Milli Kino Günü silsilə tədbirlərlə qeyd olunub
Avqustun 2-də Muzey Mərkəzində Milli Kino günü ilə bağlı tədbir keçirilib. Giriş sözü ilə çıxış edən Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev bütün kino işçilərini peşə bayramı münasibətilə təbrik edib: “112 il öncə əsası qoyulan milli kino sənətimiz bu gün özünün geniş inkişaf mərhələsini yaşayır. Ulu öndər Heydər Əliyevin kino sahəsində imzaladığı sərəncamlarda kinonun inkişaf strategiyası, yolları göstərilir. Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə 2 avqustun Azərbaycan Kino işçiləri günü elan olunması bu yolda əhəmiyyətli addımlardan olub”. Mərasimdə ötən il ərzində ölkənin kino həyatında baş verən maraqlı hadisələri özündə əks etdirən videoçarx nümayiş etdirilib. Sonra kino sahəsindəki xidmətlərinə görə bir sıra sənətkarlar fəxri fərman və pul mükafatı ilə təltif olunublar. Mükafatları qaliblərə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov təqdim edib. Məlumdur ki, kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq imkanı yaratmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi artıq dördüncü dəfədir ki, “Bu meydan, bu ekran” kino layihələri müsabiqəsi keçirir. Bu günə kimi müsabiqə qalibləri 15 film çəkiblər və 80-ə qədər beynəlxalq festivalda iştirak ediblər. Rejissor, ssenarist Ayaz Salayev növbəti müsabiqənin qaliblərini açıqlayıb. Bunlar “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin “Gözlərinə gün düşür”, “Cinema evi” MMC-nin “Atamı çox sevirəm” və “Ayan- Z”MMC-nin təqdim etdiyi “Günəşdə ləkələr” layihələridir. Qaliblər dövlət sifarişi ilə film çəkmək fürsəti əldə ediblər. Mərasimdə xalq artistləri, kino xadimləri və ziyalılar iştirak ediblər. Tədbir çərçivəsində Dövlət Film Fondunun kolleksiyasından “Azərbaycan kino plakatı: 1930-1980” sərgisinin açılış mərasimi də gerçəkləşib. Milli Kino günündə Heydər Əliyev adına Sarayda “Kabusun gözü ilə” bədii filminin təqdimat mərasimi keçirilib. Giriş sözü ilə çıxış edən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, xalq artisti Rasim Balayev kinematoqrafçıları peşə bayramları münasibətilə təbrik edərək bu günün əhəmiyyətini diqqətə çatdırıb. Səhnəyə filmin yaradıcı kollektivi dəvət olunub. Filmin baş prodüseri, quruluşçu rejissoru və ssenari müəllifi R.İbrahimbəyov da səhnəyə çıxıb. R.İbrahimbəyov kollektivi tamaşaçılara təqdim edərək Azərbaycan və Fransa kinematoqrafları arasında çəkilən ilk tammetrajlı layihə olan film haqqında danışıb: “Mən bu filmin janrını “həyat janrı” adlandırardım. Çünki əsərdə həm komediya, həm dram, həm də faciə elementləri var. Filmin qəhrəmanları üç dildə – Azərbaycan, fransız və rus dilində danışırlar. Bu tamaşaçı üçün müəyyən çətinliklər yaradır. Parisdə filmin təqdimatında bu problem yaşanmadı, çünki monitorlarda titrlərlə tərcümə verilirdi”. O, Azərbaycan kinosunun vacib problemlərindən biri olan tamaşaçı probleminə də toxunub. “Kabusun gözü ilə” filminin süjet xətti 50 yaşlı tanınmış fransız aktyoru ilə gənc azərbaycanlı aktrisa arasındakı sevgi münasibətindən bəhs edir. Bu sevginin başlanğıcı 1990-cı illərə təsadüf edir. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib. Ekran əsərinin quruluşçu operatoru Murad Əliyev, operatoru Tərlan Babayev, səs rejissoru Teymur Abdullayev, montaj rejissoru Etibar Həsənov, icraçı prodüseri Nadir Əliyev, bəstəkarı Səyavuş Kərimidir. Filmdə Rişar Martin (Fransa), Georgi Branev (Bolqarıstan), Teymur Bədəlbəyli, Fatimə İbrahimbəyova, xalq artisti Şükufə Yusupova, əməkdar artist Mələk Abbaszadə, Gülzar Qurbanova. İlqar Kazımov, Qorqud Cəfərli çəkiliblər. Filmin çəkilişləri Bakı və Fransada aparılıb. Heydər Əliyev Sarayının foyesində filmin çəkilişilə bağlı fotoşəkillər sərgilənib.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.- 2010.- 4 avqust.- S.4.