Azərbaycanda 30-dan çox biznes mərkəzi var
ONLAR GÖSTƏRDİKLƏRİ XİDMƏTLƏRƏ
GÖRƏ “A”, “B”, “C” KLASLARINA BÖLÜNÜR
Maraqlı
layihələri ilə daim diqqəti cəlb edən Dubay bu
sahədə növbəti addımı atmağa
hazırlaşır. Bu yalnız qadınlar üçün nəzərdə
tutulan biznes mərkəzinin inşasıdır. “Həvva qalası” adlanacaq bu mərkəz yalnız
qadınlara xidmət göstərəcək. 20 mərtəbədən ibarət olacaq mərkəzdə
kişilərə nəinki işləmək, hətta
gediş-gəliş də qadağan olunacaq.
Qeyd edək ki, dünyada xüsusi olaraq
iş adamları üçün nəzərdə tutulan
biznes mərkəzlərinin yaradılması 20-ci əsrin əvvəllərindən
başlanıb. Biznes mərkəzlərinin fəaliyyəti
iqtisadi inkişaf nəticəsində ortaya çıxan tələbatla
bağlı idi. Müstəqil Azərbaycanda
ilk biznes mərkəzlər 90-cı illərin sonlarında
işə düşdü. 2006-cı ildən
sonra isə ölkədə biznes mərkəzlərin
yaradılması geniş şəkil aldı. 2007-ci ilin ortalarından etibarən mənzil tikintisi
ilə məşğul olan şirkətlərin bir çoxu
öz profillərinə biznes mərkəz tikintisini də əlavə
etdilər. Azəraycanın ofis bazarında
biznes mərkəzlərinin mövqeyi 30-40 faiz təşkil
edir.
“A”, “B”, “C”
Hazırda
ölkəmizdə 30-dan çox biznes mərkəzi var ki,
onlar göstərdikləri xidmətlərə görə
“A”, “B”, “C” klaslarına bölünür. Bu klaslar otellərdəki
ulduz göstəricilərinə müvafiqdir. Məsələn “A” klaslı biznes mərkəzi,
beşulduzlu otellərə, “B” klaslı dördulduzlu, “C”
klaslı üçulduzlu otellərə uyğun gəlir.
Klasın kateqoriyasına görə, göstərilən
xidmətlər də fərqlidir. “A” klas
biznes mərkəzində xidmətlər çox yüksək
səviyyədə təqdim olunur. Məsələn,
burada yerləşən şirkətlər elektrik problemini
hiss etmirlər- işıqlar sönəndə dərhal
generator qoşulur, yanğınsöndürmə xidmətləri
Avropa standartlarına uyğun qurulur. Belə mərkəzlər
ofisdən əlavə, otel, yeraltı qaraj, hovuz və idman
zalı da var. “B” və “C” klas biznes mərkəzləri nisbətən
sadə bina və ofislərdən ibarət olur. Bu mərkəzlərdə təmizlik, mühafizə
və kommunal xidmətləri olur, amma yeraltı qaraj, hovuz və
idman zalının olması mütləq deyil.
Xidmətlər və güzəştlər: “Hər
şey iş üçün!”
Müasir
biznes mərkəzi bir sıra tələblərə cavab verməlidir. Bunlardan biri qəbul
şöbəsidir (“resepşn”). Qəbul
şöbəsi müştəriləri qonaqların
qarşılanması, taksi, bilet, otel sifarişi və ofislərlə
əlaqə xidmətləri ilə təmin edir. İşi yaxşı qurulmuş qəbul
şöbəsi mərkəzdə yerləşənlərin
işini dəfələrlə rahatlaşdırır.
Müasir
dövrdə biznes mərkəzlərinin keyfiyyətinin əsas
ölçülərindən biri də burdakı
telekommunikasiya imkanlarıdır.
Biznes mərkəzlərinin
adi ofislər qarşısında ən böyük
üstünlüklərindən biri konfrans zallarıdır. Mərkəzlərin əksəriyyətində
müasir avadanlıqla, texniki ləvazimatlarla təchiz olunan
zallar burda yerləşən şirkətlərə konfrans
zalları pulsuz verilir. “Caspian Plazada” hesab edirlər ki, bu
müştərilər üçün çox sərfəlidir:
“İclas zalına hamının ehtiyacı var. Bunu ofisdə
yaratmaq çətindir – 8-10 nəfərlik iclas zalı ən
azı 30 kv.metr yer tutur. O qədər də böyük
olmayan ofislər üçün bu yer itkisidir. Təkcə
iclasa görə, əlavə 30 kv.metr sahə kirayələmək
də sərfəli deyil – bu “ölü xərc”lərdir.
Ümumi iclas zalının olması isə bu
problemi aradan qaldırır”.
“ISR Plaza”
biznes mərkəzinin biznes şöbəsinin müdiri Birol
Kılıç minimum tələblər sırasında
biznes mərkəzinin işıq, istilik, su təchizatı,
sanitar su qovşağı və təhlükəsizlik xidmətini
də qeyd edir.
Biznes mərkəzlərində
təhlükəsizlik məsələlərinə xüsusi
diqqət yetirilir. Müasir mərkəzlərin əksəriyyətində
yüksək standartlara cavab verən yanğından mühafizə
sistemi qurulub. “ISR Plaza”da mərkəzləşdirilmiş
yanğından mühafizə sistemi, hər mərtəbədə
2 evakuasiya pilləkəni var, bina 8-9 bal zəlzələyə
davamlıdır. “Dalğa Plaza”da isə avtomobil
dayanacaqları da videokameraların və mühafizə xidmətinin
nəzarəti altında qorunur.
Süfrə arxasında işgüzar söhbətlər
Biznes mərkəzləri təkcə
iş yeri deyil. İşgüzar aktivlik,
müştəri və işgüzar əlaqələr
uğrunda mübarizə, sərt rəqabət şirkətləri
var gücü ilə çalışmağa məcbur edir.
Onların əməkdaşları iş yerlərində
getdikcə daha çox vaxt keçirməli olurlar, yəni
ofislər onların ikinci evinə çevrilir. Müasir
biznes mərkəzlərində bu xırdalıqlar da nəzərə
alınıb – bəzi mərkəzlər müştərilərinə
ofislərlə yanaşı, fitnes zalları, hovuzlar təklif
edir. Burda fanklublar və sosial əyləncələr,
partilər keçirmək mümkündür.
Müştəri
uğrunda mübarizə aparan biznes mərkəzlərinin əsas
silahlarından biri restoranlardır. Son illər onların təyinatı dəyişib – bir
neçə il əvvələ kimi biznes
mərkəzlərdəki restoranlar bir qədər yüksək
səviyyəli (ona görə də nisbətən bahalı)
əyləncə obyektləri sayılırdı. İndi isə bu restoranlarda müştəri
axını qaynaşır – mərkəzlərin əksəriyyəti
sakinlərinə biznes-lanç təklif edir. Burda ofisdən uzaqlaşmadan sərfəli qiymətə
nahar etmək olar. Mərkəzlər bundan
əlavə pul qazanır, müştərilər isə ətrafda
nahar etmək üçün vaxt itirmirlər. Üstəlik, ofisdə başlanan işhgüzar
söhbəti lançda da davam etdirmək olar. Lançların qiyməti biznes mərkəzlərdə
yerləşən şirkətlərdə
çalışanlar üçün menyulardan asılı
olaraq 5, 6, 7 manat arasında dəyişir. Kənar
şəxslər üçün isə bu rəqəm 25-30
manatdır. Lanç 12:00 və 15:00 saatlarında ola bilir. Menyuya müxtəlif meyvə şirələri,
çay, kofe, qazlı və qazsız sular, salatlar, dəniz məhsullarından
hazırlanan xörəklər, şorba və s. daxil olur.
Xaricdən gələn
qonaqlar və mütəxəssislər isə mərkəzdən
uzaqlaşmadan burdakı oteldə yaşaya bilərlər, səhər
cəmi bir mərtəbə aşağıda onları
işgüzar görüşlər gözləyir.
Niyə məhz biznes mərkəzi?
Biznes mərkəzlərinin rəhbərləri
hesab edir ki, belə mərkəzlər vaxtını ancaq
işlərinə sərf edənlərin seçimidir: “Bu
şirkətlər işıq, istilik, su təchizatı və
s. kimi məsələlərə vaxt itirmək istəmədiyi
üçün biznes mərkəzlərini seçir”.
Şirkətlərin
bir-birilə ünsiyyəti baxımından da biznes mərkəzləri
sərfəlidir.
Biznes mərkəzlərinin
müştəriləri də dəyişir. Birol Kılıç bildirir ki, 2001-ci ildə
Bakıda ofis icarədarlarının əksəriyyəti neft
şirkətləri idisə, indi onların yerini xidmət sahələrində
çalışan şirkətlər tutur: “Çünki, əvvəllər
neft şirkətlərinin çox perspektivi vardı. Buna səbəb dünya bazarında neftin qiymətinin
artması idi. Amma son vaxtlar neftin qiyməti
düşür və bu da şirkətlərin çox pul xərcləməsini
əngəlləyir. Neft şirkətləri
hazırda daha ucuz ofislərə meyllənir və xərclərini
aşağı salır”.
Qeyd edək
ki, biznes mərkəzlərini seçən şirkətlər
təyinatına görə daha çox turizm, sığorta,
konsaltinq şirkətləri, medya qurumları, neft şirkətləri,
radiolar, QHT-lər, təşkilatlar və banklardır. Məsələn,
hansısa şirkət əvvəllər yaşayış
binasının birinci və ikinci mərtəbəsində
yerləşir. Bir müddət sonra
şirkətin müştəriləri çoxalır,
işləri genişlənir və bu zaman daha geniş ofisə
tələbat yaranır. Həmçinin,
bu şirkət müştəriləri və xaricdən gələn
qonaqlar üçün əlverişli şərait qurmaq istəyir.
Bu baxımdan biznes mərkəzində yerləşməyə
üstünlük verir. Biznes mərkəzlərində
həm yerli, həm də xarici müştərilər kifayət
qədər çoxdur. Say etibarilə xarici şirkətlər
bir qədər yüksək çəkiyə, 60 faiz göstəriciyə
malikdir. Biznes mərkəzlərində yerləşən
ofislər arasında sahəsi 100 kv. metrə qədər olanlar daha çoxdur. Banklar əsasən sahəsi geniş olan ofislərə
üstünlük verir. Bəzən onlar sahəsi 800-900
kv. metr olan bütöv
bir mərtəbəni də götürür. Çünki
onların müştəriləri çox olur. Neft, turizm, konsaltinq şirkətləri sahəsi
60-80 kv.metrlik ofislə kifayətlənir.
Mənzərəyə görə dəyişən qiymətlər
Dənizi
sevirsiniz? Elə
isə bunu sübut eləməlisiniz. Məsələn
ofisin hər kvadratmetrinə 5 manat artıq ödəməklə.
Azərbaycanın
biznes mərkəzlərində qiymətlər hər kv.metr
üçün 10-50 manat arasındadır. İcarə haqqı ofisin sahəsi, mərtəbəsi,
pəncərədən açılan mənzərədən
və s. məsələlərdən asılıdır. “Kermur Plaza”da sahə böyüdükcə qiymətlər
azalır – güzəşt 5 %-ə çatır. Güzəştlər 100 kv.metrdən yuxarı ofislərə
aiddir. Mərtəbələrə
yanaşma fərqlidir. Məsələn,
“Kermur Plaza”da mərtəbə yüsəldikcə qiymətlər
azalır. Burada birinci mərtəbədə
30 manat olan icarə haqqı sonuncu mərtəbədə 25 manata
enir. Çünki sonuncu mərtəbədə
yerləşən şirkətlərə çıxmaq
üçün müştəri bir qədər yol qət
edir.
Yuxarı mərtəbəsindən
dəniz mənzərəsi açılan “İsr Plaza”da isə
qiymətlər mərtəbələrlə düz mütənasibdir. Aşağı mərtəbədə
ofis icarəsi hər kv.metr üçün 30 manat, yuxarı
mərtəbənin dəniz mənzərəli ofisində isə
35 manat təşkil edir.
Məsələn,
yeni yaranan turizm şirkətləri özlərini tanıtmaq
üçün birinci mərtəbədə yerləşməyə
üstünlük verir. Üst
mərtəbələri isə nisbətən daha az müştərisi olan şirkətlər
seçir. Bəzi mərkəzlərdə kirayə
haqqı dəyişmir – istənilən mərtəbədə
ofisin qiyməti eynidir.
Kommunal xərclər hər kv.
metr. üçün 5
manatdır.
Mərkəzdən uzaq olmaq ucuz qiymət vəd etmir
Amma bəzi
ekspertlər Bakıdakı biznes mərkəzlərindəki
qiymətlərin yüksək olduğunu bildirir. “Əmlak Bazarı
İştirakçıları” İctimai Birliyinin
icraçı direktoru Ramil Osmanov bildirir ki, indi ayrıca
alınan kommunal haqların da bu xərclərə daxil edilməsi
düzgün olardı: “Əgər biznes mərkəzi 1 kv. metr üçün 35 manat qiymət təklif
edirsə, həmin pula görə, şirkətin ayrıca
sanitar qovşağı və mətbəxi olmalıdır”.
Bundan
başqa, adi ofislərdən fərqli olaraq biznes mərkəzlərində
qiymətlər şəhərin ərazilərindən
asılı deyil. Məsələn,
Xətai metrosunun yanında, şəhərin 3-cü
zonasına aid olan bir ərazidə biznes mərkəz ofisin
üçün hər kv.metrini 30 manata təklif edir . Halbuki bazarda olan qiymətlərə
görə, bu, maksimum 20 manat olmalıdır və s.
Məsələn
Türkiyədə “A” klass biznes mərkəzi
üçün hər kv.metr orta hesabla 25 dollara təklif
olunur. Rusiyada qiymətlər 20-50
dollar civarındadır. Lakin orada şərait
daha yaxşıdır.
İstehsal və
ticarətlə məşğul olmayan, intellektual biznesdə
çalışan şirkətin ay ərzində 3-4000 manat
pul qazanması çətin məsələdir. Görünür elə
buna görə, o qədər də böyük olmayan
şirkətlər biznes mərkəzlərindənsə nisbətən
ucuz adi ofislərə üstünlük verirlər. Burda qiymətlər hər m2 üçün 7-8
manatdan 25 manata qədər dəyişir. Komunal
xərclərə isə 3 manat tələb olunur. Məsələn,
“Elmlər akademiyası” metrosunun yaxınlığında 100
kv.metrlik ofis üçün hər kv.metr üçün
icarə haqqı 12 manat, komunal xidmətlər
üçün isə 3 manat ödəmək lazım olur. Ofis şirkətə ayda 1500 manata başa gəlir.
Ülkər NƏBİYEVA
525-ci qəzet.- 2010.- 17 avqust.- S. 2.