Daş yağan gün
Roman
(Əvvəli ötən
saylarımızda)
Eduard nə demək istəyirdisə, çeçədi və bir-iki dəfə öskürüb özünü ələ aldı:
– Başa düşdüm, başa düşdüm... Siz bundan da artıq hörmətə, şan-şöhrətə layiqsiniz. Axı, əliniz neçə-neçə müsəlman qanına batıb. Həm də kommunist kimi hökumətin sağ əlisiniz, – dedi. – Məni isə təkcə vəzifədən qovsaydılar, nə dərd idi?! Yaramaz adam kimi partiyadan da xaric eləməkdən ötrü indinin özündə də bəhanə axtarırlar. Yaxşı deyiblər ki, düz elə düzdə qalar. Ancaq mən hələlik düzdə qalmamışam. Elmi dərəcəmi nəzərə alıb kiçik bir iş veriblər. Bayaq dedim ki, arxivlərdə qurdalanıram. Aldığım qəpik-quruşla başımı bir təhər girliyirəm. Buna da şükr eləyirəm. Yeganə qüsurum odur ki, kiminsə qarşısında əyilib, tülkü kimi quyruq bulamaq, yalan danışmaq, yaltaqlanmaq, yaramazları layiq olduğundan artıq mədh edib göylərə qaldırmaq məharətim yoxdur. Bunları bacarsaydım, indi Gürcüstanda yüksək iqtidar, ixtiyar sahibiydim, hamı da mənə baş əyirdi. Boynunuza almasanız da, bu dəqiqə sizin özünüzün də məndən zəndeyi-zəhləniz gedir. Bunu gözlərinizin içindən oxuyuram. Çünki siz qəhrəman kimi mədh etmək istədiyiniz şəxs mənim aləmimdə qəddar, qaniçən, miskin bir məxluqdur. Qori, Tiflis, Moskva, Yerevan, Leninqrad, Bakı və bir çox başqa ölkələrin arxivlərinə də baş vurmuşam. Andranikin sərgüzəştlərini yaxşı bilirəm, o, əslən türk ermənisidir. 1865-ci ildə Osmanlı imperiyasının Giresun vilayətində anadan olub. Türk torpağında dünyaya göz açıb, o torpaqda iməkləyib, addımlar atıb, o ölkənin çörəyi, havası, suyu ilə ərsəyə yetib. Ancaq ayağı yer tutanda yediyi qaba tüpürməyi özünə rəva bilib. Fəxrlə özünüzün milli qəhrəmanı hesab etdiyiniz bu şəxs vaxtilə Türkiyədə hörmət-izzət sahibi idi. Hətta onu – Paşa deyə çağırırdılar. Belə bir hörmətin əvəzində doğulduğu ölkəyə qarşı xəyanət yolu tutmağa başladı.
Andranik özünü saxlaya bilmədi, əl-qolunu ölçə-ölçə:
– Bu barədə səhviniz var. Alim olsanız da, uydurma danışırsınız. Andranik Ozanyan heç vaxt xəyanətkar olmayıb. – Çuburdanidzenin dediklərinə etirazını bildirdi.
Eduard Çuburdanidze nifrət ifadə edən baxışları ilə onu təqib edib, sifətini turşutdu, üzünü əks tərəfə çevirərək kupenin balaca pəncərəsindən bayıra baxa-baxa:
– Görürəm, dediklərim hədəfə düzgün dəydiyi üçün sizi təbdən çıxardır. Ancaq nahaq yerə. Sözlərimdən əsəbləşirsinizsə, bu barədə danışmaya bilərəm. Ancaq istəyirəm şərəfinə badə qaldırmaq istədiyiniz və zavallı ermənilərin beyninə milli qəhrəman kimi həkk olunan adam barədə sizin yanlış, uydurma təsəvvürünüzə aydınlıq gətirim, bulanıq fikirləriniz durulsun. Biləsiniz ki, kimə səcdə qılırsınız, fəxrlə adını daşıdığınız kimdir, vicdanınız qarşısında hesabat verəndə xəcalət çəkməyəsiniz.
Andranik – Günah məndədir, –daxilən özünü məzəmmət etdi.- Nahaq bu söhbəti açdım. Mənə deyən gərək, ay başıboş erməni, tanımadığın, bilmədiyin, xasiyyətinə bələd olmadığın adamın yanında niyə deyirsən ki, Andranikin adını mənə qoyublar. Qarşımdakı bu Eduard əclafların əclafına oxşayır. Xaçpərəst olsa da, guya Andranik Ozanyandan ötəri gözü uçur. Başdan-ayağa zəhər tuluğudur. Beləsi erməni xalqının yolunda can qoyan cəsur bir qəhrəmanın qədrini nə bilir?! Danışıqlarından hiss olunur ki, oğraşın biridir. Elə yaxşı eləyib, onu vəzifədən qovublar. Beləsinə o da azdır. Gərək onu arxivə də buraxmayaydılar. Goreşən kimi gör ordan nələri eşib çıxardıb?! Andranik barədə heç kimin ağlına gəlməyən faktlar tapıb, indi də burada başıma vurur. Bu cür xaçpərəstin təpəsinin gülləsi əskikdir.
Andranik müsahibinə tərəf çönüb, hirsindən barıt dağarcığı kimi açıldı:
– Eduard, –dedi,-
yaşca sizdən böyük olaram. Unutmayın
ki, siz bu iftiranızla tək mənim yox, bütün ermənilərin
heysiyyətinə toxunursunuz. Xahiş edirəm,
adı tarixə düşən əfsanəvi bir qəhrəman
barədə bu cür yalan, yanlış, zəhlətökən
sözlərinizə sərhəd qoyasınız.
Eduard Çuburdanidze bərkdən
güldü:
– Dostum, sizi qınamıram,
– dedi. – Yaxınlıq etdiklərimin əksəriyyətinin məndən
zəhləsi gedir. Çünki bizim zəmanədə
haqq söz yerimir. Nahaq ibarələrə
hər yerdə yaşıl işıqdır. Görünür, mənimlə yol yoldaşı
olmaqda Tanrının sizə qəzəbi tutub. Yoxsa
Eduard Çuburdanidzeni, qulağı düz sözə öyrəşməyən
bir adama tuş eləməzdi. Mənəvi əzabınızı
nəzərə alıb, sizdən yol yoldaşı kimi
üzr istəyə bilərdim. Amma
düz, qeyri-düz, xahiş edirəm, dediklərimin
qabağına kötük diyirləməyin. Məni düzgün başa
düşürsünüz-düşmürsünüz, bu,
sizin öz işinizdir. Gəzdirdiyiniz
xaça and olsun ki, burda bircə kəlmə də olsun
artırıb-əskiltmirəm. Əsl həqiqəti
deyirəm.
Andranik
gördü ki, kupe yoldaşı tamam başqa əqidəli
adamdır. Bildiyini dədəsinə də verən deyil. Onu fikrindən döndərmək olmaz. Odur ki,
düz Eduardın gözlərinin içinə baxaraq rişxəndlə:
– Nə bilirsən, de gəlsin,
siz kəndini yandırdığımız müsəlmanlar
kimi yaman qərəzli danışırsınız. Buyurun,
eşidirəm, – dedi. – Ancaq rica edirəm, əndazəni
aşıb təhqirə keçməyəsiniz. Bəri
başdan onu da deyim ki, bu cür uydurma sözlərlə məni
yolumdan döndərə biləcəyinizi ağlınıza
belə gətirməyin və açığını deyim
ki, gürcü olmağınıza, ermənilərlə
qohumluğunuza, müqəddəs xaça etiqad etməyinizə
qəti şübhəm var. Tam əminəm ki,
damarlarınızdan türk qanı axır. Xaçpərəstlikdən
uzaq bir adamsınız. Yoxsa şərəfli
adını daşıdığım, yüzlərlə Azərbaycan
kəndini alt-üst eləyən əfsanəvi qəhrəman
barədə bu cür zəhlə tökən ibarələr
uydurmazdınız.
– Hörmətli Andranik! Mənim yol yoldaşım, din qardaşım, siz
tarixi həqiqəti, təkzibolunmaz obyektiv gerçəkliyi təhqirlə
qarışdırırsınız. Mən
isə sizin xoşunuza gəlib-gəlməməsindən
asılı olmayaraq, tarixi faktlara əsaslanıb olanı deyirəm.
Və xahiş edirəm, mənim xaçpərəstliyimə
şəkk-şübhəniz olmasın. Sizin
başa düşdüyünüz kimi dinimi, vicdanımı
dansaydım, şan-şöhrətim yerə-göyə
sığmazdı. Elə xaça, dinimə,
insanlığıma sadiq olduğum üçün bu günə
qalmışam. Əslində din elə
vicdan deməkdir. Ancaq haqq-ədalətin tərəfində
dayandığıma görə bu dəqiqələrdə
çörək kəsdiyim kupe yoldaşımın da məndən
zəhləsi gedir və onun əlində əlac olsaydı,
müsəlmanlara atdığı güllənin birini də
buradaca mənim başıma çaxardı. – Eduard
Çuburdanidze bunları deyib daha da hiddətləndi:
– Sizin qəhrəman hesab
etdiyiniz Andranik əvvəl “Qnçaq”, sonra daşnaksütyun
partiyasına daxil olub. Bir dəstə erməni fanatikini başına
yığıb türklərə arxadan zərbə endirib.
Bilirsinizmi, türklərdən daha çox
kürdlər onun silahlı dəstəsinə divan tutub.
Sərrast nişan almaq məharətinə
malik olan kürd qadınları erməni xəyanətinə
qarşı fədakarlıqla vuruşublar. Beləliklə,
Andranik Türkiyədə erməniləri qırğına
verib və rüsvayçı hərəkətini hiss edən
kimi tez sivişib aradan çıxıb. Bir
çox ölkələri gəzib-dolaşandan sonra
Bolqarıstanda peyda olub. Bu dəfə
Bolqarıstan vətəndaşlığını qəbul
edib və Birinci Dünya müharibəsində türklərə
qarşı vuruşan bolqar ordusunda xidmət etməyə
başlayıb. Doğulduğu
torpağın insanlarına qarşı məkrli fitnə-fəsadlar
törədib. Bolqarların
arşını əyiləndə ordan əkilib. Bu dəfə Türkiyəyə qarşı müharibə
elan edən ruslara qoşulub. 1917-ci ildə
rus ordusunda fərarilik, hərc-mərclik başlayan kimi, orada
da duruş gətirməyib fürsəti fota vermədən
Ermənistana üz tutub. On minlərlə
ermənini tovlayıb ordu düzəldib. Sonra
azərbaycanlılara qarşı hücuma başlayıb,
yüzlərlə Azərbaycan
kəndini məhv eləyib. Mənim elmi
işim Qafqaz xalqlarının tarixi ilə əlaqəli
olduğu üçün bir çox dəhşətli
faktlar tapıb üzə çıxartmışam. Zəngəzur
qəza rəisinin 11 dekabr 1918-ci il tarixli
185 nömrəli teleqramında göstərilir ki, Andranikin
qonşu müsəlman kəndlərinə hücumu
başlayıb. Onlar qadına, kişiyə, qocaya, cavana
baxmır, hamısını vəhşicəsinə qətlə
yetirir, meyitlərini eybəcər hala salırlar...
Eduard Çuburdanidze həyəcanlandığından
bir qurtum su içib ikrahla başını buladı:
– Andranikin qoşunu növbəti
hücumda belə bir plan cızır ki, Azərbaycanın
Qarabağ camaatına divan tutsun, – sözünə davam etdi. – Ancaq Laçının Zabux dərəsində
Sultan bəyin müdafiə dəstəsinin mühasirəsinə
düşüb, ordusunu görünməmiş
qırğına verib. Andranik sağ qalan bir neçə
silahlı ilə suyu süzülmüş halda geri çəkilməyə
məcbur olub.
Andranik Laçının,
Zabuxun, Sultan bəyin adlarını eşidəndə hirsindən
qədəhini konyakla doldurub heç bir sağlıq demədən
başına çəkdi və doluxsunub
xırıltılı bir səslə:
– Laçın döyüşü
mənim ən ağrılı yerimdir, – deyib Eduardın
sözünü kəsdi:
- Bizim kəndin adamları ən
çox orda qırılıb. – Əlavə
etdi. – Mkrtıç, Sergey adlı iki qardaşım həmin
döyüşdə həlak olub. Ermənistandan
Qarabağa gedən yeganə magistral yol Zabux kəndinin
yanından keçir. Hər dəfə o yerləri
görəndə qəlbim qan ağlayır...
Eduard Çuburdanidze
Laçın, Zabux, Sultan bəy məsələsində
Andranik Vazgenoviçi təbdən çıxartdı. Onu yüzlərlə erməninin və ya müsəlmanın
qanına qəltan olması yox, qardaşlarının
ölümü kövrəltdi. Ona görə də Eduard
müsahibinə üzrxahlıq etmək istədi:
– Bilsəydim, bu Zabux,
Laçın, Sultan bəy söhbətini dilə gətirməzdim.
İndi siz təsəvvür edin, milli qəhrəmanınız
minlərlə mkrtıçları, sergeyləri tovlayıb
güdaza verib. Arvadları ərsiz,
uşaqları yetim qoyub. Sizin qəhrəmanın
axıtdığı göz yaşlarını bir məcraya
yığmaq mümkün olsaydı, Kürdən dərin
çay əmələ gələrdi. Qan tökmək!
Göz yaşı axıtmaq! Kəndləri məzarlığa
çevirmək... Bu cür insan qatillərini
milli qəhrəman kimi mədh etmək, şəxsən mənə
olduqca miskin təsir bağışlayır.
Bütün bunları bilən bir şəxsi onun şərəfinə
badə qaldırmağa sövq edirsiniz!! Açığı,
sizin yerinizə xəcalət çəkirəm.
Andranik dillənmək istəyəndə
Eduard əlinin hərəkəti ilə onu saxladı:
– İmkan verin
sözümü tamamlayım, – dedi. – Sizin bilmədiyiniz hələ
çox şey var. O vaxtlar Andranikin törətdiyi fitnə-fəsada
görə türk ordusunun hücuma keçəcəyindən
ehtiyat edən erməni hökuməti 31 avqust 1918-ci ildə
Moskvaya, İstanbula, Berlinə söz verir ki, Andranik öz dəstəsi
ilə Ermənistana ayaq bassa, elə həmin andaca həbs
olunub hərbi tribunala veriləcək.
Eduard Çuburdanidze
bunları danışıb yerində yırğalanaraq:
– Bax, belə-belə işlər,
mənim din qardaşım, – dedi. – Andranikin axır-aqibəti
də o oldu ki, qorxusundan başını götürüb
Amerikaya qaçdı. Çünki nə
Qafqazda, nə də ki, türk dünyasında üz yeri
qoymamışdı.
Onların
qabaq-qənşər oturduğu yumşaq kupeyə
ağır sükut çökdü. Yerevan-Moskva qatarı
isə heç nəyin fərqinə varmadan fit verib
ucsuz-bucaqsız rus çöllərində sürətlə
irəliləyirdi. Dəmir relslərin üzərində
diyirlənən təkərlərin səsindən başqa
heç nə eşidilmirdi. Eduard
Çuburdanidze ilə Andranik Vazgenoviç həmin
qanlı-qadalı illərdə baş verən faciələri
xatırlayırmış kimi sükuta dalmışdılar.
Yarım litrlik konyak butılkası da son
damlasına qədər içilib
boşaldıldığına görə, sanki lazımsız şüşə
kimi nə vaxt kupenin balaca pəncərəsindən
çölə atılıb cilik-cilik olacağı anı
gözləyirdi.
Andranikin xumarlanmış
gözləri tez-tez yumulub-açılırdı və hiss
olunurdu ki, yatmaq istəyir. Eduard Çuburdanidze
qəddini düzəldib ayağa qalxdı və
yuxarıdakı çamadanı açıb səliqə ilə
qəzet kağızına bükdüyü bir
şüşə konyakı çıxardıb
ortalığa qoydu. Çamadanı
örtmək istəyəndə içərisindəki
kağız-kuğuzlarla dolu olan göy qovluq diqqətini cəlb
etdi. Qovluqun kağızlarını ötəri
vərəqləyəndə gözü bəzi qeydlərə
sataşdı. O, çamadanı örtüb kupe
yoldaşını dümsükləyib ayıltdı. Andranik
özünü cəmləşdirib qəddini düzəltdi
və:
– Ara, Eduard, dediklərin bəsdir,
qoy yataq. – Tənbəl-tənbəl azaylandı.
Eduard Çuburdanidze:
– Sizin üçün təzə
konyak çıxartmışam, gərək içək,-dedi.
Andranik konyak
sözünü eşidən kimi dirçəldi və şən
əhval-ruhiyyə ilə yaxasını düzəldib,
qızarmış gözlərini konyak dolu şüşəyə
zillədi.
Eduard Çuburdanidze butılkanı aça-aça:
– Çamadanımdakı
qovluğa baxanda yadıma nə düşsə
yaxşıdır? – Öz-özünə sual verdi
və onun allanmış sifətində kinayə
dolaşdı:
– Hələ bu
harasıdır? Kremlin zirvəsində əyləşmiş
ədalət keşikçilərindən biri olan Anastas
Mikoyan deyir ki, Andranik dinindən, millətindən asılı
olmayaraq, insanlara humanist münasibət göstərmişdi.
General imkansızlara, məzlumlara, dinc
sakinlərə qibtə doğuracaq qayğı bəsləmişdi.
Azərbaycanda iki rayona adı qoyulmuş,
neçə yerdə büstü ucaldılmış Stepan
Şaumyan qeyd edir ki, “Andranik əfsanəvi xalq qəhrəmanı
adını qazanıb”. Azərbaycan
torpağında pərvazlanan marşal Baqramyan onu əsl xalq qəhrəmanı
adlandırır. Onların dediklərini xatırlayanda,
andraniklərin süngüsündə çabalayan körpə
uşaqların məşum
çığırtıları, nişanlı
qızların, ağbirçək anaların, ərsiz gəlinlərin
fəryadı gəlib gözlərimin önündə
dayanır və özümdən asılı olmayaraq, yer
üzünün əşrəfi dediyimiz insan xislətinə,
daşıdığım insan adına
nifrət eləyirəm. Mikoyanların,
şaumyanların, baqramyanların həqiqətdən uzaq olan
qatı millətçi ibarələri, qətlə yetirilən
minlərlə günahsız insanların ruhunu təhqir etməkdən
başqa bir şey deyil. Siz də bilərəkdən
və ya bilməyərəkdən qatilə
allı-güllü çiçədən qəhrəman
donu biçib, onun şərəfinə badə qaldırmaq
istəyirsiniz.
Eduard Çuburdanidze bu
sözləri dedikcə müsahibi xəcalət çəkirmiş
kimi başını aşağı salıb, oturduğu yerdə
büzüşür, kiçilir və öz-özünə
düşünürdü: – Pah, guya ki, xristiandır! Öz
dinimizdəndir! Əbləhin bu dərəcədə
türkpərəst olduğunu bilsəydim, onunla kəlmə
kəsib danışmazdım.
Andranik
düşdüyü gülünc vəziyyətdən
çıxmaq üçün nə etmək barədə
fikirləşirdi. Əlacı olsaydı, qatarın sürətini
yüz dəfə artırıb, bir göz
qırpımında mənzil başına çatardı və
Eduarda tüpürüb ondan biryolluq yaxa qurtarardı. Həm də xəyalından keçirdi ki, ilk
adı olan Xaçaturun dəyişdirilib Andranik
qoyulmasında gorbagor olmuş atası necə də səhv
edib.
(Ardı var)
Əli İLDIRIMOĞLU
525-ci qəzet.- 2010.- 30 aprel.- S.6.