Ömrün
birinci yüz ili
Mayın
19-da Rəsul Rzanın 100 yaşı tamam oldu. Mən
şairin adının qarşısında heç bir epitet
yazmadım. Halbuki, Xalq şairindən Sosialist Əməyi Qəhrəmanınacan
bir çox fəxri adları, orden-medalları,
mükafatları sadalamaq olardı.
Rəsul
Rza 50-ci illərin əvvəlində Stalin mükafatı da
almışdı. 60-cı illərin əvvəlində Lenin
mükafatı da ala bilərdi. Amma şairin bəzi
qələm dostları Bakıdan Moskvaya imzalı-imzasız o
qədər donoslar yazıb, yazdırıb şairi
antisovetçilikdə, millətçilikdə, formalizmdə
və başqa neçə-neçə “izm”də
günahlandırdılar ki, onun “dahi rəhbərin”
adını daşıyan mükafatı almağı
müşkülə döndü. Kim bilir, bəlkə
də Rəsul Rza o mükafatı alsaydı, o vaxt şairdən
donos yazanların övladları bu gün onu məhz sovet
ideologiyasına canla-başla qulluq etdiyinə görə Lenin
mükafatı almaqda günahlandırardılar.
...Ümumiyyətlə,
ədəbiyyata qədəm basdığı ilk gündən
ta ömrünün sonunacan R.Rzanı nədəsə
günahlandıranlar, tənqid və ittiham edənlər həmişə
tapılıb. Rəsmən, bütün ədəbiyyat
dərsliklərində Səməd Vurğun və Süleyman
Rüstəmlə yanaşı Azərbaycan sovet
poeziyasının yaradıcılarından biri sayılsa da, bu
iki qələm dostundan fərqli olaraq Rəsul Rza
ömrünün sonunacan “toxunulmazlıq hüququ”
qazanmadı. 60-cı illərin əvvəlində
Azərbaycan poeziyasına həm forma, həm də məzmunca
ənənəvi şeirin sərhədlərini qıran yeni
şairlər nəsli gələndə, “sağlam sovet tənqidi”
özünə irili-xırdalı yeni-yeni hədəflər
tapsa da, yenə bu tənqidin “ağır artileriyasının”
əsas hədəfi Rəsul Rza idi.
Amma 30-cu illərin əvvəlindən
poeziyamızda sərbəst şeirin yaradıcısı kimi
tanınan Rəsul Rzanın, 50-ci iilərin sonunda mənim –
4-cü, ya 5-ci sinif şagirdi olan bir uşağın
yaddaşında özünə yer eləyən və bu
günəcən də unudulmayan ilk misraları heca vəznində
yazılanlar idi:
Külək qarı səpələr, Bəxtiyar!
Ağ geyinib təpələr, Bəxtiyar!
Gecə qara, yol uzaq,
qardaşım;
Göylər bulud, çöl-düz ağ,
qardaşım;
Kaman çalan kimdir o,
Bəxtiyar?
Küləkdi, ya simdir o,
Bəxtiyar?
Əslində,
məni sehirləyən, 1942-ci ildə, müharibənin ən
ağır vaxtlarında yazılmış bu misraların məzmunundan
daha çox ahəngi, musiqisiydi. Mənim o vaxtkı uşaq zövqümə görə
bu misralardakı ahəngin gözəlliyi yalnız
Müşfiqin “Küləklər” şeiriylə müqayisə
oluna bilərdi.
Və mən bu gün də o fikirdəyəm...
Amma təbii ki, XX əsrin böyük və
bənzərsiz bir şairi kimi Rəsul Rza
yaradıcılığının ən parlaq dövrü
50-ci illərin ikinci yarısından başlayır.
Tarixdə Xruşşovun adıyla
bağlı olan, sərt və qəddar Stalin rejimindən
sonra “mülayim dövr” kimi tanınan həmin illər
bütün SSRİ-də, o cümlədən, Azərbaycanda
da milli-mədəni oyanışın, özünüdərkin,
intibahın əsasını qoydu. Poeziyamızda bu
intibahın beşiyi başında duran şair Rəsul Rza
oldu. Nəsrə bu yeni nəfəs İsa Hüseynovun “Yanar
ürək” romanıyla, dramaturgiyaya İlyas Əfəndiyevin
“Sən həmişə mənimləsən” pyesiylə gəldi.
Rəsul Rzanın 60-cı illərin əvvəlində,
ağlımın artıq çox şeylər kəsdiyi vaxt
oxuduğum şeirlərində nə qulaq oxşayan ahəng,
nə gözlənilməz qafiyələr, nə də qəribə
təşbehlər və bənzətmələr vardı. Hər
cür pafosdan, ritorikadan azad olan bu şeirlər həyatın
özü kimi sadə və təkrarsız idi; “Sarı dana və
balaca qız”, “Çörək satan qızlar”, “Göy at” və
s...
Əslinə qalsa, “Sarı dana” kimi bir
şeirdə hansısa parlaq qafiyə və ya bənzətmə
yamağa oxşayardı.
...Göytəpə kəndinə hay
düşür ki, sarı dana xəstələnib. Baytardan,
briqadirdən sədrə, partkomacan hamı özünü
köməyə yetirir; ayaqlarına isti su gətirən kim,
qulaqlarına damcı dərmanı tökən kim.
Sağıcı Gülxara günlərlə sarı
dananın yanından ayrılmır, gecə-gündüz ona
qulluq eləyir. Nə evindən xəbəri
olur, nə uşaqlarından.
...Əhvalat
uzundur, nə deyim.
Bəsdir bunu desəm:
dana ölmədi azardan
Ancaq Gülxaranın
qaragöz kiçik qızı...
Beşcə qulac bez aldılar
bazardan.
Quyruğunu qoyub belinə
qaçır, tullanır sarı dana indi.
Ancaq soruşan yoxdur,
Yaşıl otlar içindəki
O balaca qəbir kimindi?!..
Bu gün də
oxucunu sarsıdan, öz bədii dəyərini və ictimai kəsərini
zərrəcə itirməyən bu şeirə ən azı
bütöv bir povestin mövzusu
sığışdırılıb.
1962-ci ildə yazılmış
“Çörək satan qızlar” şeiri isə, məncə,
bu gün o vaxtkından daha təsirli və ağrılı səslənir.
Hər dəfə qırmızı işığa dayanan
bahalı maşınların şüşələrini silməyə
cuman balaca oğlan uşaqlarını görəndə,
restoran toylarında 5 manat qonorar üçün göbək
rəqsi oynayan beş yaşlı qızcığazlara baxanda
şairin ürək yanğısıyla təsvir elədiyi həmin
o çörək satan qızlara şükür eləyirsən.
Rəsul Rzanın altmışıncı,
yetmişinci illərdə bir-birinin ardınca
yazdığı şeirlər öz ictimai kəsərini,
aktuallığını qətiyyən azaltmadan get-gedə
daha dərin fəlsəfi məna qazanırdı. Belə
şey mümkündürmü? Şeir həm ictimai, həm
də fəlsəfi, həm ideoloji, həm də metaforik ola
bilərmi? Ola bilər! Bunun parlaq nümunəsi
bu günəcən ana dilimizdə yazılmış ən
gözəl şeirlərdən biri saydığım
“Darısqallıq” şeiridir.
Gah dünyanın dərdi,
qəmi sıxdı məni,
gah corablarımın boğazı...
Qırıb çıxmaq istədim
“olar”, “olmaz”
çərçivəsindən.
Dedilər, yox, yox!
Dəblərə, qaydalara gir!
Vərdişləri, adətləri
gözlə!
Sığallı dillə yaz!
Sıxdılar məni
maddələrlə, sözlərlə...
Beləcə, yaşadığı
mühitdə insanın canını və ruhunu sıxan
“darısqallığın” tanış mənzərəsinin
təsvirilə başlayan şeir sonda gözlənilməz fəlsəfi
dərinliyə qovuşur:
Deyirəm, öləndə atın
ən dərin dəryaya məni:
qaldırıb buludlardan yuxarı!
Son yolum uzun,
son mənzilim geniş olsun barı.
Yox, yox, ən dərin dəryalar da
sahillərin çənbəri içindədir.
Görünür, darısqallıq
kənarda deyil,
Hər meyvənin tumunda,
Hər canlının hüceyrəsində,
Hər binanın daşında,
kərpicindədir.
Görünür, yolumuz budur.
Zərurəti dərk etməyincə
gedirik, gedəcəyik
Darısqallıqdan keçə-keçə...
Şair
hansı ZƏRURƏTDƏN danışır? Təbii ki, AZADLIQDAN!
1967-ci ildə yazılmış və hətta
çap olunmuş bu şeir öz antisovet mahiyyətiylə
bu gün də adamı heyrətləndirir.
1967-ci ildə Xruşşov artıq
hakimiyyətdən getmişdi, “mülayim dövr” bitmişdi,
bir balaca azadlıq havasından sərxoş olmuş ölkədə
vintləri, qaykaları, şurupları təzədən bərkitməyə
başlamışdılar. Cəmi bircə il sonra sovet
tankları Çexoslovakiyaya girəcəkdi və SSRİ-də
azacıq da olsa demokratiyanın, söz
azadlığının üzünə
açılmış qapı təzədən tabut
qapağı kimi örtüləcəkdi.
Amma o qapı örtülənəcən
Rəsul Rzanın 1962-ci ildə yazdığı məşhur
“Rənglər” silsiləsi o qapıdan çıxıb
özünün başqa dillərə olan səyahətinə
başlamışdı. O səyahət hələ də
davam eləyir. Bu yaxınlarda latış dostumuz, gözəl
şair və tərcüməçi Uldis Berzinş
Bakıdaydı. Dedi ki, “Rənglər” kitabının yeni nəşrini
hazırlayır. Bu dəfə kitabdakı hər bir şeirin
adının böyründə fırçayla çəkilmiş
həmin rəng də öz əksini tapacaq. Silsilədə rəmzi
mənada işlənmiş rəngləri çıxsaq, 20-dən
artıq rəng və çalar var. Rəssam
fırçasıyla bu rəngləri və çalarları
almaq o qədər də asan iş deyil. Bəs
şair qələmiylə necə?
“Sizdə xərçəng
yoxdur!”
Sözlərinin deyildiyi dəqiqə.
(Bu ağ rəngdir.)
Fil ölümünə bəhanə.
(Bu da, şırmayı.)
Cansız barmaqlar arasında
Sönmüş siqaretin uzun külü.
(Bu boz rəngdir.)
Van Qoqun “Günəbaxanlar”ı.
Məhəbbətin barmağa
dolaşmış damğası.
Cinayətin yaşıdı.
(Bu da,
qızılı rəng.)
“Rənglər”
silsiləsindən misal gətirdiyim bu cür poetik
misraların sayını qat-qat artırmaq olardı. Amma həqiqət budur ki, intellektual
poeziyanın misilsiz nümunəsi olan belə bir silsiləni
yazmaq hər özündən deyən şairin işi
olmadığı kimi, sətiraltı mənalar və
işarələrlə dolu bu şeirlərin oxucusu olmaq da hər
adamın işi deyil.
Hələ 60-cı illərdə tələbə
dostlarımla bu şeirlərdəki ən “qəliz”
misraların sirrini açanda necə sevindiyimizi
xatırlayıram. Rəsul Rzanın “Qızıl gül
olmayaydı” poemasını oxuyarkən, orda haqqında
danışılan, amma adları çəkilməyən
şair və yazıçıların kim olduğunu tapanda
da eyni sevinci yaşayırdıq.
Təbii ki, o vaxtlar Rəsul Rzanı bir
şair kimi sevməyənlər, onun varlığına sevinməyənlər
də az deyildi. Çünki Rəsul Rza təkcə ənənəvi
şeir təsəvvürünü yox, həm də, ənənəvi
şair təsəvvürünü
dağıtmışdı. Nə saz çalmağı
vardı, nə də, ova getməyi. Heç onun
damağında papiros, ya əlində qədəh olan şəklini
görən də yox idi. Xoşlamadığı adamın
üzünə heç vaxt gülümsəməzdi. Amma bu
zahiri sərtlik və soyuqluq kimlərisə əzmək
üçün yox, öz şəxsiyyətini qorumaq
üçün idi. Və təsadüfi deyildi ki, Azərbaycan
poeziyasının bu ən sərt kişisi poeziyamızın ən
zərif xanımını sevib evlənmişdi. Və
onların həyatı əvvəldən axıracan bir
gözəl və kədərli sevgi hekayəsiydi.
...Qəribədi, bir çox böyük
şairlərin öz gələcək taleləri haqqında əvvəlcədən
deyilmiş peyğəmbəranə misraları olur.
Rəsul Rza belə misraları 21
yaşında yazıb:
Mübarizə
bu gün də var,
yarın da.
Mən də onun
ən ön sıralarında.
Doğrudan
da, həmişə nadanların hədəfinə çevrilən
Rəsul Rzanın ömrü mübarizədə keçdi.
O mübarizə bu gün, şairin
ölümündən 30 il sonra da dayanmayıb. Öz təbirincə
desək “nadanlığın hürr balaları” hələ də
onun arxasınca hürməklə məşğuldurlar.
Amma dünən də, bu gün də
şairlə dalaşanların ağlı yoxdur. Ona görə
yox ki, şair hamıdan güclüdür. Yox, sadəcə,
şairin vaxtı çoxdur. Çünki əsl şairin
ömrü yüz illərlə ölçülür. Və
onunla dalaşmağa heç kəsin ömrü çatmaz!
...Bu gün böyük Azərbaycan
şairi Rəsul Rzanın ömrünün birinci yüz ili
tamam olur...
Ramiz RÖVŞƏN
525-ci qəzet.-2010.- 14 avqust.- S. 19.