Bu kitabı oxumağı məsləhət
görürük: “Car-Balakən
camaatlığı”
Oxuduqca da dərin-dərin
düşüncələrə qərq olacaqsınız.
Kitab gənc tarixçi-tədqiqatçı alim Arzu Əşrəfqızına
məxsusdur. Minlərlə arxiv sənədlərini, tarixi
yazıları vərəvürd edib
çıxardığı nəticələr çox
maraqlıdır.
Zaman-zaman torpaqlarımızın kəsilib
ölkəmizin ərazisinin 4-5 dəfə azalmasının
başlıca səbəbi bilirsinizmi nədir?
Biganəlik adlanan böyük
bir bəla. Bugünkü
Qarabağ dərdimizin də kökündə
bu bəla dayanır. Qarabağa təcavüz üçün neçə-neçə illər
ərzində mənfur qonşularımızın
qızğın hazırlıq gördüyü
o zamankı respublika rəhbərliyinə
yaxşı məlum olduğu halda buna əsla fikir vermir, xəyanətə
bərabər bir laqeydlik
göstərirdi.
Oxuculara
təqdim olunan bu kitabda gənc tədqiqatçının
çıxardığı ilkin nəticə
odur ki, əgər rus çarizm siyasətinin
Azərbaycana qarşı qəsbkarlıq və dini ayrılıq siyasətinə qarşı
150 ilə qədər bir dövrdə bu bölgənin avar
xanı Ümmə (Ömər) xan, İlisu sultanları Əlisultan və Daniyal bəy,
Şəki xanı Hacı Çələbi xan
kimi böyük sərkərdələri,
milli təcavüzkarlığa
qarşı hər an özlərini şəhid
etməyə hazır olan igid
oğulları olmasaydı, ölkəmizin dilbər gözəlliyilə
seçilən və hazırda Şəki, Qax,
Zaqatala, Balakən rayonlarının
yerləşdiyi torpaqlar da
İrəvan xanlığı, Zəngəzur-Göyçə,
Borçalı, Dərbənd torpaqları kimi
Azərbaycanın təkibindən qoparılmış
olardı.
“Car-Balakən camaatlığı”
adı ilə tarixə düşmüş
bir dövlət strukturundan
bəhs edən bu kitab
çox geniş
araşdırmalar əsasında sübuta
yetirir ki, bu bölgənin respublikamızın tərkibindəki
hazırkı varlığı məhz on
minlərlə oğullarımızın qanı bahasına qorunub saxlanıb.
Bir tarixi epizoda fikir verin. 30 ilə yaxın (1770-1800) Car-Balakən
camaatlığına rəhbərlik
edən Ümmə xan bu bölgənin
işğalı üçün
hücuma hazırlaşan
gürcü əsilli
rus generalı Sisianovun, erməni əsilli rus generalları Lazarev (Lazaryan) və Mədətovun (Mədədyanın),
rus generalı Qulyakovun rəhbərlik etdiyi qoşunları Sıqnax (hazırda Gürcüstan rayonu) çölündə 20 minlik
ordusu ilə qarşılayır. Qarşı tərəfin
qoşunları həm
sayca, həm də silah-sursat cəhətdən bir neçə dəfə üstün idi. Ümmə xan üç ağır yara alsa da, düşmən
ordusuna zərbələr
endirib geri çəkilməyə məcbur
etdikdən sonra Balakənə qayıdır
və üç aydan sonra vəfat
edir. General Qulyakov və gürcü generalı Orbelinin rəhbərliyi altında 4 ildən sonra böyük bir ordu Car-Balakən
camaatlığının qaynar
ocağı olan Cara hücum edir. Bunu əvvəlcədən bilən
carlılar ətrafdakı
dağ meşələrində
gizlənir. Ordu Carda
yerləşərkən gecə
yarı qəflət hücum edib general Qulyakovu öldürərək
Ümmə xanın intiqamını alır və ordunu da pərən-pərən
dağıdırlar. Böyük itkiylə
Muxax kəndinə gələn ordu dəstələri bu kəndi yandırmaqla əvəz çıxırsa
da, bölgəni tərk etməyə məcbur olurlar.
Belə döyüşlər
1820-ci ilə qədər
davam edib Car-Balakən camaatlığının
müstəqil dövlət
qurumu kimi ləğvi ilə nəticələnsə də,
mübarizə bir an belə səngimir
və böyük Şeyx Şamil hərəkatı ilə yenidən qızışır.
Yeri gəlmişkən, az qala Şeyx Şamil səviyyəsində bir sərkərdə olan Ümmə xanın xatirəsini əbədiləşdirmək
üçün bir tədbir görməyin də vaxtı çatmayıbmı? Belə tarixi
qəhrəmanların xatirəsinə
işıq salmağın
bugünkü nəslin
vətənpərvərlik və xüsusən hərbi vətənpərvərlik
tərbiyəsi üçün
necə vacib bir amil olduğunu
unutmaq olarmı?
Kitabın çox qiymətli
cəhətlərindən biri
odur ki, çox ciddi araşdırmalar əsasında
yüzlərlə tarixi
yazılar mükəmməl
təhlil edilir, qarşılaşdırmalar aparılır
və bədxah tarixçilərin çirkin
niyyətlərini üzə
çıxarıb həqiqət
olanlara işıq salınır.
Ən qiymətli tərəfi
isə həmin bölgədə yaşayan
müxtəlif xalqların
və etnik qrupların tarixi köklərini araşdırmaqla
onların yadelli işğalçılarla birgə
mübarizəsinə verilən
qiymətdir. Bölgədəki türk mənşəli
azərbaycanlı muğallar,
avarlar, saxurlar, ingiloylar barədəki araşdırmalar çox
maraqlı və qiymətlidir. Ən qiymətli
tərəfi isə bu xalqların əsrlər boyu bu bölgədə mehriban yaşayıb yadelli işğalçılara
qarşı birgə mübarizə aparmasıdır.
Bu da inkaredilməzdir ki, sovetlər dönəmində də dostluğa xələl gətirə bilməyiblər. Milli ədavət toxumu
səpilməsi üçün
göstərilən cəhdlər
müntəzəm olaraq
davam etmiş, lakin bu dostluğa
ləkə salmaq mümkün olmamışdır.
Çarizmin ifrat milli ədavətçilik
siyasəti sayəsində
ayrı-ayrı nüfuz
sahibi olan adamlara rüşvət verməklə qan tökülmələrinə nail olsalar da, bunlar
ümumi dostluğu sarsıda bilməyib. Hətta bir neçə il
əvvəl də Zaqataladakı İmam Şamil abidəsini partlatmaq yolu ilə milli ədavəti qızışdırmağa
cəhd göstərən
düşmən təxribatı
da növbəti uğursuzluqla nəticələnib.
Gənc tədqiqatçının kitabı bizi bölgədəki bu dostluğu göz bəbəyi kimi qoruyub saxlamağın vacibliyinə səfərbər
edir. Kitabda toponomikaya aid çox dəyərli materiallar toplanıb. Burada yüzlərlə kənd,
oba, toxum (nəsil), dağ, dərə, düz, çöl, çay və s. adların bir çox mübahisəli məsələlərinə
işıq salır, yeni elmi nəticələrin
məntiqi şərhi
verilir.
Car-Balakən camaatlığının
mükəmməl işlənmiş
idarəetmə sistemi,
iqtisadi-sosial münasibətlərin
təhlili bu gün müstəqillik yolunda təkmilləşməkdə
olan respublikamız üçün də diqqətçəkəndir. Elə güman edirəm
ki, hazırda xüsusilə kəndlərimizdə
münasibətlərin formalaşması
davam etdiyi dövrdə o dövrün
təcrübəsindən istifadə
etməli məqamlar var və bu,
ancaq yüksəliş
üçün müsbət
impuls verə bilər.
Bu gün kəndlərimizdə
aparılmaqda olan idarəetmə sisteminin, xüsusilə də ictimai-demokratik özünüidarə
təsisatlarının təkmilləşdirilməsində
bu qədim təcrübədən istifadə
edilməsi heç də pis olmazdı.
Car-Balakən camaatlığının
idarəetmə sistemində
mövcud olan icmaların (Car, Balakən,
Katex, Tala, Cınıx, Muxax), kəndlərin idarə olunmasında Kovxa, Çavuş, Tavunbaşı
seçki sistemində
uğurlu nəticələr
verən müsbət
təcrübələr kifayət
qədər idi.
Kitabda böyük yer
ayrılan həmin dövrün statistik məlumatları çox maraqlıdır. Camaatlığın iqtisadi istehsal
göstəriciləri əhalinin
kəndlərdəki tüstülərin
(müstəqil ailələrin)
sayı, vergi ödənişlərinə dair
təcrübə, keşkəl
münasibətləri, ələlxüsus
torpaq komissiyalarının
işi çox maraqlıdır. Bu komissiyaların torpaqların
münbitliyini qoruyub saxlamaq üçün qoyduğu qaydalar bu gün üçün
çox maraqlı olardı. Torpaqlar xüsusi mülkiyyətdə
olsa da, çox mükəmməl
işlənmiş əkin
dövriyyəsində tətbiq
edilən şərtlər
böyük əhəmiyyət
daşıyırdı. Etiraf etməmək olmaz ki, bu gün
torpaqlarımızın münbitliyini
qoruyub saxlamaq baxımından, demək olar ki, heç
bir nəzarət sistemi yoxdur.
Kitabda tariximizi saxtalaşdıran
qərəzli yazıları
təhlil edib qarşılaşdıraraq çıxarılan
nəticələr Qafqaz
Albaniyasına dair məlumatlar gənc tədqiqatçı alimin
çox mükəmməl
analitik təfəkküründən
xəbər verir.
Kitaba
ön söz yazan Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü, əməkdar elm
xadimi, tarix elmləri doktoru, professor Yaqub Mahmudovun tariximizin indiyədək kölgədə qalan bir çox
məqamlarına verdiyi dərin elmi təhlil də onun rəhbərliyi
altında gənc və səriştəli gənclərin
seçilib bu vacib tarixi dövrün
dolaşdırılmış kələflərinin
açılmasına cəlb etməsini alqışa layiq bilirəm. Yaqub Mahmudovun ön
sözündə qeyd edildiyi
kimi, bu kitabı oxuyanlar “yurdumuzun qəhrəmanlıq
tarixini yaşatmağa
borclu olduqlarını daha
dərindən anlayacaqlar”.
Arzu olunur ki, belə tədqiqat əsərlərinin ilk növbədə gənc nəslimizə
çatdırılması üçün
xüsusi bir sistem yaradılıb həyata keçirilsin.
Sadıq MURTUZAYEV,
filologiya elmləri namizədi
525-ci qəzet.-
2010.-14 avqust.- S.25.