Salam. Nöqtə. Bitdi.
(Salamın doğum gününə)
BÜTÜN DİLLƏRDƏ
Salam. Nöqtədən əvvəlkini rüşvət deyil deyə geri qaytara bilərsiniz, sadəcə unutmayın ki, bizim ölkədə verilən salamlar geri qaytarılmır.
Salam – bütün dillərdə adamları görüşdürmək, yaxınlaşdırmaq funksiyasını boynuna götürmüş əzabkeşdir.Salam – ünsiyyət mağarasının tilsimli,ovsunlu, sehirli sözü, sim-simidir. Salam – bu şəhərdə hamının bir-birinə ən azı bir dəfə dediyi sözdür. Salam – tanrının adıdır, nitq etiketidir, məişət əxlaqıdır. Salam – nitqdəki bütün sözlərin üzünə gülüb, paxıllığını çəkdikləri başçıdır. Salam – qaçış zolağında start xətti, futbol meydanında mərkəzdir.
Salam adam adıdır. Yox
e, yox, Salam şair adıdır. Yox e, yox, Salam dost
adıdır. Yox e, yox, Salam müəllim adıdır.
Yox e, yox, Salam kişi adıdır. Yox e,
yox, Salam adam, şair, dost, müəllim,
kişi adıdır.
Pis
başlamadıq, hə?
YAXŞIDI, AMMA...
Yox, dostlar,
qardaşlar mən sizinlə razı deyiləm. Necə yəni
“yaxşıdı, amma...”? Niyə sizin
“amma”larınız
“yaxşı”lardan əvvəldə və böyük
görünür? Bu “amma”dakı əmma nədir?
Həqiqətlə aramızdakı bu “amma”
divarının dibinə dinamit qoysaq, görən bizə
terrorist deməzlər ki? Dilin lüğət
tərkibinə sui-qəsd cəhdinə görə
haqqımızda cinayət işi açılmaz ki? “Amma”ların hüququnu müdafiə komitəsi
yaradılsa, mən günahkarmı sayılaram?
Bizə cəmi bircə rəsmi
gəlib çatan (o da mübahisəlidi) Şekspir məşhur
sonetlərindən birində belə yazır:
“Günəşi sevdiyini
deyirsən,
Günəş
çıxan kimi kölgəyə qaçırsan.
Yağışı sevdiyini
deyirsən,
Yağış
yağan kimi çətirini açırsan.
Məni sevdiyin deyirsən,
Qorxuram...”
Bu şeirdə hər “deyirsən”
sözündən sonra bir “amma” var. Şekspir o “amma”ların
heç birini yazmayıb. Şeirdəki
ayrılığın inkişaf xəttinə “amma”
damğası vurmayıb ki, qorxsa da, ümid canını
tapşırmasın. “Amma”nın qətiyyəti
öncədən
düşünülmüşlükdür. Əgər
“deyirsən”dən sonra bu sonetdə “amma” olsa, bu öncədən
haqqında düşünülən ayrılıq qorxusundan
çox, ayrılıqla bağlı qərarı arqumentləşdirmək
cəhdi olacaq. Şekspir isə sadəcə
qorxub.
Salam
haqqında “amma”lı cümlələr çox
eşitmişəm. “Yaxşı şairdi, amma...”? Amma nə?
“Amma az yazır, amma hecada yazır, amma çox ironikdi, amma,
amma, amma, amma, amma...” Salamı üzdə sevib,
arxada sevməyə gücləri çatmayanların əlindəki
yeganə əlac, silah “amma”dır. Bu, “fəqət”in
qapı qonşusu, “lakin”in qan qardaşı “amma”lardan zəhləm
gedir. Görəsən kimsə nə vaxta cəsarət
edib belə bir cümlə qura biləcəkmi: “Salam
yaxşı şairdi, amma mən ona paxıllıq edirəm”?
Bəlkə belə olsa, onda əyilib “amma”nın
alnından öpmək olar. Çünki bu
zaman, “amma” “elə buna görə də” sözünün əvəzi
kimi etiraf notlarıyla bəstələnmiş bir nəğmətək
səslənəcək.
Yazının bu yerində
eynəyimi çıxardıb, gözlərimi
ovuşdura-ovuşdura düşünməyə
başladım ki, ustadın yaradıcılığıyla,
özüylə nə vaxt tanış olmuşam
? Bunun vacibliyi barədə çox
düşünmüşəm. Dost məclislərində,
qədəhlər toqquşmadan öncə bir-biri haqqında
söz deyəndə, adamların ilk dəfə harda tanış olduqları barədə söhbətləri
həmişə diqqətimi çəkib. Bu
doğum günü yazılarında da həmişə olub.
Məsələn, yazı belə başlayır
: “ Əzizim Rüfət, 40 yaşın mübarək ! Yadıma düşür 70-ci illərin əvvəlində
sən sütül bir cavanıydın. Biz səninlə
universitetin yataqxanasında tanış
olduq, ağrılı-acılı günlərimiz oldu. Sonra sən istedadın sayəsində əvvəlcə
kafedrada laborant, sonra isə nəşriyyatda redaktor müavini
oldun. Bir neçə ildən sonra evləndin,
ailə qurdun, Zöhrə bacı kimi bir həyatın
yoldaşın, işıqlı iki övladın oldu. İndi o illəri xatırlayanda
düşünürəm ki, çox şey dəyişib,
dostluğumuzdan savayı“.
Nədir bu? Doğum
günü sahibinin bütün bunları yazan dostdan yüz dəfə
yaxşı bildiyi bu bioqrafik məlumatların mənası nədir?
Bütün bunlar təbrik klişesidi, yoxsa
yazılmamış təbrik qanunu? Bəlkə
bütün bunlarla yazını yazan dost öz dostuna demək
istəyir ki,sən artıq bir yaş da
qocaldın, amma bax, mən hər şeyi xatırlayıram,
yazını da yazdım ki, yadından çıxanda baxarsan?
Olmazmı ki, keçib getmiş də olsa,
dostun özünün də bilmədiyi xatirələr
xatırlansın? Məncə,
xatırlamaq yox, unutmamaq lazımdır. Borcumuz
unutmamaqdı.
UNUTMAMIŞAM
Tələbəlik
vaxtı qrup uşaqlarıyla dərsdən qaçıb
şəhərdə gəzməyə
çıxmışdıq. Ayaqlarımızın
yerə dəyməyən vaxtlarıydı. Onda elə bilirdik ki, bir qıza sevgililər
günündə hədiyyə almaq kifayətdi ki, qız səni
əbdiyyən sevsin. Seriallardan zəhləmiz
getsə də, ağlımız serial qəhrəmanlarının
ağlı qədəriydi. Üzü
“Baksovet” metrosuna (indiki “İçərişəhər) tərəf
qalxanda, “Sabir bağı”yla üzbəüz kitab evində
Salamın “Yolu qarşıla” kitabını gördüm.
Kitabı rəfdən götürüb təsadüfi
bir səhifəsini açdım. Qarşıma
indiyə qədər də Salamın ən sevdiyim şeiri
olan, “Tutdum yıxılmağa qorxduğum yerdən”
misrasıyla bitən şeiri çıxdı. Elə ovqata düşdüm ki, elə bil
dünyanın bütün sirrini anlamışam, civəni
qızıla çevirən iksiri tapmışam, fəlsəfə
daşının sahibiyəm,
“yaxşını-pisi bilmə” ağacından sonra, “həyat”
ağacının da meyvəsini dadmışam. Kitab almağa pulum yoxuydu. Qrup
yoldaşım Nişanədən təcili borc istədim,
kitabı aldım. Bir neçə ildən
sonra Nişanə ailə həyatı qurdu və mən onun
borcunu hələ qaytarmasam da, tələbəlikdən, qrup
yoldaşımdan mənə Salamın kitabı nişanə
qaldı. Mən sonralar Slavyan Universitetinin
Yaradıcılıq fakültəsində bizə ustad dərsi
keçən, müəllimimiz Salamla belə tanış
olmuşam.
YARADICILIQ FAKÜLTƏSİ
Əsəd Qaraqaplanla (o vaxt
Nəsirli idi ) Slavyan Universitetinin
Yaradıcılıq fakültəsinə qəbul olunandan
sonra böyük həyəcanla ilk dərs gününü,
daha dəqiqi Salamın dərsini gözləyirdik. İlk dərs günü Slavyan Universitetinin 3-cü
mərtəbəsində dayanıb gözümüzü pilləkənə
dikib, səbirsizliklə Salamı gözləyirdik. İndiyə kimi yadımdadı, uzaqdan Salam
görünəndə Əsədlə
pıçıldaşdıq ki, gəlir. Əynində qəhvəyi kostum varıydı.
Əlində bloknot və arasında qələm.
Yaxınlaşıb hamıyla salamlaşdı.
Beləliklə bizim ilk dərsimiz
başladı. Birinci cümləsi beləydi: “Biz burda
necə yazmağı yox, necə yazmamaq lazım olduğunu
öyrənəcəyik. Necə yazmaq lazım olduğunu siz
özünüz tapacaqsınız“ .
İndi o balaca dərs
otağını, universitetin qapıları bağlanana qədər
davam edən söhbətlərimizi, qızğın
müzakirələri, zarafatları xatırlayanda o günlər
üçün dəhşətli dərəcədə
darıxıram.
Zaman ötdü, kimimiz necə
yazmaq lazım olduğunu tapdı, kimimiz əlində olanı
da itirdi, kimimiz hələ də axtarır...
Pedaqoq kimi Salam
müəllim çox maraqlı eksperimentlər edirdi və bu
bizim çox xoşumuza gəlirdi. Çünki hər
fürsətdə təkrar etdiyi “Bura yaradıcılıq
fakültəsidirsə, yaradıcı adamlar gərək sərbəst
fikir yürütməyə utanmasınlar” sözü həqiqət
idi. Bəzən spontan şəkildə
günün mövzusunu elə dərs prosesindəcə ortaya
atıb müzakirə edirdik. Məsələn,
ədəbiyyat və futbol. Aramızda
pozitiv bir rəqabət varıydı deyə müzakirələrimiz
canlı, qaynar keçirdi.
Günlərin
bir günü, dərslərində birində Salam müəllim
hansısa mövzuya uyğun bir şairdən sitat çəkdi. Bizdən
soruşdu ki, necədi? Biz hamımız
şeiri çox bəyəndik.Çox sonralar müəllifini
o vaxt Salamın da unutuduğu o şeirin müəllifinin Salam
olduğunu biləndə cəsədi vətənə dönən
Cavidə sevindiyimiz kimi, vətəndaşlığı bərpa
olunan Nazim Hikmətə sevindiyimiz kimi sevindim, həm də
gözlərim doldu. Çünki mənə
görə ədəbiyyatımızda, bir şeirini demirəm,
bircə misrasıyla hər yerdən baxanda görünən
azsaylı şairlərindən biri də Salamdır. Və
belə bir adam öz şeirini öz
adıyla oxumağa utanmışdı, çəkinmişdi.
Ədəbiyyatda adamlar var ki, Salamın bircə
misrasını yazsalar, o misrasını printerdə çap
edib, boyunlarından asıb küçələri
arşınlayarlar. Kaş Salamın əxlaqını
çoxaldıb, camaata paylamaq olaydı...
VƏ SONDA USTAD...
Ustad, bu
yazı sistemsiz düşüncələri sistemə salmaq cəhdidir. Sənin
haqqında yazmaq istədiyim o qədər çox mətləb
var ki, hansını yazacağımı, hardan
başlayacığımı bilmirəm. Ona görə
bu yazı bir az emosional,bir az quru, bir az
pinti, bir az da səliqəli alındı.
Biz səndən
təkcə necə yazmamağın dərsini almadıq, həm
də sənə öz şeirini belə başqa adamın
adıyla oxutduran əxlaq süfrəsinin, dostluq süfrəsinin
məzunu olduq.
Hansı süfrənin başındakı sən
oldunsa, biz rahat olduq, geniş olduq. Biz səndən
alnıaçıqlığı, özünü
qorumağı, xırda işlərin fövqündə
dayanmağı öyrəndik.
Dünyada sənin qədər
dadlı siqaret çəkən, saçlarının tökülməsində,
duruşunda, danışmağında, susmağında bu qədər
xarizma olan ikinci bir adam tanımıram.
İndi sənin
doğum günündü və yaşının
üstünə bir yaş da gəlir. Sən indi
müdriklik pilləkəniylə bir pillə də yuxarı
qalxırsan. İndi biz bir yaş da
yaşlanmağına yox, bu yeni pillədə nələr
gördüyünü bizimlə bölüşəcəyinə
sevinirik, yenə müəllimimiz olaraq qalacağına
sevinirik.
Zaman ötəcək
bəlkə də mən 5-ci, 10-cu, 90-cı Qismət
olacağam.
Amma sənin adın gələndə, sən xatırlananda, mən
– sənin tələbən, dostun həmişə mənə
verdiyin adı öpüb gözümün üstünə
qoyacam və belə yazacam: İMZA: İKİNCİ QİSMƏT.
Doğum günün qutlu
olsun, ustad !
P.S. Sənin adın gələn
yerdə ayrı sözə ehtiyac yoxdu. Salam. Nöqtə.
Bitdi.
II QİSMƏT
525-ci qəzet.- 2010.- 7 avqust.-
S.22.