Bir de görüm A!
Elxan Qaraqanın “A” romanı haqqındakı tənqidlərə
cavab
II hissə – A.B
Yazının bu hissəsini
“A” romanı haqqında yazılan məqalələrə (əgər
onlardan bəzilərinə doğrudan da məqalə demək
olarsa) həsr etmişik. Roman haqqında bəzən
nadanlıq, bəzən nadanlıq + qısqanclıq, bəzənsə
sadəcə, cəsarətsizlikdən irəli gələn bu
yazıların bir qismi “Azadlıq.orq” saytına yerləşdirilib
və biz də məhz sözügedən yazılara əsaslanacağıq.
Bu yazıların müəllifləri sırasına
E.Tofiqqızı, C.Ramazanov və T.Əlişanoğlu aiddir.
Elnarə
Tofiqqızının “A” romanında bütün obrazlar
yarımçıqdır” yazısının təkcə
adına baxmaq yetərlidir ki, onun çağdaş nəsr və
onun tələblərindən təəssüf hissi
doğuracaq qədər uzaq olduğunu anlayasan. Bu
yazını oxuyanda yada 70-80-ci illərin dissertasiyaları
düşür. Belə bir durum, əlbəttə ki, təkcə
Elnarənin günahı deyil. Bu, universitetlərimizin filologiya
fakültələrində təhsilin hələ də sovet
dönəmi səviyyəsində qaldığını
göstərir.
Obrazların
bütövlüyü kimi tənqidi-realist nəsrin ən
başlıca prinsipindən hələ postmodernizm imtina
etmişdi. Postmodernist filosof-nəzəriyyəçilər,
yazıçılar dəfələrlə bəyan ediblər
ki, ənənəvi realist nəsrdən fərqli olaraq onlar
üçün vacib olan xətti təhkiyə və xarakter
yox, situasiya və ondan çıxış yoludur. Buna inanmaq
üçün internetdə postmodernizm haqqında istənilən
bir yazıya ötəri göz gəzdirmək kifayətdir.
Bunlardan bir qismini biz son on il ərzində tərcümə
edib müxtəlif mətbu orqanlarda dərc də
etdirmişik: İ.İlin, L.Andreyev, İ.Adelgeym, A.Dugin,
D.Zatonski, İ.Nikitinadan və s.
Konkret örnək
üçün dünya ədəbiyyatına getməyib diqqəti
gözümüz önündə yaranan ən tipik
postmodernist əsərlərə yönəltmək istəyirik.
Məsələn, görəsən, K.Abdullanın
“Yarımçıq əlyazma” romanında sözün ənənəvi
anlamında xarakterdən danışmaq olar? Birmənalı
demək olar – yox! Əvəzində burda çoxşaxəli
labirint (Boğazca Fatmanın qeyri-qanuni doğulmuş casus
oğlunun atası kimdir?) və ondan hamılıqla
çıxış cəhdi ilə üzləşirik.
Elxan isə nəinki
postmodernist roman yazıb, postmodernizmin özünə də
qarşı çıxan alternativ nəsr yaratmaq istəyib.
Odur ki, “A” romanına realist nəsrin parametrləri ilə
yanaşmağın özü artıq bəri başdan
yanlışdır, hansı mövqedən olursa-olsun. Bu
rakursdan yanaşanda Elnarənin realist nəsrin
ölçüləriylə bağlı – “obrazların
yarımçıqlığı”, “tipikləşdirmə və
ümumiləşdirmə”nin yoxluğu, bir situasiyadan digərinə
“keçidlərin uzlaşmaması”, hadisələrin
“qeyri-real, xəyali düşüncənin məhsulu
olması”, “məntiqi ardıcıllığın
pozulması”, “məkan-zaman qarışıqlığı” və
s. kimi ittihamları avtomatik olaraq öz önəmini itirir və
tənqidçinin özünə qarşı çevrilir.
Birbaşa deyəcəm, Elnarə istər milli, istərsə
də çağdaş dünya ədəbi prosesində gedən
olaylardan bilmərrə xəbərsizdir. Və buna görə
də almanı litrlə, yaxud suyu kilo ilə
ölçür.
Tənqidçi xanım eyni
metodoloji yanlışlığı romanın dilinə
münasibətdə də büruzə verir”. “A” romanında
Azərbaycan dilinin potensialından nəinki istifadə olunub və
zənginləşdirilib, hətta dilin daxili
qanunauyğunluqlarına yad olan söz və ifadələr
işlədilib. Məsələn, “yeşik”, “zibilçə”,
“priyom”, “kolonka”, “kapüşon”, “brat”, “roqatka”, “kapriz”,
“paranoik”, “lavina”, “aparatura” və s.”. Milli ədəbi dilin
saflığının qorunub saxlanılmasının
vacibliyini vurğulayan Elnarənin vətənpərvərliyini
alqışlamaqla yanaşı burda yozulmasına ehtiyac duyulan
bir neçə məqam üzərində dayanmağı
lazım bilirik. Əvvəla, danılmaz faktdır ki, sovet
dönəmindən üzü bəri rus dilinin təsiriylə
bu sözlərin hamısı məhz canlı
danışıq dilində özlərinə yaşamaq
haqqı qazanıb. Elnarə xanım isə sözügedən
məqaləsində “Ədəbi dilin canlı dilə
uyğun inkişaf etdirilməsi ədəbiyyatın əsas
missiyalarından biridir” yazmaqla özü-özünün əleyhinə
gedir və təkcə elə bu ziddiyyətin özü tənqidçinin
fikirlərinin ciddiliyini istisna edir.
İkincisi, dil donuq, konservləşdirilmiş
sözlər yığını yox, daimi dialektik inkişaf və
başqa dillərlə ardıcıl əlaqədə olan
canlı prosesdir, xüsusən də dünya dilləri ilə
kommunikasiya imkanlarının aşırı sınırlara
çatdığı indiki dönəmdə. Bu prosesdə
dilə yabançı dillərdən sözlər də
daxil olur, yüz illər boyu işlənən sözlər
burdan çıxır da. Əgər Elnarə
düşünən kimi olsaydı, Elxan öz romanını
Füzuli qəzəlləri, yaxud əski türk daş kitabələrinin
diliylə yazmalıydı.
Üçüncüsü,
bədii əsərdə müəllif və personajın dili
fərqli anlamlar daşıyır. Müəllif təhkiyəsində
bu qəbil sözlərin işlədilməsi bəlkə də
onun ayağına suç kimi yazıla bilərdi. Romanın
finalında isə anlaşılır ki, bütün təsvir
olunanlar xəstəxanada yatan, xarakterik koloritə malik bir dillə
düşünən şəhər uşağının
yaddaşındakı proseslərin qallüsinasiya şəklində
təzahürüdür və deməli, müəllif yox,
personaj fikrinin ifadələridir.
Burda ikinci bir məsələ
açılır: Elnarə xanım romanın
finalını, deməli həm də bütün əsəri
düzgün anlamayıb. Onun müəllif
qarşısına məntiqi ardıcıllıq, məkan-zaman
keçidlərinin aydınlığı, bütöv
obrazlar və s. bu kimi tələblər qoymasının səbəbi
də əsərin strukturu və janrını, müəllifin
qayəsini bütövlükdə düzgün anlamaması
ilə bağlıdır. Axı yuxuya bənzəyən
qallüsinasıyadan hansı məntiq, zaman-məkan
ardıcıllığı və s. gözləmək olar.
Aristotelin “təqlidini” burda Platonun “xatırlaması” əvəz
etdiyi kimi, real məntiq də məntiqsizliyin irreal məntiqiylə
əvəzlənir. Elxan realist nəsr üçün səciyəvi
olan reallıq illüziyası yaratmağa nəinki
çalışmır, finaldakı qallüsinasiya məsələsi
göstərir ki, həm də bunu gizləmir.
Maraqlıdır ki, Elnarə xanım özü müəyyən
bir məqamda bu faktı dumanlı şəkildə sezərək,
“HOST-da keçmişini danışan gənclərin həyatı
reallıq yox, qeyri-real, xəyali düşüncənin məhsulu
təsəvvürü yaradır” deyə qeyd etsə də,
faktı düzgün yoza bilmir. Çünki romanı
çözmək üçün nəzəri
hazırlığı yoxdur, nəticədə metodoloji səhvə
yol verir və “A” müəllifinin obrazlarını
“yarımçıq” saydığı halda onun
özünün bir tənqidçi kimi formalaşmasına
ciddi ehtiyacı olduğu üzə çıxır.
E.Tofiqqızı
yazıçının qarşısına “millilik” tələbi
qoymaqla bizi yuxarıdakılardan heç də önəmsiz
olmayan üçüncü bir məsələnin üzərində
durmağa vadar edir. “Dünya ədəbiyyatında müxtəlif
müəlliflərin toxunduğu bu mövzuya milli prizmadan
yanaşan E.Qaraqanın işlətdiyi sözügedən mətn
parçalarının heç birində millilik yoxdur. Yeganə
Dədə Qorqud və Qıpçaq Məlik
qarşılaşdırmasıdır ki, bu uğursuz bənzətmə
də “Kitabi-Dədə Qorqud” dastanından yox, Anarın
ssenarisi əsasında çəkilən “Dədə Qorqud”
filmindən alınmış bilginin təsiri
bağışlayır. Bu tip məlumatsızlıq təsəvvürü
yaradan yanlışlıqlar yazıçı
üçün bağışlanmaz səhvdir”. Burda
çözülməsi gərəkən bir neçə məsələ
var. Birincisi, romanda Dədə Qorqudla yanaşı digər
milli folklor nümunələri (“Məlikməmmədin
nağılı”, “Ağ atlı oğlan” və s.) ilə də
ilişgili məqamlar var. Elnarənin eyni bir cümləsində
işlənən “milli prizmadan yanaşır” və “millilik
yoxdur” ifadələri isə artıq özləri bir-birini
istisna edir. Demək, tənqidçi ya nə dediyini bilmir, ya
da dediyinin fərqində deyil. Üçüncüsü,
millilik bədii mətnə yanaşmanın estetik yox, ideoloji
ölçüsüdür və ayın-ilin bu vaxtında əsərə
ideoloji ölçülərlə qiymət verməyin
özü səhvdir (bağışlanmaz
olub-olmadığını deyə bilmərəm,
çünki prokuror deyiləm və sanksiya vermək mənim
səlahiyyətlərimə daxil deyil, eləcə də Elnarə
xanımın!). Əsər milli də, milsiz də ola bilər,
əsas odur ki, əsər olsun, nəsə söz desin!
Əgər təkcə ədəbi-bədii
düşüncə yox, sözün bütün
anlamlarında qloballaşma erasında
yaşadığımızı nəzərə alsaq, bədii
ədəbiyyatda mütləq millilik tələbi ümumən
absurd səslənir. Məsələn, Elnarənin
düşündüyünün tam əksinə olaraq, hələ
100 il öncə Coys “Kütlə günü” məqaləsində
yazırdı ki, yazıçı özünü nəinki
milli və dini, hətta ailə buxovları ilə belə
bağlamamalıdır. Bu, onun azadlığını əlindən
alır. Yazıçı, əgər doğrudan da, böyük
sənətkar olmaq istəyirsə, günlərin bir
günü çıxıb getməlidir- evdən, millətdən,
vətəndən, əhli-aləmdən, nəhayət, bu
dünyadan. Ömrünün sonunda sevimli Rusiyasından,
sevimsiz Sofyasından, Yasnaya Polyanasından, qraf titulundan,
yazıçı şöhrətindən qaçıb uzaq,
yad Ostapovo stansiyasında canını tapşıran Tolstoy
baba kimi. Gedib o dünyanın qapısından qayıdandan və
haqqı dərk edəndən sonra “Üz çevir əhli-aləmdən
ayaq tutduqca qaç, nə oğula, nə qıza, nə dusta,
nə yarə bax” deyən Molla Pənah kimi... Bir də ki,
Elnarə xanım niyə milliliyi məhz milli bədii abidələrdən
sitat çəkməkdə görür, niyə onun fikrincə
millilik gerçək həyatdan yox, hökmən kitabdan gəlməlidir?
Bəyəm milli həyatın sosial eybəcərliklərini
göstərməyin özü millilik deyil və Elxan da məhz
bunu etməyibmi?
Millilik-qloballıq məsələsində
belə bir mövqedə durmağımızın tarixi-fəlsəfi
əsası da var. Platondan tutmuş XVII əsr italyan
tarixçisi Vikoya, Vikodan da məşhur modernist tarixçi
alimlər Şpenqler və Toynbiyə qədər bir
çoxlarının təsdiq etdiyi kimi tarixi traektoriya düz
xətt yox, çevrə boyunca gedir. Düz xətdən fərqli
olaraq isə, çevrə qaçılmaz təkrarla
bağlıdır. Tarix təkrar olunur, əlbəttə,
olduğu kimi yox, hər dəfə fərqli müstəvilərdə.
Bu nəzəriyyəni millilik-qloballıq məsələsinə
tətbiq etsək və son min ilin və əsrin qabarıq ədəbi-bədii
faktlarını göz önünə gətirsək, belə
bir mənzərə cızmaq olar. Minilliyin əvvəlində
duran Nizami qlobal, ikinci yarısının əsasını
qoyan Füzuli isə milli şairdir. Buna uyğun olaraq, son əsrin
ilk əlli ili qloballaşma, ikinci yarısı isə milliləşmə
dövrü idi. Buna görə, əsrin birinci
yarısında Nizami, ikinci yarısında isə Füzuli
daha qabarıq nəzərə çarpırdı. İndi
yeni minillik, yeni Nizami erası, yeni qloballaşma başlayır
və bu proses ən azı əsrin ortalarına qədər
davam edəcək. Əsrin ortalarından etibarən isə bu
qloballaşmanı yenidən milli özünəçəkilmə
əvəzləyəcək. Dialektika qanunu üstündə
duran tarixdə heç bir inkişaf itkisiz baş vermir. Tərəzinin
bir gözü qalxanda, o biri hökmən enir. Bu, tarixin ana
yasasıdır. Sözügedən tarixi-sosial faktın təbiətlə
bağlı variantı ayın cazibə qüvvəsinin təsiri
ilə dənizdə baş verən daimi qabarma-çəkilmələrdir.
Yazıçının istedadının bir əlaməti də
bu tarixi əvəzlənmələr, qabarma-çəkilmələri
canında-qanında duymasıdır. Gənc olmasına baxmayaraq,
qlobal düşünən Elxan bir yazıçı kimi
tarixi duysa da (bəlkə də əksinə, bu işdə məhz
gəncliyi onun köməyinə gəlir; gənc beyin millilik
dönəmindən – ötən əsrin ikinci
yarısından qalma nəzəriyyə və postulatlarla
dolmayıb), Elnarə xanım bir tənqidçi kimi
zamanı, təəssüf ki, duymur. Və deməli, tənqid
nəsrdən geridə qalır, halbuki əksinə
olmalıydı. Bütün bu nəzəri-tarixi haşiyədən
məqsəd odur ki, Elnarə xanım qorxmasın, hayana üz
tutsaq da, onsuz da hər əlli ildən bir hərlənib-fırlanıb
öz milli qamışlığımıza
qayıdırıq. Amma neyləyək ki, indi milli özünəçəklmə
yox, qlobal qabarma dönəmidir.
Beləcə, bütün
yazı boyu metodoloji səhvlərə yol verə-verə
finişə çatan Elnarə xanım axır ki, bircə dəfə
olsa da, “düzgün” mülahizə irəli sürür:
“Verilən bu xırda qeydlərin özü bir daha təsdiqləyir
ki, roman janrının minimal tələblərinə cavab verməyən
sözügedən kitab ədəbi-tənqidin predmetinə
çevrilə bilməz”. Tamamilə razıyıq.
Doğrudan da, “A” realist romanın minimum tələblərinə
nəinki cavab vermir, hətta ilk cümləsindən sonuncuya qədər
ona alternativdir, çünki müəllif məhz bunu istəyir
– birbaşa yox, alternativ cavab! Sadəcə, tənqidçi
yazıçını başa düşmür.
Tənqidin predmetinə
çevrilmək məsələsinə gəlincə,
yazılı-şifahi bütün müzakirə və
dartışmalara baxmayarq, mən də elə düşünürəm
ki, “A” sözün ciddi mənasında hələ də tənqidin
predmetinə çevrilməyib və bu, roman müəllifi
yox, tənqidin özünün suçudur. Hər cür
yenilyi qara görmək üçün gözünə eynək
taxan, eşitməmək üçün qulağına
pambıq, ətrini duymamaq üçün burnuna pambıq
tıxayan, taxma dişli, yorğun Azərbaycan ədəbi-tənqidini
on doqquz yaşlı, çevik təfəkkürlü “A”
müəllifindən nə az, nə çox, düz bir əsr
ayırır. Tənqid ötən əsrin ibtidasında
qalıb. Bir də ki, “A”nı yazı predmetinə çevirən
E.Tofiqqızı özünü tənqidçi
saymırmı?
Hər cür prokuror
sanksiyasından uzaq məsləhət tərzində demək
istərdik ki, E.Qaraqanın mətnində, ümumən bundan
sonra da tədqiq edəcəyi mətnlərdə əlinə
zərrəbin alıb cümlə və hərf səhvləri
axtarmaqdansa, qoy Elnarə xanım məsələnin
kökünə varsın, mətni bütöv görsün,
bunun üçün təbiidir ki, nəzəri
hazırlığını artırsın. Hələ
yüz əlli öncə, Belinski söhbət şeirdən
gedəndə mətnə belə yanaşmanı “misra tənqidçiliyi”
adlandırırdı. Bunları ona görə yazırıq
ki, yol verdiyi bütün yanlışlıqlara baxmayaraq Elnarə
xanımda müəyyən potensialı da görürük.
Amma o da hiss olunur ki, Elnarə hələ universitet
auditoriyalarında öyrəndiyi konservativ bilgilərin təsirindən
çıxmayıb, canlı ədəbi-bədii prosesin
havasını almayıb. Bununla da, millilik və realizm
Troyasını qorumağa əbəs cəhdlər göstərərkən
Axillesin qılıncından həlak olan amazonka
Penfesileyanı xatırladır. Bu Axilles isə gah qabaran, gah
çəkilən əlahəzrət Zamanın
özüdür. Halbuki, Elxanın ədəbi nəslinin təmsilçilərindən
biri kimi “A” romanını düzgün başa düşmək
və qiymətləndirməyi Elnarə xanımdan gözləmək
daha məntiqi olardı.
Sonuncu fikri “Müsabiqədə
birinci olan “A” romanı plagiatdır” adlı yazının
müəllifi Cavid Ramazanova da şamil etmək olar.
Bütün yanlışlıqlarına baxmayaraq sakit və
özünəgüvəncli hakim ədasını məqalə
boyu əvvəldən axıracan saxlayan
E.Tofiqqızının əksinə, antielxan
kompaniyasının gənc “bombardiri” yazısına
“müsabiqədə birinci yerə layiq görülən Elxan
Qaraqanın “A” romanını oxudum və dəhşətə
gəldim” kimi zil notlar üstündə başlayır.
C.Ramazanovu belə “dəhşətə” gətirən nədir?
Sualın cavabı dərhal verilir: “Əsər
başdan-ayağa plagiatdır. .. Bəs ədəbiyyat tənqidçiləri
hara baxır? “A” romanı 1999-cu ildə David Finçerin
Çak Palanikin romanı əsasında çəkdiyi
“Döyüş klubu” (“Fight club”) filminin plagiatıdır. Bir
balaca kino ilə maraqlanan adamın bu kino haqqında məlumatı
olmalıdır”. Cavid, gördüyümüz kimi, Elnarədən
daha bir məsələdə fərqlənir – əsərin təsirlənmə
mənbəyini göstərir. Amma faktın şərhində
Elnarədən geri qalmayan yanlışlığa yol verir.
Söhbət, əlbəttə ki, plagiat məsələsindən
gedir. Bu konuya girişməklə sadəcə Elxana
qarşı haqsız münasibəti yox, ümumən bu qəbil
yersiz ittihamların son illər az qala dəb halına gəlməsi
amilini də nəzərə alırıq. Kimin kimdən
xoşu gəlmirsə, dərhal onu plagiatda suçlayır.
Fikrimiz tam aydın olsun deyə,
burda plagiatla ilgili daha bir nəzəri remarka çıxmaq
zorundayıq. Bir müəllfin digərinə münasibətinin
bir neçə dərəcəsi var və bunları müsbətdən
mənfiyə doğru belə sıralamaq olar: yaradıcı
təsirlənmə, reminissensiya – nəzirə, epiqon – təqlid,
ədəbi oğurluq – plagiat.
Plagiat termindir və termin
kimi də dəqiq mənaya malikdir – bir şəxsin
başqasının əsərini götürüb öz
adına dərc etdirməsi! Məsələn, F.Bodenştetin
M.Ş.Vazehin şeirlərini Almaniyaya aparıb öz adına
dərc etdirməsi kimi. Bəyəm Elxan Ç.Palanikin
romanını öz adına dərc etdirib? Belə deyilsə,
onda “A” romanı müəllifinə cavidanə münasibətin
bircə adı var – böhtan! Elxanın
“plagiatçılığından” dəhşətə gələn
Cavid ya məsuliyyətsizlik, ya qısqanclıq, ya
nadanlığından irəli gələn açıq-aşkar
böhtanı ilə özü daha çox dəhşət
doğurmurmu? “Həə, bir də müsabiqənin
iştirakçıları bu kitabı ingilis dilinə tərcümə
edərək, xaricdə çap etmək niyyətindədirlər.
Onlara bir nəfər deməlidir ki, dünaynın sivil, mədəni
ölkələrində müəllif hüquqları kimi bir
anlayış var”, deyən Cavidin yadına bir şeyi salmaq istəyiriq
ki, həmin o “sivil, mədəni” ölkələrdə
böhtana görə adamı məhkəməyə vermək
və vurulmuş mənəvi ziyana görə
böhtançının üstünə pul cəriməsi
qoymaq ənənəsi də var.
Cavid Palanikin və Elxanın
romanlarında əvvəldən-axıracan “dəhşətli”
paralellər tapır. Tapdığı paralellərin
doğruluğuna sözümüz yoxdur – kor kor, gör,
gör! Amma çəkdiyi zəhmət və fikrini sübut
etmək arzusunun şiddətinə rəğmən
bütün bunlar “A”nın plagiat olduğunu yox, Cavidin plagiat
anlayışının nə qədər yanlış
olduğunu göstəir. Burda təsir, ən uzağı təqliddən
söhbət gedə bilər, plagiatdan isə heç bir
halda! Əgər Cavidin meyarı ilə yanaşsaq, onda ərəb
əlifbası ilə yazanlar istisna olmaqla, əlinə qələm
alan hər kəs plagiatçıdır. Çünki
B.Şounun diliylə desək, hamı soldan sağa yazır. Məsələn,
Cavidin “A” ilə “Döyüş klubu” arasında
apardığı paralellər, struktur və ideya
oxşarlıqlarını bu və ya digər dərəcədə
uğurla aşağıdakı əsərlər arasında
da aparmaq olar:
“Xəsis” (Molyer) – “Hacı
Qara” (M.F.Axundov);
– “Müfəttiş” (Qoqol)
– “Ölülər” (C.Məmmədquluzadə);
– “Faust” (Höte) – “İblis”
(H.Cavid);
–“Polkovnik Şaber” (Balzak) və
“Dirilən adam” (M.Cəlal);
– “Karl və üç
yoldaş” (Remark) və “Dağlar arxasında üç dost”
(İ.Əfəndiyev);
– “Sakit Don” (Şoloxov) – “Dəli
Kür” (İ.Şıxlı);
– “Madam Bovari” (Flober) –
“Beşmərtəbəli evin altıncı mərtəbəsi”
(Anar);
– “Ustad və Marqarita”
(Bulqakov) – “Qətl günü” (Y.Səmədoğlu);
– “Şaqren dərisi” (Balzak)
– “Alma almaya bənzər” (A.Axundova);
– “Yüz ilin tənhalığı”
(Markes) – “Köç” (M.Süleymanlı);
– “Sonuncu möhlət”
(V.Rasputin) – “Son döyüş” (A.Abdulla);
– “Patriarxın payızı”
(Markes) – “Azadlıq” (A.Məsud);
– “Albalı bağı”
(Çexov) – “Köhnə ev” (Ə.Əmirli);
Nəzərə alın ki,
mən yalnız ilk yada düşənləri yazıram. Cavid
indi nə deyir, durub klassiklərimizi, adlı-sanlı
çağdaşlarımızı elliklə plagiatdamı
suçlayaq? Axı onlar zaman-zaman milli bədii
düşüncəmizlə dünya ədəbiyyatı
arasında körpü salıb, fikrimiz, düşüncəmizin
“qamışlıqdan” çıxması işinə xidmət
ediblər. Eyni işi yeni zamanda gənc bir oğlan yerinə
yetirirsə, niyə ona böhtan ataq, plagiat damğası
vurmağa cəhd edək? Yalnız Elxan kimi gənclərin
ardıcıl cəhdləri sayəsində milli bədii
fikrimiz əyalət çərçivələrini
dağıdıb dünya ədəbiyyatı meridianlarına
çıxa bilər. R.N.Güntəkin, S.Ali, S.F.Əbasıyanıq,
O.Kamal, Ə.Nesin, K.Tahir, H.N.Adsız, Y.Kamal və s.
çoxsaylı nasirlərdən sonra türk ədəbiyyatında
bu missiyanı yerinə yetirmək şərəfi O.Pamuka nəsib
oldu. Kim deyə bilər ki, türk orxanlarının işini
20-30 ildən sonra milli ədəbiyyatımız
qarşısında məhz elxanlar yerinə yetirməyəcək?
Nəhayət, daha bir məqama
da toxunmaqla plagiat məsələsi ilə bağlı fikirlərimizi
yekunlaşdıraq. İstər Qərb, istərsə də
Şərq ədəbiyyatında ta ki XIX əsrəcən ədəbiyyat
əsasən reminissensiya-nəzirə üstündə
qurulub. Antik dövr və ortaçağda yeni mövzu yox, ənənəvi
mövzunu yenidən işləmək şərt
sayılırdı. “Oresteya” mövzusunu Esxil də, Sofokl da,
Evripid də işləyib. İntibah mədəniyyəti min
il davam edən xristian asketizmindən sonra antik həyatsevərliyin
dirçəlişindən başqa bir şey deyildi. Klassisizm
isə mövzunu antik ədəbiyyatdan götürməyi
artıq qeyd-şərtsiz doqma, mütləq imperativ kimi
qoyurdu. Nizami “Xəmsə”sinə daxil olan dastanlardan birincisi Sənaiyə,
üçü Firdovsinin “Şahnamə”sinə istinadən
yazılmışdı. Nizaminin “Leyli və Məcnun”una
140-dan artıq nəzirə qələmə alınıb.
E.Po “Qarğa” mövzusunu T.Qotyedən, A.Pembo isə Podan
götürüb. Hətta ən böyük modernist
yazıçının (C.Coys) ən məşhur əsəri
(“Uliss”) belə adından tutmuş süjet və daxili
strukturuna, obrazlarına qədər Homerin “Odisseya”sına
modern yanaşmadır. M.Broddan başlayaraq
kafkaşünasların əksəri Kafkanın roman və
novellalarını “Bibliya” olaylarına modernistik variasiyalar kimi
şərh edirlər və s.
İstəsən də, istəməsən
də hər bir mətn gözə görünən və
görünməyən minlərlə tellərlə digər
mətnlərlə bağlanır. Müəllif bunu bəzən
bilərəkdən etdiyi kimi, bəzən də bilməyərəkdən
edir. Deməli, bütün mətnlər öz aralarında
şəbəkə yaradaraq vahid bir hipermətn yaradırlar.
Mətnin önəmi də onun əlahiddəliyi yox, bu vahid mətnlər
mətni ilə nə dərəcədə əlaqələnməsində,
Haydeggerin dili ilə desək, özündən əvvəlki
mədəniyyətlə nə dərəcə dialoq qura bilməsindədir.
Və buna görə ən çağdaş estetika nəinki
təsir, hətta hər növdən olan (açıq və
gizli) plagiatı belə təbii qəbul edir. Odur ki,
“bütün dünyanın qəzetləri yazar ki, bəs,
eşitmisinizmi, Azərbaycan adlı neft ölkəsində ədəbiyyat
müsabiqəsi keçirilib və plagiat əsər birinci
yerə layiq görülüb, heç kimin də xəbəri
olmayıb” deyə haray-həşirlə milli təəssübkeşlik
hissləri sərgiləyən Cavidə demək istəyirik
ki, qorxmasın! Birinci ona görə ki, dünya plagiatın nə
olduğunu Caviddən yaxşı bilir. Belə olmasaydı,
O.Pamukun U.Ekonun “Qızılgülün adı” romanından
“plagiat” olan “Mənim adım qırmızı”sına
YUNESKO-nun mükafatı verilməzdi. İkincisi isə Caviddən
fərqli olaraq dünya, yuxarıdakı ədəbi-tarixi
remarkadan da göründüyü kimi, plagiatdan “dəhşətə”
gəlmir. “A” romanını oxuyanda Cavidi bürüyən azərbaycansayağı
dəhşət, olsun ki, gənc dostumuzun Hollivudun “dəhşət”
filmlərinə çox baxmasından irəli gəlir. Amma
olmazmı Amerikanın kommersiya xarakterli filmlərinə
baxmaqdan bezəndə adam bir az da ədəbiyyat öyrənsin?
Nəhayət, T.Əlişanoğlunun
“Azadlıq” Radiosu məndən “A” romanı barədə fikir
istədi, əvəzində bu yazını yazdım” adlı
yazısı. Milli Kitab Mükafatının məlum nəticələrindən
dolayı “dərin xəcalət hissi” keçirdiyini yazan,
“qalibi mühakimə etmirlər” aforizmini yazısının nəqəratına
çevirən T.Əlişanoğlunu ilgiləndirən “A”
romanı barədə “professional elmi” qənaətlər irəli
sürməkdən daha çox, özünün müsabiqənin
jüri üzvləri sırasına daxil edilməməsi ilə
bağlı umu-küsü, giley-güzarını izhar etməkdir.
Və bu zaman bir məsələ ənənəvi olaraq onun
diqqət mərkəzindədir: gah nala, gah mıxa vurmaqla həm
qalib, həm də onun əleyhdarlarının rəğbətini
qazanmaq, “dovşana qaç, tazıya tut” demək. Fikrimizə
konkret örnək kimi diqqəti T.Əlişanğolunun təkcə
bu yazısı yox, bütün yazıları
üçün səciyyəvi olan bir məqama yönəltmək
lazım gəlir: “Qalibləri mühakimə etmirlər; “A”
romanını plagiatda suçlayan cavan və ehtiraslı
publisistin (C.Ramazanov nəzərdə tutulur – Ə.C.)
araşdırmalarını alqışlamaqla, bu mövqeyə
çox da məhəl qoymuram”. Görürsünüzmü,
eyni bir adamı həm “alqışlayır”, həm də onun
mövqeyinə “məhəl qoymur”. Nə şişi, nə
kababı yandırmaq istəməyən ənənəvi
Tehran oyunbazlığı və ibarəpərdazlığı!
Palanikin romanını oxumamaq, Finçerin filminə baxmamaqdan
(özü bunu yazıda etiraf edir) irəli gələn,
ümumən məlumatsızlıqdan doğan özünə
güvəncsizlik və qətiyyətsizlik!
İki sual doğur. Birincisi,
əgər T.Əlişanoğlu, özünün də etiraf
etdiyi kimi, Palanikin romanı və Finçerin filmindən xəbərsizdirsə,
plagiat haray-həşiri qaldıran Cavidi alqışlayanda
(yaxud onun mövqeyinə məhəl qoymayanda) nəyə əsaslanır?
İkincisi, belə tənqidçini jüri üzvləri
sırasına qatmayan Milli Kitab Mükafatı təşkilatçıları
haqlı deyillərmi?
Amma Palanik, Finçer konkret
məsələlərdir, Hollivud ildə saysız-hesabsız
filmlər çəkir, elə təkcə Çində isə
ildə minlərlə roman dərc olunur və bütün
bunlardan hali olmaq tənqidçinin borcu olmadığı
kimi, həm də imkanları dışındadır. Söhbət
nə Palanik, nə də Finçer yox, onların adı ilə
təmsil olunan, dünya çapı və ekranında
artıq neçə-neçə təmsilçisi olan yeni sənət
tendensiyasından gedir və bundan xəbərsiz olmaq tənqidə
(özü də “professional” tənqidə) iddialı birisi
üçün ən azı qəbahətdir. Məhz bu
savadsızlıq T.Əlişanoğlunu “A”nın metod və
janr təyinatında belə dumanlı, qeyri-müəyyən,
ellektik sonuclara vardırır: “A” psixoloji roman, şərti
(müasir nağıl) və ideya romanı poetikalarını
bir-birinə qatışdırır və sonra sanki postmodern təcrübəsi
ilə (əslində daha çox bu cür romanlara təqlidlə)
hər birinə yolu açıq qoyur”.
İlahi, bu Elxanda nələr
varmış, bu nə imiş belə, bu cılız bədənə
neçə cahan yerləşirmiş? Vur-tut 19 yaşın
ola, amma roman nəzəriyyələrinin altından vurub,
üstündən çıxasan, psixoloji roman (!), şərti-nağıl
romanı (!!), ideya romanı (!!!) poetikalarını bir-birinə
qarışdırasan, üstəgəl postmodern roman təcrübəsinə
(nida ehtiyatım tükəndi) əl atasan və hələ
desən, axırda da “yolu açıq qoyasan”, hansısa bir
mahnıda deyildiyi kimi “sonsuza kadar”... Bəlkə söhbət
ədəbiyyatda ilk addımlarını atan bir gənc yox, 60
yaşdan sonra “Dərviş və ölüm”ü yazıb
dünyanı şoka salan akademik M.Selimoviçdən, ya da 30
il semiotikadan dərs deyib 50 yaşında dünya bestsellerləri
sırasına “Qızılgülün adı”ını daxil
edən U.Ekodan gedir? Xeyr, sadəcə, “professional” tənqidçi
T.Əlişanoğlu əsərin metod və janr təyinatını
verə bilmir və bu karsızlığını öz ənənəsinə
sadiq qalaraq terminoloji duman altında ört-basdır etmək
istəyir. Qatıb-qarışdıran da, çözüm
verə bilmədiyi məsələni açıq qoyan da
Elxan yox, onun özüdür. Və sadəcə dərin yox,
dərindən dərin xəcalət hissi məhz burda
doğur.
Metod və janr məsələsiylə
bağlı sualın cavabı isə əslində sadədir.
“A” nə psixoloji, nə nağıl, nə ideya, nə də
postmodernist roman yox (bu qeyri-dəqiq təsnifat bizim yox,
Tehranındır), bütün bunların hamısına məxsus
elementləri bu və ya digər dərəcədə
özündə daşıyan, kontrkultura səciyyəli
alternativ romandır. Təxminən on il öncə
yazılarımdan birində “postmodernizm” sözünü
görüb diksinən T.Əlişanoğlunun heyrətini hələ
də xatırlayıram. Tehran o vaxtlar adətən s“modernist
bir şairi” oxuyub “diksinərdi”. Axır illərdəki
yazılarından isə görünür ki, AYB-dən gedəndən
sonra daha çox “diksinməyə” başlayıb. Məsələn,
S.Baycanın “18,6”-sını oxuyanda. Hesab edirəm ki, onu
ikinci dəfə on ildən sonra ciddi bir şeylə –
alternativ nəsr anlayışı ilə diksindirməyin əsl
vaxtıdır. Amma Tehranın bəxtindən burda məqaləmizin
ikinci hissəsi bitir və biz alternativ nəsr və konkret
olaraq “A” romanı ilə bağlı fikirlərimizi
yazının növbəti – üçüncü hissəsinə
saxlamaq zorunda qalırıq.
(ardı var)
Əsəd CAHANGİR
525-ci qəzet.- 2010.- 7 avqust.- S.24-25.