UNUTMAĞA KİMSƏ YOX...
(Roman)
Əvvəli ötən şənbə
sayımızda
Çoban papağının artırması üç ayaq üstündə idi. Ayaqlar – kərpic dirəkdən. Artırmanın dimdiyindən dirəklərin altına navalça tuşlanmışdı. Yağışlar burdan keçib guya evin arxa tərəfini çox da islatmadan torpağa hopmalı idi. F.Q. evi görən kimi onu ürəyində “çoban papağı” adlandırmışdı, müqayisə dəqiq idi, amma bu balaca artırma çoban papağının bütün simmetriyasını pozurdu, çünki başındakı dəmir örtük bu papağın, əslində, lüzumsuz dimdiyinə oxşayırdı. Çoban papağı və şapka dimdik?! Özü də bir balaca yanakı dimdik. Evin üstündəki dağın qaya şəklində irəli çıxan sıldırım quzğun dimdiyi ilə artırmanın bu əyri-üyrü dəmir dimdiyi bir-birindən boy-buxunca, əzəmətcə xeyli fərqlənsələr də, amma yenə də ekiz qardaşlara oxşayırdılar. “Ayaqyolunun işığı eləcə artırmadan yanıb-sönür”. Artırmanın bu əyri dəmir dimdiyi ayaqyoluna tərəf gedən cığırın əvvəlini (birinci addımını) ancaq tuturdu.
Çoban papağı kürəyini arxadan etibarlı lay divar kimi ucalan Vəng dağına söykəmişdi, bəlkə də buna görə bütün görkəmindən bir laübalik, arxayınçılıq yağırdı. Başı üstündə qanad açmış quzğun qaya (Çiçəkli yazı tapılan mağara bu quzğun dimdiyi ilə üzbəüzdə, ortadan keçən cığırın sağ tərəfində idi) bu evin Vəng dağının himayəsi altında olmasına sanki bir işarə idi, hər halda bunu belə də anlamaq olardı. F.Q-nı əməlli-başlı mat qoyan bu idi ki, ətrafda hökm sürən bu möhtəşəm Ahəng özündən kənara açıq və aşkar məna-məzmun kəsiklərinə bürünmüş işarətlər göndərirdi. “Bütün bu düzüm, bütün bu ahəng, bu ardıcıllıq bir işarət deyilmidir, əlbəttə ki, bir işarədir. Çiçəkli yazı da o qəbildən. Mənim canımı bu bəladan qurtarsa Çiçəkli yazı qurtarar. Necə gəlib öz ayağımla düşdüm bu zülümə?! Bəladı mənim işim, bəladı...” Eşidən elə bilərdi, F.Q. “bəla” deyəndə Çiçəkli yazını nəzərdə tutur. Amma, yox. Bəla Çiçəkli yazı deyildi. Bəlanın adam kimi adı vardı. Bəlanın adı Afaq idi. İlıq, mülayim, təmənnasız sevgisi ilə ona əzabdan başqa heç nə gətirməyən Afaq!..
Kəndə gəldiyi birinci axşam özünü hava qaralar-qaralmaz kənd sovetinə ancaq yetirə bildi. Maşın xırıltılı səsini elə “xırp” kəsdi ki, elə bil, bu dəmir yığnağından bir daha heç zaman heç bir səs çıxmayacaqdı.
Birmərtəbəli, bir az yöndəmsiz bina olan (tikiləndə məktəb binası kimi tikilmişdi) kənd sovetinin qapısında ahıl yaşda bu istidə əyninə dama-dama, köhnə, amma səliqəli pencək geymiş, üzü-gözü tər içində bir kişi – olardı yetmiş, yetmiş beş yaşlarında – durmuşdu və, elə bil, məxsusi onu gözləyirdi. Maşından düşən F.Q.-ni maraqla süzüb, salamını köhnə tanışlar kimi xeyli mehriban bir tərzdə aldı və dəsmal ilə boynunun tərini silib şirin-şirin dilləndi:
– Deyəsən, uzaqdan gəlirsən?! Yaxşı çatmısan, mən elə indicə çıxırdım. Qayıdaq otağa. Gəl, gəl, burdan gəl.
Mübariz kişi (qapıda duran isə kənd sovetinin sədri Mübariz kişinin özü idi) yenidən, bu dəfə F.Q. ilə birgə içəri qayıdıb bu birmərtəbəli tikilinin dəhlizi ilə sağ tərəfə dönüb ikinci qapının qarşısında dayandı. Açarla yenidən qapını açdı və əvvəl təkidlə F.Q-ni içəri (az qala itələyib) saldı, sonra özü keçdi otağa, yeganə pəncərəni açdı və pəncərənin ağzındakı stolun arxasında oturdu:
– Əyləş, belə, bura əyləş, istini görürsən, bu yay yaman istidi... – dedi və dəsmal ilə yenə üzünü, boğazını sildi.
Bu istidə pencək geyinmiş kənd sovetinin sədri Mübariz kişinin uzun burnundan və azacıq sağ ayağını çəkməyindən, iti, çox iti baxışlarından başqa yadda qalan, əlamətdar bir cəhəti, gərək ki, yox idi. Hə, bir də təkid eləməyi xoşlardı. “Oyunu başqasının meydançasında oynamaq lazımdır”. Mübariz kişi ilk baxışda bir qədər də sirriçində adam idi.
F.Q. stulu çəkib Mübariz kişinin qarşısında oturdu. Stul ki, ortalıqda idi, sağ-solda heç nə yoxdu, ətraf çılpaq görünürdü, ona görə də F. Q. Mübariz kişinin qarşısında sanki bir müttəhim kimi oturmuş oldu.
– Xoş gəlmisən... – Mübariz kişi F.Q.ni maraqla süzüb səmimi-qəlbdən bir daha salamladı. – Mən Mübarizəm, kəndin sədri, görürəm, uzaqdan gəlirsən, nə köməyim dəyə bilər, bala, sənə?
– Xoş gününüz olsun, Mübariz... müəllim, Mənim adım F.Q.-di. Sizə Professordan salam gətirmişəm, bir də bu məktubu. – F.Q. əlindəki məktubu ona uzatdı.
Mübariz kişi, elə bil, dirçəldi, Professorun adını eşitcək baxışı xeyli yumşaldı, F.Q.yə az qala nəvazişlə baxmağa başladı. “Hə, bu da gəlib yazını oxumağa”. Yeni maraqlı söhbətlər, şəhər-kənd dedi-qoduları, tarixə, özü də uzaq tarixi kökə lağımlar, xalqımızın ənənələri və onların unudulma qorxusu... daha nələr, daha nələr, suallar, suallar, şirin mabahisələr, tərəf-müqabilin bu zaman küncə sıxışdırılması və... sonda və yenə də, əlbəttə ki, mərhəmətli Mübariz kişinin səmimi sözləri. “ Sizdə nə günah, sizin günahınız yoxdu...” kimi heç bir məna bildirməyən sözlər...
– Salam gətirən də sağ olsun, salam göndərən də, – deyərək əlində F.Q-nin uzatdığı məktubun ora-burasına baxa-baxa Mübariz kişi iti baxışlarını birdən zənlə onun düz gözlərinin içinə dikib saxladı, bayaqkı şuxluğu yox oldu, uçub getdi, bu dəfə son dərəcə ciddi bir tərzdə soruşdu:
– Səni də... yazını oxumağa göndərdilər? Çiçəkli yazını, deyirəm, oxumağa gəlmisən?
Cavan oğlan gülümsədi, yəni, “nə bilim, görək də, Allah qoysa, inşallah...” Mübariz kişi isə başını mənalı bir şəkildə tərpədə-tərpədə “hə” eləyib ciddiyyətini yenə də pozmadı və məktubu açıb aramla ürəyində oxumağa başladı.
F.Q. Mübariz kişini, Bəhram kişini Professorun söhbətlərindən tanıyırdı. Uzağa getməyək, elə ikicə gün əvvəl Professor ona səfərlə bağlı son göstəriş və tapşırıqlarını verəndə “Mübariz və Bəhram çox yaxşı adamdılar, onlar səni korluq çəkməyə qoymazlar. Qalacaq yerin Bəhram kişinin evi olacaq. Mağaraya ən yaxın evdi. Özü də məsləhətli adamdı. Bu məktubu isə verərsən Mübarizə. Nə çətinliyin olsa onlarlıqdır. Oxumaq, yazmaq, necə deyərlər, sənlik. Ümidimiz artıq sən qaldın. Bu, son ümiddi, bu dəfə də alınmasa... bir cızıq yuxarıdan, bir cızıq aşağıdan, Çiçəkli yazının bizə, deməli, dəxli yoxmuş. Son ümid sənsən, biləsən”.
Kənd sovetinin sədri Mübariz kişiyə məktubu Dil və təfəkkür institutunun direktoru, çoxdanın akademiki olsa da hamının həmişə böyük məhəbbətlə “Professor” deyib çağırdığı, müasir Azərbaycan dilçiliyinə böyük töhfələr vermiş Məmmədəli müəllim özü yazmışdı. Əslində, bu məktub etimadnamə kimi bir şey idi. Özü də daxili pafosu eləydi ki, elə bil, bir adama deyil, bütün kənd əhlinə ünvanlanmışdı. Məktubda Professor, Mübariz kişiyə və eləcə də bütün kənd əhlinə bildirirdi ki, gənc alim F.Q-yə böyük dövlət əhəmiyyətli bir işin öhdəsindən gəlmək kimi məsuliyyətli və ağır bir vəzifə tapşırılıb. Bu gənc alimin Çiçəkli yazını deşifrə edib (“deşifrə?”) oxuması üçün gərək kənd əhli əlindən gələn köməyi əsirgəməsin. Böyük-böyük alimlər istedadlı gənc mütəxəssis F.Q.-yə böyük ümidlər bəsləyirlər və onun təklif etdiyi deşifrə üsulunu dəstəkləyirlər. (Mübariz kişi bu yerə çatanda başını məktubdan ayırıb F.Q.-ni yenə, bu dəfə rəğbətlə süzdü). Professor az qala məktubda bu üsulun o biri üsullardan fərqinin elmi izahını da verirdi (Mübariz kişinin qaşları çatıldı). Sonda isə arzu və ümidlərini bildirirdi. Çiçəkli yazı hökmən oxunmalıdır, çünki bu yazı xalqımızın tarixi ilə bağlı bir çox qaranlıq mətləblərin üzərinə işıq sala bilər və salmalıdır. Nə bilim, bu dəfə bu iş, nəhayət, başa çatmalı, əvvəlki iki cəhdin uğursuzluğu bizi (bilinmirdi, Professor “bizi” deyəndə konkret kimi nəzərdə tutur, kənd əhli də bu sözün içində gedir, yoxsa bu ancaq şəhərdəkilərə aiddir?!) bəli, elə belə də yazılmışdı: “bizi!”. Mübariz kişi bu yerə çatanda qaşlarını bir az da çatıb bir qədər də ciddiləşdi, özünü yığışdırdı: “Məsuliyyətli olmaq lazımdır”. Əvvəlki cəhdlərin ikisi də onun yaxşı yadında idi, o cəhdlər elə əvvəldən könlünə yatmamışdı, mütəxəssis adı ilə gələnlərdən elə ilk andaca Mübariz kişinin gözü su içməmişdi, indi isə bu F.Q.! Qərəz, ilk cəhdlərin uğursuzluğu, Professor yazırdı, bizi (!) ruhdan salmamalıdı, ölkə ictimaiyyəti bizdən (yenə bizdən!) hünər gözləyir, belə-belə işlər, sağ-salamat qalın, cansağlığı, yaradıcılıq uğurları (“yaradıcılıq uğurları?”), Bakıya gələndə görüşmək arzusu, öncədən təşəkkürlər və s. və i.a. Məktubun sonunda hörmətli zatın imzasının altında böyük və dəbdəbəli (onunku ilə heç müqayisəyə də gəlməzdi – Mübariz kişinin bu yerdə hətta bir balaca paxıllığı da tutdu) iri bir möhür basılmışdı – elə bil, o möhürü onunçün elə yekə-yekə vurmuşdular ki, məktubdakı isti, səmimi sözlər onu oxuyanı çaşdırmasın, məsələyə münasibətdə ciddiliyi azaltmasın, əksinə, məsuliyyəti artırsın.
Mübariz kişi möhürün bir qədər də ora-burasına gizli həsəd hissi ilə tamaşa etdi, çalışdı dairənin ətrafındakı qarmaqarışıq sözləri oxusun, alınmadı, nəhayət, dərindən nəfəs çəkib “belə...” dedi:
– Belə-belə işlər... – Mübariz kişi bu boyda məktubdan kiçik bir sitat gətirərək, nəhayət, məktubu səliqə ilə bükdü və mizin çəkməcəsini çəkib ehtiyatla ora qoydu. – Bəli, belə-belə işlər. Aydındı məsələ. Professor necədi, salamatdımı? – Mübariz kişi heç bir cavab gözləmədən soruşdu, beynində isə fırladırdı ki, F.Q.-ni birinci günmü aparsın öz evinə və çəksin onu söz-fikir imtahanına, “Bu necə, görəsən oxuya biləcək, yoxsa...”, yoxsa məktubda yazılan kimi elə birinci gündən aparıb Bəhram kişiyə tapşırsın?!
– Salamatdı. Hamı salamatdı, hamının salamı var. – F.Q. bir azcana səbirsiz cavab verdi.
– Belə... “Səbrsizdi”. – Mübariz kişi arxayın-arxayın öz sorğu-sualını davam edirdi. – Şəhərdə nə var, nə yox, ay bala?! Şəhər dəyişir, dəyişmir? – Sonra onu diqqətlə süzüb qəflətən, – sən heç kənddə olmusan? – soruşdu.
Mübariz kişi F.Q.nin üst-başına, oturuşuna, yerişinə-duruşuna nəzər yetirəndən sonra, nəhayət ki, bu sualı verdi. Dözmədi.
– Şəhərdi də. Dayanıb yerində, nə bir yana tərpənir, nə də dəyişir.
Əsas suala isə (“Sən
heç kənddə olmusan?”) F.Q. cavab vermədi. “Yox, bu adam
heç kənddə olmayıb, ilk gəlişidi.
Dikbaşdı, gözün dikir adamın gözünə,
çəkmir, bildiyini babasına verən deyil, bir az da... yox,
elə əməlli-başlı lovğalığı da var.
İstedadlı gənc mütəxəssis...” Sezilməyən
rişxəndli bir təbəssüm cavab kimi gəldi qondu
dodağının ucuna və Mübariz kişi
açıq-aşkar yalançı bir təbəssümlə
onun üzünə baxan F.Q.-yə öz “günahsız”
sualını bir də təkrar eləmək qərarına gəldi:
– Deyirəm, bu vaxtacan
heç kənddə olmusanmı?
Mübariz kişi F.Q.nin “ədabaz”
cavabını (“Şəhərdi də, durub yerində”), elə
bil, heç eşitməmişdi, “gənc mütəxəssis”in
darıxıb-darıxmamağı, yorğun
olub-olmamağı, belə məlum olurdu ki, vecinə belə
deyil, “aha, deyəsən, karıxmağa başladı bu
istedadlı gənc alim...” Kəndin sovet sədri verdiyi suala dəqiq
cavab almadan əl çəkən adama heç
oxşamırdı. F.Q. narazılıqla başını
yırğaladı, açıq-aşkar yaxasını
qurtarmaq üçün:
– Olmuşam, olmuşam.
Dialekt yığmağa getmişəm tələbəlikdə
– xalq deyimləri, sözlər, nəğmələr... Hər
yerin özününkü olur, – dedi. Tələsik dedi.
– Nə yaxşı, nə
gözəl... “Bəlkə bu dəfəlik yetər?!” – Hə,
onda, sənin işin bir elə çətin olmaz. Kəndistan
yeri darıxdırıcı yerdi. – Mübariz kişi səsində
gizli qüssə ( dialekt yığma məsələsi onun
yadına nəyisə salmışdı) zənlə F.Q.-ni
süzdü.
– İş çoxdu,
darıxmağa macal olmayacaq. “Darıxmaq ha?!”
Mübariz kişinin bu
sözlərdən sonra qanı yenə də qaraldı. Əməlli-başlı,
necə deyərlər, dalağı sancdı. “Lovğa gədədi.
Ancaq...” Bir şeyi anlaya bilmirdi, F.Q.-nin bu cür
dikbaşlığı (gizli də olsa), bu cür
lovğalığı, bu cür təkəbbürü (daha
dəqiq söz tapmaq çətin idi, əlbəttə – təkəbbür!)
niyə onun kefini başlamışdı pozmağa?! Ona qəribə
gəlirdi ki, beyninin dərinliyində bir əzablı (niyə
əzablı?) duyğu doğulur. Qısqanclıq duyğusu.
Çiçəkli yazını bu uşağamı
qısqanır?! Niyə yasa batırdı?! İçini, qəlbini,
elə bil, qurd gəmirirdi. Səbəb isə ona məlum
deyildi. “Ruh məsələsi ilə Bəhram özü yəqin
onu xəbərdar edər... lazım bilsə... Mənə nə
gəlib?!”
Pəncərədən
içəri gəlib sərin meh doldu və meh özü ilə
ani işıq topası gətirdi, F.Q.-nin üzü
işıqlandı, tez də bu işıq yox oldu. F.Q. siqaret
çıxarıb kibrit çəkmişdi, amma
yanılı çöpü siqaretə tutmadı, kibrit
çöpü eləcə yana-yana ora-bura əyildi və rəngi
qap-qara qaraldı.
“İşdi, birdən...”
İlk dəfə bu zaman F.Q.-nin ani olaraq
işıqlanmış üzünü gizli-gizli süzən
Mübariz kişinin dalağı sancdı və ağlına
gəldi ki, ola bilər, bu F.Q. Çiçəkli
yazını bəlkə oxusun. F.Q.-ni o ilk dəfə məhz
bu zaman yazını oxuyana oxşatdı. Gözləri
işıldaya-işıldaya kibrit çöpünün necə
yanmasına baxarkən. “Beləsi hikkəsindən oxuyar, geri
çəkilməz.”
– Bəhram kişinin evi ha tərəfdədi,
bir göstərən olsaydı... – F.Q. yanıb
qurtarmış kibrit çöpünü zibil yeşiyinə
atdı, siqareti qaytarıb qutusuna qoydu və söhbəti
yekunlaşdırmağa cəhd etdi. Yol yorğunluğu
özünü yavaş-yavaş göstərirdi.
“Üzümə bir ovuc su vura bilsəydim...”
– Tələsirsən? “həm
də çox hövsələsizdi”. Tələsmə, mən
özüm səni aparacağam. – Hələ də
özünü bütün qəlbinin genişliyi ilə
sevinməyə məcbur edə bilməyən Mübariz
kişi (ürəyini hələ də nəsə
sıxır, sıxırdı) birdən pəncərəyə
baxıb (“hava qaralır”) ayağa qalxdı. – Akademik
özü yazır ki, sənə hər cür köməkliyi
gərək göstərək. Borcumuzdu. Getdik.
F.Q. sevincək bir səmimiyyətlə:
– Sağ olun, çox sağ
olun, – deyərək Mübariz kişi qalxınca o da tez yerindən
durdu və beləliklə, Mübariz kişinin otaqdan
çıxmaq istəyini qətiləşdirmiş oldu. “Birdən
fikrini dəyişər. Halım, halım yoxdu səninlə
uzun söhbətə. Bütün suallarına cavab verməyə,
vallah, halım yoxdu”.
lll
Mübariz kişi, ardınca
F.Q. sovetliyin balaca həyətinə çıxdılar. Hava
hələ də tam qaralmamışdı. Mübariz kişi
F.Q.nin qədim Qarağac kötüyünə qabaq təkərlərini
dayayıb saxladığı maşınına gözucu
baxıb “ rəngi nədir bunun görəsən, bu, yəni,
şəhərdən buracan özü gəlib
çıxıb?!” dedi:
– Maşın qoy qalsın,
orda saxlamağa imkan yoxdu.
F.Q. intizamlı şagirdlər
kimi maşını açıb çiynindən uzun
qayışla asılan əşyalarıyla dolu yol
çantasını götürdü maşının pəncərələrini
axıracan qaldırdı, qapılarını bağladı,
sonra bir də yoxladı, əmin oldu ki, “ala-bula” öz qınına
çəkilib:
– Mən hazır, – dedi və
çantanı çiyninə alıb gözlədi ki,
Mübariz kişi qabağa düşsün, yola düzəlsin,
o da onun arxasınca getsin.
Mübariz kişi
ayağını çəkə-çəkə yola
düzəldi. Yolları əvvəlcə Kəhrizli arxın
yanı ilə keçirdi, sonra azca sola burulub
çıxacaqdılar Vəngin düz ətəyinəcən
uzanan naxır yoluna. Mübariz kişi
çaşqınlıq içində idi. Həm
danışmaq arzusu uçub getmişdi, o biri tərəfdən
isə susmağı düzgün saymırdı. Ona elə gəlirdi
ki, iki adam yol gedirsə, hələ bu adamlardan biri buralara nabələddisə,
qonaqdısa, hökmən onunla söhbət eləyə-eləyə
bu yolu getmək lazımdır. Yenə dəsmal
çıxarıb boynunun tərini sildi, boğazını
arıtlayıb əli ilə kəndin içindən
artıq o qədər də vahiməli görünməyən
Vəng dağını göstərdi, dilucu dedi:
– Bəhramın evi
dağın lap ətəyindədi. Bir az yolumuz var.
F.Q. dinmədi. Yolu keçib
Kəhrizli arx tərəfə getdilər. Mübariz kişi
söhbət xətrinə sözünə davam elədi:
– Bu yazını deyirəm,
yəni, bunu oxumaq bu qədərmi vacibdi?
Üçüncü adamsan, göndərirlər, səninlə
üç oldu. Deməli, vacibdi. – Mübariz kişi
özü-öz sualına cavab verdi. – Elə-belədən
Professor narahat olmaz... “Yəni sizin oralarda bir başqa ciddi
işiniz yoxdu?” – Mübariz kişi dumduru, səma rəngli
gözlərində yalançı sadədillik, amma yenə də
həmənki təkid döndərib F.Q.-nin üzünə
baxdı. Uzun burnunun ucunda yenə tər dənəcikləri
vardı.
F.Q. özü də bilmədi
ki, nəyə görə ağzından məhz bu sözlər
çıxdı:
– Görünür, elədi.
Mübariz kişi F.Q.nin
“görünür, elədi” sözlərini özünün
dilə gətirmədiyi sualına cavab kimi qəbul etdi və
sidq ürəkdən mat-məəttəl qaldı. “Mənim
fikirlərimi bu da oxuyur. Nahaqdan bunu göndərməyiblər.
Ürəyimə dammışdı. Vergilidi”. Bu dəfə dəsmalla
deyil, əlinin dalıyla burnunu sildi.
Kəhrizli yola döndülər,
bir az da arx boyu gedib sola çöndülər. Artıq bu yol
düz aparırdı Bəhram kişinin həyətinin
ağzına (Vəng dağının ətəyinə). Kəhrizli
yolun altdan sakit-sakit suyu axan balaca körpüsünü
keçdilər. Sol tərəfdə, kəhrizin kənarında
iki balaca qız uşağı, allı-güllü gen
tumanları əyinlərində, biri birindən
üç-dörd metrə aralı, hər biri
qabağına bir qalaq kirli qab düzüb kəhrizin suyunda
yumağa hazırlaşırdılar. Bu qızlar bir-birinə
eynən bacı kimi oxşayırdılar; ikisi də qaraca,
saçları pinti-pinti, necəgəldi
yığılmış, yalın ayaqları
palçıqlı-kirli bu qızlar olardı on, on iki yaşlarında.
Belə görünür, bu “bacılar” küsülü idilər.
Arx boyu bir-birindən kifayət qədər kənarda hər
biri öz qab-qacağını qalaq edib
yığmışdı. Biri o birinə baxmaq belə istəmir,
üzlərini ciddi-cəhdlə yana tutur, bir-birlərilə
“üçüncü” adam vasitəsilə danışırdılar.
Guya üçüncü adam bunların hirsli-hikkəli
sözlərini birindən o birinə ötürməliydi.
– O adama deyin, qablarını
tez götürüb getsin. Bura mənim yerimdi. Yoxsa...
O biri qızın isə bu təhdid
heç vecinə də olmadı:
– O adama deyin, nə vaxt
qablarımı yuyub qurtaracam, o vaxt da gedəcəm. Yer
heç kimin deyil. Yerin adı yoxdu.
Bu küsülü qızlar
başladılar hirsli-hirsli arxın suyuna basıb qabları
şaqqıltıyla yumağa. F.Q. ki, dilçi idi, onun diqqətini
“yerin adı yoxdu” sözləri çəkdi və o,
addımlarını yavaşıtdı ki, bu maraqlı
mübahisənin davamını da eşidə bilsin. Aydın
və aşkar idi ki, bu küsülü qızların bir-biri
ilə bu cür əda ilə danışmasının səbəbi
var, yüz faiz bu kiçik gözəlçələr ya
qonşu idilər, ya da bir sinifdə oxuyurdular, qərəz,
bunların rəfiqəlikləri heç bir şübhə
doğurmurdu. “Ay gözəlçələr...” F.Q-nin
dodağı qaçdı. Mübariz kişi başı
öz fikirlərinə qarışıb yana-yörəyə
fikir vermədən gedirdi, qızlar vecinə deyildi. Əslində
heç onlar da qızların vecinə deyildilər,
çünki başları bir-birinə bərk
qarışmışdı. Qızların mübahisəsinin
ardını artıq körpüdən kifayət qədər
uzaqlaşmış F.Q. qulağının ucu ilə zorla
eşitdi.
– Kim birinci gəldi, yer
onundu. Yerin adı yoxdu. O adama deyin ki, yer, göy dağıla
mən Əhmədi unudan deyiləm!..
– O adama deyin ki, yer, göy
dağıla mən də Əhmədi unudan deyiləm! Bir də
o adama deyin ki, mənim qablarım tələsikdi. Cabbar müəllim
bu axşam bizə qonaq gələcək. – “Cabbar müəllim”
adı xüsusi fəxr və qürurla səsləndi. “Məlum
oldu. Gözəlçələr bu Əhməd kimdisə
aralarında bölüşdürə bilməyiblər”.
– O adama deyin ki, mənim
işim ondan da tələsikdi. Atam bu axşam çörəyini
evdə, hamımız ilə bir yerdə yeyəcək...
Arx başında həm
qızların, həm də yuyulan qabların hirsli və
şaqqıltılı səsi yavaş-yavaş uzaqda
qaldı. Yanından ötdükləri həyətdəki
ağacdan iki sığırçın bir-birinə həsrətlə
qısılıb qalmışdı, onların civiltisi
qızların səsini əvəz elədi.
Sığırçınların civiltisinə hardansa gəlib
inək böyürtüsü qarışdı. İtlər
geri qalmadı, “hay verib” bir ağız onlar da hürdülər.
Artıq qaranlıq daha sürətlə ətrafı olmaqda
idi. F.Q bayaqkı allı-güllü gen tumanlı
qızın dediyi “yerin adı yoxdu” sözlərini beynində
“yerin adı var, yoxsa yoxdu?” sualına çevirmədimi
çevirdi və yanında ayağını çəkə-çəkə
gedən, dəsmalını cibinə qoymadan tez-tez
üzünün, boynunun tərini (“yaman tez tərləyir”)
silən Mübariz kişini qəflətən və birmənalı
şəkildə unudaraq düz Bəhram kişinin həyətinə
qədər bu sualla (“heç dəxli var?!”) beynində
savaşa-savaşa getdi. Mübariz kişi yanında gəmiləri
batmış adamlar kimi qaş-qabaqla gedən F.Q-yə yolboyu
altdan-altdan diqqətlə nəzər yetirirdi, ürəyinə
dammışdı: “bu oxuyacaq!”
lll
Bəhram kişinin kəndin
yuxarı ucunda arxasını Vəng dağına söykəmiş
evini görən kimi F.Q. onu öz-özlüyündə
“Çoban papağı” adlandırdı. “Gözəlçə
düz demirmiş, yerin adı var, ən azından yerin adı
olmalıdı, yoxsa o yer, yer deyil...” Mübariz kişi
başı ilə (bəlkə də uzun burnu ilə) evə
tərəf işarə edərək, nəfəs dərib
dayandı, F.Q.-ni dümsüklədi. F.Q.-yə elə gəldi
ki, yol yoldaşı Çoban papağına gizli bir
qısqanclıqla baxdı:
– Odu həyət, özü
də həyətdədi...
Həyətə
yaxınlaşıb tikənli çəpərin ortasında
bu çəpərin özündən çətinliklə
seçilən bir balaca taxta qapı vardı, Mübariz
kişi bu qapını açmaq istərkən, qapı qəflətən
öz-özünə açıldı. F.Q. təəccüblənməyə
macal tapmadı, qapının o biri tərəfindən
başında, daha doğrusu, təpəsində alabəzək
araxçın, əynində uzunqollu dama-dama köynək,
yaşına uyğun gəlməyən ucaboyu və şax
qaməti olan bir yaşlı kişi göründü. Bu
kişinin xeyli mehriban və həlim sifəti var idi, səsi də
öz həlimliyi ilə üz-gözünə çox
uyğun gəlirdi.
– Ay sizi xoş gəldiniz.
Buyurun. Keçin, keçin.
Bəhram kişi (bu isə o
idi) çəkilib qonaqları həyətə buraxdı.
“Şəhərdən gələnə oxşadı”.
Mübariz kişi çətin
anlaşılan ərklə F.Q.-ni bir əli ilə az qala zorla
qucaqlayıb özündən əvvəl həyətə
saldı. Bəhram kişi bayır qapını
bağladı, cəftəsini vurdu və qapı o saat həyət
tərəfdən tikənli çəpərin bir hissəsinə
çevrildi. Həyətin ortasında böyük bir
ağacın (Qarağacın) altında taxta bənzər, elə
taxt əvəzi yarım dairəvi, bir tərəfi söykəncəkli
skamya, qabağında da dördkünc bir miz var idi. Bəhram
kişi qonaqları ora gətirdi.
– Gəl, a bala, keç, əyləş.
Mübariz, keç. “Balaca”nın altına. Keç bura.
Oturun, oturun. Mən indi...
Bəhram kişinin səsindəki
sakit nəvazişi axşamçağı Vəng
dağının bu həyətə “məxsusi” göndərdiyi
könüloxşayan sərin meh kimi hiss eləməmək
mümkün deyildi. Üzü ciddi olanda da mavi gözlərinin
dərinliyində işıqlı bir təbəssüm əskik
olmurdu. Gözlərinin içində sanki çıraq var
idi.
Evdə işıq yandı.
İşıq, zəif də olsa, Qarağacın altına da
düşdü. İki dəqiqə çəkdi, ya çəkmədi,
Bəhram kişi əlində podnos (sini), podnosda (sinidə)
çay stəkanları evdən çıxdı.
Artırmada pıqqıldayan samovardan (“Nə zaman samovarı
yandırdı, mən ki, görmədim...”) su töküb rəngə
qarışdırdı, dodaqaltı “ bu saat, bu saat...” deyə-deyə
gətirib “Balaca” adlandırdığı bu yekə
ağacın altındakı dördkünc mizin üstünə
podnosu qoydu.
... Düz iki il əvvəl
Bəhram kişinin evi və həyəti Dil və Təfəkkür
İnstitunun əsl “hərbi” qərargahına
dönmüşdü. Vəng dağının düz
göbəyində, yüz illərdi adamların dağı
qurşaq kimi sarıyan, ömür boyu ayaq basıb sağa,
sola getdikləri cığırın məhz sağ tərəfində
(sol tərəfdəki qaya parçası Bəhram kişinin
evinin üstünə quzğun dimdiyi kimi uzanıb gedirdi) bir
mağara tapılmışdı. Mağaranın içində
dörd divar boyu qəribə işarətlər
görünmüşdü və əlbəttə ki, bu barədə
lazımi yerlərə lazımi xəbərlər
verilmişdi. Xəbər fırlanıb dönüb axırda
paytaxta, Dil və Təfəkkür İnstitutuna qədər
gedib çıxmışdı.
İnstitutdan əvvəlcə
bir neçə adam gəldi. Evi mağaraya yaxın
olduğuna görə (mağaraya ilk girən adam da elə o
idi) Bəhram kişinin evinə yığışdılar.
Birgünlüyə Professor özü şəhərdən
gəldi. Bəhram kişinin qürrəsini görmək
lazım idi, Mübariz kişinin rənginin qaralmasını.
Nə qədər təkid etmişdisə də Professor
hansısa strateji (özü dediyi söz idi – strateji!)
nöqteyi-nəzərdən Bəhram kişinin həyətindən
çıxmamışdı (bəlkə Bəhram kişinin
təkliyi, üstəlik bu cür qonaqcanlı olmağı
buna səbəb olmuşdu?!) İlk qonaqlar mağaradakı
işarətlərin şəklini çəkəndən
sonra (işarətlərin şəklini çəkmək, əslində,
onların üzərində başqa şəraitdə də,
məsələn, şəhərdə, İnstitutda işləyə
bilmək üçün idi) şəhərə qayıdan
kimi Bəhram kişi həyətindəki Bozlar adlı köpəyi
(bir azca da qalib bir ədayla) aparıb mağaranın
içində bir küncə zəncirləmişdi.
Ardı gələn şənbə sayımızda
Kamal ABDULLA
525-ci qəzet.- 2010.- 7 avqust.-
S.16-17.