Qəmdə
bəxti yar olan Bəxtiyar
Türk aləminin
dahi şairi, akademik, ictimai xadim, el ağsaqqalı Bəxtiyar
Vahabzadənin haqqa qovuşmasından il yarım da
keçdi... 10, 100, 1000 və daha neçə-neçə il
və əsrlər də keçəcək, fəqət onun
adı, Azərbaycanın müstəqillik tarixindəki rolu,
xalqına ərmağan etdiyi ədəbi irsi əbədiyaşar
dəyər kimi heç vaxt həmişəyaşarlığını
itirməyəcək. Çünki dilimizin cahangiri olan
B.Vahabzadə hələ sağlığında klassiklik
statusunu qazanan nadir şəxsiyyətlərdən biri idi.
Şairin ölümü ilə ölümsüzlüyə
qovuşması həm də Bəxtiyarsevərlər
üçün yerin altını yerin üstündən qiymətli
etdi.
B.Vahabzadə
yaradıcılığına həsr olunan kifayət qədər
müxtəlif səpgili yazılar olsa da, fəqət onun dinə,
metafizik fəlsəfəyə həsr olunan əsərləri
haqqında təhlil yazıları hələ də yetərincə
deyil. Halbuki böyük həcmli əsərlərinin
hamısını tamamlayan şair, ömrünün son illərində
dini mövzulara, xüsusən Quran hikmətinə söykənən
çoxlu şeirlər yazıb. Başqa cür ola da bilməzdi.
Çünki Vahabzadə yaradıcılığının əvvəli
və sonu, mübtədası və xəbəri Allahu-Əkbərdir:
“Allaha uzanan ulu bir
yolun
İlkin pilləsidir
Allahu-Əkbər.
Haqqı
dananların üzünə dəymiş
Haqqın şilləsidir
Allahu-Əkbər”.
Bəxtiyar müəllimin
poeziyasında “özünü və Rəbbini dərk”
mövzusunun açılışı şadlığa yox,
təfəkkürə stimul verən kədərlə
bağlıdır. Allahın ona ehsan etdiyi və hər kəsin
arzu etdiyi ilham pərisi onu ömrü boyu “ələmdən nəşəyə”
aparsa da, fəqət bu zirvə ustadın özünün
etiraf etdiyi kimi kədərlə mümkün olub.
“Şadlıq yüngüldür, çəkisi yoxdur. Amma kədər
çəkilidir” deyən mütəfəkkirə görə:
“Kədər
düşüncədir, qəm düşüncədir,
Qəmin qanadında
yaradırıq biz,
Kədərin bir
damlasında közərən ağıl
Közərməz
şadlığın ümmanında da”.
Dərdini
özünə “çörək ağacı” hesab edən
ustada görə onu dərd yazdırıb. O, sevincdə heç
vaxt xoşbəxtlik görməyib.
“Əgər
olmasaydı, dəryaca dərdim,
Dərdin
yoxluğunu
mən dərd edərdim”.
Özünü və
Rəbbini dərk etmək üçün şairin dərdi
həm də bir filosof kimi onun sırf metafizik fəlsəfəyə
bağlılığı ilə əlaqəlidir. Və bu
düşüncə sistemi onun yaradıcılığı
üçün təbii bir hal kimi qəbul edilməlidir.
Dünyanın vəfasız, ani, fani olduğunu ficdanı və
qəlbilə bilən Bəxtiyar müəllim mənən həmişə
“Siz mənim bildiklərimi bilsəydiniz, az gülüb
çox düşünərdiniz” Peyğəmbər (ə)
kəlamından bəhrələnib. Buna zülmətdə
nuru, qəmdə sevinci görmək, sezmək arifliyi də
deyilir. Bəli, ustadı şeirimizdə arif bir ağ atlı
edən onun təfəkküründən doğan qəmi, kədəridir.
Bəxtiyar yaradıcılığındakı bu Fizuliliyi
önə çəkən çağdaş Türk
şairi Abdulkadir İnaltekin çox düzgün olaraq deyir:
“Hər dərdin fikrinə həmyar
olmusan,
Axı sən qəmdə bəxtiyar
olmusan
“Bu nəsildən o nəsilə” telsən
sən
Kim deyir ki, Bəxtiyar
deyilsən sən?!”
Bəxtiyar
müəllimin həyatında əzablı günləri
çox olub. Lakin “mükafatların dərəcəsi əzabların
dərəcəsi ilə ölçülür” ilahi
düstura görə, xaliq də, xalq da ona layiq olduğu qiyməti
verib. Şair özü bu barədə deyib: “Mən
Allahımdan çox razıyam. Allaha qurban olum, mənə
sağlam can verdi, yaxşı övladlar
verdi, nəvələr verdi, şairlik verdi, ardınca
çox şeylər verdi. Bunlar çox
böyük nemətlərdir. Nə qədər
şükür etsəm, azdır”. Ustadın bu
şükrünü Davud (ə)-nin
şükrü ilə müqayisə etmək yerinə
düşərdi. Belə ki, Rəbinin verdiyi nemətlərə,
yaxşı övlad, padşahlıq və peyğəmbərliyə
görə Davud (ə) belə dua edib: “Allahım sənə
lazımınca necə şükür edim ki,
şükür özü də sənin nemətindir”. Rəbinin
verdiklərinə şükür edən şair əllərini
onun lə-məkan sarayına açıb diləyir...
“Allah, verdiyinə şükür,
çox şükür...
Narazı deyiləm verdiklərindən,
Yenə də qarşında əl
açmışam mən
Dərgahına layiq əməllərim
yox,
Neynim, savabım az,
günahlarım çox,
Əfv et Sən məni,
Götürmə üstümdən bir an kölgəni”.
Rəbbindən razı, özündən
narazı olan ustad fitratdan gətirdiyi iman ilə bilirdi ki, Allah
çoxa görə çox, aza görə az
imtahan edir. Bəxtiyar müəllim çox verilənlərdən
olduğu üçün yazırdı:
“Cəmiyyətdəki hər hansı əyintiyə
görə az-çox üzdə olanların da günahı
var, içində də mən” . Dilimizin,
dinimizin, bayraq və torpağımızın keşiyini
söz və qələmilə çəkən ustad deyirdi:
“Bircə ondan razıyam ki,
Özümdən narazıyam”
Hər gecə
yatmazdan əvvəl Rəbbindən məxsus olduğu millətə
rəhmini, lütfünü, bərəkətini nəsib etməyi
dua edən Bəxtiyar müəllim, Ondan Azərbaycanı
dünyanın ən qüdrətli dövlətlərindən
birinə çevirməyi dilərdi. Dünyanın hər üzünü
görmüş ustad hesab edirdi ki, dünyanın dadı
insanlar arasında qarşılıqlı hörmət və
ehtiramdadır. Şairə görə,
dünyanın dadı dini düşüncə, yəni
metafizik fəlsəfə ilə, imanla bilinir. Çünki ustad özü demişkən, dinsiz
adamdan nə desən gözləmək olar. Ustadın duası adi bir bəndənin yox,
mücadilə və təfəkkür sahibi olan,
dünyanın yaxşı və pis tərəfini görən
ağsaqqal bir ərin duası idi.
Ömrünün sonlarında sufi ədəbiyyatına maraq göstərən
şair, təsəvvüfdəki 4 pillənin (şəriət,
təriqət, mərifət və həqiqət) fəlsəfəsini
açaraq insanın öz cismindən yuxarı
qalxmasını onun ruhən ucalması ilə əlaqələndirib.
O, tamamilə haqlı olaraq bu ucalmaya maneni heyvani nəfsdə
görüb. Həmin səbəbdən Bəxtiyar
müəllim həz. Peyğəmbərin: “Allahım, Sən
məni nəfsimlə baş-başa buraxma, məni nəfsimə
qul etmə” kəlamını tez-tez təkrar edərdi. Deməli, ustadın ömrünün sonlarında
etdiyi duaları müasirliklə ayaqlaşan bir sufinin duası
kimi də qəbul etmək olar.
“Ulu Tanrım, əfv et”
– deyə
Əllərimi
açdım göyə.
Qarış-qarış, addım-addım
Etirafa gəlib
çatdım”.
Lakin etirafla kifayətlənməyən
filosof tövbə adlı haqq yolu vasitəsilə yeni zirvəni
fəth etdi:
“Yox, qarşıda
Etirafdan daha uca
Tövbə adlı haqq yolu,
Haqq zirvəsi
var.
Mən könlümü haqqa verib
Aşmalıyam
o zirvəni”.
“Mürgülü şeirimizi oyadıb gedən”
(F.Qoca) Bəxtiyar müəllimi yaradıcılığı
boyu düşündürən suallar arasında ağıl
ilə hissin, həvəsin mübarizəsi; “Mən kiməm,
hardan gəlib, haraya gedirəm” fəlsəfəsi də olub:
“Ağlının önündə səcdə
qıl, əyil,
Ağıl
düşüncənin mötəbər şahı.
Ağlını eşidən heç kəsi
deyil
Allahı
eşidir, yalnız Allahı”.
Şair
tamamilə haqlıdır ki, “ağlını eşidəni
Allah eşidir. Allahı
eşidən adam ağlını eşidəndir.
Daha doğrusu, ağlını eşidən
Allahı eşidir. Amma necə edəsən
ki, o şirin hiss səni aldatmasın? Bu
mübarizə hər kəsin öz içində gedir”.
İslama görə də hər hansı
işə mükəlləflik o kəsin ağlından
asılıdır, ağılsız insan cavabdeh
sayılmır, sorğu-suala tutulmur. Yeri gəlmişkən,
bu maddə dünyəvi qanunlarda da təsbit olunub. İlk gənclik illərindən “insan kimdir,
dünya və onun içindəkiləri” barədə
düşünən Bəxtiyar müəllim, bu sualların
hər birini həqiqətə aparan yol sayıb.
Əslində
bu sualların hər birinin cavabı bir filosof kimi ustada məlum
idi. Şair yaradılan hər
bir insanı Xaliqin yerdəki xəlifəsi qismində görərək,
insanın dünyaya ruhlar aləmindən gəlməsini, əvvəlinin
bir damla su, sonunun bir ovuc torpaq olmasını sonrakı nəslə
xatırladıb. Xatırladıb ki, insanlar
düşünsün, ibrət alsın, dünyanın bir
mehmanxana olduğunu bilib onlara verilən beş
günlük ömürlə xeyirli işlər
görsünlər.
“Ömür dedin-beş addım yol
Beşik-qəbir
arasında”.
Əlbəttə,
bu “beş addım yolda” “Mən kiməm, nəçiyəm”
suallarının həqiqi və tam cavablarını sevincdə,
kefdə tapmaq qeyri-mümkündür. Çünki həmişə
eyş-işrətdə, sevincdə olmaq nemətin dəyərini
və o nemətin Sahibini tanımağa mane olur. Bax, ustadın dərdi özünə kredo hesab etməsinin,
dünyanı anladığı üçün qəmini
çəkməsinin səbəblərindən biri də
budur. Başqa cür ola da bilməzdi.
Çağdaş Türk
dünyasının poetik fəlsəfəsinin korifeylərindən
olan B.Vahabzadə deyir:
“Bir rəqəm də, demə,
varmış
ikiylə bir arasında”.
Şeirdəki
zahiri qeyri-səlis məntiq poetik fəlsəfənin ana fəlsəfədən
–metafizikadan qaynaqlandığını göstərir. Bu fəlsəfə bəzi
alimlərin dediyi kimi, Lütfi Zadə elmi fəlsəfəsilə
həmahəng olsa da, fəqət o, həm də elmlə dərk
edilməyən batini bir dəyərdən – “hər yerdə
Onu görmək, eşitmək, duymaq” fəlsəfəsindən,
saleh əməllə kamil iman vəhdətindən
qaynaqlanır. Çünki insan da daxil
olmaqla kainatda qeyri-səlis heç bir şey yoxdur. Zahirən hər xaosun, qeyri-səlisliyin içində
belə ilahi bir nizam və səlislik var. Bu nizam da mizan,
ölçü, miqdar içindədir. “Onun
izni olmadan bir yarpaq belə yerə düşə bilməz” ayəsi
buna dəlildir.
Məlumdur ki, insanda beş
duyğunun təşkil etdiyi zahiri hisslərlə
yanaşı, beş ədəd də batini cövhər var.
Bunlar: ağıl, hafizə, fəhm, xəyal və qəlblə
hiss etmədir. Bu on cövhər ruhun bədəni
idarə etməsi üçün istifadə etdiyi alətlərdir.
Ruhun beş batini qüvvə ilə bilmə
cəhətinə vicdan deyilir. Ustad fitratdan ona verilən beş batini cövhərin məhsulu kimi
yazıb:
“Sağımda ölümdür, solumda həyat,
Arada bir
ömrün dolanbac yolu”.
Şair-filosof
nə üçün ölümü sağda, həyatı
solda görüb? İslama
görə, sağ tərəf rahatlıq, əmin-amanlıq,
sol tərəf isə mübarizə, çətinlik və bəzən
də əzabların simvoludur. Filososf Vahabzadə
sağında ölümü seçməklə əbədi
rahatlığı, cənnəti nəzərdə tuturdusa,
solundakı həyatı ilə ani və fani dünyada çəkdiyi
məşəqqətlərə işarə edirdi. Sağ tərəfin xeyirli olduğu barədə
isə Rəbbimiz buyurub:
“Sağ tərəf sahibləri! Kimdir o
sağ tərəf sahibləri! (onlar)
tikansız sidr ağacları, salxım-salxım
sallanmış möüz ağacları altında; Çəkilməyən
kölgəliklərdə, axar su kənarında, bol meyvələr-tükənməz
və qadağan edilməyən (meyvələr) içində
və hündür döşəklər üstündə
olacaqlar (Nə uğurludur onlar!)” (Vaqiə 27-34). Göründüyü kimi, yuxarıdakı iki misra
ustadın hələ sağlığında fəhm ilə
sezdiyi əbədi rahatlığa – Cənnətdə işarədir.
Ölüm yaxşıları da
aparır... Sağların sayı bəlli,
ölülərin sayı müəmmalı. Lakin
sağlığında klassiklik pasportunu alan
Bəxtiyar müəllim kimi ərlər istisnadır. Onların sayı, yeri, Xaliq və xalq yanında dəyərləri,
ərmağan etdikləri irsləri bəllidir. Bəli, Bəxtiyar Vahabzadənin fiziki
ölümü türkdilli xalqların ədəbi fikri
üçün bir epoxa itkisidir. Lakin onun
ölümdən həyat alıb ölümsüzlüyə
ucalması – rəbbinə qovuşması, Onun cəlal və
cəmalına tamaşa etməsi həmin itkini qüdsi bir
tapıntıya çevirdi. Və
sözsüz ki, bu dəyər dünyadakı həyatdan fərqli
olaraq, Cənnət həyatı olduğu üçün Cənnət
qədər əbədi və şərəflidir. Ruhun
şah olsun, Ustad! Fani və ani dünyada seçdiyin kədər,
Axirət adlanan əbədi evində sevincin olsun!
“Həyatdan getsəm də, xatiratdayam,
Arzuma həmişə
çathaçatdayam.
Üstümə nə qədər torpaq
atılsa,
İşığam,
yenə də mən üst qatdayam”.
Vaqif CƏLİLOĞLU
525-ci qəzet.- 2010.-14 avqust.- S. 14.