Nəşrlərdə
kənara qoyulmuş mətbu əsərləri
Üzeyir
HACIBƏYLİ-125
Milli
iftixarımız Üzeyir Hacıbəylinin anadan
olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd
edəcəkdir. Hazırlıq işləri
artıq başlanmışdır. Üzeyir
bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən
də, neçə ildir ki, bu dahi şəxsiyyətin
yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə
kənara qoyulmuş, hətta heç yerdə adı belə
çəkilməyən mətbu əsərlərini aramaqla
məşğulam. Hələlik
1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc
olunmuş 150-dən artıq əsərini toplamış,
onları ərəb əlifbasından müasir əlifbaya
çevirmişəm. Bu əsərlərlə
oxucuları “525-ci qəzet” vasitəsilə tanış
etmək istədim.
(Əvvəli ötən şənbə
saylarımızda)
Beşinci üzv seçmək məsələsi
Şəhər
idarəsinə beşinci üzv seçmək məsələsində
müxtəlif rəylər izhar ediləcəgi şübhəsiz
idi. Bu müxtəlif rəylər
nədən əmələ gəlir?
Əvvəla
– ümumi mənfəəti nəzərə almamaqdan.
Saniyən –
ümumi mənfəəti nəzərə almaqdan.
Salisən –
“prinsib” şərtini nəzərə almaqdan.
Ümumi mənfəəti
nəzərə almayanların rəyi böylə
mühüm işdə nə qədər zərərli
olmağı şübhəzisdir. Mənfəəti-ümumiyyəni nəzərə
almayıb da qərəzi-şəxsi ucundan layiqli bir adamı
seçdirməgə razı olmayanlar və yaxud istədigi
bir adamı heç bir ləyaqəti olmaya-olmaya –seçdirməgə
səy edənlər şübhəsizdir ki, cəmaət
xeyirxahı degildirlər.
O ki qaldı mənfəəti-ümummiyyəni
nəzərə alıb namizəd nişan verənlərə
– onlar da nə qədər cəmaət
xeyirxahlığına və şəhərimizin abad
olmasına çalışmaları şayani-təhsindirsə,
yenə də bunlar “prinsib” məsələsini də nəzərə
almasalar, təəssüf ediləcək nəticələr
hasil olar. İş bundadır ki, şəhərimizin ən
nüfuzlu əhalisindən və əlasinnilərindən
Hacı Zeynalabdin Tağıyev cənabları keçən
gün “Kaspi”də yazmış olduğu məktubuna görə
– şəhər idarəsinin beşinci əzalığına
degil, Bakıdan və ya Qafqazdan, bəlkə Rusiyadan bir nəfər
kamil adam gətirilməsini təklif
ediyorlar. Hacı cənablarının böylə
bir təklifdən məqsədi şəhərimizə və
cəmaətimizə mənfəət yetirmək istədiginə
heç şübhəmiz yoxdur. Zatən şəhər
dumamızın rəisi (qlavası) dəxi Hacı cənablarının
təklif və vəsatətilə Rusiyadan gətirilib və
şəhərimizə də az xidmət
etmiyibdir. Məsələn, şəhərimizin
ehtiyacatına və baxüsus su işinə sərf olunmaq
üçün hökumətdən yüngül şərtlər
ilə 20 milyon manat borc almağa müvəffəq olubdur.
Bundan başqa qlavamızın filhəqiqə başlı bir adam olduğu aşkardır.
Lakin Hacı
cənabları şəhərimizə mənfəət
yetirməkdə fəal və kamil adamların özgə yerlərdən
gətirilməsini təklif etdikdə “prinsib” məsələsini
nəzərdən kənar qoyurlar. O məsələ bundan ibarətdir ki, biz gərək
öz-özümüzü idarə etməgi öyrənək.
Ona binaən böylə –nisbətcə xırda olan işlərdə
öz adamlarımızın qüvvət və biliginə mərhəmət
edək ki, haman adamlarımız böylə işlərə
mübaşir olmaqla öz vəzifələrində məharət
və mələkə kəsb etsinlər və bu gün –
sabah ölkəmizdə tətbiq ediləcək zemstvo –
işlərində də hazır və təcrübəli
adamlarımız olsun və bununla – “Qafqaz zemstvo
üçün hazır degil” – deyən pruşkeviçlərin
ağzı bir dəfəlik yumulsun.
Hacı cənabları öz məktubunda
yazıyorlar ki: “Şəhər idarəsinin beşinci əzası
şəhərə su gətirmək işinə məşğul
olmalıdır. Bu işin xatirəsi
üçün də şəhər 20 milyon borc edibdir.
Bakıda –su-işini mükəmməl bilən adamlar
vardırlarsa da, onlar öz xüsusi işlərinə məşğuldurlar...”.
Lakin bəlkə bu adamlar öz xüsusi işlərindən
əl çəkib də bu işi boyunlarına götürərlər
və yaxud öz xüsusi işləri ilə bərabər
bu işi dəxi gözəlcə apara bilər! Bakıda və ya Qafqazda bu –su işini boynuna
götürüb layiqincə apara bilən adamlarımız
yoxdur məsələsi hələ qəti surətdə həll
olunmuyubdur. Yaxşı degilmi ki, əvvəlcə
öz içimizi axtaraq, bədə özgələrə
müraciət edək.
Su işini dürüst bilən adam qabil və kamil olmaqla bərabər,
Qafqazın özünü, əhalisini və Qafqaz məişətində
mövcud olan şəraiti də dürüst bilməlidir.
Bunu da şübhəsizdir ki, özümüzdən başqa
özgəsi yaxşı bilməz!
Yoxsa, əgər
bu işdə – ölkəmizin şəraiti, əhalisi, dili nəzərə
alınmaq lazım degilsə, o halda içəri Rusiyaya
müraciət edincə Frangistana müraciət olunsa, daha
yaxşıdır. Çün
ki əgər məsələ yalnız bir qabillik və
kamillik üstündə isə Firəngistanda daha qabil və
kamil adamlar vardır...
Üzeyir
“Həqiqət” qəzeti, 14 fevral 1910, ¹36
mələkə – vərdiş
RUSİYADA
Bir neçə
zamandan bəridir ki, Rusiyada bir neçə mühüm siyasi
hadisələr əmələ gəldi. Bunlardan əvvəlincisi
Rusiya dövləti ilə Avstriya dövləti arasında vaqe
olmaq üzrə olan müvafiqət. İstər
Rusiyada, istər məmaliki – əcnəbiyyədə hər kəsin
diqqətini cəlb etmiş olan bu müvafiqət əsl və
əsası Balkan məsələsidir. Balkan
şəbəh cəzirəsində yaşayan dövlətlərə,
yəni Bolqar, Serbiya, Qaradağ, Türkiyə, bu
axırıncının, yəni Türkiyənin təcrid həyatından
sonra başqa bir hal kəsb etdi. O cümlədən, əvvəllərdə
Türkiyənin bir vilayəti ədd olunan Bolqariya kəsbi –
istiqlal etdi. Əvvəllərdə Rusiyanın
və Avstriyanın nüfuzuna tabe olan bu dövlətlər,
bu gün özlərini bilkülliyə müstəqil hesab
etmək istədilər. Rusiya dövləti
də slavyan dövlətləri olan Bolqariya, Serbiya və
Qaradağın istiqlaliyyətindən məmnun idi. Hətda Rusiya tərəfindən Balkan dövlətlərinə
tövsiyə olmaq üzrə bu məsələ ifa
edilmişdi ki, bu dövlətlər və aralarında bir
federasyon, yəni ittifaq təşkil etsinlər. Kimi diyordu ki, öylə bir ittifaqın
başında Türkiyə və bəziləri də
Bolqariya olmalıdır-diyordular. İştə bundan bir
qədər sonra indi ki, məhafili – siyasiyyədə başqa
bir məsələ danışılmağa başlandı:
bu məsələ həmal fövqəlzikr Rusiya-Avstriya
müvaqfiqəti məsələsi idi, indiyə qədər
davam edib hələ qəti surətdə həll olunmuyubdur. Rusiya-Avstriya müvafiqəti məsələsini
birinci qovziyan Avstriya olubdur. Anlaşılır ki,
Rusiyanın Balkandaki nüfuzi və Balkan dövlətlərindən
“federasion” təklifi Avstriyanı bir qədər gələcək
əndişəsinə salıbdır ki, indi Rusiya ilə bir
növ müvafiqət axtarır ki, Balkan məsələsini
yatırda bilsin. Rus qəzetələrinin əksəri
bu Avstriya – rus müvafiqətinə bədbinanə nəzər
ilə baxırlar və Rusiyanı xəbərdar ediyorlar ki,
Avstriyanın “hiyləgir” vəzirlərindən çəkinsinlər.
İkinci
hadisə Bolqariya çarı (padşahı) Ferdinandın
öz zövcəsi ilə Rusiyaya gedib, bu günlərdə
imperator ilə görüşmələridir. Şübhəsizdir ki,
Bolqariya hökmdarının bu səfəri Rusiya və
Avstriya müvafiqəti məsələsinə bir dərəcəyə
qədər bağlıdır. Fəqət
əhvaldan müxbir adamlar Bolqariya padşahının bu səfərində
siyasi bir rəng olmadığını isbata
çalışırlar. Bir də bu
axır zamanlarda Türkiyə ilə Bolqariyanın arası
bir qədər gərginlik halındadır. Qəzetəmizin dünənki və bu günkü
nömrələrində Əhmədbəy Ağayev cənablarının
məqalələri buna dair müfəssəl məlumat verir.
Üçüncü
hadisə Fransa parlaman əzalarından beynəlmiləl
parlaman üzvlərinin Rusiyayı ziyarətləridir. Bunların bu ziyarətindən
məqsud Rusiya ilə və rus parlamanı ilə
dürüst aşina olmaq və aralarında müvəddət
vücudə gətirmək idi. Parlaman əzaları
Peterburqu ziyarət edib imperator həzrətləri ilə
mülaqat etdilər. Bədə Peterburqdan
Moskvaya gedib köhnə paytaxtı dəxi tamaşa edibdirlər.
Moskvada əzalara
Qafqaz restoranında nahar veribdirlər. Qafqaz tələbələri dəxi
burada hazır olub milli oyun və musiqilərilə firəng
qonaqları aşina edibdirlər. Nahar əsnasında,
müsəlman duma vəkillərindən firəng dilini
mükəmməl surətdə bilən Maksudov cənabları
bizim Qafqazın tarixindən və indiki halından və gələcəgindən
qonaqlara firəng dilində gözəl bir nitq söyləyibdir.
Firənglər çox razı
qalıbdırlar.
Dördüncü hadisə isə, bu il Dövlət dumasının dövlət
işlərində vəzirlərdən daha iqtidarlı olduqlarını
bildirmələridir. Böylə ki, maliyyat vəziri Kokovsev
Rusiyanın 1910-ncu ili büdcəsində
dövlətin genə borcsuz keçə bilməyəcəgini
qabaqdan xəbər verirdi. Lakin dumanın maliyyat komissiyası
1910-ncu il üçün büdcə
smetasını öylə məharət ilə tərtib
edibdir ki, dövlətin mədaxili məxaricindən hətta
bir qədər çox çıxır. Deməli, artıq
Rusiyanın bu il borca girməyəcəyini
duma təmin edibdir. Bundan sonra Rusiyada parlamentin
dövlət üçün mənfəəti
aşkardır.
Üzeyir
“Həqiqət” qəzeti, 18 fevral 1910, ¹ 40
mühəvvəl –həvalə edilmiş
müvafiqət –uzlaşma
müvəddət –mehribanlıq, sevmə
CÜMƏ MƏSƏLƏSİ
Bu günlərdə
Dövlət dumasında bayramlar haqqında müzakirə
olunacaq idi ki, görək işçilər, əmələlər
və ümum cəmaət hansı gündə öz gündəlik
işlərindən fariğ olub həftədə bir dəfə
istirahət etsin. Böylə bir gün məlumdur ki, xristiyan aləmində
yekşənbə, islamda cümə və musəvilərdə
də şənbə günləridir. Məsələn:
İngiltərədə qaidə bu belədir ki, bazar
günü hər yer bağlanar. Yəni
bütün bazar –dükan, dəvairi –rəsmiyyə müəssisələr,
hətta dəmir –filan, hamısı o günü tətil edərlər.
Xülasə,
bu məsələ dumada müzakirə ediləcəgini biz
bilib də arxayın idik ki, düma xristiyanlardan ötrü
yekşənbəni, müsəlmanlardan ötrü cüməni
və musəvilərdən ötrü də şənbəni
qərar qoyacaqdır ki, heç bir millətə təzyiq olunmasın. Və heç bir millətin
bu din və milli hüququ paymal edilməsin. Hətta bəzi
şəhərlər, məsələn Orenburğ şəhəri
müsəlmanları “Vəqt” qəzetəsi
yazdığına görə dümadaki müsəlman
fraksiyası sədri adına bir teleqram
göndərib bu məsələdə müsəlmanlar,
xristiyan bayramlarını bayram tutmağa məcbur edilməsin
–deyə bir rica etmişdilər. Böylə bir
teleqram dumanın öz sədrinə dəxi və ondan
başqa Orenburğ məbuslarına da göndərilmişdir.
Lakin dünən
“Kaspi” qəzetəsində görürük ki, Dövlət
duması bizim ümidimizə və müsəlmanların
ricasına rəğmən bu məsələyə razı
olmuyub qərar qoyubdur ki, müsəlmanlar da, musəvilər də
yekşənbə günləri tətil etsinlər. Dümada 194 nəfərin
11 nəfərə qarşı əksəriyyətilə
cümə məsələsi batıbdır. Deməli,
bir zamandan sonra elə ki, dumanın bu qərardadi qanun
olacaqdır, bütün müsəlmanlara və musəvilərə
əmr olunacaqdırlar ki, yekşənbə günləri
bazar –dükanları və başqa müəssisələri
(ola bilsin ki, milli məktəbləri dəxi)
bağlasınlar. O halda müsəlmanlar gərək ya
cümədən bilmərrə əl çəksinlər və
ya həftədə iki dəfə bayram etsinlər. Bu isə əvvəlinci surətdə təzyiqi
–hüquqdur. İkinci halda maddi zərərdir.
Və halon ki, bazar günləri müsəlmanlar
daha çox alver edirlər. Dumanın, yəni
parlamanımızın böylə bir qərardaddan məqsədi
nədir? Məqsəd iki ola bilər:
ya ruslaşdırmaq məsələsi və yainki ticarət məsələsi.
Hərçəndi “Kaspi” qəzetəsi ikinci məqsədi
səbəb görür. Amma bizcə ikisi
də var, çünki, Pruşkeviçlər ilə dolu
olan dumadan böylə şeylər gözləmək
mümkündür. Müsəlman deputatları Sirtlanov
cənablarının sözü ilə, dumanın bu qərardadından
rəncidəxatir olub qərardada qarşı bir protest olmaq
üzrə nümayişkaranə bir surətdə dumadan
çıxıb gedibdirlər...
Zatən
yekşənbənin xristiyanlar və cümənin də
müsəlmanlar tətil etmələri hər iki tərəfdən
ötrü yaxşıdır. Çün ki, əhali hər bir halda bazarda və nərədə
olur-olsun, iş görə bilərlər. İndi
bir ümid qalıbdır ki, bəlkə Dövlət
Şurası və hökuməti –milliyyə dumanın bu qərardadını
qəbul və təqdis etmiyə.
Keçən
gün Dövlət dumasında cümə məsələsinin
batmağını, yəni cümənin ümumrusiya müsəlmanları
üçün rəsmi bir tətil günü hesab edilməsini,
qəzetəmizdə yazmışdıq. Duma əksəriyyətinin
igirmi –otuz milyonluq müsəlmanlara qarşı göstərmiş
olduğu bu hərəkət gələcək
üçün yaxşı əlamət degildir. Yəni böylə bir əksəriyyətə malik
olan dumadan bundan sonra müsəlmanların bir mənfəət
gözləməsi çox şübhəli
görünür. Cümə günü
nədir? Cümə günü müsəlmanların
qədimdən bəri təyin edilmiş əziz bir
günüdür. Bazar günü
xristianlardan ötrü nə isə cümə də müsəlmanlardan
ötrü odur. Müsəlmanların
cüməni tətil etmələrində nə rus dövlətinə,
nə hökumətə, nə də bir kəsə bir zərəri
olmuyor. Ancaq müsəlman camaatı bu əziz
gündə bir qədər istirahətə məşğul
olmaqla cümə ehtiramını da riayət etmiş olurlar.
Rus, erməni və sair xristianlardan ötrü
bazar günü işləmək nə qədər ağırdırsa,
müsəlmanlardan ötrü də cümə günü
bir o qədər ağır görünür. Ümum dövlətə mənsub olan bayramları,
misal xanədan imperatoriyyə məxsus günlərdə
bayram etməgi müsəlmanlar kamali şövq və həvəs
ilə qəbul ediyorlar.
Çün
ki, o günlər bilatəfriq cins və millət ümumrusiya
təbəəsinə məxsus günlərdir. Lakin bazar günü
dövlət bayramı deyildir. Bu gün dünyada olan
bütün xristiyanlara məxsus bir tətil günüdür
ki, o günü tətil etməgə islam
əhlini də məcbur qılmaq hürriyyəti –ədyan və
məzhəb tərzinə bilkülliyə zidd və
müxalif bir hərəkətdir. Təəccüb
də burasıdır ki, böylə bir hərəkət
dövlətimizin parlamanında baş verir. Halbu ki,
böylə bir nagüvara qərardad əvvəl müsəlmanlardan,
məsələn Orenburğ müsəlmanları həm duma
sədrindən, həm də dumadakı müsəlman
fraksiyasından rica və iltimas etmişdilər ki, müsəlmanlar
üçün tətil günü cümə olsun .
Öylə
ki, dumanın bu qərarı Dövlət Şurasından
keçib imperator həzrətləri tərəfindən də
təsvib və təqdis edilərsə, qanun surətinə
girib icrası ümuməhali üçün məcburi olar. Yəni bazar günləri
müsəlmanlar dükanlarını və hər bir müəssisələrini
və hətta məktəb və mədrəsələrini
bağlamağa məcbur olarlar. Onda nə
olar?
Onda bu olar ki,
müsəlmanlar ya birdəfəlik əziz günləri olan
cümədən əl çəkərlər və yaxud həftədə
iki dəfə –həm bazar və həm də cümə
günləri tətil etməgə məcbur olarlar. Bu isə mənfəət
degildir. Pəs nə etməli? Əlbəttə, dumanın bu qərardadi hələ
qanun surətinə girməyibdir. Öylə
olan surətdə yığılıb müctəma ərizələr
və ərizi –hallar göndərməlidir. Nərəyə? Lazım olan
yerlərinə, Dövlət dumasına, öz vəkillərimizə
–ki bu barədə təkrar lazım olan tədbirlərə təvəssül
etsinlər. Bilaxirə, vəkillərimizdən
sormaq ki, cəmaət üçün nə surətdə və
nərəyə müraciət etmək lazımdır. Hər halda əgər böyləcə laqeydanə
baxarsaq –heç bir yerdən etiraz görməyən duma əksəriyyəti
bu hərəkətindən cüzi də peşiman olmuyub,
etiraz edə bilən bir və ya iki nəfərə kəmali
–vüqar ilə deyə bilərlər ki, bizim bu qərarımıza
müsəlman cəmaəti etiraz etmədi. Görünür ki, burada əhəmiyyətli bir
şey yoxdur. Yox müsəlmanlar tərəfindən
aqilanə və müdəbbiranə bir surətdə etirazlar
baş verərsə, o halda etina edən də olar və
çox ola bilər ki, duma qərarını
təğyir etməgi lazım görür. Lakin biz müsəlmanlarda
tərs kimi bir qəbih xəsiyyət vardır ki, həmişə
iş –işdən keçəndən sonra tədbir almağa
başlarıq və heç bir şeyə də müvəffəq
olmuyub, sonra dünyadan şikayət edərik. Bu
dünya heç, o dünya bizə lazımdır –deyərik.
Bu dünyada daim miskin, xar və zəlil
olmamıza qane olub da, həyatımızı
çürüdürük. Fars deyir ki, əlaci vaqeə
piş əz vüqu bayəd kərd-bu zərbülmisal bizdə
nə qədər çox işlər isə, bir o qədər
də mənasına az əməl olunur. Biz həmişə “piş əz vüqu” əvəzinə
“bədəz vüqu” başlarıq. Əgər cüzi
işlərimizdən tutmuş ən böyüklərinə
qədər “bədəz vüqu” iş görməgə
başlarıq. Birisi naxoş olur: lakin təbib,
dərman dalınca getmiyirlər, azar artır. Axırda
azır: kişi can verməgə bircə
saət qalmış təbib dalınca yügürürlər.
Təbib də görür ki, artıq iş –işdən
keçibdir. Daha əlac yoxdur. O halda
başımıza dögürük, üzümüzü
cırırıq, çığırırıq,
bağırırıq, əlimizdən də heç bir
şey gəlmiyib, axırda xar və miskin bir halda sakit oluruq,
özümüzə təsəlli veririk ki, bəli, qəzavü
–qədər imişdir. Görünür ki, alnımızda
böylə yazılmış imiş ....
İndi böylə bir əhəmiyyəti olan
cümə məsələsində də hələ dinmirik,
guya heç bir zəddan xəbərimiz yoxdur. Bir zamandan sonra bazar günləri bizi tətilə məcbur
edəndə, guya ayılıb bir qədər etiraz –filan da edəcəyik,
onda da şübhəsiz bir şey çıxmayacaqdır.
O halda alnımıza öylə yazılmış-deyib sakit
olacıyıq.
B.T. Məqaləmizi qurtarmışdıq
ki, “Kaspi” qəzetəsini açıb bu xəbəri oxuduq:
“Orenburğ
–Bazar günü hökumət izni ilə müsəlmanlar
şəhər teatrosuna yığılıb Dövlət
dumasının qərar qoymuş olduğu tətil məsələsi
xüsusunda müzakirə etdilər və böylə nəticəyə
gəldilər ki, dumanın qərardadi müsəlmanları
çox olan yerlərdə mümkün olan əmr degildir. Və bir də bu qərar manifesti –ali tərəfindən verilmiş hürriyyət
və vicdan əsasına müxalifdir. Orenburğdan
başqa Orsəq, Çelyabinsk və Pervaysk şəhərlərində
də müsəlmanların yığıncağı
gözlənir. Şübhəsizdir ki, əgər
Qafqaz şəhərləri dəxi hərəkətə gəlib
bu yolda hökumət izni ilə yığıncaq qurub Rusiya
müsəlman qardaşlarımıza iştirak etsələr,
çox ümid var ki, nəticədə bir şey də hasil
olar. Bu cürə mühüm məsələlərdə
həmrahlıq hər bir şeydən vacibdir.
Üzeyir
“Həqiqət” qəzeti, 6, 12 may 1910,
¹ 101, 106.
fariğ –asudə
DUMAMIZ
Mayın 7-də
şəhər idarəsində vaqe olan iniqad o qədər əhəmiyyətli
imiş ki, hətta qlasnı olub da üç ildən bəri
bir dəfə olsun ağızlarını açmiyan
qlasnılar dəxi “zəbanə” gəlib söz
söyliyibdirlər. İş bundadır ki, şəhər idarəsinin
qiymət qoyan komitəsindən və bir də idarənin
özündən çox şikayətlər var ki, mülklərin
qiyməti həqq ilə təyin edilmiyor. Kimə
baha qiymət qoyurlar, kimə ucuz və hətta
danışırlar ki, baha qiymət kasıblara, ucuz isə zənginlərə
qoyulur. Sırağa günki iniqad da
qlasnılardan Ağamalıbəgov qiymət qoyan
komissiyanı və bir də idarənin özünü ittiham
ediyor ki, bəzi yerlərdə evlərə o qədər ucuz
qiymət qoyulubdur ki, “insanı şübhələrə
salır”. Şəksizdir ki, idarə əzaları
böylə bir ittihamdan rəncidəxatir olub tələb edir
ki, bu sözləri isbat etsin. Qərar
qoyulur ki, komitənin qiymət qoyduğu işlər
ümumisi Ağamalıbəgova verilsin ki, qiymətləri təhqiq
edilib ittihamını isbat etsin. İndi əgər
Ağamalıbəgov öz sözlərini isbat edə bilərsə,
o halda töhmət altına düşsün. Əzaların borcu –Hacıyev demişkən istehfa
verməkdir. Yox, əgər isbat edilməzsə,
özü istehfa verməlidir. Təəccüb
burasıdır ki, şikayətlərin bir çoxu –biz
bildigimizə görə –evlərə baha qiymət
qoyulmasına dairdir. Halbu ki, Ağamalıbəgov
cənabları isə tərsəsi ilə əzaları
ittiham ediyor. Hər halda çox ola
bilər ki, Ağamalıbəgov təhqiq işinə
başlayıb da bəzi yerlərdə həddən ziyadə
qiymətlər qoyulduğunu da tapa bilər. Hər
halda gözləyək görək Ağamalıbəgovun təhqiqatından
nə çıxacaqdır. Çünki, onun
ittihamı çox böyük ittihamdır və artıq
qilü-qala səbəb ola bilər. Aşağıda şəhər idarəsində bu
xüsusda vaqe olmuş iniqadi dərc ediriz.
Üzeyir
“Həqiqət” qəzeti, 9 may
1910, ¹ 103
UŞAQ
İstəyirəm
sizə bir-iki kəlmə söz deyəm, amma
özünüz bilirsiniz bizdə bir adət var ki,
böyüklər yanında kiçiklər danışmaz. Mən də indi istəyirdim
sizə bir-ikicə söz yazam, amma vallah, çox qorxuram.
Çünki, siz bir qoca və molla kişi,
mən bir “dünənki uşaq”. Necə ola
bilər ki, oturam sizinən adam kimi danışam.
İndi mən
də öz yanımda belə qət eləmişəm ki, gərək
böyüyüb-böyüyüb lap yekə oğlan olana
kimi gözləyim, heç danışmayım. Amma bircə dərd burasındadır ki,
bilmirəm mən bu zəhrimar “kiçiklikdən” və
“dünənki uşaq”lıqdan nə vaxt qurtula biləcəyəm?
Çünki sən əgər 25-30 yaşında da olsan, yenə
özündən beş yaş
böyük adamın yanında lal olasan, ələlxüsus
ki, bəy, xan və dövlətli olmuş ola. Çünki,
hər halda sən kiçiksən, böyüyə hörmət
lazımdır.
Əgər mümkün olsaydı, mən
sizdən iki kəlmə söz soruşardım: əvvəl
onu soruşardım ki, görəsən, heç qaranlıqda
işıq ola bilərmi, ya yox?
Biz indiyə
kimi görmüşdük ki, işıq bir elə qüvvədir
ki, həmişə dörd tərəfini aydın eləyir,
hər şey aşkar görünür. Amma bizim şəhərdə
bir “İşıq” çıxıb öz ətrafı hələ
qaranlıqdır ki, göz-gözü görmür. Bu da bir belə qəribə işıqdır.
Əvvəl
yevropalılar elə bilirdilər ki, bu təzə
çıxan işıq yəqin “Rentgenin” tapdığı
işıq kimi və ya “Radi”dən əmələ gələn
işığa bənzəyir. Sonra gördülər, xeyr, bu da bir
cürə işıqdır ki, özü gözə
görünmür və ətrafında olan şeyləri də
adama açıq göstərir və dörd bir yanına elə
işıq saçır ki, nəinki, üzərində olan
şeyləri, hətta insanın bədəninin içində
olan sirri də göstərir. Bu günlərdə
Yevropadan buraya bir neçə alimlər gəlmişdilər
ki, görsünlər ki, bu təzə tapılmış
işıq nə cür şeydir. Amma nədənsə
olar burada çox qalmayıb qoyub vətənlərinə
getdilər. Belə deyirlər ki, həmin
yevropalılar nə qədər çalışdılar, bu
işığın nə cür möcüz olduğunu
heç başa düşə bilmədilər.
Kafirlər elə
bilirlər ki, biz elə həmişə oların icad elədiyini
başa düşməyəcəyik. İndi gəlsinlər görək olar da
bizim aramızda təzə-təzə çıxan şeylərdən
başları çıxarmı? Vallah ki, heç
yüz il də çabalasalar, bir şey
qanmazlar. Olar hələ getsinlər qanqal otlamağa!
O ki qaldı biz, biz də vallah, əvvəldən
çox sevinirdik və dedik: İlahi! Sənə
şükür, biz də axırda təzə bir belə
yaxşı şey icad etdik. Çünki,
zindanda olana azadlıq, qaranlıqda olana əlbəttə,
işıq lazımdır. Sevindik ki, bəli,
zülmətdə qalmış bacılarımızın
üstünə bir gün düşdü. İnşaalah, buları zülmətdən və
zindandan xilas edib işıqlığa çıxardar.
Bəli, biz
belə bildik. Amma qəzanın işi özgə imiş.
Yenə bir iş də var, onu da sizə indi diyirdim. Ancaq atam mənə
öyrədib ki: “Uşaq çox danışmaz!”. Ona görə indi gərək
kiriyim, lal olam, mal olam. O vaxta ki, lap böyük ollam, onda
yenə sizdən bir şey soruşacağam.
Soruşacağam ki: “Molla baba! Məni başa sal görüm “Nicat” sözü nə
deməkdir?”
Bilmirəm
vallah, doğrudumu? Amma burda bir
para adamlar deyirlər ki, “Nicat”, yəni günün günorta
çağı (nə təhr adam olur,
qoy olsun) alladıb öz evinə salıb, yaxşıca
döyüb, baş-qulağını əzib, yola salmaq. Bax əsl nicat bundan ibarətdir.
Çünki,
bilirsinizmi? Adam
döyüb hirs soyutmaq, adamı qanına bulaşdırıb
intiqam almaq, bizim aramızda ata-babadan qalma və müqəddəs
bir adətdir. Buna görə də adam
baş-qulağı əzməyə təəccüb eləmək
heç lazım gəlmir, çünki, bu da bu cür
nicatdır.
Bəli, molla
baba, belə şeyləri sizdən xəbər almaq istəyirəm. Nə faidə ki, hələ bir az uşağam. Allah qoysa lap
qocalanda bu şeylərin hamısını sizinlə
danışaram. Amma, inldi gərək kiriyəm.
Çünki böyüklərə hörmət
lazımdır.
Lal uşaq
(Ü.Hacıbəyov)
“Molla Nəsrəddin”, ¹27, 27 iyul 1911
HAMAM
Zaman iki insan
hamama daxil olur, görür ki, hamamda “Müsavati –tammə” (tam
bərabərlik) bərpadır, yəni hamı lüt və
üryan olub ümumi bir sifətlə mövsufdurlar. Kənardan gələn adam
heç vaxt bilə bilməz ki, bu lüt adamların sənəti
nədir, kim nə karədir və nə yola qulluq edir. Çünki surəti-zahirdə hamı bir
dondadır, bir sifətdədirlər. Amma eylə ki, bu
lütlər hamamdan çıxır və hər kəs
öz əsl donuna girir, o halda kənardan baxanın gözləri
açılır, onda məlum olur ki, bu adamların biri molla
imiş, biri həammal (hambal) imiş, biri bəy, biri
qoçu, biri uçitel, biri baqqal, biri nə bilim nə
imiş, qərəz məlum olur ki, hamamdakı müsavat
müvəqqəti imiş. Bəlkə əsl həqiqətdə
hər kəsin özünə məxsus donu varmış...
1905-ci sənədə
mən Bakıya daxil oldum. Daxil olub da öz-özümə çox
sevindim. Çünki Bakıda olan müsəlmanların
hamısını bir sifətdə gördüm. Molla, tacir, bəy, qoçu, yazıçı,
neftçi, milyonçu, uçitel, hamısı bir rəngdə
idilər. Və hamısının ağzından
tökülən söz bu idi: Müsavat, ədalət,
üxüvvət (qardaşlıq).
Öz-özümə dedim:
Pəh, pəh, pəh! Cəmaətimiz
ayılıbdır.
1906-cı sənə gəldi-genə haman sifət, haman rəng. Genə pəh-pəh,
pəh!!!
1907-08-ci sənələr
gəldi. Bir də
baxdım gördüm nə? Adamlar bir-bir
hamamdan çıxırlar və hər kəs öz həqiqi
donuna girir. Onda bildim ki, Bakı o zaman hamam
imiş.
Bəli, elə ki, hər kəs öz
donuna girdi, Bakı yavaş-yavaş qaynaşmağa
başladı... Müsavat, üxüvvət
sözləri əvəzinə özgə sözlər
söyləndi. Birinə gəlmə dedilər,
birinə yerli dedilər, döymək, öldürmək,
qovmaq kəlmələri asimana bülənd oldu.
Qafqaz müsəlmanlarının
bir danə mərkəzi olan Bakıda min danə mərkəz
əmələ gəldi. Bu mərkəz sahibi olan şəxslərin
başındakıları da bir neçə mərkəzə
bölünüb hər mərkəzdən bir avaz
çıxdı. Bakı oldu
qatıqlı aş.
Bircə
bunları deyən yoxdur ki, ay cəmaət, axı nə olub,
bu nə hay-küydür, bu nə erməni bazarıdır, bu
nə zənənə hamamıdır.
Hərgah
hal-hazırda sizi qaynaşmaya salan Tağıyev-Behbudov əhvalatıdırsa,
mən imanım hay-küyünüz saxtadır. Sizin nə Tağıyevə
yazığınız gəlir, nə də Behbudova. Mən bilirəm ki, sizin bir paranızı
qızışdıran Tağıyevin adı, sanı, ələlxüsus
puludur. Bir paranızı hay-küyə
salan-aranı qarışdırıb mənfəətbərdar
olmaq arzusudur. Bir para Mustafa bəy Əlibəyov
kimiləri zingildədən yalançı pəhləvanlıq
həvəsidir ki, o da başın boşluğuna dəlalət
edər.
Bəli,
gün o gün oldu ki, Bakıda hər kəs öz əsl
donuna girdi və özünü bildirdi. İndi hərif istəyirəm ki, bu
adamların indiki əsl surətlərini yadında saxlayıb
iqtizai-zəmanə görə bu əsl dondan
çıxıb özgə bir dona girmək
istədikləri vaxt əlbəyaxa olub desin ki: Xeyr! İndi aslan dərisinə girməklə bizi aldada
bilməzsiniz. Biz sizin, əsl dərinizi vaxtında
görmüşük və kim
olduğunuzu yaxşıca bilirik, vəssəlam.
Şeir:
Sən murdar donunu çıxardıb
hamama girirsən ki,
murdarlığını təmizliyəsən,
Amma mən bilirəm ki, hamamdan
çıxan kimi
genə o murdar dona girəcəksən,
ay yazıq!
Hamamçı
(Ü.Hacıbəyov)
“Molla Nəsrəddin”, ¹28,
4 avqust 1911
Üzeyir HACIBƏYLİ
Şirməmməd Hüseynov
525-ci qəzet.- 2010.- 14 avqust.- S. 20-21.