UNUTMAĞA KİMSƏ YOX...
(Roman)
Əvvəli ötən şənbə
saylarımızda
Bəhram kişinin
yaxşı yadında idi. İlk kəndə gəlib yazı
naxışlarının şəklini çıxaranda
üç gün onun evində qonaq qalan o yaşlı,
qaraqabaq adama səhər-səhər çay içdikləri
zaman dedi ki, bu naxışlar, elə bil, çiçəkdi,
çiçək ləçəkləridi, bu yazı əməlli-başlı
çiçəyə oxşayır. Həqiqətən də
elə idi. O zaman o qaraqabaq elmi işçi bir söz demədi,
elə bil, Bəhram kişi deyəni eşitmədi. Sonralar kiminsə, adı axıra qədər bilinməyən
bir İnstitut əməkdaşının deyimi ilə şəhərdə
bu yazıya hamı “Çiçəkli yazı” deməyə
başladı. Əvvəl-əvvəl çox adam bu adın
müəllifliyinə iddia etdi, amma bundan bir şey
çıxmadı, çünki, yavaş-yavaş bu ad
Professora aid edilməyə başladı. Professor nə
“hə” dedi, nə “yox” dedi. Amma sükutu hərdən
o qədər mənalı oldu ki, mübahisələr
öz-özünə kəsildi – yavaş-yavaş institut əhli
“bu gözəllikdə adı bu kişi verməyəcək,
kim verəcək?!” deyə birdəfəlik “bidət gətirdi”
və Professor bu şəkildə oldu adın müəllifi.
Ad isə, həqiqətən, özünü doğruldurdu,
yazıdakı (bunu yazının surətini çıxaranlar
deyirdilər) işarətlər çiçək ləçəklərini
xatırladırdı; hər işarət bir ləçək
idi. (Bəhram kişi bu dəqiq adı hardan
tapmışdı – özü də bilmirdi) Ləçəklərin
sayı dəyişirdi, çiçəklərin boyu-buxunu,
nazikliyi-qalınlığı dəyişirdi, çiçək-çiçəyə
bənzəmirdi, amma hər işarət yenə də
çiçək idi, başqa şey deyildi – bu kəsif iyi
verən mağaranın nahamvar, əyri
çıxıntılı daş divarına boyaboy həkk
edilmiş rəngsiz çiçək idi.
Çiçəkli yazını
oxumağa əvvəl-əvvəl İnstitutun bütün əməkdaşları
birdən girişdi. Bu yavaş-yavaş səsiz-küysüz,
elə bil, öz-özünə baş verdi, aparılan “tədqiqatlara”
qonşu institutların ağsaqqal və qarasaqqal alimləri də
qatıldı. Tarix və Arxeologiya institutları xüsusilə
canfəşanlıq etdilər. Az qala “ara qarışıb məzhəb
itmişdi.” Hər ağızdan bir səda gəlirdi. Nəhayət, Professor bütün bu səs-küydən,
söz-savdan bezib belə qərara gəldi ki, Çiçəkli
yazını ayrı-ayrılıqda yox, hamı bir yerdə
ümumi səy və iradə ilə oxumalıdır, (qərar
qəbul etməyə haqqı vardı, çünki
Çiçəkli yazı barədə ilk məlumat ona
gəlmiş, buradan isə belə çıxırdı ki,
Çiçəkli yazını ilk əvvəl Dil və Təfəkkür
İnstitutu üzə çıxarmışdır).
Tarixçilər bu təklifi, başqa yolları yox idi deyin,
qəbul etməyə məcbur qaldılar və öz növbələrində
əks-təkliflə çıxış etdilər. Bu əks-təkliflə
ilk əvvəl olmasa da Professor, nəhayət, (hər halda iki
uğursuz cəhd artıq baş vermiş, onun mövqeyi kifayət
qədər zəifləmişdi) razılaşdı. Əks-təklif
isə bundan ibarət idi. Yazını oxumaq haqqı qazanmaq
üçün adı keçən İnstitutların (Əlyazmalar
İnstitutunu az qala unutmuşduq – onlar da işin içində
var idilər) birgə Elmi Şurasına yazını oxumaq
iddiasında olan adamın özəl üsulu təqdim edilməliydi.
Daha çox təqdir və qəbul edilən
üsulun müəllifi yalnız bundan sonra hamının birgə
rəyi əsasında kəndə yazını yerindəcə
oxumağa (üzünü köçürən zaman
buraxıla biləcək səhvlər istisna olunmurdu) göndəriləcəkdi.
Öz üsulu ilə Elmi Şurada çıxış edənlər
az olmadı. Birgə Elmi Şuranın iclasları
İnstitutların direktorlarının iştirakı ilə
baş verirdi. Müzakirə və debatlar son dərəcə
qızğın (maraqlı, ehtiraslı, sərt...)
keçdi. Hər çıxış edən qələbə
qazanmağa ümidi olmasa da ən azından “özünü
göstərmək”, elmə “təmənnasız” xidmətini
bir daha nümayiş etdirmək üçün əldən-ayaqdan
getdi. Müzakirələrin sonunda əsas söz isə
Professorunku oldu. Professorun xüsusi simpatiya bəslədiyi
“Çiçəkli yazı adını mən ilk dəfə
Professordan eşitmişəm” sözlərinin müəllifi
F.Q.-ni ürəklə və xüsusi həvəslə dəstəkləməsi
Elmi Şura üzvlərinin uzun söz-söhbətdən, məşvərətdən
sonra məhz onu qalib seçməsinə səbəb
oldu. F.Q.nin isə təklif etdiyi üsul
çox sadə idi (hətta bəsit idi – deyə bilərik),
mahiyyəti ondan ibarət idi ki, bütün mövcud yazı
növlərindən təcrid olunmaq, Çiçəkli
yazının öz kodunu, öz immanent mahiyyətini tapmaq
lazımdır. Başqa üsul təklif edənlər
hansısa mövcud və yaxud ölüb getmiş yazı
növlərinə istinad edirdilər, F.Q. isə heç nəyə
istinad etmədi. Açar hərfi axtarıb tapmaq – bu idi
F.Q.-nin təklif etdiyi deşifrə prinsipi. Nə latın, nə
pəhləvi, nə də qədim türk işarətlərini
köməyə çağırmadan bu özünəməxsus
yazını çözmək F.Q.-yə görə nəinki
mümkün, hətta yeganə həll yolu idi. Və
bir çox mübahisələrdən sonra (xüsusilə,
tarixçilər və onların ideya rəhbərləri
olan, ağ qaşlarının ucunun yuxarı boy atması ilə
vəhşi aslanlara bənzəyən və sərt xasiyyəti
ilə seçilən akademik Aslanzadənin bəzən gizli,
bəzən açıq
qarşıdurmasına baxmayaraq – onlar bir nəfər kimi hər
hansı çözüm işində ancaq qədim pəhləvi
əlifbalarına üstünlük verirdilər) F.Q.-nin təklif
etdiyi və Professorun inanıb canfəşanlıqla müdafiə
etdiyi üsul hamının real marağına səbəb
oldu. Bu, böyük uğur idi. Elə o dəqiqədən
başlayaraq iş yoldaşları, hətta digər
İnstitutların tanış və qeyri-tanış əməkdaşları
gizli həsəd içində ona xüsusi bir nəvaziş
(kimi süni, kimi təbii) göstərməyə
başladılar. Gələcək alim karyerasının
çox mühüm özül daşlarından biri
qoyulmuşdu. Mötəbər
İnstitutların birgə Elmi Şurası onun seçimi ilə
bağlı öz qərarını (Aslanzadənin təəssüflə
dediyi kimi “əlacsız qalaraq”) elan etdikdən, böyük
ruh yüksəkliyi və sevinclə təbrikləri də qəbul
etdikdən sonra gənc mütəxəssis böyük bir
həvəslə Vəng dağının ətəyindəki
kəndə yola düşməyə hazırlaşmağa
başladı.
“Heç hənanın yeridi? Bu
Elmi Şura hardan gəlib girdi beynimə?” F.Q. Bəhram
kişinin miz üstünə qoyduğu pendirdən yuxanın
içinə sıxıb çaydan içə-içə
onun mavi, gülər gözlərinə baxıb, əslində,
nə dediyini eşitməyə-eşitməyə, sualına
belə bir cavab verdi:
– Bilmirəm. Amma yox, çətin...
Mübariz kişi bu
dəfə də yerində qurcuxdu, yenə xüsusi diqqətlə
F.Q.-ni nəzərdən keçirdi və elə indicə o,
lazım gəlsəydi, sidq-dil ilə and içərdi ki, bu
oğlan Bəhramın ondan nə soruşduğunu eşitmədi.
Amma cavabı bayaqkı kimi (Sovetlikdə olan kimi) yenə yerinə
düşmüşdü. Mübariz kişi əlindəki stəkanı
qurtum almadan səliqə ilə mizin üstünə
qaytarıb qoydu. Bəhram kişi isə F.Q.-yə çaydan
ləzzətlə dada-dada öz mavi gülər gözlərini
qıyıb bu sualı vermişdi:
– Səndən başqa da kəndə
bu işin dalıyca gələn olacaq, ya ki, sən tək
qalacaqsan, bala?
“Bilmirəm. Amma çətin...”
Sualın səsi çox uzaqdan,
boğuq bir dərənin dibindən gəldi. Sualın
mənasını isə Bəhram kişinin gözlərinin
dibindəki təbəssüm pıçıldadı. F.Q.-yə
əvvəlcə elə gəldi ki, bu təbəssüm bu
adamınkı deyil, onu kimdənsə borc alıb, amma buna
çox aludə olmadı (“nədi, nə deyil, ən əsası
odu ki, səmimidi”). F.Q. təbəssümə təbəssümlə
cavab verdi. “Gənc elmi mütəxəssis” Mübariz
kişinin az qala əsməyə başlayan əllərinə
baxa-baxa gizli bir ləzzət alırdı: “Mübariz kişi,
deyəsən, əməlli-başlı karıxıb”.
Karıxmış Mübariz kişi artıq hiss etdi ki, elə
indicə F.Q. ilə Bəhram kişi arasında
sazişsiz-zadsız bir “könül-qəlb” müqaviləsi
bağlandı. “Oxuya bilməz, inşallah!”. “Yox, oxuyacaq!”.
Bəhram kişi
mağaranı əməlli-başlı özəlləşdirmişdi
– bunu belə də başa düşmək olardı. Bozları
həyətdən aparıb mağarada saxlaması
(Çiçəkli yazının işarətlərinimi
qoruyacaqdı?!) kənar gözlə baxan üçün bir
ismarış idi. İsmarışın görünməyən
tərəfi ilə hələ işimiz yoxdu,
görünən tərəfi isə bu idi: “ Mağaraya mənsiz
girmək olmaz! Mağara ilə şəhərdən gələnlər
arasında əlaqəçi mənəm! Mağara ilə
heç kimin işi olmasın, mağara mənlikdi”. İnsafən,
əyri oturub düz danışaq, Bəhram kişinin
özünü bu cür aparmasına haqqı
çatırdı, belə ki, mağaranı tapan, əslində,
elə Bozların özü idi. Köpəyi
qabağına salıb qonşu Qamışlıq kəndinə
cığırla getdiyi yerdə (köpəyə içalat
alacaqdı, Qamışlıqda mal kəsmişdilər)
Çoban papağının düz təpəsinə
kölgə salan Quzğun dimdiyinə çatan zaman köpək
zingildəmişdi, daha bir addım irəli getmək istəməmişdi.
“Qurddu, nədi?!” Bəhram kişi ehtiyat edib həmişə
dağ cığırına çıxanda cibinə
qoyduğu iri alman bıçağını (Əryən
kişinin davadan gətirdiyi və ona hədiyyə etdiyi
bıçaq idi) çıxardı, açdı, amma Bozlar
yeri iyləyə-iyləyə qəflətən
cığırın sağ tərəfinə, kol-kos
basmış, görümsüz bir qaya parçasının
qarşısına getdi və Allahın heyvanı arxa pəncələrinin
üstə dikəlib iki qabaq pəncəsi ilə qayanın
ağzını basmış bu tikənli, cod
cındırış kol-kosunu inadla eşələməyə
başlamadımı, başladı. Köpəyin mırıltısından
Bəhram kişi anladı ki, məsələ qurd məsələsi
deyil, bıçağı qatlayıb cibində gizlətdi.
Yaxınlaşıb kol-kosu diqqətlə və maraqla gözdən
keçirdi və... aman Allah, dəfən-dəfən
yanından ( özü də təkcə
onun yox, bütün kənd əhlinin, elə Bozların
özünün də) o tərəfə, bu tərəfə
keçdiyi bu cındırış kollarını əli ilə
birtəhər ora-bura eləyib qapı boyda (balaca qapı
boyda) bir boşluq (mağaranın ağzını)
gördü. Mağara belə tapıldı.
...Mübariz kişi əvvəl-əvvəl
məsələnin mahiyyətinə, belə deyək, mültəfit
olmadı, “Mağaradı da, nədi ki?! Vəng dağında
yalan olmasın, onlarla bu cür mağara var. İndi durub gedib
bunu qoruq elan etməyəcəyik ha...” Yanına hövlnak gəlmiş
Bəhrama laqeyd halda bunu dedi:
– Get, işinlə məşğul
ol. İşin-gücün yoxdumu sənin?!
– Sənə
deyirəm, Mübariz, bu yer adi yer deyil. Bax, sonra
peşman olmayasan.
– Olmaram. Nə var bu mağaranın içində səni bu
cür haldan çıxarıb?! – Mübariz kişinin
bir an əvvəlki laqeydliyi adi marağa
çevrildi.
... Bəhram kişinin gözləri birinci dəfədən
qaranlıqda (qaranlıq isə zil qaranlıq idi) heç nə
seçəmmədi. İki fənər
kimi titrəyən və Bozların gözlərinin dibindən
fışqıran işıqdan başqa burada heç nə
görmək mümkün deyildi. Bəhram kişi qorxaq adam deyildi, heç deyildi, amma hiss
etdi ki, ürəyinin guppultusu az qala qulaqlarının pərdəsini
deşməyə başladı, əli yenə cibinə getdi,
bıçağın polad gövdəsi qaranlıqda
parıldadı. Bəhram kişi əli ilə
havanı toxunurmuş kimi yoxlamağa başladı,
mağaranın içinin sərhədlərini öyrənməyə
çalışdı. Birdən yadına
düşdü ki, mağaranın ağzı, deyəsən,
onun arxasınca yenidən qapandı. “Ağzı
bunun kol-kosla örtüldü, ax, ax, gərək içəri
girməmiş kol-kosu təmizləyəydim. İndi mən buradan necə çıxacağam,
Allah?!”
Mağaranın ağzı isə, həqiqətən, Bəhram
kişini və Bozları içəri buraxıb yenə
sıx, cod və tikənli cındırış kolları ilə
özü-özünü bağlamışdı. “Bu nə işdi?! Heç belə
işə düşməmiş idim.” Köpəyə
səsləndi:
– Bozlar,
Bozlar, gəl, maralım, gəl çıxart məni burdan,
harda qaldı bizim girdiyimiz yer?!
Köpək ağıllı köpək idi,
qulaqları biz durdu, Bəhram kişinin eləcə təkcə
səsindən anladı ki, ondan nə gözləyir. Fırlanıb-fırlanıb yenə mağaranın
ağzına gəldi, arxa pəncələri üzərinə
qalxdı, zingildədi. Onun gözündəki
işığa gedib Bəhram kişi gəldiyi
yeri tapa bildi. Cındırış kolları Bəhram
kişinin lap yaxınında imiş. Güc-bəla ilə,
tikənə əli ilişə-ilişə Bəhram kişi özünə və köpəyə
yol eləyib birtəhər buradan bayıra çıxdı. Hər tərəf sakitlik və işıq idi.
“Allah, çox şükür, çox
şükür. İşıqlı, gen
dünya başımıza dar olacaqdı”. Rahatlıqla köksünü ötürdü.
Bəhram kişi birinci gün mağara barədə
heç kimə bir kəlmə söz demədi. Evdə oturub çox düşündü, çox
daşındı. Nə isə qəlbinin
dərinliyində bir səs ona deyirdi ki, bu mağara adi
mağara deyil, burada nə isə var, baş verəcəklər
hələ irəlidədi. İkinci
gün sabah-sabah yenə Bozları yanına alıb Quzğun dimdiyinə
qalxdı. Özü ilə bu dəfə
bir balta gətirmişdi, mağaranın ağzını təmizləməyə
başladı. Heç düşünməzdi ki, bu
iş belə ağır olacaq. Vəng dağında bitən
cındırış kolları (başqa heç bir yerdə
bu mıxabənzər tikənli, zəhrimar kola rast gəlmək
mümkün deyildi) balta zərbələrinə mətanətlə
dözür, əyilib, əyilib, sınır, yaralanır,
amma haradansa yuxarıdan, aşağıdan yeni zoğlar üzə
çıxır, qollarını Bəhram kişinin
üzünə, gözünə dürtür
(araxçını iki dəfə başından
sürüşüb düşdü), sanki onu qucaqlamaq istəyirdi.
Çox əlləşdi,
üzü-gözü tikənə ilişmədimi,
ilişdi, amma, bir adamın güclə keçə bildiyi
boyda bir yeri, nəhayət ki, təmizləyə bildi. İndi cəsarətlə mağaranın içinə
daxil olmaq olardı. İçəri
keçəndə bura artıq əvvəlki kimi (dünənki
kimi) zil qaranlıq deyildi. Mağaranın təmizlənmiş
ağzından işıq topası özünü həsrətlilər
kimi içəri necə soxmuşdusa, indi burda, necə deyərlər,
heç olmasa, göz-gözü görə bilirdi.
Mağara nə böyük idi, nə də
kiçik. Beş-altı addımlıq uzununa, ondan lap az qədər eninə məsafəsi vardı.
Bozlar yenə ora-buranı aramsız qoxlamağa
başladı. Kəsif iyindən başqa
bir iy yox idi. “ Yox, adi mağaraya
oxşamır. Bura yaxında canlı
ayağı dəyən yerə də heç
oxşamır”.
Var idi bu cür, canlı ayağı dəyməyən
təbii mağaralar. Vəng dağında
belə mağaralar var idi. Bəhram kişi,
ümumiyyətlə dağ boyu, dağ ətəyi nə
vardısa – qayalıqları, sıldırımları,
mağaraları öz həyəti kimi yaxşı
tanıyırdı. Bəlkə də hardansa
bir daş gətirsəydin ona, barmaqlarının arasında
oynadıb dəqiq deyərdi, hansı qayanın, hansı
mağaranınkıdı. Bura isə bir
başqa yer idi. Bu, həm onun
tanıdığı idi, onlardan idi, həm də onlardan
deyildi. Amma nə iş idisə bu mağara əvvəl-əvvəl
Bəhram kişinin heç xoşuna gəlmədi. Müdhiş bir sükunəti vardı. Qəflətən qaranlıqda Bəhram kişinin
gözləri Bozların başı üstündə divarda nə
isə naxışabənzər oyuqlar sezdi. Diqqətini cəmlədi və yaxına gəldi.
... Bəhramın
az qala zorla mağaraya gətirdiyi
Mübariz daş divar boyu naxış kimi
düzülmüş bu işarətləri görən kimi
o dəqiqə anladı ki, o düşünən kimi deyil, məsələ
xeyli ciddidi, mağara barədə hökmən rayon mərkəzinə
xəbər vermək lazımdır. Elə də
etdilər.
Hadisələr sürətlə bir-birini əvəz
etdi. Kəndə səs düşdü.
Mağara kənd əhlinin çox böyük
marağına səbəb oldu. Hamı gəlib
bu işarətləri öz gözü ilə görmək
istəyirdi. Bir həftə sonra kəndə
tökülüşən Dil və Təfəkkür
İnstitutunun əməkdaşları isə çoxmənalı
şəkildə deyirdilər ki, nəhayət, bu xalqın da
tarixi tapıldı, üzə çıxdı, nəhayət,
bunu oxuyandan (onlar belə deyirdilər: deşifrə edəndən)
sonra bütün dünya biləcək, biz kim
idik, hardan gəlirik və hətta hara gedirik... Bu
sözlərə diqqətlə qulaq asan bəzi kənd
adamlarının marağı həddini aşırdı, amma
onlar hələ də bu qəribə naxışların
yazı kimi oxuna bilməsinə nəinki inanmır, bu onlara hətta
gülməli gəlirdi. “İşarətlər
nə qədər oxunmazdısa – bunu mütəxəssislər
deyirdi, – deməli, tarix bir o qədər qədimdi. Bir az dözün, özünüz görəcəksiniz,
Vəng dağı, Vəng kəndi beləcə
dünyanın ən məşhur tarixi yerlərindən birinə
çevriləcək”. Kənddə
hamı “mağara-mağara” deməyə
başlamışdı. Hər evdə,
çayxanada, poçtda, Radio meydanında, qərəz, hər
yerdə mağaranı müzakirəyə qoymuşdular.
“Yazı nə yazıdı, tarix bizə nə deyir, nə deməlidi
və s. və i.a.” Tikənli, cod cındırış
kolları çox tez bir zaman içində dəbə minərək
evlərin çəpərlərinə vurulmağa başladı,
hətta belə bir qəribə, sirli xəbər də
yayılmamış elə bətndəcə boğuldu:
“Mağaranın ruhu var!” – bir dəfə
kimsə bunu dedi, amma bu sözə qocalı, cavanlı
hamı gülüşdü və heç kəs buna
inanmadı.
Mağaranı az qala görüş
yerinə çevirmək arzusunda olan kənd cavanları, hətta
məktəb müəllimləri (onlar isə sinif
uşaqlarını bura ekskursiyaya gətirmək istəyirdilər)
Dil və təfəkkür institutunun əməkdaşlarının
təkidi ilə mağaraya bir daha yaxın
buraxılmadılar. Hamı hiss edirdi ki, bəli, məsələlər
deyəsən, həqiqətən ciddiləşir.
Kənardan kənara rayon mərkəzindən bəzi
vəzifəli adamlar hərdən mağaranın
ağzına qədər gəlir, ora-burasına baxır,
quzğun dimdiyindən üzüaşağı kəndə
nəzər salır, amma Mübarizin təkidinə baxmayaraq
mağaranın içinə keçmirdilər. Elə bil, Bəhramın lal etirazını hiss
edirdilər. Bu vaxtlar idi, kəndə yas
düşdü. Qulamhüseyn müəllim
öldü.
Bəhram kişi sübh çağı Bozları
aparıb mağaranın bir küncündə zəncirə
vurdu. Bozlar əl boydalığından Bəhram
kişidə idi, onun həyətində
böyümüşdü. Bozları ona Vəng
dağının o biri tərəfindən dostu Mədət
kirvə gətirib hədiyyə eləmişdi.
Bozları Bəhram kişi sevə-sevə, “maralım” deyə-deyə
bəsləmişdi, hər cür xidmətində
durmuşdu, o Bozlara, Bozlar ona çox isnişmişdi, indi də
onu ilk dəfə həyətindən aparıb mağarada zəncirləyəndən
sonra (“Belə lazımdı, maralım, belə
lazımdı”) geri qayıtmağa ayağı heç
cür getmirdi ki getmirdi. Çalışırdı,
gözləri köpəyin par-par yanan gözlərinə
sataşmasın. Nə görəcəkdi
ki?! Bozların ona dikilmiş gözlərində
sədaqətdən, bir də işıqdan başqa heç nə
görməyəcəkdi.
KƏNDƏ
GƏLDİYİ BİRİNCİ GECƏ.
BƏHRAM
KİŞİNİN EVİ.
Mübariz
kişi “Balaca”nın altında bir xeylaq
oturduqdan sonra (elə hey ordan-burdan danışdı;
İnstitutdan gələnlər belə getdi, yazını
oxumaq istəyənlər elə getdi... Nəhayət, başa
düşdü ki, yorğunçuluqdu, onun söhbətinə
artıq “xala, xətrin qalmasın” qulaq asırlar)
açıq-aşkar naəlac və gizli şəkildə
istəməyə-istəməyə ayağa qalxdı,
üzünü F.Q.-yə tutdu:
– Di, mən
gedim, – dedi. – Sən də dincəl daha, o boyda yol gəlmisən.
Sabah gələrsən sovetliyə, məsləhətləşək,
görək neynirik?!
“Görək neynirik? Nə edəcəkdik
ki?! Bu kişi adamdan əl çəkənə
heç oxşamır. Yazını bu da mənimlə bir yerdə
oxumaq istəməsin...”
–
Maşından isə arxayın ol. Ürəyinə
heç nə gəlməsin. Buralar tam
salamatlıqdı. “Maşınına əyri
gözlə baxanı istəsən də tapammazsan”.
Həyət
qapısından çıxan yerdə yavaş və
qayğılı səslə Bəhram kişidən ciddi bir
tərzdə soruşdu:
–
Ehtiyacın olan bir şey varmı? Tükəzi sabah göndərimmi?
F.Q. düşündü, yəqin nəzərdə
tutur ki, mənim bu evdə qalmam ilə bağlı nəsə
lazımdımı, puldan, ərzaqdan nə kömək edə
bilər?! “Bəs bu Tükəz kimdi?”
– Yox,
lazım deyil, yoxdu, sən narahat olma. – Bəhram kişi cavab verdi. “Ay səni, Mübariz...”
Sonra
Mübariz kişi üzünü F.Q.-yə
tutdu:
– Bax,
oğul, Bəhram nə desə o cür elə. Mağaraya tək
getmə! – Mübariz kişi qapıdan
çıxan yrdə üzünü F.Q.-yə tutub bu
sözləri deyəndə bilirdi ki, F.Q. sabah onun yanına “məsləhət
üçün” gəlməyəcək.
Bəhram kişi Mübarizin dalıyca qapını
bağladı və onlar “Balaca”nın altına
qayıtdılar. Mübariz kişi gedəndən
sonra F.Q.-yə elə gəldi ki, həyət
böyüdü.
– Bir stəkan
da içərsənmi? Heç nə yemədin... – Bəhram
kişi dedi.
– İçərəm, əziyyət olmasın.
Yorulmuşam, amma yatmağım gəlmir, qəribədi.
Yedim, niyə ki. – F.Q. bir az
pendir-çörək yemişdi.
– Elədi,
buralar elədi. Adamı tez yatmağa qoymaz.
Huşa gedib qayıdarsan.
F.Q. alçaq, amma rahat, söykəncəkli taxta
oturdu, yerini rahladı, kürəyini söykəncəyə
söykədi. Ləzzətli bir
rahatlıq gəlib canına hopurdu. Bütün
vücudu sərməstləşirdi. Başının
az qala üstündəki ulduzlara, bir qədər aralıda
sallanan yupyumru, üzü ləkəli aya ( dolğun aya) səmimi
bir heyrət içində baxdıqca baxır, yenidən
özünü bu möhtəşəm Ahəngin içinə
salmağa, daha doğrusu, özünü Ahəngin içində
hiss eləməyə çalışırdı. Təxminən
bu cür: “oralardan baxanlara mən də görünürəm,
görünmürəm?!”
–
Mübariz, belədi, həmişə dikinə danışar.
– Bəhram kişi yavaş səslə, elə
bil, özü-özünə söylədi. – Amma
yaxşı adamdı.
Bəhram kişi F.Q.-yə mane olmaq istəmirdi, “dincəlir”.
F.Q. isə öz səsini az qala
tanımadı:
– Hə,
yaxşı adama oxşayır.
–
Başı çox çəkib...
“Eləmi?! Heç oxşamır
başı əzab çəkmiş adama”. F.Q. susdu.
F.Q.-nin mənalı-mənalı
susmağı Bəhram kişinin diqqətli nəzərindən
qaçmadı:
– Vaxt olar,
bir dəfə mən sənə bunun hekayətini
danışaram. Mübariz başqa Mübarizdi.
“Necə
Mübarizdi?” F.Q. bu Mübariz söhbətini
daha uzatmaq istəmədi.
– Əlbəttə,
nə deyirəm ki?!.
F.Q.-nin fikri yenə özünə getdi, əməlli-başlı
ləms düşürdü. Hiss edirdi ki, canından cirə-cirə
nəsə çıxır. Çıxdıqca
canı dincəlir. Bəhram kişi
gətirən çayı yavaş-yavaş içməyə
başladı. Çayı içib, elə
bil, dirçələn kimi oldu. Beynindən “niyə də
soruşmayım?” sualı keçdi və o soruşdu:
– Bəhram
dayı (hərdən Bəhram dayı deyirdi, hərdən Bəhram
əmi), deyirəm, görəsən bu “Vəng”
sözünün bir mənası varmı? Buralarda
bununla bağlı fikir var, yox? Bəlkə nəsə
bir rəvayət, nağıl...
– Rəvayət,
nağıl bilmirəm, eşitməmişəm. Onu bilirəm, camaat arasında belə bir inam var ki,
bu dağdan gecələr ... səs gəlir. Rəhmətlik
atam deyərdi, gecələr Vəng dağının iniltisinə
hər eşidən dözməz... Sözdü, deyirdi...
– Allah rəhmət
eləsin...
– Allah sənin
də ölənlərinə rəhmət eləsin...
F.Q.-nin ibnəsi tutmadımı, tutdu. “İnilti – əlbəttə, bu bir açardır.
“İnilti”, ya “ənilti” bir elə fərqi yoxdu. “V” səsi
isə... harda istədi, orda söz əvvəlinə gəlməyi
var. “V”ni çıxar, at, sonra da əniltidən iniltiyə
sürüş, düş və yaxud, əksinə, iniltidən
əniltiyə qalx, əvvələ də bir “V” gətir qoy –
bu da sənə Vəng dağının etimologiyası!”
Beynindən veyil-veyil keçən bu “ hərcayi”
fikirlərdən özünün də xoşu gəldi,
dodağı qaçdı, xoşhal oldu.
– İnilti – çox maraqlıdı. Vəng
sözünün iniltidən əmələ gəlməsi...
bəlkə də belə ola bilər. Niyə də yox?!
– Eləmi?!
– sidq-ürəkdən təəccüblənən
Bəhram kişi rəhmətlik atasının (atası
çoban olsa da savadsız, amma ağıllı adam idi: “Mən
həyat alimiyəm, kitab alimi deyiləm.”) söylədiyi
sözlərin nə zamanca elmi həqiqətə uyğun gələ
biləcəyini ağlına belə gətirməzdi.
Bu cür sürətli,
və effektli etimoloji yozumun müəllifi F.Q. gizli bir ləzzətlə
gözaltı Bəhram kişiyə nəzər yetirdi.
Bəhram kişi, aydın məsələ
idi, bu sürətli “əqli kombinasiyaya” lazım olan qiyməti
vermədi. Amma... “ Nə etməliydi, durub əl
çalmayacaqdı ki”.
–
Ulduzları seyr eləmək xoşuna gəlir... – Bəhram kişi xeyli mülayim şəkildə dilləndi.
– Hə...
Şəhərdə bunlar bu qədər
yaxında olmurlar.
– Elədi.
Deyirəm, bəlkə... Bax, damcıladı.
– Bəhram kişi sözünü kəsdi,
başını qaldırıb göyə baxdı, sonra ətrafı
diqqətlə nəzərdən keçirdi.
– Yəni,
bu vaxtlar yağış yağa bilər? – F.Q. təəccüblə
soruşdu.
– Bilər,
elə bilər. Bilirsən, bu vaxt nə
vaxtdı? Ağlına nə gəlirsə ola bilər. Bax, yağış
gəldimi ağlına, yağa bilər.
“İndi nə yağış?! Bu
qədər ulduz var göydə, bir bulud belə yoxdu. Ömründə yağmaz. Çətin
məsələdi”.
...Yarım saatdan sonra cənubi Amerika leysanlarına
oxşayan bir yağış əsl arzu-kamla yağmağa
başlamadımı, başladı. Göy
üzündə ulduzlar öz yerini çox asanlıqla qara
buludlara verdilər. Heç elə bil, əvvəldən
yox imişlər.
– Dur, gəl
evə, islanacaqsan. – Bəhram kişi
samovarı artırmada yerə qoyub, evə keçdi. “İslanmamış gedim yerini salım, gec oldu.”
F.Q.-yə elə gəldi ki, bu dəfə Bəhram
kişinin səsindəki nəvaziş və
baxışı bir-birinə uyğun deyil. Bəhram kişi evə keçəndə bu dəfə
ona, belə deyək, zənlə baxdı.
Damlalar hardansa gəlib F.Q.-nin üzünə,
saçına qonurdu. Düzdü, Balacanın
qol-budağı, yarpaqları bir növ onu get-gedə şiddətlənən
yağışdan qorumalı idi, amma... Üzü ilə
sürüşə-sürüşə çənəsinəcən
gəlib çatan damlaları heysiz-heysiz əli ilə (təzədən
məst olmuşdu, nəydi, artıq əməlli-başlı
yarıyuxulu idi, gözləri az qala
süzülürdü) üzündən silir, saçına
yaş-yaş sığal çəkməyə
çalışırdı. Oturduğu yerdən
qalxmaq istədi, amma qalxa bilmədi. Təzədən
öz vahiməli libasına (qaranlığa)
bürünmüş Vəng dağı tərəfdən
sürüşüb gələn boğuq inilti səsini
yarıyuxulu halda beyninin dərinliyində az
qala bütün varlığı ilə hiss etdi və bu zaman
beyninin elə həmən dərinliyindən ildırım
sürətilə keçən bir fikirdən diksindi, beləcə
dərin yuxuda atılıb diksinərlər, amma yuxudan
ayılmazlar. Əslində, F.Q. buna duksinməməli,
bundan xoflanmamalı, sadəcə, əməlli-başlı təəccüblənməli
idi. “Yatıram, nədi?! Həyatda
axı belə olmur, ola bilməz!”.
Yağış burda onun ömür boyu
alışdığı kimi yuxarıdan üzü
aşağı yağmırdı. Yağış
burda aşağıdan üzü yuxarı yağırdı.
Ardı gələn
şənbə sayımızda
Kamal ABDULLA
525-ci qəzet.-2010.-
14 avqust.- S.16-17.