Bir de görüm A!
Elxan Qaraqanın “A” romanı haqqındakı tənqidlərə
cavab
IV hissə:
Elxan Qaraqanın “A” romanının ezoterik simvolikası
Mətbuatda və
internet saytlarında E.Qaraqanın “A” romanının təsirlənmə
mənbəyi kimi iki əsərin adı çəkilir. Bunlardan birincisi, P.Koelyonun
“Portobelli cadugər”, ikincisi isə Ç.Palanikin
“Döyüş klubu” romanlarıdır. Birinci fikri əvvəlcə
E.Qaraqanın “A” romanına yazdığı ön sözdə
(“Elxanın “A” romanı”) irəli sürən R.Məcid
sonradan “Azadlıq.orq” saytına müsahibəsində (“Plagiat
iddiası mənasızdır – Qaraqana paxıllıqdan irəli
gəlir”) bir daha belə vurğulayır: “Mən “A”
romanına yazdığım Ön söz də də qeyd
etmişdim ki, burada “Portobelli cadugər” əsərinə
” struktur oxşarlığı var”.
Doğrudan da, “A” romanı ilə “Portobelli
cadugər” arasındakı oxşarlıq ən ümumi
strukturoloji plan, yaxud ayrı-ayrı faktlar səviyyəsindən
o yana keçmir. Strukturoloji
oxşarlıq deyəndə hər iki romanda müxtəlif
personajların silsilə monoloqlarının verilməsini nəzərdə
tuturuq. “Portobelli cadugər”də fərqli millətlərdən
olan, müxtəlif yaş, cins, peşə mənsubiyyətinə
malik bu adamların (44 yaşlı jurnalist Xiron Rayan, 32
yaşlı aktrisa Andrea Mak-Keyn, 37 yaşlı həkim Deydra
Onil, 64 yaşlı numeroloq Leyla Zeynəb, 57 yaşlı evdar
qadın Samirə R.Xəlil, 32 yaşlı mühəndis
Lukas və s. ) hamısı eyni bir adamdan –
romanın əsas qəhrəmanı, fenomenal parapsixoloji
qabiliyyətə malik Afina xanımdan – portobelli “cadugər”dən
danışırlar. Roman başdan-başa
ayrı-ayrı çıxışlardan ibarətdir. Bu çıxışların cəmi isə əsas
qəhrəmanın həyatının ümumi mənzərəsini
verir. O qədər də orijinal olmayan (oxşar
strukturdan İ.Əfəndiyevin “Körpüsalanlar”,
“Dağlar arxasında üç dost”, İ.Muğannanın
“İdeal” romanlarında istifadə olunmuşdu və o
dövrün tənqidi bunu polifoniya – çoxsəslilik kimi qiymətləndirirdi)
bu struktura əl atan Koelyonun məqsədi aydındır:
süjetin gedişini müəllif-təhkiyəçinin
monopoliyasından çıxarmaq; ənənəvi nəsrin
diktaturaçı mərkəziyyət prinsipini aradan
qaldırmaq; eyni bir predmetə fərqli rakurslardan baxmaqla məsələnin
təqdimini daha obyektiv və demokratik müstəviyə
keçirmək.
Elxanın
romanında da ayrı-ayrı gənclərin – HOST təşkilatı
üzvlərinin çıxışları verilir. Lakin onlar başqası yox,
özləri haqqında, keçdikləri həyat yolu barədə
danışırlar. Müqayisəni dərinləşdirsək,
Koelyo və Elxanın romanları arasında sözügedən
məsələ konusunda hətta diametral əkslik belə
üzə çıxır. Beləki
Koleyonun romanında hamının diqqəti bir şəxsin
üzərinə, Elxanın romanında isə bir adamın
diqqəti müxtəlif şəxslərin üzərinə
yönəlir. Çünki “A” romanı
bir adamın daxili aləmində gedən olayların ifadəsidir
və deməli ordakı fərqli çıxışlar da
real olmaqdan daha çox, bir şəxsin təxəyyülünün
məhsulu, ən uzağı olmuşların bir adamın
düçüncəsinə proyeksiya olunmuş,
sınmış şəklidir.
Bu iki roman
arasında ayrı-ayrı faktlar səviyyəsində də
paralellər aparmaq olar. Portuqal yazıçısının qəhrəmanı
Afina xanım, doğrudan da qaraçı əsillidir. Anası onu qeyri-qaraçı bir oğlandan qanunsuz
olaraq dünyaya gətirib və sərt qaraçı
qanunlarının tələbi ilə atmaq zorunda qalıb.
“A”nın qəhrəmanının da
qaraçı əsilli olduğu zənn olunur, amma bu, onun mənşəyi,
şəxsiyyəti, kimliyi haqqında dildə-ağızda gəzib
dolaşan çoxsaylı versiyalardan sadəcə biridir. Birinci romanın qəhrəmanı cadugərdir,
ikincisinin isə cadugər olduğu zənn olunur. Amma bu da onun haqqındakı çoxsaylı zənnlər,
gümanlardan sadəcə biridir. Bununla da
iki roman arasındakı münasibətlər bitir. Və burda nəinki plagiat, hətta təqliddən də
danışmaq çətindir.
Çak Palanikin “Döyüş klubu”
romanına gəlincə isə, Dərviş Məstəli şahın
diliylə desək, “bu hekayət xeyli deraz əst”, yəni bu
xeyli uzun hekayətdir. Koelyodan fərqli olaraq, Çakın
romanı ilə “A” arasında müqayisəolunmaz
dərəcədə ciddi paralellər aparmaq olar. Bu parallelər
C.Ramazanovun “Azadlıq.orq” saytına yerləşdirilmiş
“Müsabiqədə birinci olan “A” romanı plagiatdır”
yazısında qədərincə göstərildiyindən təfərrüatlara
getməyb ən ümumi struktur oxşarlıqları
üstündə durmaq istəyirik:
– hər iki roman
alternativ nəsr nümunəsidir;
– hər iki roman klassik
nəsr ənənələrinə etinasızlığın
ifadəsi olan yüngül, çaparaq üslubda, vulqarizmlərlə
zəngin dildə yazılıb;
– hər iki romanın qəhrəmanında
ikiləşmə baş verir: “Döyüş klubu”nun qəhrəmanı
özünü Tayler adlı bir nəfərlə əlaqələndirir:
“A”nın qəhrəmanı Anar isə A ilə: finala
doğru məlum olur ki, Tayler “Döyüş” klubunun qəhrəmanının,
A isə Anarın alter eqosu, gizli, daxili mənidir;
– hər iki romanın
ideyası da oxşardır: dünyanı dağıtmaq və
yenidən, daha ədalətlə qurmaq; indiyə qədər
formalaşmış, daşlaşmış, stereotipləşmiş
düşüncəyə qarşı kontrkultura mövqeyindən
çıxış etmək; odur ki, hər iki romanın qəhrəmanları
üçün nitsşeçi-anarxist ruh səciyyəvidir.
Bu məqsədi həyata keçirmək
üçün Palanikin qəhrəmanları
“Döyüş klubu”, Elxanın qəhrəmanları isə
“Episentr” yaradırlar və s.
– hər iki romanın
sonunda qəhrəmanların yeni dünya qurmaq
illüziyaları alt-üst olur.
Amma məqaləmizin
bundan əvvəlki hissələrində dediyimiz (və həm
də sübuta yetirdiyimiz) məlum fikri bir daha
vurğulayırıq ki, bunlar “A” romannın plagiat yox, təsirlənmə
olduğunu göstərir. Bəli, Elxan Çak Palanikdən təsirlənib,
amma bu, bədii nəsr düşüncəmizin
inkişafına xidmət təsirlənmədir. Qoy ədəbiyyatımızda
belə təsirlənmələr çox olsun! Bir-birimizdən
təsirlənməyimiz yetər!
E.Qaraqan Ç.Palanikin romanından təsirlənməsinə,
eləcə də “A”nın məhz
alternativ nəsr örnəyi olmasına dair elə kitabın
titul vərəqindəcə iki işarə verir. Bunlardan birincisi “Ən dar günümdə də məni
tək qoymayan Taylerin xatirəsinə” kimi ithaf cümləsindəki
dolayısı ilə də olsa, istiqamətləndirici
işarədir. (Bir daha
xatırladırıq ki, Tayler Ç.Palanikin “Döyüş
klubu”nun qəhrəmanıdır və təəssüf ki,
C.Ramazanov romana həsr etdiyi yazısında bu işarəni
düzgün anlamdığı kimi, yanlış da şərh
edir). İkincisi isə kitabın annotasiyasındakı
telereklam stilində, həm də bu dəfə artıq
açıq, birbaşa işarədir: “Müasir Bakı,
çağdaş problemlər. “Biz dünyaya
niyə gəlmişik?” Ən dərin fəlsəfi
suallara ən sərt cavablar. A kimdir?
O nə etmək istəyir? Kontr-kultura, alternativ
düşüncə. Ən dəhşətli
yanğınlar kiçik qığılcımdan
başlayır”.
Biz “A”
romanına bir neçə planda baxmaq fikrindəyik ki, bunlardan
da birincisi romanın simvolik-ezoterik qatıyla
bağlıdır.
Çünki əsərin təkcə elə adına
baxmaq kifayətdir ki, onun bir neçə minilllik
simvolik-ezoterik düşüncəyə söykəndiyini
görəsən.
U.Eko “Qızılgülün adı”na kənar
qeydlər”ində yazır: “Müəllif öz əsərini
şərh etməməlidir... Sərlövhə isə, təəssüf
ki, artıq şərhə açardır... Sərlövhə...
hansısa yeganə mənaya önəm verməməli..,
fikri nizama salmamalı, dolaşdırmalıdır”.
(U.Gko. “Zametki na poləx “İmeni rozı”. Sankt-Peterburq,
izd. “Simpozium”, 2007, s.6-8).
Gəlin
görək nədir axı bu A?! Niyə söz yox, hərf, özü də əlifbanın ilk hərfi? Bu başlıq, Eko demişkən, fikri
dolaşdırır, yoxsa nizama salır? A
hərfinin simvolik-ezoterik semantikası o qədər
çoxqatldır ki, ona hansısa konkret anlam vermək zordur və
o, Ekonun dediyi zidd funksiyaların (dolaşdırmaq – nizama
salmaq) hər iksini əsər boyu paralel yerinə yetirərək,
yalnız finalda vahid məcraya düşür. Bir dəfə
Budda şagirdlərindən birinə demişdi: “Hə, Ananda,
indi mən sənə A hərfində gizlənən
Kamil Müdrikliyi ötürəcəyəm”. Bu “kamil
müdrikliyin” Elxanın romanında vaxtaşırı
açıqlanan (və açıqlanmayan) tərəflərini
maksimum qısa şəkildə belə xülasə etmək
olar: mənşəcə Finikiya əlifbasından gələn,
zamanla digər xalqların (yəhudi, yunan, latın,
ərəb və s.) da qəbul etdiyi bu hərf (alef, alfa, əlif
və s.) ilkin yaradıcı odu, vahidi, müqəddəm
enerjini, müqəddəs ruhun varlığa, materiyaya
enişini, sadə desək, Yaradanı bildirir. Təsadüfi
deyil ki, ərəblərin əbcəd hesabına görə,
əlif 1 rəqəminə
uyğundur ki, bu da tək, vahid Allahı işarələyir.
Üç xəttin birləşməsindən ibarət A hərfi
xristian simvolikasına görə Müqəddəs
Üçlüyü (Troitsa) bildirir ki, bu da vahid Allahın
üç təzahür forması (Allah Ata, Allah Oğul,
Müqəddəs Ruh) deməkdir. İnduist ənənəyə
görə, kainatın mahiyyəti Aum (yaxud a-oo-mm)
hecasından ibarətdir, çünki varlıq bu səsdən
yaranıb.
A hərfinin simvolik kodlarının
deşifrovkasının tam mənzərəsi
üçün yəqin ki, ayrıca bir məqalə yazmaq
lazım gələrdi. Amma bu, bizim bilavasitə məqsədimiz
və mövzumuz olmadığından yuxarıdakı
xülasə ilə kifayətlənməyi lazım bilirik (Bu
barədə geniş məlumat almaq istəyənlər
aşağıdakı mənbəyə baxa bilərlər:
Gnüiklopediə simvolov, znakov i gmblem. Lokid- Mif, Moskva, 2000, s.
15-17). Demək, romana “A” başlığı
verməklə gənc müəllif ilkin başlanğıca,
yaradılış və varlıq əlifbasının ilk hərfinə
qayıtmaq zərurətini vurğulayır ki, bu da nizamı
pozulmuş dünyanı dağıdıb yenidən – ədalətlə
qurmaq kimi alternativ düşüncənin başlıca
müddəasından doğur. Qarşıdakı
maneə böyük olanda dala çəkilmək, güc
yığıb onun üstündən sıçramaq
lazım gəlir. İrəli getmək üçün
indiyəcən bizə öyrədilənləri unutmaq,
beynimizi ağ lövhəyə çevirmək,
geri – varlıq əlifbasının ilk hərfinə
qayıtmaq! Elxan öz romanının bu başlıca
ideyasını Nitsşedən gətirdiyi sitatla belə ifadə
edir: “İnsanlar da ağaclar kimidir. Onlar nə qədər
yüksəklərə, işığa doğru can
atırlarsa kökləri bir o qədər yerə,
aşağı, qaranlıq və dərinliyə enir”. Füzuli demişkən, “sərvərlik
istər isən, üftadəlik şüar et,
kim düşmədən əyağə, çıxmadı
başa badə”. Məlikməmmədin yer
üzündə ədaləti bərpa etmək
üçün qaranlıq quyuya enib divlər, əjdəhalarla
vuruşmasının səbəbi də bu idi. Buna
görə ağ qoç onu qara
qoçun belinə atmış, qara qoç isə zülmət
aləminə aparmışdı. Şərin,
zülmün yeraltı aləmdəki kökü kəsilməliydi
ki, bir də boy atmasın. Bu mənada “A”
müəllifinin öz qəhrəmanlarını
başdan-başa sirli işarələrdən ibarət bu ən
gözəl nağılımızın qəhrəmanları
ilə anoloji müstəvidə dərk və təqdim etməsi
məntiqidir. Nağıllar başlanğıcda
uşaqları yuxuya vermək yox, böyüklərin
yaddaşını oyaq saxlamaq funksiyası daşıyıb.
Bu vacib məsələ unudulduğundan divin Cırtdan və
yoldaşlarına məşhur sualı (“Kim yatmış, kim oyaq?!”) indi daha aktualdır.
Lakin A hərfinin
simvolikası təkcə kosmoqoniya – dünyanın
başlanğıcı məsələsi ilə bitmir. Bu hərfin simvolik
arsenalına antropoloji – insanla bağlı qat da daxildir. Çünki insan, fransız filosofu P.T.Şardenin
yazdığı kimi, sadəcə kainatın bir hissəsi
yox, həm də onun mikromodelidir. İnsan
kiçildilmiş kainat, kainat isə
böyüdülmüş insandır. İnsan
mikrokosmos, kainat makroinsandır. Buna görə kainat əlifbasının
başlanğıcına getməklə biz həm də
avtomatik olaraq insan əlifbasının da A
hərfinə gedirik. Təsadüfi deyil ki, ezoterik elmdə
bir-birinə perpendikulyar olaraq keçirilmiş iki A hərfi (pentalfa, yaxud pentakl – beşguşəli
ulduz) mikrokosmos – yəni insanın işarəsidir. Bu hərflərdən yuxarıda yerləşən
kosmosu, aşağıdakı isə onun anoloji mikromodeli olan
insanı bildirir. Ezoterik elmlərin banisi
sayılan Hermes Trismegistin məşhur aforizmi ilə desək,
“yuxarıda necədirsə, aşağıda da elədir”, yəni
kosmos necədirsə, insan da o cürdür. Və yenə
də təsadüfi deyil ki, allah ideyasını rədd edib,
onun yerinə insanı (Marksı, Lenini, Stalini və s.) qoyan,
insanı bütləşdirən SSRİ-nin dövlət rəmzlərindən
biri pentalfa – beşguşəli ulduz olduğu kimi,
dünyanı dağıdıb yenidən, amma ədalətlə
qurmaq, markssayağı cənət yaratmaq kommunist
ideologiyasının ən son strateji hədəfi idi.
Özünü kainatın yeganə sahibi sayan insan allahlıq
eşqinə düşür, Allahın
yaratdığını dağıdıb dünyanı yenidən
qurmaq istəyirdi: Və sovet şairləri də bi
ideologiyanı həvəslə tərənnüm edirdilər:
Vaxtında gəlmişik bu dünyaya biz,
Bu dünya yenidən qurulmalıydı!
Alovlar içində çalxanan dəniz,
Şəfəqlər qoynunda
durulmalıydı!
Qanuni hökmüydü əsrin,
dövranın,
Biz yol açmalıydıq məşəlimizlə!
Çünki qoymalıydıq yeni
dünyanın
Təməl
daşlarını öz əlimizlə.
(Ə.Cəmil)
Lakin
insanın mahiyyəti onun daxili Eqosu, ruhudur. Allahla
bərabər onun bir zərrəsi olan ruhu da rədd edən
kommunist ideologiyasının əksinə olaraq, qədim
ezoterik ənənədə A hərfi Eqonun, Ali Manasın, yəni
ali “mən”, daxili “mən”, ikinci “mən”, alter-eqonun, biz
sözlə, insani başlanğıcın, kökün, gizli
mahiyyətin rəmzidir. (Gnüiklopediə simvolov...s.
16). Bu üzdən “A” romanı qəhrəmanının sadəcə,
dünyanı yox, həm də özünü yenidənqurma
problemi ilə üz-üzə qalması məntiqidir. “Bizim
gücümüz zəifliyimizi
anlamağımızdadır... Bizim
döyüşümüz özümüzə qarşıdır”.
“A” romanındakı inqilabçı gənclər təşkilatı
üzvlərinin – HOST-çuların əsas devizlərindən
biri də məhz budur. Romanda hadisələr sadəcə
hansısa kənd və şəhərdə yox, həm də
insanın daxili aləmində baş verir, finalda isə məlum
olur ki, bütün olaylar əslində qəhrəmanın
qalüsinasiyaları imiş. Beləcə, Elxanın
kosmoqoniyası ilə antropologiyası qallüsinasiya məsələsində
birləşir. Qallüinasiya isə artıq psixoloji
faktdır. Və məhz bu, bizi romana dair fikirlərimizin
simvolik-ezoterik açıqlamalar qatından növbəti –
psixoanalitik təhlil müstəvisinə keçirir. Bu isə
artıq yazının daha bir hissəsinin bitib növbəti
hissənin başlanmasına işarədir.
(ardı var)
Əsəd CAHANGİR
525-ci qəzet.- 2010.- 21 avqust.- S.24.