Zəfərə aparan yollar

 

AZƏRBAYCANIN LƏYAQƏTLİ OĞLU ƏZİZ ƏLİYEV BU YOLLARDA ŞƏRƏFLİ İZLƏR QOYUB

 

Faşizm üzərində Qələbənin 65 illiyinə

 

Dünya tarixi sübut edir ki, bəşəriyyət heç də gözlənilən və gözlənilməyən müharibələrdən sığortalanmayıb. Faşizmin yüzlərlə xalqa gətirdiyi fəlakətlər və bəlalar kimi. Bunların içində qərinələr, yüzilliklər boyu qəhrəmanlıq, hünər məktəbi keçmiş Azərbaycan xalqı da ölüm-dirim savaşında və mübariz qələbədə öz qətiyyətli sözünü dedi. Ön və arxa cəbhədə həyatlarını vəhşi faşizmi məhv etmək yolunda fəda etmiş minlərlə cəsarətli, fədakar övladlarının misilsiz şücaəti ilə.

Xalqımızın qürur mənbəyi olan övladları içində böyük alim və nüfuzlu dövlət xadimi kimi yetişən Əziz Məmmədkərim oğlu Əliyev haqqında xatirələri bir daha yad etmək, onun ruhuna rəhmətlər diləmək bu günlərdə xüsusən yerinə düşür.

Azərbaycanın görkəmli yazıçısı Mirzə İbrahimov 1930-cu illərdə Əziz Əliyev respublikamızda bir sıra məsul vəzifələrdə çalışdığı zaman hələ onunla şəxsən tanış olmadığı halda haqqında xalq arasında dolaşan yüksək fikirlər eşidir. Onun bacarıqlı, mədəni, işgüzar, insanlara qarşı həssas və diqqətli olduğu barədə danışırlar. Sonralar Mirzə İbrahimov 30-cu illərin axırlarında “Həyat” pyesi Azərbaycan teatrının səhnəsində müvəffəqiyyətlə oynanıldığı və daha sonra yazıçı respublika incəsənət işləri idarəsinin rəisi işlədiyi zaman Əziz Əliyevlə ara-sıra görüşməli olur. O, nəinki Əziz Əliyev haqqında eşitdiklərinin tamamilə doğru olduğu qənaətinə gəlir, həm də Əziz müəllimdə bəzi yeni müsbət insani keyfiyyətlər də müşahidə edir. Hər şeydən əvvəl onun davranış mədəniyyəti, sadəliyi, mehribanlığı yazıçıda ona qarşı dərin hörmət oyadır.

Tanışlığı və müşahidələri dərinləşdikcə, yazıçı bu qənaətə gəlir: “Onun qəlbində qəribə bir həyat eşqi vardı. Xəfif yumor hissi bu həyat eşqinə xüsusi təravət və sirayətedici bir qüvvət verirdi”.

Böyük Vətən müharibəsinin qızğın çağlarında həyat onları daha da yaxınlaşdırır. Bakıdan Cənubi Azərbaycana sovet əsgərləri sırasında böyük bir ziyalı dəstəsi göndərilir. Orada Əziz Əliyevlə bir yerdə işləmək və gündəlik işgüzar əlaqələr saxlamaq sayəsində Mirzə İbrahimov onun şəxsiyyətini, işə və insanlara münasibətini, xarakterinin incə cizgilərini lap yaxından müşahidə etmək imkanı qazanır.

1941-ci ilin avqustunda sosializm ölkəsinin cənub sərhədlərində yaranmış təhlükəni aradan qaldırmaq üçün məlum Sovet-İran müqaviləsinə əsasən sovet qoşunları İrana daxil olur. Təqribən ay yarımdan sonra Əziz Əliyev və Mehbalı Əmiraslanovun başçılığı ilə dəstə Təbrizə – sovet qoşunları ştabının sərəncamına göndərilir.

Təbrizdə, Urmiyada, Ərdəbildə, Mərənddə, Zəncanda və digər şəhərlərdə ilk dövrlərdə aparılan geniş mədəni-maarif işində, həmçinin “Vətən yolunda” qəzetinin redaksiyasında Azərbaycan mədəniyyəti jurnalistikası və ədəbiyyatının Süleyman Rüstəm, Osman Sarıvəlli, Qılman Musayev, Ənvər Məmmədxanlı, İsrafil Nəzərov, Əhəd Bağırzadə, Qulam Məmmədli, Mehdixan Vəkilov, Cabbar Məcnunbəyov kimi görkəmli nümayəndələri fəal surətdə, qüvvə və bacarığını əsirgəmədən iştirak edir və Əziz Əliyev onların bu fəaliyyətini yüksək qiymətləndirir.

Əziz Əliyevin təşəbbüsü ilə şəhərdə əhaliyə pulsuz xidmət göstərən xəstəxana və məktəb açılır. Gülüstan bağında teatr və çalğı dərnəkləri yaradılır. 41-ci ilin noyabr-dekabr aylarında Təbrizdə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının qastrol təmaşaları təşkil olunur. Bu gözəl tədbirlər Cənubi Azərbaycan zəhmətkeşləri və ziyalıları arasında böyük ruh yüksəkliyi, sevinc və iftixar hissi oyadır.

Yüksək insani keyfiyyətlər, işə ciddi münasibət, geniş məlumat və bilik, irəli sürülən məsələdən məharətlə baş açmaq qabiliyyəti Əziz Əliyevə işlədiyi bütün sahələrdə kollektivin, geniş kütlələrin hörmət və məhəbbətini qazandırır.

Əziz Əliyevin təşkilatçılığı ilə İran əhalisinə “Azərbaycanfilm”in çəkdiyi filmləri göstərmək qərara alınır. Bakıdan “Kəndlilər”, “İsmət” və digər filmlər gətirilib nümayiş etdirilir. İran camaatına Azərbaycandan gələn artistlərin iştirakı ilə “Koroğlu” və “Arşın mal alan” tamaşaları da göstərilir. O zamanlar xalq çalğı alətləri ansamblının və xorun dirijoru, bəstəkar Niyazini və müğənni Bülbülü insanlar daha yaxından tanıyır və sevir.

General-polkovnik N.İ.Trufanov həmin vaxtlar İranda qərargah rəisi işləyir. Ordu qərargahının hərbi komissarı polkovnik Şmakov Əziz Məmmədkərim oğlunu onunla tanış edir. Əziz Əliyev öz nuraniliyi və mehriban təbəssümü ilə onda olduqca xoş təsir yaradır.

İranda vəziyyətin mürəkkəb olduğu vaxtlarda taxıl, şəkər, tərəvəz məhsulları ticarətdən yox olmağa başlayır. Yeyinti məhsulları gizlədilir. Üstəlik də kəndlərdən şəhərə göndərilən ərzaq mallarının da arası kəsilir. Trufanov Əziz Əliyevlə məsləhətləşir. Ciddi tədbirlər görmək qərara alınır və bildirilir: “Biz onların toxunulmazlığına və inzibati-təsərrüfat işi azadlığına təminat veririk. Elan edilsin ki, bütün möminlər öz ibadətləri və oruc-namazı ilə sərbəst məşğul ola bilərlər. Alış-verişçilərə təklif olunsun ki, ticarəti, xüsusilə də gündəlik tələbat və ərzaq malları alverini tezliklə inkişaf etdirsinlər. Bu məqsəd üçün müvəqqəti olaraq müəyyən miqdarda yük maşınları ayrılsın. Külli miqdarda taxıla, ətə, tərəvəzə malik olan mülkədarlara təklif olunsun ki, biz gələndən əvvəl qüvvədə olan satış qiymətləri əsasında həmin ərzaq məhsulları ilə şəhəri təchiz etsinlər”.

Aradan bir müddət keçəndən sonra 1941-ci ilin oktyabr-noyabr aylarında qoşunun bir hissəsi İrandan çıxarılıb Şimali Qafqaza göndərilir. Beləliklə, Əziz Məmmədkərim oğlu ilə Trufanovun yolları ayrılır: Trufanov ordu ilə bərabər gedəsi olur, Əziz Əliyev isə qoşun hissələrinin müəyyən qismi ilə bir müddət İranda qalır.

1945-ci ildə Əziz Məmmədkərim oğlu Dağıstanda işləyəndə Trufanov qatarla Bakıdan Moskvaya gedir. Mahaçqaladan keçəndə, onunla yolüstü görüşmək məqsədi ilə teleqram vurur. Qatar Mahaçqala vağzalına çatanda Trufanovun gözləri perronda dostunu axtarır. Lakin Əziz Məmmədkərim oğlu görünmür... Qatar tərpənib yoluna davam edir. Xasavyurt rayonundan keçəndə, qəflətən vaqonun qapısı açılır və Əziz Əliyev içəri girir. Sən demə, o, Xasavyurtda imiş, teleqram barədə ona məlumat verilir, o da maşına əyləşib təcili qatarın arxasınca tələsir. Trufanov İrandan qayıdandan sonra orada baş verən bütün hadisələr barədə ətraflı söhbət edirlər. Növbəti stansiyaya qədər Əziz Əliyev Trufanovu yola salır, ayrılanda Əziz Məmmədkərim oğlu dostuna yapıncı, dostu isə ona öz qızıl saatını yadigar bağışlayır.

Dağıstanın xalq şairi Rəsul Həmzətov ibrətamiz bir əhvalatı ömrünün sonunadək unutmayıb. O, ucqar Qunibdə ezamiyyətdə olanda Mahaçqalaya qayıtmaq vaxtı çatır. Həmin səfərdə onunla birgə bir dağlı qadın da xidməti ezamiyyətdən qayıdır. Çətin illərin sərt qış günü olur. Yük maşınının kuzovuna xeyli adam doluşur. Bir-birilərinə sığınıb maşının tərpənməsini gözləyirlər. Dağlı qadını isə kabinəyə mindirirlər. Bu vaxt məsul vəzifəli bir şəxs də Mahaçqalaya gedir. O, bağışlanmaz yekəxanalıqla qadına kabinədən çıxmağı təklif edir. Qadın isə çıxmayacağını bildirir. Onda həmin şəxs maşını saxladır, qadının paltosunu və çamadanını gözlənilmədən kənara atır. Kuzovda getmək onun arına gəlir. Hamı bu vəziyyətdən pərt olur. Maşın artıq yola düşür. Rəsul öz paltosunu soyunub qadına verir. Onlar Mahaçqalaya gəlib çatır.

Həmin qadının yazdığı məktub əsasında Əziz Əliyev əhvalatdan xəbər tutur. O, Rəsul Həmzətovu yanına çağırtdırıb, bərk danlayır: “Öz paltonu qadına verdiyinə görə çox sağ ol! Amma bir şair və dağlı kimi nə üçün o şəxsin qabalığının qarşısını vaxtında almamısan!. Eyibdir, biabırçılıqdır!” Rəsul özünə bəraət qazandırmağa çalışır ki, gəncəm, üstəlik də... o, məsul vəzifəli şəxsdir.

Əziz Əliyev zəng çalıb prokuroru yanına çağırıb əmr edir:

– Cəzalandırmaq!

– Axı, o... – prokuror kəkələyir

– Onun üçün daha pis! Bu, lovğalıq və vicdansızlıqdır. Əgər məsul vəzifəlilər dağlı qadınlara bu cür yanaşsalar, işimiz irəli getməz”.

Bu əhvalat Rəsul Həmzətovun yaddaşına həmişəlik həkk olunur: Həyatında aldığı ilk töhmət də bu əhvalatla bağlı olur. Həmin təşəkkür üçün də, töhmət üçün də onun Dağıstanının dəyərli rəhbərinə və Azərbaycanın şərəfli oğluna ömrü boyu minnətdar olur.

Dağıstan Respublikası Lak Rayon keçmiş partiya komitəsinin birinci katibi, fərdi təqaüdçü Əhməd Musayev qeyd edir ki, Əziz Əliyev təkcə müdrik rəhbər yox, həm də həssas və diqqətcil yoldaş idi. Öz iş yoldaşlarına göstərdiyi müstəsna həssaslıq, qayğıkeşlik, insanpərvərlik Dağıstan camaatına yaxşı məlum idi. Əhməd Musayev etiraf edir ki, o, həyat yolunda Əziz Əliyev kimi ikinci nurani adama rast gəlməyib.

Bir dəfə Əziz Məmmədkərim oğlu söhbət əsnasında Ə.Musayevə diqqət yetirib soruşur:

– Üz-gözündən xəstəyə oxşayırsan, həkimə müraciət etmisənmi?

– Bronxitim var.

– Maliyyə-təsərrüfat bölməsindən putyovka götür, kurorta get.

– İndi putyovka olmur.

Əziz Məmmədkərim oğlu qələm götürüb masaüstü təqvimində nəsə qeyd edib deyir:

– Putyovka üçün mən MK-ya zəng vuraram, sən isə məzuniyyətə hazırlaş.

İki həftədən sonra Ə.Musayev Kislovodska müalicəyə gedir.

1944-cü ilin axırlarında Dövlət Müdafiə Komitəsinin Keçici Qırmızı Bayrağını Dağıstana təntənəli surətdə təqdim etmək üçün kənd təsərrüfatı qabaqcıllarının geniş müşavirəsi çağırılır. Həmin müşavirəyə Lak və Kulin rayonlarından 30 nəfər nümayəndə gətirən avtomaşın yolda qəzaya uğrayır. İki çoban, bir sağıcı həlak olur. Ciddi xəsarət almış digər nümayəndələr isə Buynaksk xəstəxanasına yerləşdirilir. Bu xəbər Əziz Əliyevi həddindən artıq sarsıdır. O, dərhal, yaralıların yemək və ən vacib dərmanlarla təmin olunması barədə sərəncam verir. Qospitallardan təcili cərrahlar yığıb, Buynaksk xəstəxanasına göndərir. Zərər çəkənlərin hamısı vaxtında həyata qaytarılır.

Dağıstanlılar qeyd edir ki, alicənab bir insan, yüksək mədəniyyət sahibi olan Əziz Əliyevə səsini qaldırmaq və yaxud hökmranlıq ədası ilə rəhbərlik etmək üsulları yad idi. Ayrı-ayrılıqda hər işçiyə qarşı onun özünəməxsus fərdi yanaşma metodu vardı, kimini ürəkləndirir, kimiyə qol-qanad verir, kimini də düşünməyə, baş işlətməyə məcbur edirdi.

Müharibənin şüddətli vaxtında Əhməd Musayevin ailəsində gərgin vəziyyət yaranır. Kiçik qardaşı müharibədə həlak olduğundan anası gecə-gündüz aravermədən göz yaşı axıdır. O, hər dəfə işdən evə qayıdanda gecə saat 2-3 radələrində anasını inildəyən görür. O, çox pis yatır, yeməkdən kəsilir, tez-tez xəstələnir. Bütün bunlar Əhmədin də yuxularını və əsəblərini pozur. O, bu boğucu vəziyyətdən canını qurtarmaq üçün cəbhəyə getməyi qərara alır. Bu niyyətlə işdən azad olunması barədə vilayət partiya komitəsinə üç dəfə müraciət edir.

Üçüncü ərizədən sonra onu Mərkəzi Komitəyə çağırırlar. Əhməd Musayev ön cəbhədə Vətənə arxa cəbhədə işlədiyindən daha çox fayda verə biləcəyini söyləyir. Əziz Əliyev isə bununla razılaşmır. – Siz çox səhv edirsiniz, – deyir və sözünə davam edir. – Möhkəm arxa cəbhə olmadan biz düşməni məğlub edə bilmərik. Siz rayon rəhbəri kimi bütöv bir diviziyanı ən vacib ləvazimatlarla təmin edirsiniz. Amma cəbhəçi kimi faydanız ola bilməz, çünki döyüşçü səriştəniz yoxdur, orduda xidmət etməmisiniz...

Əziz Əliyev Musayevi başdan-ayağa süzüb mənalı-mənalı gülümsünür: “Əminəm ki, bu cür ərizəni zehin yorğunluğu və əsəb gərginliyində yazmaq olar. Belə əsəbiləşmək nə üçün?”

Musayev onunla səmimi və açıq danışmağı qərara alır. Əhvalatı olduğu kimi söyləyir. Lakin Əziz Əliyev onun bütün dəlillərini alt-üst edib başa salır ki, o, sadəcə çətinlikdən qaçır. – Sən hətta orasını düşünməmisən ki, bu hərəkətin ananı daha da sarsılda bilər! – deyir.

Bu sözlər Musayevi elə təsirləndirir ki, ərizəni alıb elə oradaca cırır. Əziz Əliyevin müdrik nəsihətlərinin ona necə mənəvi kömək göstərdiyini çox-çox sonralar anlayır...

Artıq dünya faşizm üzərində Qələbənin 65 illiyini qeyd edir. Ağır, çətin, məsuliyyətli, əzablı, son dərəcə cəsarət və səbr tələb edən müharibə illəri bir daha sübut etdi ki, doğrudan da heç bir zəfərə çiçəkli yollarla gedilmir. Milyonlarla oğulun, qızın qanı, canı bahasına, iki qüdrətli xalqın mərd və ləyaqətli oğlu Əziz Əliyev kimi güclü rəhbərlik qabiliyyətinə malik olan şəxsiyyətlərin bacarığı və zəkası hesabına bəşəriyyət faşizmi diz çökdürdü.

Böyük elm və dövlət xadimi, ən ali mənəvi dəyərlərin və humanizmin carçısı olan Əziz Əliyevin isə adı Azərbaycan və Dağıstan xalqlarının ürəyində yaşayır, əbədi olaraq da yaşayacaq!...

 

 

Reyhan MİRZƏZADƏ,

publisist-politoloq

 

525-ci qəzet.- 2010.- 30 aprel.- S.4.