Yurd yerinin göynərtisi...
FÜZULİ
RAYONUNUN İŞĞALINDAN 17 İL KEÇİR...
23 avqust 1993-cü
ildə Füzuli şəhəri və rayonunun 40-a yaxın kəndi
erməni hücumu nəticəsində işğal edildi.
Rayon, demək olar ki, döyüşsüz təhvil verildi. Məlumatlara
görə, ermənilərin kiçik kəşfiyyat dəstələri
irəliləyərək səngərlərin və
yaşayış məntəqələrinin bomboş
olduğunu görüb xəbər verirmişlər; erməni
zabitləri isə bunun tələ olduğunu bildirərək,
ehtiyatlı olmağı, kəndləri bir-bir tutmağı məsləhət
görürmüşlər. Amma nə yazıqlar ki,
Füzulidə ermənilərə heç bir tələ
qurulmamışdı; tələ füzulilərin
özünə qurulmuşdu. İndi həmin təqvimdən
17 il ötür. Bu illər füzulilər yüz dəfələrlə
doğma torpaqlarının bu gün və ya sabah
işğaldan azad olunacağına ümidləniblər, hər
dəfə də umsuq olublar. 1993-cü ilin qanlı-qadalı
yay günlərində Füzuli rayonunun cənnətməkan
bir diyarı olan mənim doğma kəndim Mollavəli də
işğala məruz qaldı. 2 iyul 1993-cü ildə rayonun
Yuxarı Güzlək və Qaradağlı kəndləri
işğal ediləndə onlardan 3 km aralıda yerləşən
bizim kənd üçün də çətin vəziyyət
yarandı. Erməni quldurlarının cəmləşdiyi Məlikcan
yüksəkliyi kəndimizin lap yaxınlığında, cəmi
2 kilometrliyində idi. Kəndimiz sözün əsl mənasında
səngər olmuşdu. Kəndin kişiləri, xüsusilə
də cavanlar, “quş tüfəngi” ilə olsa da, səhərə
qədər yatmayaraq, mövqelərdə keşik çəkirdilər,
kəndi qoruyurdular. 1992-ci ilin yaz-yay aylarında kəndimizin
müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycanın
müxtəlif bölgələrindən kəndə əsgərlər,
xüsusən də topçular gətirildi. İnsaf naminə
demək lazımdır ki, bu vətənpərvərlər
bizimlə birlikdə kəndin müdafiəsinə mərdliklə,
qeyrətlə dayanırdılar. Hətta onlar bizə
bildirirdilər ki, nə qədər biz burada sizin
yanınızdayıq, ermənilər kəndə hücum əməliyyatlarına
keçə bilməzlər. O zaman mən AXC Füzuli rayon şöbəsinin
Mollavəli kənd dayaq dəstəsinin sədri idim. Mütəmadi
olaraq kəndi qoruyan əsgərlərin yanında olurdum;
onların əsasən məişət problemlərinin həll
olunmasına köməklik göstərirdim. Bu əsgərlərin
əksəriyyəti ali təhsilli idilər. 1992-ci ilin ikinci
yarısında rayon icra hakimiyyəti tərəfindən ucqar
cəbhə kəndlərinə ərzaq yardımı
paylanırdı. Mollavəli kəndində yardımların kənd
camaatına çatdırılmasına şəxsən
özüm rəhbərlik edirdim. Kəndimizə köməyə
gəlmiş topçu əsgərləri
unutmurduq. Hər birimiz
onlara kömək etməyə
çalışırdıq. Onların müəyyən
problemlərinin həll olunmasında mənimlə bərabər
həmkəndlilərimizdən Baloğlan
Məmmədov, Arif Alışov, Firəddin
Səfərov, Gündüz Məmmədov,
Məhəmməd müəllim xüsusi
fəallıq göstərirdilər. Baloğlan
Məmmədov onların qidalanmasına, təmizliyinə xüsusi diqqət ayırırdı. 16
yaşlı Firəddin Səfərov silah
götürüb əsgərlərlə
birgə kəndin müdafiəsində iştirak
edirdi. Sonradan avtomat götürüb
özünümüdafiə dəstələrinə qoşulub torpaqlarımızın
azadlığı uğrunda vuruşan Məhəmməd müəllim, demək
olar ki, hər gün əsgərlərlə bir
yerdə olurdu. O, tez-tez
əsgərlərlə bizim şəkillərimizi
çəkirdi. Kəndin hər bir sakini bizə köməyə gəlmiş topçu əsgərlərlə qayğı
ilə yanaşırdı. Onların komandiri
bu qayğıya görə
camaatımıza təşəkkürünü bildirirdi. Topçular bizə
onu da deyirdilər ki, əgər bizi bu mövqelərdən başqa
yerə aparsalar və buralar
artilleriyasız qalsa, kənd və ətraf
yaşayış məntəqələri düşmənin əlinə
keçə bilər. Sonralar həmin “topçular” müəmmalı şəkildə
tutduqları mövqelərdən çıxarıldılar və
bundan az sonra kəndimiz, eləcə də qonşu kəndlər və Füzuli
şəhəri düşmən caynağına keçdi. Mənim üçün
böyük maraq kəsb
edən məqamlardan biri kəndimiz işğal edilərkən ətraf
yaşayış məntəqələrində, mövqelərdə
kifayət qədər sayda olan tankların və torpaqların müəmmalı
susması oldu. Kəndin müdafiəçilərinin
qüvvəsi isə təpədən-dırnağa qədər
silahlanmış erməni-rus hərbi qüvvələrinin
qarşısında davam gətirə bilməzdi.
Döyüşçülərimiz bütün
bunlara baxmayaraq, inadla vuruşdular; şəhid
olanlarımız, yaralananlarımız da oldu. Amma heyif
ki, torpaqlarımız erməni-rus hərbi
qoşunlarının hücumu və öz daxilimizdə müəyyən dairələrin
ərazilərimizin işğal
olunmasında müəmmalı maraqlarının olması nəticəsində
zəbt edildi. Adamı ən
çox o
yandırır ki, indi
bəzən Bakıda, Sumqayıtda, Gəncədə və başqa ərazilərdə bir
sıra özünü-sözünü
bilməz adamlar ağzını Allah yoluna qoyub
çayxanalarda, ictimai
nəqliyyatda, daha nə bilim
haralarda, ərazisi işğala
məruz qalmış rayonların əhalisinin ünvanına
“Erməni bir güllə atan
kimi qorxub
qaçdınız” və başqa bu kimi təhqiramiz ifadələr
səsləndirirlər. Halbuki, 1988-ci ildən
1993-cü ilə – işğala qədər
olan 5 il müddətində
camaatımız topun, tankın
qabağında, raket mərmilərinin
altında duruş gətirə bilmişdi. Həmin atəşlər nəticəsində
və düşmənlə qanlı vuruşmalarda
şəhid olanlarımıza Allah rəhmət
eləsin! Qəbirləri nurla dolsun! Ona da təəssüflənirəm
ki, hələ də bəziləri
torpaqlarımızın işğala məruz
qalmasına, minlərlə günahsız insanın
ölümünə səbəb olan
müharibəni “münaqişə” və ya
“konflikt” kimi qələmə
verirlər. Yuxarıda qeyd
etdiyim fikirlər kədərli dünənimizlə
və ötən 17 illə bağlı məni
düşündürən, ağrıdan, narahat
edən hisslərin məhsuludur. İnanmaq
istəyirəm ki,
torpaqlarımızın azad ediləcəyi
gün, işğalçılar üzərində
qələbəmiz uzaqda deyil!
Vaqif ALIŞOV
525-ci qəzet.-
2010.- 19 avqust.- S. 4.