Hər gün ad günüdür bəlkə?

 

AVQUSTUN 10-u SALAM SARVANIN DOĞUM GÜNÜDÜR

 

Ədəbiyyatşünaslıqda belə bir qayda var ki, hər hansı bir şair, yazıçı barədə danışarkən onun yaşadığı dövrə diqqət yetirirlər. Füzuli bizim gözümüzün qabağında 15-16-cı əsr Kərbəlası, Vaqif 18-19-cu əsr Şuşası, Səməd Vurğun Stalin repressiyaları SSRİ-si, ilə birlikdə canlanır.

Salam Sarvan da təpədən-dırnağa 90-nıncıdır. O, 90-cı illərdə yenicə müstəqilliyə çıxmış, qarışıq ictimai-siyasi proseslər burulğanında çabalayan, tez-tez baş verən hakimiyyət dəyişikliyinin bədəlini tarixi torpaqlarını itirərək ödəyən Azərbaycana bənzəyir. Mən Salamın indiyənə qədər konkret hansısa hadisəyə həsr edilmiş şeirini oxumamışam. Amma onun:

 

Elə nazilmişəm,

quş boğazıyam,

Büstün qəhər tutmuş

daş boğazıyam,

Mən ağı deməyin

boşboğazıyam

Çənəmin altına

yüz meyit düşür

 

misralarını Xocalı faciəsi haqqında yazılmış bütün şeirlərdən üstün tuturam.

Hərdən bəzi qələm adamları Salamın yazdığı mövzulara saldırırlar. Onu ölümdən, qəbirdən, kəfəndən yazmaqda suçlayırlar. Kökündən yanlış yanaşmadır. Mənə elə gəlir ki, yazar nədən yazmaqdan deyil, necə yazmaqdan sorumludur. Mən Salamın çox böyük ağrı ilə yazdığı:

 

Yox eee, mən sürdüyüm

ömür-gün deyil,

Baxma ki, bir azca

uzun çəkdi bu.

Bir qoca kor bəxtin

əlindən tutub,

Yolun o üzünə

keçirməkdi bu, –

 

misralarını yüz dənə dıydıx optimizmlə dolu şeirə dəyişmərəm. Ona qalsa, 37-ci ildə neçələri Hüseyn Cavidə deyirdilər ki, niyə bizim kimi yazmırsan, işıqlı şura hökumətini tərifləmirsən... Bu gün həmin kəslərin mənəvi nəvələri bütün istedadlı insanlardaninqilabipoeziya istəyirlər. Mən demirəm ki, ədəbiyyatda devrimçi ruh olmamalıdır. Əlbəttə, bu da vacibdir. Amma Sözdən özünü cəmiyyətə mübariz qələm adamı kimi sırımaq üçün istifadə etmək kişilikdən deyil. İçindən gəlirsə, onu yaz. Eşitməmisən, Salam deyir ki,

 

Mən öz içimi

yedim qurtardım,

Bu dəri süfrəni yığışdır indi.

 

Ədəbiyyatçını jurnalistdən, siyasətçidən fərqləndirən əsas şərt elə onun öz içi ilə əlləşməsidir.

Salam şəxsən məni qadınların da yanında urvatsız eləyib. Neçə dəfə bir zamanlar sevdiyim qızın qulağının dibinə şapalaq çəkmək istəmişəm. Qızın saçları üzünə tökülü olduğundan yadıma Salamın bu misraları düşüb:

 

Dağılsa üzünə ləçək tellərin,

Səni vurmağa da

qalxmaz əllərim.

Səndən vəfalıymış

sənin yolların

Hələ keçirlər

baxdığım yerdən

 

həmin xanımı vura bilmədiyimə görə, onun gözündən düşmüşəm (elə qadınlar var ki, onlara fiziki güc tətbiq edəndə yanında hörmətə minirsən).

Salam ədəbiyyata Ramiz Rövşən məktəbinin davamçısı kimi gəlsə , sonralar ədəbiyyat meydanında öz komasını qaralda bildi. Ramiz Rövşən onun haqqında deyir:”İstedadlı şairdir, amma nəfəsi balacadır”. Ümumilikdə, ilk baxışdan Ramiz daha qapsamlı, daha geniş nəfəslidir. Amma Salamın elə misraları var ki, orda o Füzuli babayla birbaşa kontakta girir. Məsələn:

 

İlahi! Bu güllərdən çıxan

candır, ətir yox!

 

Yaxud:

 

Deyirlər təzə yaran var,

Salam, sağlığına qismət.

 

ya:

 

Başımnan döyürəm

qapını SEVDA,

evdən çıxırsan,

başımdan.

 

Nümunələri bir xeyli artırmaq olar. Yuxarıda yazdığımız kimi, Salamın şeirləri 90-cı illərin ədəbi variantıdır. O dövrdə baş verən (elə indinin özündə ) ədalətsizliklər, absurda dirənən Azərbaycan gerçəklikləri bizə onun bu misralarını tez-tez xatırladır:

 

Gəl, sənə təsəlli verim,

darıxma düzəlməyəcək.

 

Salam Azərbaycanda başdan-ayağa əzbər bilinən sonuncu şairdir. Onlarla adam tanıyıram ki, onun bütün şeirlərini əzbər bilir. Elə mən özüm bu yazıdakı örnəkləri öz yaddaşımdan yazdım.

Onun şeirlərini alimdən çobanadək kimə oxusan, bəyənib təqdir edəcək. Mən bunu bir neçə dəfə təcrübədən keçirmiş adam kimi yazıram. Çünki bu şeirlərdə onun içinin səsi var.

Bütün yazı adamları öz yazdıqlarına bənzəyirlər. Məsələn Aqil Abbasın bir məclisə gəlib hamıyla tez-tələsik öpüşüb-görüşüb, zarafat etməsini xatırlayın. Xatırladınızmı? İndi , onun əsərinin adına fikir verin: “Dolu”. Bu mənada onun hər hansı bir məclisdə elədiyi tez-tələsik hərəkətlər adama dolunu xatırladır.

Yaxud usta yazar Fəxri Uğurlunun sanballı yerişi duruşu, səbrlə ədəbiyyat haqqında danışması, onun yazılarının ləngəri bir-birinin bənzəridir. Mən Fəxri Uğurlunu tanımayam, o da uzaqdan gələ, soruşalar ki, bu gələn kişi bu əsərlərdən hansını yaza bilər? “Leylinin Məcnunluğuyoxsa məsələn tutaq ki, “Öləngi”, inanın düzgün tapa bilərəm. Çünki Fəxri bəyin əlini pencəyinin cibinə qoyması da hekayələri kimi ləngərli ağır olur.

Dostumuz Salamda da eyni vəziyyətdir. Salam azacıq irəli əyilimiş beli, arıq uzun barmaqları ilə mənim yadıma məşhur Füzuli heykəlini salır. Şeirlərində bəzən ironik, bəzəndə tragik planda Füzuliyə üz tutmaq olur.

Avqustun 10-da bu böyük şairin doğum günüdür. Mən onabu əfsanəvi adama uzun ömür, cansağlığı yeni uğurlar arzulayıram. Onun həmişə bizim, bizim həmişə onun yanında olmağımızı arzu edirəm.

Yaxşı ki, varsan, ustad!

 

 

Mövlud MÖVLUD

 

525-ci qəzet.- 2010.- 7 avqust.- S.23.