Tariximizin şanlı səhifəsinə
– 1920-ci il Gəncə üsyanına
işıq salan kitab
28 may günü
Azərbaycan xalqının
tarixinə iki böyük, taleyüklü
hadisə ilə daxil olub. 1918-ci ilin 28 mayı vahid, müstəqil, demokratik,
parlamentar bir dövlətin
– Azərbaycan Demokratik Cümhuriyyətinin
yarandığı, 1920-ci ilin 28 mayı
isə Gəncə üsyanının
başladığı, Cahangir bəy
Kazımbəylinin sözləriylə desək, “Milli istiqlalımız uğunda,
vətən uğrunda şəhidlər verdiyimiz gün” kimi tariximizə qızıl hərflərlə
yazılıb.
Bu gün tam məsuliyyətlə
deyə bilərik ki, XX əsrin başlanğıcı,
insanlıq tarixində milli azadlıq hərəkatlarının,
müstəqillik ideallarının reallaşdığı və
qısa zamanda müstəqilliklərini böyük fədakarlıqlarla
əldə etmiş ölkələrin yox edildiyi ən qəddar,
ən keşməkeşli, ən amansız, müsibətlər
və əzablarla dolu bir dövr olub. Birinci dünya
savaşının, saysız-hesabsız inqilab və
çevrilişlərin, bunların da ən faciəlisi olan
Oktyabr çevrilişinin, yerüzünü xaos çəmbərinə
salan mənfur diplomatik oyunların baş verdiyi və
bunların sonunda milyonlarla insanın həyatlarını
itirdikləri, xalqların bir-birini qırdığı,
bir-birinə düşmən kəsildiyi bu dövrü
başqa necə dəyərləndirmək olar? Bunlar da yetməzmiş
kimi, xalqların, dövlətlərin həyatında olduqca
önəmli rol oynamış olayların, hadisələrin
min bir ideoloji fitnəylə, bağlı qutularda gizli
saxlanılmasına, xalqın tarixi yaddaşından onların
birdəfəlik silinməsinə çalışılıb
və bir ölçüdə də buna nail olunub. Elə
bizim yaxın Azərbaycan tarixini götürək. 70 il Azərbaycan
Demokratik Cümhuriyyətinin varlığı yox
sayılmış, Cümhuriyyət liderlərinin adları
yasaqlanıb, 23 ayda xalqın azadlıq və demokratiya arzusunu
gerçəkləşdirmiş bir dövlətə “millətin
qanını içən əksinqilabi müsavat rejimi”
damğası vurulub, XX əsr Azərbaycan tarixində həqiqi
vətənsevərliyin, mərdliyin, qəhrəmanlığın,
yenilməzliyin parlaq örnəyi olan 1920-ci il 28 may Gəncə
üsyanının ideoloji hoqqabazlıqlarla toplumumuzun tarixi
yaddaşından silinməsinə
çalışılıb. Ancaq kommunist rejiminin bütün
çabalarına, basqılarına baxmayaraq, xalqımız nəsildən
nəsilə, babadan, nənədən nəvəyə öz
tarixi keçmişini yaşadıb, dastanlaşdırıb.
Ceyhun bəy Hacıbəylinin yazdığı kimi, “Gəncə
üsyanı millətimizin şərəf və namusunun yenidən
kəsbi-etibar qazandığı bir dastan” kimi
xalqımızın tarixi yaddaşına həkk olunub. İlk
dəfə Gəncə üsyanı haqqında nənəm
Dursun xanımdan eşitmişdim. Nənəm, 1920-ci ilın
may ayının sonlarında ADC hökuməti heç bir
müqavimət göstərmədən hakimiyyəti
bolşeviklərə təhvil verdikdən bir ay sonra gəncəlilərin
üsyan etdiklərindən, rus qoşunlarının şəhəri
vağzal tərəfdən 2 gün topa tutduqlarından, 10
günlük savaşdan sonra rus əsgərləri və ermənilərin
Gəncəni aldıqlarından və onların gəncəliləri,
azəriləri qılıncdan keçirdiklərindən,
atası və iki əmisinin ailənin gözü
önündə güllələndiklərindən, canlarını
qurtarmaq üçün gecə yarısı Molla Cəlil kəndinə
qaçdıqlarından danışardı və bizlər –
ailənin gənc nəsli- heyrətlər içində ona
qulaq asardıq. Uşaq idim və doğrusu, nənəmin
söylədikləri o zaman mənə nağıl kimi gəlirdi.
Uzun illərdən sonra oxuduqlarımdan və
araşdırmalarımdan bu vəhşətin nənəmin
söylədiklərindən da vəhim olduğunu öyrəndim.
Eyni zamanda Azərbaycan xalqının bu üsyanla qəhrəmanlıq,
qeyrət, kişilik salmanəsi yazdığımı da
görmüş oldum. Bu üsyanın
qaçaqçılıq-partizanlıq şəklində
10-12 il davam etdiyini, bu qaçaqların xalqın arasında
böyük hörmətə sahib olduqlarını, Gəncəbasar
aşıqlarının onlara dastanlar qoşduqlarını, əlbəttə,
bilənlər vardır. Amma yazıqlar olsun ki, Azərbaycan
tarixinin həqiqətən bu faciəli və eyni zamanda parlaq
səhifəsi hələ də istənilən səviyyədə
öyrənilməyib. Bu boşluğu yenicə işıq
üzü görmüş Xanlar Bayramovun “Gəncə
üsyanı-1920. Sənədlər və materiallar” kitabı
önəmli ölçüdə doldurur. Xanlar Bayrmov bu
kitabında 1917-ci ildən sonra Gəncədə gedən
ictimai-siyasi proseslərdən, Gəncə Milli Müsəlman
Komitəsinin yaranmasından, Şamxor hadisələrindən,
XI Qırmızı Ordunun Bakını işğalından və
nəhayət, Gəncə üsyanının başlama səbəblərindən,
üsyanın təşkilindən, general Cavad bəy
Şıxlinski, polkovnik Cahangir bəy Kazımbəyli və Məhəmməd
Mirzə Qacarın başçılığıyla
üsyançıların rus ordusu ve erməni qüvvələrinə
qarşı qəhrəmancasına savaşından,
gürcülərin vəd etdikləri hərbi yardımdan vaz
keçmələrindən, fövqəladə komissar Həmid
Sultanovun Gəncədə tərksilah və həbs olunmuş
iki mindən çox rus əsgərini azadlığa
buraxdırmasından və düşmənə yardım etməyindən,
üsyan yatırıldıqdan sonra törədilən
amansız terrordan söz açır. Kitabda, Gəncə
üsyanının əsas təşkilatçısı və
rəhbəri olan Azərbaycan Milli Ordusunun Gəncədə
yerləşən alay komandiri, ilk azəri təyyarəçilərindən
biri olan polkovnik Cahangir bəy Kazımbəylinin fəaliyyəti
haqqıda ilk dəfə geniş bilgi verilir. Yazar, ürəyi
sonsuz vətən sevgisiylə döyünən bu azəri
zabitinin az bir qüvvəylə, ancaq böyük hərbi məharətlə
qat-qat güclü olan düşmənə ağır itkilər
verdiyini, on gün müqavimət göstərdikdən sonra, hərbi
taktikadan ustalıqla faydalanaraq, daha da daralan savaş çəmbərini
yarıb sağ qalan əsgərləri və sivil əhalinin
bir qismini xilas etdiyini bütün detallarıyla göstərir.
“Gəncə üsyanı –1920” kitabına Xanlar Bayramov
çox maraqlı araşdırmasından başqa bir
çox sənəd və materialları da salıb.
Xüsusilə Cahangir bəy Kazımbəylinin “Gəncə
üsyanı xatirələri”, Azərbaycan Demokratik
Cümhuriyyətinin fəal qurucularından Ceyhun bəy
Hacıbəylinin “Bir millətin namusu”, tanınmış
dövlət xadimi, böyük vətənsevər Tofiq
Bağırovun “Gəncə – qiyammı, üsyanmı?”
yazıları, Gəncə üsyanının incələnməsi
baxımından qiymətli materiallardır. Öz
keçmişini öyrənmək, ondan dərs almaq, müstəqilliyin
nə demək olduğunu və nəyin bahasına əldə
edildiyini dərk etmək istəyən hər bir həqiqi azəri
vətənsevərinə bu kitabı oxumağı məsləhət
görərdim. Tarixçi alimlərimizin diqqət mərkəzindən
yayınan bu işi – Gəncə üsyanının
araşdırılması işini öz üstünə
götürən, bu yolda fədakarlıqla, qeyrətlə
çalışan, bütün çətinlikləri yenərək
məqsədinə çatan və bizləri bilgiləndirən
tanınmış jurnalist və millətsevər Xanlar
Bayramovun bu günlərdə vəfat etdiyini eşitdim və
çox üzüldüm. Şəxsən
tanımadığım bu fədakar insana Allah rəhmət
eləsin, qəbri nurla dolsun.
Tofiq MƏLİKLİ
525-ci qəzet.- 2010.- 4 avqust.- S.4.