Uşaq
Gecə düşən kimi külək qalxdı. Küçələrə, xəsis sürücülərə, səfil itlərə, polis dəyənəklərinə birtəhər alışsa da, yad şəhərin dənizindən və qəfil qalxan küləyinin səsindən uşaq hələ də qorxurdu. Bu qorxulardan da qorxulusu, onun qorxusunu duyub ələ salacaq uşaqlardı. Belə hallarda dostlarından yayınıb şəhərin işıqlı yerlərinə tərəf qaçardı. Özgə ərazilərdə tək işləməli olardı. Çox vaxt onu öz ərazilərinə buraxmaq istəməyən yad uşaqlar döyərdilər. Şəhərə iki ildi köçmüşdülər. Evləri yox idi. Qızıllı kilsəsinin qarşısında girlənib, gecələr karton qutuların içində yatırdılar. Özü idi, bir də nənəsi. Atası ilə anası nənəsinin gözündəydi. Nənəsi hər ağlayanda onlar bir-bir gözlərindən düşüb aydınca görünərdilər. Uşaq ac olanda nənəsinin bu “göz yaşlarını” sevməzdi. Nənəsinin özü də ac olanda ağlamazdı. Xatirələr bu reallıqda vacib deyildi. Bu şəhərdə, yadların arasında xatirələrlə yaşasaydılar gündəlik çörək savaşına duruş gətirə bilməzdilər. Uşağın düşünməyə vaxtı və gücü yox idi. Şəhərə gələndən yemək arzusundaydı, başqa fikri yox idi. Hər səhər işə çıxırdı. İşdə də ancaq yemək haqqında düşünürdü. Şəhərə gəlişlərinin ilk günlərində “babat dam” axtardıqları vaxt geniş küçələrlə şütüyən avtomobillərin qarşısına cumub, şüşələrini silən uşaqları nənəsi ona göstərib “Bax!” – demişdi, gör necə fərasətli uşaqlar var? Bunlardan sabah briqadir də çıxar, yoxsa sən? Nənənin tumanından tutub durmusan! Pul qazan da!
Sonralar o, bu uşaqlara uzaqdan çox baxmışdı. Lap sonralar isə aclıq onlara güc gələndə, nənəsinin son ümid yeri olan qızıl üzüyünü gürcülər oğurlayanda, nə nənəsi, nə də o, başqa bir işin çəmini bilmədiklərindən gedib bu uşaqlara qoşulmuşdu...
Qazandığı pulun çox hissəsini onu bu uşaqlardan qoruyan arıq polisə versə də, gündəlik çörəyini bu işdən çıxarırdı. Nənəsi qabaqlar onun çörəyini ağlaya-ağlaya yeyirdi, sonra o da səkkiz yaşlı nəvəsinin bu “təmiz çörəyinə” öyrəşdi.
Keçmişi uşağın yadında qaranlıq quyu içinə düşən ay əksi kimi qalmışdı. Həmin o batmış işığın istisi, məhrəmliyi hərdən onu kövrəldərdi. Maşınların necə və harada əylənəcəyini sürücüsündən bilən, polislə davranışı, qiymətləşməni mənimsəmiş, sürücülərin cibini bir baxışdan tutan güclü və sağlam küçə uşaqlarının içində kövrəlmək olmazdı. Uşaq onsuz da bütün işlərdə onlardan geriydi. İşıqforlarda maşına hamıdan gec çatardı. Boyu xırda olduğundan qabaq şüşəni yuya bilməzdi, qıraq şüşələrə əli çatsa da onları təmiz qurulamazdı. Buna baxmayaraq, sürücülər həmişə ona qahmar çıxardılar.
– Hey, balaca bu sənin – deyib cibinə pul basardılar.
Bu gün pis işləməmişdi. Səkinin üstünə oturub, əlini yun corabının içinə saldı. Pulları çıxarıb saydı. Polisin pulunu arxa cibinə, qalanını yenə corabının içinə qoydu. Ayağa qalxıb bıçaq satılan dükana səmt qaçdı. Bir neçə aydı özünə bıçaq almaq istəyirdi. Bu yad şəhərdə özünü qorumaq üçün bıçaq ona arxa kimi gərəkdi. Hər an alçalan, əzilən uşağın xilaskarı, ona qahmar çıxa bilən kimsə yalnız özüydü. Uşaq əvvəllər kiminsə ona bıçaq bağışlayacağına da ümid etmişdi. Sonra anlamışdı ki, bu şəhərdə, bıçağı ancaq alırlar və satırlar, hədiyyə etmirlər.
Uşaq heç cür pul düzəldib özünə bəyəndiyi bu bıçağı ala bilmirdi. Yeməyindən kəsib pul yığmağı da nənəsinə xəyanət kimi anlayırdı. Həm də pul yığmaq üçün nə gizlin yeri vardı, nə də səbri.
Bıçaq vitrindəydi. Tiyəsi bərq vururdu. Bu dəqiqə yuyulmuş maşın şüşəsi kimi aydındı. Cibindəki pullar uşağı güclü etmişdi. Bu gün o, bıçağa əli ilə toxunmaq istəyirdi. Əgər satıcı ondan soruşsa ki, niyə belə edir, cibindəki pulları çıxarıb ona göstərə bilər. Uşağın fikrincə satıcı ona olmasa da, pula hörmət edib, müştərinin xətrinə dəyməyəcəkdi. Axı o, bıçağı boş-boşuna əlində tutmur, istəsə ala da bilər, pulu var.
Uşaq arxayınlıqla dükana girdi. Şüşəli vitrinə qoyulmuş bıçaqdan içəridə çox idi. Yaxınlaşıb dəstəyini toz basmış bıçaqlardan birini əlinə aldı. Nənəsinin bu gecə ac yata biləcəyini dərk etsə də bıçağı almaq həvəsini heç cür içində boğa bilmirdi. Bu istək onu elə çaşdırdı ki, dükanın içindən ona doğru gələn satıcını da görmədi. Satıcı uşağı uzaqdan görmüşdü.
Üzünü turşudub: – Sürüş ə burdan – qışqırdı “bıçağı da qoy yerinə, dilənçi köpəyoğlu!!”
Uşaq satıcının bu sözlərini eşitmədi. Satıcı bu sükutu saymamazıq kimi anlayıb, əlindəki milçəköldürəni uşağa tərəf tulladı. Uşaq satıcının üzündəki nifrəti heç cür anlaya bilmirdi.
– Bu bıçağı alıram da! – nə olub ki?!
“Alıram” sözü satıcını lap özündən çıxartdı. Uşağın üstünə cumub qulağından tutdu. Sürüyə-sürüyə çölə çıxartdı. – “Bir bıçağın çatmır elə” – deyib dükanın qapısını bağladı.
Uşaq əlacsızlıqdan üzünü dükanın soyuq şüşəli qapısına dayayıb ağladı.
Satıcı şüşə arxasında əl-qol ata-ata danışırdı, küləyin səsi də bu əl-qol sürəti ilə artırdı. Uşaq qorxduğu küləyin səsinin səbəbini də bu satıcıda görürdü. Ona elə gəlirdi ki, küləyi şəhərə bu qəddar satıcı buraxıb. Nəhayət, küləyin səsi o qədər gücləndi ki, uşaq qorxudan nə edəcəyini bilməyib yenə dükana girdi.
Satıcı bu növbəti gəlişi anlamayıb nədənsə susdu. Satıcının bu donuqluğu və əlindəki bıçaq uşağa bu günə kimi yaşamadığı kimdənsə üstün olma hissini yaşadırdı. Uşaq üstünlüyündən yaranmış qorxudan həzz alırdı. Sonra satıcıya yaxınlaşıb bıçağı onun qarnına soxdu və sakitcə satıcıya baxdı. Bu işin belə asan olduğundan elə bil yüngülləşdi də. Bayaqdan bəri donuxmuş satıcının səsi, qarnından fışqıran qanı ilə bir açıldı:
– Sən neylədin, ay oğraş – deyə satıcı onu vurmaq istədi.
Uşaq ancaq indi özünə gəlib eşiyə qaçdı və daha heç nədən qorxmadığından qorxub qışqıran satıcını, qanlı bıçağı və dükanı geridə qoyub tini buruldu.
Əl edib maşın saxladı.
Sakitcə arxa oturacağa yayxandı.
– Sürücü – pulun var? – soruşdu.
Uşaq dinmədi. Sürücü bir də soruşanda.
– Var – qışqırdı! Allaha şükür ki, var!
Sürücü maşını işə saldı. Maşın tərpənən kimi, uşaq hiss etdi ki, bərk acıb.
Son igid
– Bələyini aç
baxım!..
Uşağın bələyini
açdılar.
Aslan kişi oğlunun
harasına baxdısa, bəyənib fərəhləndi.
– Bu da bizə çəkib-qışqırdı.
– Adını igid qoyuram!
İgid gec böyüdü.
Kitab oxumadı. Savaşa getmədi. Yumruq vurub, dodaq
partlatmadı. Burun qırmadı. Fikrə dalıb, daldada
qaldı.
Nəhayətdə
dayısı igidi dəmirçiyə şagird verdi.
İgidin dəmirləri də əyri çıxdı...
Aslan kişi özünü
sındırmayıb – Sözü düz olsun! – dedi – dəmirindən
zərər yoxdur.
İgid iriydi, qaradinməzdi.
Elə bil ruhu təninə axıra qədər
oturmamışdı. Birovuzdu. Əməli
yarımçıqdı. Səbirsizdi. İşi sona
çatdırmazdı. Deyirdin “ay igid su gətir” suyu yarı
yola qədər gətirərdi. Əcazdı. Aslan kişi bu
səbəbdən onu evləndirmirdi. Deyirdi, mən xalxın
qızını bədbəxt edə bilmərəm. Bunun
bütün işləri yarımçıqdır. Qız
yazıq deyil? Yarıda saxlasa, kim gecə vaxtı gəlib
igidin işini davam edəcək
İgid beləcə otuz il
yarımçıq yaşadı. Yaşı bu yaşamaqla on
beşi keçmədi. Bir gün Aslan kişi nə sənə,
nə mənə süfrə saldırdı. Araqları
süzməmiş ayağa qalxıb söz aldı...
Şəppəxeyirə
xoş gəldiniz. İgidin adını bu gün dəyişirəm.
Belə igid olmaz! Razısınız?
Qonaqların yarısı
igidin adını heç bilmirdi. Vurmağa gəlmişdilər.
Həmin saniyə razılaşıb arağa girişdilər.
İgid üçüncü sağlıqda anladı ki,
söhbət ondan gedir və nə təhər ayağa
qalxdısa bütün qonaqlıq mizin altına sindi. Otuz il
içində çeynədiyi hirsi igid sözlə
çatdıra bilmirdi. Əvvəlcə
qab-qaşığı, mizi sonra Qoşqar kişi ilə
Qasımın kiçik oğlunu sındırdı. Sonra
sözünü sındıra-sındıra Aslan kişinin təpəsinə
çırpdı. Sözlər Aslan kişiyə dəydikcə,
ağrıdan kişi qışqırırdı. Sözlər
onu incidirdi. Görünür çəkiləri ağır
idi.
– Ay dədə. Adıma
İgid dedin. Sizin kimi qorxaq, sınmış, insanların
içində mən nətər igid olum. Özümü
kimlə müqayisə edim? Mənə bir güc göstər,
gedib onunla igid kimi vuruşum!. Mən fənd, hiylə bilmirəm
axı... hamınız məğlubsuz, baş-başa verib
birtəhər yaşayırsınız...
Aslan kişi oğlunu elə
bil indi gördü və tanımadığı bu təbii
gücdən qorxdu. Dərk etdi ki, daha o heç vaxt bir dam
altında oğlu ilə yaşaya bilməz. İgidin
ayaqları onun damı altından artıq çıxıb.
Necə ki, otuz ildir igidin ayaqları gödək yorğan
altından çıxır...
Və igid ayaqlarının
arxasınca getdi...
Başsız ayaq adamı
hara aparar? İgid həmin yerdə iki sənə oturdu.
Üçüncü sənə gözünə bir yol
göründü. Yolun axırı dərəyə enirdi. Dərədə
iri qalaca görünürdü. İgid dərəyə endi.
Qalacanın dörd bir yanı tikanlı çəpər idi.
Çəpər boyu kəllələr
asılmışdı. Yan-yörədə dar ağacları
qaralırdı. Hər dar ağacı beş-altı nübar
meyvə gətirmişdi. Haradansa mancanaq səsi eşidilirdi.
Sağ bir kimsənə yox idi. İgidin rastına
çıxan yeganə diri, qulaqları kəsilmiş ağ
köpək oldu. Köpək igidə müştəri
gözü ilə baxıb:
– Özün gəlmisən?
– soruşdu.
İgid dinmədi.
Köpək:
– Qalaca
üçbaşlı əjdahanındır. Hələ
heç kəs öz ayağı ilə bura gəlməmişdi.
Əjdaha bütün insanları öldürüb, indi də
Allahla vuruşmaq istəyir. Hər iki dünyada bu üç
başlı əjdahaya tən güc daha yoxdur – dedi.
İgid köpəyin bu
sözlərinə sevindi. Axırı ki, igidlik göstərməyin
məqamıydı:
– O, əjdahaya denən ki, məni
Allah göndərib çıxsın ortalığa. Onunla
işim var.
Köpək üç dəfə
bərkdən hürdü. Bayaqdan görünən iri dağ
silkələndi. Dikəlməyə başladı. Sən demə
igidin aşıb dərəyə endiyi dağ
üçbaşlı əjdahaymış.
İgid aşağıdan
yuxarı qışqırdı!
– Əjdahasan nəsən,
bilmirəm, səninlə vuruşmalıyam. Mən igidəm.
Adımı dünyaya sübut etmək üçün səni
öldürməliyəm...
– Nə deyirsən?
Əjdaha aşağı əyildi
ki, igidin nə danışdığını eşidə.
Yelindən dünya silkələndi. Hind okeanı daşıb
beş ölkəni basdı. Səhra qumları şəhərləri
batırdı. Milyonlarla insan öldü. İgidin
sıyırdığı qılınc da qarnına batdı.
Ağ köpək igidi belinə
şələləyib qalaçanın içinə
doğru apardı.
İgid gözlərini
açanda başı üstə oturmuş əjdahanı
gördü. Qaşları enli, gözləri nəmli,
ağzından od püskürən əjdaha ona o qədər
də vahiməli görünmədi. Əjdahanın
üzündə bir məsumluq vardı. Sükutu da birinci
özü pozdu.
– Mənə sözün
vardı?
İgid: – Səni
öldürəcəm – dedi. Mən xalis igidəm. Əxlaqım
var. Sən də ən bədheybət şərsən,
dağıdıcı gücsən! Bundan yaxşı yazı
olmaz! Mənim igidliyim, sənin pis niyyətliyin sübut olunsun
deyə səni öldürməliyəm! Bu artıq tarixdir.
Bizim dastandır. İgidlik olmasa dünya xarabaya çevrilər.
Əjdaha
gülümsündü:
– Birdən mən səni
öldürdüm?
İgid:
– O, da olar! – dedi – fərq eləməz.
Mən yenə igid çıxıram. İnsanlar da bundan fərəhlənib
uzun illər boyu igidlik əxlaqında yaşayır.
Əjdaha bir az da
aşağı əyilib pıçıltıya keçdi.
– Gəl belə eləyək
– dedi – Mən səni öldürmürəm. Hər yerdə
də yazdıraram ki, biz kişi kimi vuruşduq və sən
igidlik göstərib əlimdən qurtuldun. Bunun özü də
görünməmiş bir qələbədir. Amma bu
sazişin bir bədəli var.
İgid:
– Nədir bədəl? –
soruşdu.
Əjdaha:
– Sən mənim ərim
olursan? – dedi.
İgid ağrıya məhəl
qoymadan uzandığı çarpayıdan döşəməyə
hoppandı.
– Sən kişi deyilsin? –
soruşdu...
Əjdahanın üzündəki
həmin o məsum ifadə yayxanıb işıqlandı:
Cinsim kişi olsa da indi meylim kişilərədir. Sev məni.
Sevgilim ol. Sən məni sevsən bəlkə daha adam da
öldürmərəm. Bu qədər qəddar olmaram. Bəlkə
ağac – zad də əkdim...
İgid dizi üstə
döşəməyə çöküb inlədi:
– “İndi mən bu
dünyada necə igid olum? Kiminlə vuruşum? Bu xonsa ilə?
Əjdaha bu ehtirası
başqa yerə yozdu:
– Yeyərəm ha səni –
dedi...
İgid ikrahla əjdahaya
baxdı, əjdahanın ehtiraslı dodaqları ilə qaba,
qan qoxulu gözləri tən gəlmirdi. Sıra ilə
düzülmüş başları saman qoxuyurdu.
Dünyanın böyük gücünün belə idbar
olması igidi nədənsə əyləndirdi.
– Bəlkə özün-özünü
yola verəsən. Üç dənə başın var!
Çatmır sənə? Ya bəlkə özünü
öldürəsən?
Əjdaha:
– Niyə, məndən
güclüsü var? Ya məndən ağıllısı
var? Kimi istəsəm öldürərəm, kimi istəsəm,
bağışlaram. Ədalət də mənəm, kəramət
də! Özümü niyə öldürürəm. Elə
səni öldürərəm də – dedi...
İgid:
– Bəs bu düşük
meylin necə olsun? – soruşdu.
Əjdaha:
– Bunun mətbəxə dəxli
yoxdur – dedi. – Əxlaq, tərbiyə, mənəviyyat
uydurmadır, əsas gücdür, nə deyirsən?
Alırsan, məni? Ya öldürüm səni?..
İgid ölmədi...
Dədəsinin evinə
döndü. Aslan kişi yenə süfrə açdı. Bu
səfər sözü igid dədəsinin əlindən
aldı.
“Ay dədə!, dedi, – bu
zamanda daha igidlik yoxdur. Fənd də dəyişdi, güc də!
Şərtlər də! İgidlik daha ədalətə və
cömərdliyə söykənmir. Bu günün igidliyi hiylə
və məkrdir... Sənə qarşı olan gücün
üzü yoxdur, arxası var, anlayırsan məni?
Aslan kişi bir mətləb
anlamayıb qədəhdəki arağı başına
çəkdi. Amma içi soyumadı. İgidi elə bil dəyişmişdilər..
Aslan kişinin gözləri doldu, oğlunu bağrına
basıb:
– Səni mən bədbəxt
elədim, bala, – dedi, – bilsəydim adını tülküdən
zaddan qoyardım! İndi kişi kimi yaşayardın...
İgidin də gözləri
doldu. İstədi, dədəsinə nəsə deyə ,
sonra anladı ki, Aslan kişinin ondan istədiyi igidlik, əslində
üçbaşlı əjdahanın istəyi qədər
mümkünsüzdür...
Orxan FİKRƏTOĞLU
525-ci qəzet.- 2010.- 7 avqust.- S.28.