazısı ilə açılır. Yazıda
ölkədə həyata
keçirilən tərcümə
və nəşr layihələrindən bəhs
edilir.
“Bədii
tərcümə” rubrikasında
əvvəli ötən
saylarda verilmiş F.M.Dostoyevskinin “Karamazov qardaşları”
romanı və F.Doranın “Şlyager” pyesinin tərcümə mətnlərinin sonu yerləşdirilib. Məlum
olduğu kimi, Telman Vəlixanlı tərəfindən dilimizə
çevrilmiş “Karamazov qardaşları”
romanı artıq iki cilddə nəşr edilərək
Azərbaycan oxucusunun ixtiyarına verilib. Əlamətdar haldır ki, jurnalın yaradıcı kollektivi Dostoyevskidən tərcümələri
həyata keçirməkdə
və nəşr etməkdə davam edir. Azərbaycanca ilk dəfə işıq üzü görən “Gizlindən qeydlər” povesti tanınmış dostoyevskişünas-alim, professor Məmməd Qocayevin tərcüməsində təqdim
olunur. Jurnalın bu sayından etibarən yaradıcı heyətə redaktor kimi qoşulan istedadlı şair və nasir Etimad
Başkeçid S.Kinq,
X.L.Borxes və M.Meterlinkdən tərcümələri,
o cümlədən tərcümə
sənəti ilə bağlı maraqlı materialları ilə yadda qalır. Bədii tərcümə
materialları içərisində
digər tanınmış
qələm sahibi – Kamran Nəzirli tərəfindən orijinaldan
çevrilmiş E.Po və H.Pinterin əsərlərini də
vurğulamağa dəyər.
Dünya ədəbiyyatında
Şərq, Qafqaz və Azərbaycan mövzusuna jurnalın bu sayında da xüsusi diqqət verilir. Bu cəhətdən Asif Hacılının “İmam
Şamil: üləma,
sərkərdə, şair”
məqaləsini, Telman
Vəlixanlının L.N.Tolstoyun
“İlyas” hekayəsi haqqında qeydlərini və hekayənin azərbaycancaya tərcüməsini,
professor Fəxrəddin Veysəlli
tərəfindən təqdim
edilmiş “Günter Qrasla
müsahibə”ni, Nuranə
Nuriyevanın “V.İrvinq
və Şərq” tərcümə materialını
qeyd etmək olar.
“Tərcümə
məsələləri” rubrikasında
professorlar Məmməd
Qocayev və Şahin Xəlillinin orijinaldan tərcümənin
nəzəri və praktiki məsələlərinə
aydınlıq gətirilir,
maraqlı mülahizələr
irəli sürülür.
Həm M.Qocayevin məqaləsi, həm də S.Kəlbixanlının
“Rəylər” rubrikasında
təmsil olunan “Tərcümə sənətimizin
növbəti uğuru”
yazısı artıq
oxucu tərəfindən
rəğbətlə qarşılanmaqda
olan “Karamazov qardaşları”
romanının Azərbaycan
dilinə tərcüməsindən
bəhs edir.
“Rəylər”
rubrikasında son aylar
elmi və ədəbi ictimaiyyət arasında, eləcə də geniş oxucu auditoriyasında hədsiz maraq oyatmış “Dilçiliyə
səyahət” kitabı
(müəllif AMEA-nın
müxbir üzüvü,
prof. Kamal Abdulla) barədə dəyirmi masadan qeydlər yer alır. Rusca nəşr olunmuş üçcildlik “Azərbaycan
poeziyası antologiyası”na
jurnalın baş redaktoru T.Vəlixanlının
(Cəfərov) yazdığı
və Moskvada “Literaturnaya qazeta”nın səhifələrində çap
etdirdiyi geniş rəy də bu sayda yer
alır.
“Tənqid
və ədəbiyyatşünaslıq”,
“Ədəbi məktublar”,
“Ədəbiyyatımızda Qarabağ mövzusu” rubrikalarında gedən maraqlı materiallar oxucuların və tədqiqatçıların diqqətini
olduqca önəmli məsələlərə yönəldə
bilər. Tərcümə
materialları içərisində
daha bir yazını – “Valideyn guşəsi”ndə getmiş
“Uşağa məhəbbitin
ifadə tərzləri”
adlı psixoloq qeydlərini də bu qisim yazılara
aid etmək olar.
Zəngin materiallarla
seçilən bu sayda tanınmış jurnalist Etibar Babayevin “Qorkini yad etməyə dəyər” publisistik yazısını, “Avrasiyaçılıq”
rubrikasında Telman Vəlixanlının bu problemlə bağlı mülahizələrini və
F.Dostoyevski, N.Trubeskoy,
L.Qumiyovdan tərcümələrini
də izləməyi oxuculara məsləhət
bilərdik.
“Dilimiz –
sərvətimiz” rubrikasında
AMEA-nın həqiqi üzvü, professor Ağamusa
Axundovla “Azərbaycan dilinin orfoqrafiya lüğəti” ilə bağlı müsahibədə
uğurlarla yanaşı,
bəzi çatışmamazlıqlardan
da söhbət açılır.
Öz ənənələrinə
sadiq qalan jurnal sonda iki
fəal müəllifinin
– 60 illik yubileylərini
qeyd edən qələm sahibləri: pedaqoq-alim, yazıçı
və tərcüməçi
Akif Abbasov və ədəbiyyatşünas-alim
Nizami Tağısoyun yaradıcılıq yolunu
əks etdirən yazılara da yer ayırır.
TURAN
525-ci qəzet.-
2010.- 30 aprel.- S.7.