Azərbaycan musiqisinin Oqtay Kazımi itkisi
Bugünlərdə Azərbaycan incəsənətinə daha
bir ağır itki üz verdi. Görkəmli bəstəkar, unudulmaz
mahnılar müəllifi
Oqtay Kazımi avqustun 9-da vəfat etdi. Ömrünün 50 ildən çoxunu
Azərbaycan musiqisinin
inkişafına həsr
edən bəstəkar
musiqimizin zənginləşməsinə
böyük töhfələr
verib.
Xalq çalğı alətləri
üçün konsertləri,
“Millətin oyaq gecəsi” vokal simfonik poeması, “Qarabağ rapsodiyası”, təntənəli uvertüraları,
60 qədər teatr tamaşasına bəstələdiyi
musiqiləri, operettaları
sənətkara böyük
uğur gətirib. Ancaq bəstələdiyi çox sayda məşhur mahnı Azərbaycanda bir neçə nəslin ən sevimli musiqiləri sırasında
yer alıb. Həmin nəğmələr bu gün də sevilir, gələcəkdə
də öz müəllifinin adını,
xatirəsini yaşadacaq.
Mərhum bəstəkarla keçirilən
vida mərasimi dövlət tərəfindən
ona verilən evində təşkil edilib (Lent.az). Dəfn mərasiminə
gələn sənətkarlar
sırasında Aybəniz
Haşımova, Flora Kərimova,
Firuzə İbadova, Yalçın Rzazadə, Gülyaz Məmmədova, Aslan Hüseynov, bəstəkarlardan Faiq Sücəddinov, Ramiz Mirişli, dirijor Ağaverdi Paşayev və başqaları olub.
Xalq artisti Faiq
Sücəddinov Oqtay Kazımini yaxşı tanıdığını, onun
çox təvazökar
və sakit adam olduğunu
deyib: “Bu, Azərbaycan
mədəniyyəti üçün
həqiqətən də
böyük itkidir. Amma onu da
deyim ki, nə qədər biz varıq, onun musiqiləri daim səslənəcək, daim
eşidiləcək və
biz onu yad edəcəyik”.
Vəziyyəti pisləşəndən
son dəqiqələrinə kimi bəstəkarın yanından ayrılmayan Aybəniz Haşımova Oqtay Kazıminin vəfatından böyük
sarsıntı keçirib:
“Çünki mən
Oqtay Kazıminin mənəvi qızıyam.
15 yaşından onun evində, onun tərbiyəsi altında böyümüşəm. Ata itkisi,
ata yoxluğu böyük bir faciədir. Amma bu, ikiqat faciədir.
Çünki Azərbaycan
musiqisindən də çox böyük insan gedir. Mən
onun çox musiqilərini ifa etmişəm. Məxsusi mənim üçün yazdığı əsərləri
vardı. Artıq mən yetim və kimsəsiz qaldım bu sənətdə. Oqtay müəllim sağ idi deyə mən
rahat idim. İndi tamam qırıldım. Daha oxumaq istəmirəm, sənəti tərk etmək istəyirəm. Gülarə xanımın,
Şövkət xanımın
ölümündən sonra
məni ayağa Oqtay müəllim qaldırdı. Ancaq daha o da yoxdur.
Bircə onu bilirəm ki, Oqtay Kazıminin nəğmələri dillər
əzbəridir və
həmişə də
yaşayacaq”.
Xalq artisti Yalçın
Rzazadə Oqtay Kazımilə birgə çətin, ağır
və xoşbəxt günlər keçirdiyini,
ilk oxuduğu mahnılarının,
sənət yolunun Oqtay Kazımi ilə çox bağlı olduğunu söyləyib: “Bizim çox yaxşı münasibətlərimiz olub.
Hətta Oqtay Kazımiyə, Cabir Novruza və mənə “qızıl üçlük” deyirdilər.
Ona görə də bu itki
mənim üçün
çox ağırdır.
Oqtay Kazımi böyük bəstəkar
idi. Azərbaycan musiqisində danılmaz xidmətləri var. Onun kimi sənətkarlar təkrarsız olur. Bir də həyata
gəlmir. Allah onun ruhunu şad eləsin!”
Mərhumun oğlu İlqar Kazımov atasının 2 aya yaxındır ki, özünü yaxşı
hiss etmədiyini, son 3 gündə
isə vəziyyətinin
daha da ağırlaşdığını
bildirib. O, dəfnə
mədəniyyət və
turizm nazirinin müavini Sevda İbrahimovanın və Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayevin də gəldiyini vurğulayıb. İlqar Kazımovun sözlərinə
görə, Mədəniyyət
və Turizm Nazirliyindən, Bəstəkarlar
İttifaqından kömək
təklif olunsa da, ehtiyac görmədikləri
üçün imtina
ediblər.
Vidadan sonra bəstəkarın
cənazəsi səssiz-səmirsiz,
sakit notlar altında son mənzilə
yola salınıb. Mərhum sənətkar, öz vəsiyyəti üzrə, Xırdalanda ailə qəbiristanlığında
dəfn olunub.
Allah rəhmət eləsin!
525-ci qəzet.- 2010.- 12 avqust.- S. 4.