Bəkir müəllim şəxsiyyətinin sirri

 

Bir adam haqqında yazmaq, o adamda nəyi isə kəşf etməkdən daha çox adamla bağla nəyi isə etiraf etməkdir. Bu etiraf ayrı-ayrı baxış bucaqlarını inkar etmirbir-birini təsdiq, yaxud inkar edən bu baxışlar həmin adamın bütöv portreti üçün eskizlərdən birisi olmaqdan başqa bir şey deyil. Dünyaya gəlmiş-getmiş hər şəxsiyyət bir sirdir.

Haqqında ürək sözümü yazdığım Bəkir müəllimin sirri nədir, ilahi?! Görkəmli ədəbiyyatşünas-alim, elm təşkilatçısı və səmimi dost, gözəl insan Bəkir Nəbiyevin məndən yaşca da, başca da böyük olması mənim o kişiyə dost deməyə haqq vermir. Bəkir müəllim ədəbi tənqid sahəsində mənim müəllimimdir demək daha çox həqiqətə uyğun olardı.

Mən və dostlarım ədəbi tənqidə 70-80-ci illərdə gəlmişik. Yeni ədəbiyyatın təsdiqi üçün Aydın Məmmədovun da, Nadir Cabbarovun da, mənim də adlarını çəkmədiyim başqalarının da yaratdığı inqilabi əhval-ruhiyyə çoxları üçün, xüsusən akademiyanın və universitetlərin oturuşmuş tənqidçiləri üçün yumşaq desək, diskomfort yaratmışdı, hətta bəzi hallarda bizi üz-üzə qoymuşdu. Yalnız rəhmətlik Yaşar Qarayevin səbri, sözün geniş mənasında bizə olan məhəbbəti kəskin, barışmaz qarşıdurmaya, arzu edilməyən barışmazlığa gətirmədi.

Çünki Yaşar müəllimin də, Bəkir müəllimin də başı bu sayaq qarşıdurmadan az çəkməmişdi. Çoxfikirliliyin, çoxüslubluluğun birgə yaşaması, birgə mövcud olması mədəniyyətini o zamanın inqilabi əhval-ruhiyyəli gənclərinə öyrədənlərdən biri, bəlkə də birincisi Bəkir müəllim idi.

Sovet tənqidi o zamanlar icazəli ideologiyanın şərtlərindən yayınmaq, ictimai-siyasi həyat haqqında öz sözünü deyə bilmək imkanını reallaşdıra bilmək imkanı idi.

Yeni ədəbiyyat (İ.Hüseynov, C.Hüseynov, S.Əhmədli, Y.Səmədoğlu, Anar, Ə.Əylisli, Elçin, İ.Məlikzadə, V.Səmədoğlu, Şahmar, V.Bayatlı Ödər, E.Baxış...) zaman, rejim, mövcud ideologiya haqqında söz deməyə imkan verdiyi üçün biz ədəbi tənqidi seçmişdik. Həyat dəyişdi, yeni zaman gəldi, gələnlər getdi, yenilər gəldi, sonra onlar da getdi, ən yenilər gəldi və s.

Zaman keçir, nəsillər dəyişir. Yaşlı nəsil ədəbiyyatşünaslardan yeddi nəfəri heç unutmayacağam: Məmməd Arif, Məmməd Cəfər, Bəkir Nəbiyev, Əkbər Ağayev, Əziz Mirəhmədov, Yaşar Qarayev, Kamal Talıbzadə. Bu 7 nəfərin hər biri bir məktəbin davamçısı və eyni zamanda yeni məktəbin qurucularıdır.

Məmməd Arif müəllim Əhməd Ağaoğlunun genişliyinin, dərinliyinin, akademizminin, Məmməd Cəfər müəllim Mikayıl Rəfili dərinliyinin, Bəkir Nəbiyev Firudin bəy Köçərli səliqə-səhmanının, zəhmətsevərliliyinin, fundamentalizminin (və ya təməlçiliyinin), Yaşar müəllim Əli bəy Hüseynzadə fəlsəfi ədəbiyyatşünaslığının, Əkbər Ağayev Əli Sultanlı ensiklopedizminin, Əziz Mirəhmədov Əli Nazim səriştəsinin, Kamal Talıbzadə B.Çobanzadə analitizminin davamçısı və yeni istiqamətdə zənginləşməsidir desəm, bir az subyektiv yanaşsam da onların təhlil məktəbləri, üslubları arasında Çin səddi qoymaqdan yaradıcılıq fərdiyyətini təsdiq etmək, yersiz olmaz fikrindəyəm.

Doğrusu, ədəbiyyatşünaslığımızın bu təməl sütunlarının yazdıqları hər şeyi mütləqləşdirmək fikrindən çox uzağam. Məsələn, 20-30-cu illərin ideoloji yanaşma prinsipini, sovet dövrü tənqidində ifrat sosial-vulqarizmiya Lenin və Azərbaycan ədəbiyyatşünaslığının prinsipcə qəbul etmədiyimi açıq şəkildə ifadə etməliyəm. Bu yanaşmanın adının nə olduğunu və nəyə xidmət etdiyini demək istəmirəm. Çünki bunu hamı yaxşı bilir. Və bu həqiqəti bilmək üçünböyük alim-filan olmağa ehtiyac yoxdur.

Amma zəmanənin gətirdiyi bəlaları normal qəbul etmək də ədalətdəndir. Təmsilçilərin min şəkli olsa da, bir mahiyyəti, anlamı var. Bu, Bəkir müəllimin deyil, rejimin bəlasıdır.

Bu mənada mən müəllimim Bəkir Nəbiyevi yeni Azərbaycan ədəbiyyatı tarixinin yazarlarından və təşkilatçısı kimi, Türkiyədə 5-6 ilə hazırlanan 30 cildlikTürk Dünyası ədəbiyyatı”nın əsas müəlliflərindən biri kimi tanıyıram və sevirəm.

Bəkir müəllimin Azərbaycan türkcəsində saf sular kimi axıcı nitqini, səmimi söhbətini, iddiasız çıxışlarını, barışdırıcı, birləşdirici şəxsiyyətini sevirəm və yüksək dəyərləndirirəm. Hər şeyi – dünyanı, insanı, tarixi iki rəngdə: ağ-qara görmək və aradakı yüzlərlə rəngi, çaları unutmaq yanlışdır.

Bəkir müəllim xeyir-şər adamı, sadə ruhlu xalq ağsaqqalıdır. Mən Yazıçlar Birliyində, müdafiə şuralarında, xaricdə keçirilən tədbirlərdə Bəkir Nəbiyevi çox dinləmişəm, çox müşahidə etmişəm. Hər dəfə onun təvazökarlığına, səmimiyyətinə heyran qalmışam.

Bəkir müəllimin ömür-gün yoldaşı Ədalət xanımla qol-qola gənclərin, övladlarmızın toy məclisinə gəlməsi, qıvraq, nikbin, orijinal rəqsi ilə məclisi heyran etməsi hər kəsə müyəssər olmayan xoşbəxtlikdir, desəm, zənnimcə, səhv etmərəm.

Bəkir müəllim repressiya qurbanı olmuş ailənin, atanın övladıdır. Bu ağır zədənin faciəsini onu yaşamayan çətin anlayıb dərk edə bilər. L.Tolstoy demişkən elə dərdlər var ki, o heç vaxt başqasına danışılmaz.

Bəkir müəllimin Cənubi Azərbaycanda, Türkiyədə və qardaş türk cümhuriyyətlərində necə sevildiyini, sayıldığını eşitmək, oxumaq deyil, görmək lazımdır.

Müəllimimiz Bəkir Nəbiyev akademik ədəbiyyatşünaslığın sütunlarından biridir. Onun bütün yazıları dil-üslub baxımından səhvsizdir desəm, mübaliğəyə yol vermərəm. İmla, üslub, fakt səhvləri olmayan klassik yazılar da Bəkir Nəbiyev yaradıcılığının bizə və gələcək nəsillərə örnək ola biləcək nümunələrdir.

Onu da qeyd etməyə bilmərəm ki, Bəkir müəllim hacıdır və mübarək dinimizin, şəriətimizin şərtlərini, qayda-qanunlarını yerinə yetirən əməlisaleh ziyalılarımızdan biridir.

Sovet aliminin öz mənəvi-dini dəyərlərini bərpa etməsi, prosesiolduqca maraqlı sosial-psixoloji transformasiyadır. Dinimizin cəhalətə, fanatizmə aparan tərəfini deyil, əxlaqi-fəlsəfi mahiyyətini dərk və tətbiq edən Bəkir müəllim həyatı, ailəsi ilə də gənclərə canlı örnəkdir.

Bəkir müəllim bir neçə elm, sənət nəslinin xeyir-duaçısı, yardımçısıdır.

Xeyirxahlıq Bəkir müəllimin həyat kredosudur, desəm minlərlə elm adamının fikrini ifadə etmiş olaram.

Bəkir müəllimin qranit kimi sağlam, qızıl gül yarpağı kimi zərif, saf, ailəsində Nazim İmanov kimi ziyalı-alimin olması şəxsən məni olduqca sevindirir. Mən Bəkir müəlimə, onun ömür-gün yoldaşı Ədalət xanıma, əziz bacımıza, onların övladlarına, nəvə-nəticələrinə can sağlığı, xoşbəxtlik diləyirəm. Arzu edirəm ki, bu müqəddəs ailənin bin-bərəkəti, şan-şöhrəti, nuru dünyayla bir olsun, millətimizə, Güneyli-Quzeyli Vətənimizə ümid versin, dirək, təsəlli olsun.

Nəhayət, mən yazının başlığında və başında bəhs etdiyim qismən açmağa çalışdığım sirrin adını dəqiqləşdirmək istəyirəm.

Bu sirr sadədən sadədir: səmimiyyət və xeyirxahlıq...

Allah qorusun. Amin.

 

 

Kamil VƏLİ

 

525-ci qəzet.- 2010.- 10 avqust.- S.4.