Nəşrlərdə kənara
qoyulmuş mətbu əsərləri
Milli
iftixarımız Üzeyir Hacıbəylinin anadan
olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız
milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq
işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı
kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin
yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə
kənara qoyulmuş, hətta heç yerdə adı belə
çəkilməyən mətbu əsərlərini aramaqla
məşğulam. Hələlik
1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc
olunmuş 150-dən artıq əsərini toplamış,
onları ərəb əlifbasından müasir əlifbaya
çevirmişəm. Bu əsərlərlə
oxucuları “525-ci qəzet” vasitəsilə tanış
etmək istədim.
(Əvvəli ötən şənbə
saylarımızda)
Yaponiyanın müxtəsər tarixi
İyə-Nasudan
sonra onun nəvəsi İsyə-Mitso Syequn olduğu zaman
Yaponiyada dərəbəylik (feodalizm) tərzi-idarəsi
möhkəmləşdi. Yaponiya məmləkəti
mütəəddid vilayətlərə bölündü.
Hər vilayətə klan-yaxud xanlar nəslinin təhti-idarəsinə
keçdi. Bu nəsillərin böyüklərinə
daimiyus deyirlərdi. daimiyuslar öz
vilayətlərinin daxili işlərində, məsələn,
vergi almaqda, qanun və nizam qoymaqda, məhkəmə qurmaqda
müstəqil idilər. Ancaq bəzi ittifaqlarda
Syequn hökumətindən izn və rüsxət alardılar.
Məsələn, kağız pul buraxmaqda.
Bəzi daimiyusların vilayətləri çox
böyük idi. Amma bəzilərininki bir
neçə verst yerdən ibarət idi. Haman
bu zamanlarda Yaponiya əhalisi də dörd sinfə
bölündülər. Birinci sinfi təşkil
edənlər əskəri sinif olub vilayət hökumətini
öz əllərində saxliyordular. Bu sinfin adına samuray deyirdilər. İkinci
sinif flam və ziraətçilər idi. Üçüncü-sənətkarlar.
Dördüncü isə tacirlər. Flam və ziraətçi sinif daimiyusun və
samurayların nökərləri yerində idilər. Lakin sənətkarlar və tacirlər öz işlərində
müstəqil idilər.
İstər
İyə-Yasu, istər onun övladı Mikadoya böyük
bir ehtiram göstərirdilər və hər vəqt Syequnluq mənsəbinə
ondan izn istərdilər. Bu mənsəb Taquğava nəsli
üçün irsi elan edildi. Bu nəsil
bitdikdən sonra o mənsəb Mito, Udari və yaxud Kisyu nəslinə
keçəcək idi. Bütün
hökumət genə də Syequnların əlində baqi
qalmaqda idi.
Bunlar öz
işlərini o qədər müdəbbiranə
aparırdılar ki, qabaqca hərc-mərc olan Yaponiya sülh və
asayişə üz qoya bildi. Taquğava
Syequnlarının hökuməti əvvəlində Yaponiyada
olan xristyan əhli təqib edilib Xeyzin vilayətində vaqe
olan müqabilə və müqavət bədində
hamısı qırdırıldı.
Və bir də
Yaponiyaya xristiyanlar və baxüsus İspaniya və Portəgiz
əhli gəlməsin deyə, Yaponiya xarici əlaqə
üçün bağlı oldu. Əhaliyə
tapşırıldı ki, yapon cəzirələrində
başqa yerə tərpənməsinlər. Bundan başqa bir də Yaponiyada vilayətlər
arasında dava və münaziələr başlandı.
Buna səbəb
isə vəhilik məsələsi idi. Syequnlar
asayiş və nizam bərpa etmək üçün tədbirlər
görürlərdi. Lakin bu tədbirlər
isə onlara qarşı xüsumətə səbəb olurdu.
Vilayət başçıları bəzi vəqt
Syequnların itaətindən çıxırdılar.
Zatən əyan
və əşrəf tərəfindən təzyiqatə
düçar olan əhali dəxi razı deyil idilər. Böylə vəsilələr
ilə Syequn hökumətinə qarşı irtica qalxıb
güclənirdi. Əhali bu dərəbəyliklərin
tərzi-idarəsindən çox incik idi. Syequnlar tərəfindən elm və ədəbə
təşviq və tərğib edilən alimlər dəxi cəmaətin
haqq olduğunu görüb onun tərəfini saxlıyordular.
Bu alimlərin təhti-himayəsində ədəbiyyat,
elm və sənayei-tərəqqi getdikcə tərəqqi edib
milli bir rəngə girdi. Bundan naşı
millətin öz-özünü tanımağı və
öz millətinin tərəqqisi yolunda
çalışmaları başlandı. Bu
yol ilə xalqın gözü açıldıqda baxıb
gördülər ki, Syequnluq mənsəbi və bir də məmləkətin
dərəbəylik halına düşməsi, yəni hər
vilayətdə bir bəy və xanın hökumət sürməsi
yapon millətinin əhli-ruhuna müxalif olan işdir. Bu idi ki, xəlq nəzərini Kioto şəhrinə
ətf etdi ki, orada Mikado Syequnun əsiri kimi tək və tənha
yaşıyordu. Bu zamandan etibarən Syequn əleyhinə
və Mikado lehinə hərəkət
başlandı. Syequnun hökmü
yavaş-yavaş inqirazə üz tuturdu. Bilaxirə
Syequndan bir hərəkət baş verdi
ki, daha bütün nüfuzu cəmaət nəzərində
qayib oldu. Böylə ki, əcnəbilər qədim
zamandan bəri çox səy edirdilər ki, yaponlar ilə əlaqəyə
girsinlər. Lakin bunlar öz içlərinə
heç kəsi qoymamağa qərar vermişdilər. Amma Syequn 1854-cü sənədə amerikalı Perri
heyətinin tələblərinə boyun qoyub onlar ilə
müahidəyə girdi. Onun dalınca
ingilis, Fransa və Rusiya dəxi bu yolda tələbatda bulunub
1857-1859 sənələrində Syequn ilə müahidə
bağlamaqla Nağasaki, Xaqudano və İyuqağama şəhərlərini
özləri üçün açdırdılar və
oralarda daimi surətdə sakin olmaq haqqını qazandılar.
Bundan başqa Syequn 1861 sənədə Amerikaya
və Avropaya elçilər heyəti göndərdi. Bu elçilər oraları gəzib gördülər
ki, Yaponiya əcnəbilərin müdaxiləsinə qarşı
heç bir məmaniət təşkil etməyə qadir
degildir. Lakin yapon əhalisi və Mikadonun
özü bu fikirdə deyil idilər. Əcnəbilər
daxil olmaqla məmləkətin “murdarlanması” heç kəsin
xoşuna gəlmədi. Ona binaən əcnəbilərin
qovulmalarını tələb etdilər. Syequn
bu tələblərə qarşı özünü
gücsüz görüb əcnəbilərə məmləkətdən
çıxmaq təklif etdi və bu barədə onlar ilə
danışmağa girdi. Bu halda
“daymiyos”lardan (vilayət hakimlərindən) bəziləri əcnəbiləri
öz gücləri ilə qovmağa təşəbbüs
etdilər. Böylə ki, Xusio daymiyosu rəvayətlərə
görə Kiotodan aldığı təlimata görə 1863
sənədə firəng, holland və Amerika gəmilərinə
qarşı atəş açdı. Bunun nəticəsi
o oldu ki, əcnəbi gəmiləri yaponların Simotuski və
Susio bəndərini bombardman etdilər və 3 milyon dollar (6
milyon manat) mükafat tələb etdilər. O vəqtin
Syequnu olan İye-Muts Susio knyazını cəza etmək istədi.
Lakin özü məğlub oldu.
lll
Avropalıların
Yaponiyaya girdirilməsindən və onlar ilə yapon millətini
təhqiredici müahidələr bağlanmasından narazı
olan əhalinin ədədi getdikcə artmağa
başladı.
Bu narazılıq istər qara camaat arasında, istər
“samuray”lar (əskəri adamlar) və hətta “daymiyos”lar (xan və
bəylər) arasında da artıb Syequna qarşı tuş
edildi. Hər yerdə xırda-xırda
üsyanlar başladı. Syequn isə
qüvvəyi-müsəlləhə ilə üsyanları yatırmağa
səy ediyordu. Bundan başqa bir çox
alim və ürəfaları həbsə
saldırırdı. Bu halda bütün
asilərin nəzəri Mikadoya tərəf idi.
1867 sənədə
“daymiyos”lardan Tuza adlı bir nəfəri axırıncı
Syequn olan Xitotsu-Basiyə bir tələbnamə göndərib
mənsəbdən əl çəkməyi və hökuməti
bilzat Mikadonun özünə tapşırmağı təklif
etdi. Zəif-əl-qəlb olan bu Syequn tələbnamədən
mütəəssir olub əməl etməyə məcbur oldu.
O halda Mikado sarayından camaata elan olundu ki,
Syequnluq mənsəbi ləğv edildi və bütün
hökumət işləri yalnız padşaha həvalə
olundu. Bu halda Yaponiyanın padşahı indiki
imperator Mutsu-Xito idi ki, o vəqt cavan idi. Syequn
əleyhində olan qoşun çəkib Kiotoya getdilər və
sarayı dava ilə alıb Syequn tərəfdarlarını həbs
və bədi- nəfyi-bələd etdilər. Böylə nəticələr gözləmiyən
Syequn bu əhvaldan mütəəssir olub öz ətrafına
qoşun yığdı və otuz minə qədər
qoşun ilə Kiotoya gəldi. Lakin tazə
hökumətin qoşunu o tərəfdən bunun
qabağına çıxıb dava başladılar. Fuşima yanında vaqe olan bu müharibə 3 gün
davam etdi. Hər iki tərəfin top qoşunu dəxi var
idi. Syequn qoşunu hökumət qoşunundan
çox idisə də, hökumət qoşunu onlardan cürətli
və cəsarətli idi. Syequn məğlub
oldu və bilkülliyə hər şeydən əl çəkib
budda məbədgahlarının birinə getdi. Amma onun tərəfdarları davadan əl çəkməyib
davam ediyordular. Bunların bir taqımı
Biyəsuyə cəm olub admiral Yenutonun təhti-komandasında
olaraq bütün flot qoşununu da özlərinə cəlb
etmişdilər. Tazə hökumət
bunlar ilə mübarizə etmək üçün Amerikaya
tapşırıq verib bir danə zirehli gəmi
qayırtdırdılar və 1869-cu sənədə asilərə
qalib gəlib tutdular. Admiral Yenuto Mikadoya itaətə məcbur
oldu... Bu zamanlardan etibarən Yaponiya bilkülliyə
tazələşməyə və Avropa dövlətləri cərgəsinə
keçməyə başladı.
1868 sənə oktyabrında
Mikado tac qoydu. Bu gündən Yaponiyada tazə
təqvim başlayıb adına
“Me-İçi” tarixi deyildi (Me-İçi- yəni maarif əsri
deməkdir. Hal-hazırda Yaponiyada Me-İçi
tarixinin 42-ci sənəsidir). Syequnluq mənsəbinin ləğvini
tələb edən birinci şəxs daymiyos Tuza olduğu
kimi, dərəbəylik üsulunun da ləğvini istəyən
haman Tuza oldu. Bu zat imperatora
bir ərizə verib bildirdi ki, daymiyoslara, yəni xanlara, bəylərə
verilmiş olan yerlər imperatorun öz malıdır, istəsə,
yeri də ala bilər. Zatən inqilab
törədənlər və əhali özü və
hökumət dəxi dərəbəylik üsulunun ləğv
edilməsi ümumməmləkətin mənfəəti
olduğunu yəqin edib bu üsulun ləğvini lazım
gördü. O halda 1869-cu sənədə Tokio şəhərinə
daymiyoslar və samuraylardan da vəkillər
çağırıldı və böyük bir məclis
quruldu. Lakin məclis əhli dərəbəylik üsulunun fəsxinə
razı olmayıb heç bir iş görmədi və ona
görə dağıdıldı.
İş
böylə olan surətdə hökumət özü islahat
başladı.
İmperator hökmü ilə daymiyosluq ləqəbi
fəsx edildi, əvəzində Qəvazuku, yəni nücəbalıq
ləqəbi qaim oldu. Bu ləqəbi əta
etmək haqqı da imperatorda qaldı. Daymiyosların
qoşun adamları dağıdılıb, onlardan imperator
qoşunu təşkil olundu. Yerlər və
mülklər daymiyosların əlindən alınıb kəndçilərin
özlərinə bağışlandı. Daymiyoslara dəyən
zərərlər əvəzinə onlara hökumət
işlərində böyük qulluqlar verilib daimi maaş və məvacib təyin edildi. Bu isə borca düşmüş və işləri
dolaşmış olan daymiyoslara çox xoş gəldi.
Və habelə daymiyoslar qulluq sahibi, kənd əhli
də azad olub yer və mülk yiyəsi oldular. Bədə bütün məmləkət dəxi
Avropa qaidəsi ilə əyalətlərə
bölündü.
(mabədi
var)
Üzeyir
“Həqiqət” qəzeti, 29
yanvar,
2, 10 fevral, 2 mart 1910,
¹ 23, 26, 33, 49.
PETERBURQDA MƏSCİD
Avropa paytaxtlarının ən
məşhurlarında, məsələn: Paris (Firəngistan),
Londra (İngiltərə), Berlin (Almaniya), və Vyanada
(Avstriya) müsəlmanların məbədgahları, yəni
məscidləri mövcud olduğu məlumdur.
Əvət,
hürriyyəti-din və məzhəb elan edilmiş məmləkətlərdə
hər bir millət öz məbədgahını tikməyə
muxtardır.
Rusiyada dəxi
hürriyyəti-din və məzhəbin bir dəfə elan
edilmiş olduğu məlumdur. Lakin o hürriyyət kəlməsinin
mənası müruri-zaman ilə “dəyişib”, indi
başqa bir məna andırdığı hökumət
“sirkulyari” ilə elan edilməkdədir.
Zənnimizcə,
Rusiya təbəələrinin, ruslardan sonra qismi-əzəmini
təşkil edən müsəlmanların Peterburqda özlərinə
bir məscid tikmələri üçün, zatən
hürriyyəti gözləmək lazım degil idi.
Halbu ki,
“hürriyyət” elanından sonra da əsil rus adamları
müsəlmanların Peterburqda məscid bina etmələrinə
razi olmamışdılar. Rus adamları məscidin
minarəsindən bülənd olunacaq “Allahu əkbər” sədasından
qorxar demişdilər. Lakin böylə
boş və əsassız bir “səbəb” ucundan müsəlmanların
məscid tikdirmələrinə razı olmamaq aşkara ədalətsiz
olar zənnilə məscid binasına izn verildi. Haman məscidi tikdirmək üçün müsəlmanlardan
xüsusi bir komitə təşkil olunub, bu yolda lazım olan
ianəni yığmağa şüru etdilər və bilaxirə
bu günlərdə məscid binasına şüru olundu.
İştə,
bu məscid Peterburqda tikilib də müsəlmanların
müvəffəqiyyət və müzəffəriyyətini
hündür minarələri ilə elan edəcək
olduğu bir zaman, məqhur və məğlub olan bəxil və
havadarlarda onun ayağı altında sürünəcəkdirlər. Məsciddən başqa
bunun özü də bizim üçün böyük bir fəxrdir!
Ü
“Həqiqət” qəzeti, 5
fevral 1910, ¹ 29
məqhur-qəhr olmuş
bəxil-paxıl
ŞƏHƏR DUMAMIZ
Bu günlərdə
şəhərimizdə bir balaca cünbüş və hərəkət
müşahidə olunur. Bu cünbüş və hərəkət onlarda hər
dəm bir beş və min fitnə və fəsad
hərəkətinə oxşamadığına görə
son dərəcə şayani məsərrətdir. Bu cünbüş və hərəkətin səbəbi-
“biz qəzetə istəmiyoruz”, “yaxud bizə məktəb
lazım” degildir kimi cahilanə və bədbəxtanə bəhanələr
degildir.
Əhval isə-
şəhər dumamızın idarəsinə beşinci
üzv seçmək işidir.
Şəhər
idarəsinin əzaları nəyə müşabədirlər. Və şəhər
duması nəyə bənziyor?
Şəhər
duması şəhər idarəsi ilə bərabər-
“minyatur” halında bir müəssisəyi-qanunsazdır. Yəni
dumanın özü, parlaman məclisidir. Şəhər
idarəsi əzaları isə məsul vəzirlər məqamındadırlar.
Bir dövlətdə vəzirlərin hərəsi bir işə
məşğul olan kimi şəhər idarəsi əzaları
dəxi şəhərə mənsub xüsusi bir iş
başında dururlar. Vəzirlər qanunlar tərtib
edib parlaman məclisinə təqdim etdikləri kimi şəhər
idarəsi əzaları dəxi öz layihələrini şəhər
dumasına təqdim ediyorlar.
Mükəmməl
məşrutəli dövlətlərdə vəzirlərin əksəri
ovqati- parlaman əzalarından intixab olunan kimi şəhər
idarəsi əzaları dəxi şəhər qlasnılarından
seçilir. Şəhərin polis işlərindən başqa
sair əmrləri bilkülliyyə şəhər dumasına
mühəvvəldir. Şəhər əhlinin
məarif işi, iqtisadi mülk və mal (xozyaystvo) işləri,
şəhərin hifzi-səhiyyə cəhətincə təmizligi,
yəni əhalinin səlamətligi, şəhərin abadlığı-bunlar
hamısı şəhər dumasının vəzifələridir.
Bu vəzifələrin layiqincə ifası isə,
doğrudan-doğruya şəhər idarəsi əzalarının
boynundadır. Bundan aşkardır ki, şəhər
idarə əzaları nə qədər fəal işbilən,
işi görən, əhali qeydini çəkən, mənfəəti-xüsusinin
dalınca düşməyən, səliməlqəlb və səmiməlqəlb
olarsa, bir o qədər şəhər əhalisi
üçün xoş keçər və şəhər
bihəqq abad olar. Bunu da kim istəmir?
Əlbəttə hər bir şəhər əhlinin
arzusu şəhərinin hər bir cəhətdən abad
olmağıdır. Çünki, nə qədər
şəhər abad olsa, bir o qədər əhali
üçün xoşdur və mənfəətdir.
İştə
bu səbəbdəndir ki, şəhər idarəsinin
beşinci əzalığına üzv seçmək
lüzumini görən əhalimiz, öz xeyir və şərlərini
anlamaqdandır ki, bu barədə hərəkət və
cünbüş ibraz edib layiqli bildikləri adamı əza
seçdirtmək istiyorlar. Qlasnıları
seçən cəmaət özü olubdur. Madam ki, cəmaət bu qlasnılara etimad və
etibar edib qlasnı seçibdir, o halda qlasnıların da borcu
odur ki, cəmaətin istədigi layiqli adamları idarələrinə
əza intixab etsinlər. Yox əgər
qlasnılar bu cürə mühüm işlərdə mənfəəti-
ümumiyyəni nəzərə almazlarsa, o halda gözü
açılmış olan cəmaətin borcudur ki, bundan sonra
qlasnılar seçgisində çox diqqətli olsunlar.
lll
Dövlət dumamız
Dövlət
dumamıza seçilən vəkillərimiz, hə nə
tövr olsa, öz vəzifələrini bilmiyən adamlar
degildirlər.
Amma heyflər olsun ki, üçüncü
dumadaki əzalarımızın ədədi azdır. Bundan başqa üçüncü dumanın
özü də, öz əksəriyyət əzası cəhətincə
biz Rusiya müsəlmanlarının dərdinə qalan dumaya bənzəmiyor.
Dövlət duması əzalarının
hamısına məlumdur ki, Rusiyada mövcud olan taifələrin
maarif və tərəqqi cəhətincə ən dalda
qalanı haman biz müsəlmanlarıq. Ona binaən müsəlmanların maarif işinə
dumanın xüsusi bir diqqət yetirməsi dumanın
böyük borclarından biridir. Halbuki,
biz burada əksini görürük. Bunu
isbat üçün aşağıdakı əhvalat kafidir.
Dövlət
dumasındaki, maarif komisiyasında ibtidai məktəblərdə
təlim və tədris layihəsi baxılan vəqt, hər
millətin ibtidai təlim və tədrisi öz ana dili vasitəsilə
olmağa rüsxət verilməsi lüzumuni təyin etmək
üçün oniki kişidən ibarət bir şura
quruldu. Haman şura bu məsələyə baxıb,
xüsusi kitab və ədəbiyyatı olan millətlərin
ibtidai təlimləri öz ana dillərində olmasını
lazım görüb, əzcümlə türk- tatar dilini dəxi
bu cümlədən hesab edibdir. Lakin müsəlman vəkillərindən
Mahmudov cənablarının “Nur” qəzetəsində
yazdığından böylə məlum olur ki, Kazan məbusi
professor Kapustin (misyoner olmalıdır) haman
fövqəlzikr məclisdə deyibdir ki: “tatarlara və
ümumrusiya müsəlmanlarına öz dillərində dərs
oxumağa rüsxət verməməlidir. Çün
ki, bunlar- və baxüsus tatarlar hamısı rusca biliyorlar.
Ondan başqa bu taifələrin ədəbiyyatı
da çox zəifdir”.
Maarif komisiyasının sədri
Fonayrep isə guya böylə bir haqsızlığı rəva
görməyib, bu məzmunda bir əlavə də edibdir:
“Polyak, litva və
eston millətlərinə ibtidai təlimlərini öz ana
dillərində keçməyə rüsxət verilsin. Başqalara isə
(yəni tatarlara və bilümum Rusiya müsəlmanlarına)
rus dilinə kömək olmaq üçün öz dillərində
istemal edilmələrinə müsaidə verilsin!”
Əcəba! Polyak
dilinin də, rus dilinin də ləhfzləri slavyan dilidir,
böylə olduğu surətdə polyaklar da ruscadan çox
da təfavütü olmayan öz xüsusi şivələrində
dərs verilməsini caiz görən duma əzaları, rus
dili ilə heç bir münasibəti olmayan türk dilinin
ibtidai təlimdə lüzumsuzluğunu necə rəva
görürlər? Türklərinmi dili
mükəmməl degildir? Türklərinmi
kitabiyyatı yoxdur? Türklərinmi ədəbiyyatı
yoxdur? Böylə əsassız bəhanə
ilə Rusiya müsəlmanlarını ana dilindən məhrum
etmək- müsəlmanların maarifi qabağına qalın
bir sədd çəkmək degil də, nədir?
Şair doğru deyibdir ki:
“Məra be xeyr to ümid
nist, şərr mərc san!”*
Üzeyir
“Həqiqət” qəzeti,
11 fevral 1910, ¹ 34
mühəvvəl-həvalə edilmiş
* Sənə xidmət edə
bilmədiyimə görə, xəcalətliyəm
İANƏÇİLƏRİMİZ VƏ CƏMAƏTİMİZ
“Kaspi” qəzetəsinin
dünki nömrəsində iki təfərrən əhəmiyyətli
məktub dərc olunubdur ki, cəmaətimizə və
ümum xeyriyyə işlərimizə böyük münasibəti
olduğuna görə o barədə bildigimiz qədər
danışmaq lazımdır.
Məktubun birisini yazan
Dağıstan oblastında Dargin okruğundaki Xucalmaxi kəndinin
cəmaəti tərəfindən vəkil olmuş Miralay
Haşımbəgov cənabları, o biri məktubu da-ona cavab
olmaq üzrə yazan-ümumə məşhur- Hacı
Zeynalabdin Tağıyev cənablarıdır. Bu
məktubların mündərəcətindən bəhs etməkdən
qabaq bir- iki para söz lazım gəldi.
İanəçilik-yəni
bir xeyir işə ianə vermək, kömək etmək- hər
bir yerdə qəbul və istemal edilən bir əmri xeyirdir. Biz müsəlmanlar
hamıdan artıq ianəyə möhtacıq. Amma nə o səbəbdən ki, biz maddi cəhətdən
yoxsuluq. Bəlkə o səbəbə görə ki, mənəvi
yoxsulluq-yəni məktəb, mədrəsə, qiraətxanə
və müəssiseyi-xeyriyyələrimiz az
olduğuna görə onların artması və düz yoluna
qoyulması üçün ianələrə
möhtacıq. Bizlərdə böylə xeyir
işlərə ianə verənlər xud cəmaət
özü-hər kəs öz qüvvəsinə görə
və bundan əlavə xüsusi surətdə olaraq bir
neçə nəfər böyük ianəçilərimizdirlər.
Cəmaət bir işə
ianə vermək lazım olduğu vəqt gərək əvvəlcə
mülahizə etsinlər ki, görək bu iş doğrudan
da ianəyə layiqdir, ya yox. Əlbəttə ianəyə
öylə işlər layiq ola bilər
ki, o işin ümum əhalimizə mənfəəti ola
bilsin. Məsələn: məktəb, mədrəsə, qiraətxanə,
tələbələr və şagirdlər oxutmaq və həmçinin
olmuyan yerlərdə məscid tikdirmək, əlsiz və
ayaqsızlar üçün mavi və məlcə
qayıtdırmaq və bunların xərclərinə kəfil
olmaq, böylə işlərə ianə verən şəxslərin
vəlövinki, hətta ianələri bir köpük də
olmuş ola həqləri vardır ki, öz pullarının
lazım olan yerinə layiqli surətdə xərc edilməsindən
hesab istəyib cəmaət ianəsilə əmələ gəlmiş
bir işdən filhəqiqə mənfəət
alıb-alınmadığına da nəzər yetirsinlər.
Əgər bu iş bu surətlə gedərsə, onda əvvəla
ianələr lazımı yerinə sərf olunar. Və saniyən ianə edilmiş işin mənfəət
yetirib-yetirmədigi meydana çıxar. Mənfəət
yetirirsə, çox gözəl, yetirmirsə nə səbəbə
yetirmədigi də məlum olar. Əgər bir şəxsin
ianədən sui istifadəsi ucundan
yetirmiyorsa-o şəxs tənbiyə və cəza olsun ki, ianənin
azlığından yetirmiyorsa tazədən ianə
yığalar ki, əvvəl sərf olunan pul zay olmasın və
təkrar yığılan ianənin zərərini gələcək
maddi və ya mənəvi mənfəət örtüb yerini
tutsun, başlanmış işdə yarımçıq
qalmasın. Məsələn:
Məktəb və
mədrəsə-iqtidarlı müəllimlər əlinə
verilsin.
Qiraətxanə
və kitabxanə- fəal və doğruçu bir idarəyə
mühəvvəl olunsun.
İanə ilə oxuyan tələbə
və şagirdlər öz dərslərində mümkün
qədər səy edib arada əbəs yerə il
ötürməsinlər.
Məscidlərdə-
moizə edən mollalar elmli, tazə fikirli olub cəmaəti tərəqqi
və təkamülə təşviqləndirən olsunlar.
Bunların
hamısını tələb etməgə ianə edən
şəxslərin həqləri vardır. Onlar da bu həqlərindən
istifadə etməlidirlər.
O ki qaldı böyük ianəçilərimizə-onların
təkliflərindən bəhs etmədən qabaq yuxarıda
zikr olunan məktubların məzmunini bəyan edək.
Haşımbəyovun
Hacı Zeynalabdin Tağıyev cənablarına
yazdığı kağızın müxtəsər məzmunu
böylədir: “Xucalmaxi kəndində məscid tikdirilməsi
üçün cənabınız tərəfindən
göndərilmiş olan ikiyüz manatı kəndin əhalisi
“az bilib” mənim vasitəm ilə sizə geri göndərdi. Görünür ki, xeyrat və ehsanatınız barəsində
eşidən cəmaətimiz zəlalətdə imiş”.
Hacı Zeynalabdin
Tağıyev cənabları tərəfindən cavabən
yazılmış məktub Hacı cənablarının
böylə müamilədən son dərəcə
incimiş olduğunu bildirmək ilə bərabər Xucalmaxi
kəndi əhlinin böylə hərəkətləri layiq hərəkətlərdən
olmadığını şafi dəlillər
ilə isbat ediyor.
Doğrudan da
Xucalmaxi kəndi əhli məscidləri üçün
göndərilmiş ianəni geri qaytarmaqda çox
böyük bir səhv edibdirlər. Hacının özü məktubunda
yazmış olduğu kimi- ianənin miqdarına diqqət
yetirmək yaxşı iş degildir. İanə
nə qədər olur- olsun kəmali- təşəkkürat
ilə qəbul edilməlidir. İanə az
olsa, genə yığmaq mümkündür. Lakin
ianə sahibinin ianəsini geri qaytarıb da qəlbini
sındırmaq layiq hərəkətlərdən degildir.
Madam ki, Hacı cənabları iki yüz
manat ianə veribdirlər, görünür ki, artıq verməgi
özləri üçün mümkün bilmiyibdirlər.
Xeyr! Sənin çox verməgə
mümkünün vardır- deyib də Hacının və ya
bir qeyrisinin öz şəxsi işlərinə müdaxilə
etmək də yaraşıqlı hərəkətlərdən
hesab olunmaz. Cəbr ilə ianə olmaz.
İanəni hər kəs öz xoşuna və
öz əql və insafına görə verir. İanə yığmaq işində xəlqi təzyiq
etmək və ya utandırmaq yaramaz. Bundan əlavə
Xucalmaxi əhalisi o pulu geri qaytarmaqdan qabaq iki şeyi
mülahizə etməli idilər: əvvəla, Hacı cənabları
yalnız Xucalmaxi üçün ianə vermiyor. Və saniyən-
böylə hər kənddən azadədil ola
bilən Hacı daha heç kəsə və heç yerə
ianə verməz. Zatən bu nöqtəyə
Hacı öz məktubunda işarə veribdirlər. Lakin
biz ümid ediriz ki, xilafi- məntiq olan böylə iş
baş tutmaz.
Xülasə-
Hacı cənablarının məktubunda şayani- diqqət
bir xəbərə təsadüf olundu. Hacı cənabları
yalnız 1909- ncu sənə zərfində on səkkiz min
(18.000) manat məscidlər inşasına və yetmiş yeddi
min (77.000) maarif işinə sərf edibdirlər.
Hacı cənablarının
ümumiyyətlə böyük bir ehsanat sahibi olduğu hər
kəsə məlumdur. Lakin Hacı cənabları hər il
nərəyə və nə qədər ianə verdigi bir
çoxlarına məlum degildir. Məscidlər
inşaası üçün verilmiş olan 18 min manatdan 15
min manatı Peterburq məscidinə sərf olunubdur zənn
edirik. Əcəba, 77 min manat ki, maarif
işinə sərf olunubdur, axı 77 min manat zarafat degildir.
Bu pula bir neçə danə ibtidai məktəb
açmaq, tələbələr oxutmaq, qiraətxanə və
sairə güşad etmək mümkündür. Necə
olsun ki, cəmaətimiz içində bir il zərfində
maarif işinə 77 min manat sərf edən bir zatımız
olsun da, cəmaətimiz bundan xəbərdar olmuyub, o qədər
külli pulun cəmaətə verdigi mənfəəti
görməsin və o zatə qarşı sizin ehsanat sahibi
olduğunuzu eşitdik, lakin zəlalətə
düşdügümüzü gördük desinlər. Əlbəttə,
əgər bütün cəmaətimiz bilümum və
Xucalmaxi əhalisi bilxüsus Hacı cənablarının bir il zərfində maarif yolunda bir bu qədər
pul sərf etdigini və o pulun maarif işində nərəyə
sərf olunduğunu bilsə idilər, Hacı cənablarının
bilhəqq ehsanat və xeyrat sahibi olduğundan heç vəqt
şübhələnməzdilər.
Amma heyflər olsun ki,
böyük ianəçilərimizdən Hacı cənabları
və nə də sairləri öz verdikləri ianədən
nə qədər və nərəyə sərf olunduğu
barəsində hər il əhalimizə hesab
vermiyorlar. Doğrudur, bu hesab vermək onların
şanlarına yaraşan alicənabanə bir təvazöhdür
(skromnost). Amma böylə mühüm işlərdə,
yəni maarif yolunda bəzl edilən ianələr xəlqə
elan edilməlidir ki: əvvəla –biz də özgə millətlər
kimi böyük ianə sahiblərimizin vücudu ilə fəxr
edək.
Və saniyən-
böylə zatları xəlq tanıyıb gələcək
zənginlərimiz də, ianəçiligə öyrənsinlər.
Və salisən
–verilən ianənin miqdarını və yerini bilib də cəmaət
o yerə diqqət yetirsin ki, ianə sui-istifadə olunmasın
və o yerdən xəlqə mənfəət yetirilsin.
Böyük ianəçilərimiz
verdikləri ianələrin hər il
hesabını əhaliyə elan etsələr, onlar
üçün heç bir vəqt kəsri-şan olmaz. Bəlkə əhali işdən müxbir və
müttəle olub, yuxarıdaki bəndlərdə
sadaladığımiz mənfəətlərdən başqa
Xucalmaxi əhvalatı kimi təəssüfamiz vəqəələrə
məhəl qalmaz.
Üzeyir
“Həqiqət” qəzeti, 12
fevral 1910, ¹ 35
xud-həqiqətən, məhz
məlcə-sığınacaq yer
kəfil-məsul olan
vəlöv-hətta
mühəvvəl-həvalə edilmiş,
tapşırılmış
şafi-qənaətləndirici
Üzeyir HACIBƏYLİ
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2010.- 7 avqust.-
S.20-21.