Ürək yanmasa...

 

VAHİD ƏLİOĞLUNUN ŞEİRLƏRİ HAQQINDA BİR NEÇƏ SÖZ

 

Müasir poeziyamızda xalq şeiri ənənələrini yaşadan şairlərimizdən biri də Vahid Əlioğludur. Onun “Ürək yanmasa” kitabında toplanan əksər şeirlər ya qoşma, ya da heca şeirinin müxtəlif ölçülərində yazılan nümunələrdir.

Bu yol ənənəvi yoldur, əsrlərin sınağından keçən, daim özünü təsdiqləyən, heç bir zaman köhnəlməyən əbədi yoldur.Molla Pənah Vaqifin, Aşıq Ələsgərin, Xəstə Qasımın, Abbas Tufarqanlının, Aşıq Şəmşirin, Səməd Vurğunun poetik hünər qazandığı, xalqın ürəyinə, hisslərinə, duyğularına qovuşan yoldur.Vahid Əlioğlu da o yolun yolçusudur.

Əlbəttə, ənənəvi, məlum və çoxlarının üz tutduğu şeir formalarına müraciətdə külli miqdarda əyintilər də olur, gizlətmək lazım deyil ki, elə bu gün qələmə alınan qoşmalar, heca şeirlərinin xeyli qismi sanki bir konveyer altından çıxan, bir-birinin təkrarı olan məhsullara oxşayır. Vahid Əlioğlu bunu yaxşı bilir və çalışır ki, yüz illərin ənənəvi formalarında öz sözünü desin.

 

Çiynimə qonmadı çiçək əllərin,

Qəlbimdə açdığın yara çox dərin,

Məni yaşatsa da xatirələrin,

Yaman darıxıram mən səndən ötrü.

Səndən söz açıram, sözüm ağlayır,

Sinəmi yandıran közüm ağlayır,

Yox, dözə bilmirəm, dözüm ağlayır,

Yaman darıxıram mən səndən ötrü.

 

Bu, müəllifin ənənəyə bağlılığını sübut edən şeirlərdən biridir.

Şair gərək yaşadığı dövrlə, zamanla bağlı ola və cəmiyyətdə, məmləkətdə baş verən hadisələrə, olaylara mövqeyini bildirə, daha doğrusu, xalqın ürəyinə yol tapa, xalqla bir ola.. “Şairəm, əsrimin ayinəsiyəm” deyən Sabirin həmfikri ola. Vahid Əlioğlunun şeirlərində də biz bunu hiss edirik. Onun Azərbaycanla, Qarabağla, bu yurdun şəhərləri, kəndləri, obaları, mahalları barədə yazdığı şeirlərində Vətən məhəbbətinin coşqun ifadəsini görürük.

 

Vətən dərdi böyük dərddi,

Qoy bu dərdi bilən gəlsin.

Bitməyibdi savaş hələ,

Yol açıqdır, gələn gəlsin.

Türk izi var hər bir daşda,

Bir tarixdir dağ da, daş da,

Vətən”,-deyib bu savaşda-

Candan keçib ölən gəlsin.

Bülbül ötmür daha bağda,

Düşmən gəzir bizim dağda.

Yağıların Qarabağda

Qoy bağrını dələn gəlsin.

 

Vahid Əlioğlunun şeirlərində çağırış ruhu, səfərbərlik motivləri diqqəti xüsusilə cəlb edir.Hiss olunur ki, torpaqlarımızın müvəqqəti işğalı, yurdun gözəl bir guşəsinin-cənnət Qarabağın düşmən tapdağı altında olması bir türk övladı kimi onu çox düşündürür. Şair susmamalıdır, haray çəkməlidir, yurddaşlarının qəlbində intiqam qığılcımlarını alovlandırmalıdır-üzərinə düşən bu mənəvi məsuliyyəti o, çox gözəl dərk edir.Anlayır ki, poeziyanın silahı kəsərli, qılıncdan iti, güllələrdən sürətli Sözdür. Sabah müharibə başlanarsa, bu sözün saçdığı alovlar daha güclü olacaq.

Yad ovçupoemasında bu məhəbbətin, vətənpərvərlik duyğusunun təzahürünü daha aydın hiss edirik. Şairin poemanın girişində qeyd etdiyi kimi, bu əsəri ona ermənilərə əsir düşməmək üçün özünü uçuruma atan bir qızın faciəli taleyi yazdırıb.

 

Od tutub yanırdı Vətən torpağı,

Barıt qoxuyurdu açılan güllər.

 

Poema müharibənin ilk illərinin ağır, dəhşətli, kədər doğurucu səhnələri ilə başlayır. Doğrusu, istəməzdik bu kədərli səhnələr bir-birini əvəz etsin, didərgin yurddaşlarımızın məhrumiyyətləri göz önünə gəlsin, amma bunlar da faktdır.

 

Millətin, Vətənin yaman günüdü,

Bu xalq birləşərək yumruq olmadı.

Dağılıb-talandı şəhərlər, kəndlər,

Daş üstə qoymağa bir daş qalmadı.

Göstərə bilmədik öz gücümüzü,

Gücümüz yüz yerə bölündü, axı!

Vəzifə üstündə çəkişdik, ancaq-

Qoruya bilmədik biz Qarabağı.

 

Müəllif ümumi təsvirlərdən, məlum hadisə olayları xatırlamalardan sonra Kəlbəcərin qara günlərindən söz açır.Vətənə dağ boyda fəlakət gəldi, Ağdaban talandı, kəndlər oda qalandı. Yenə dərd üstünə dərdlər yığıldı, Dağlar nalə çəkdi, Kəlbəcər yandı.Bu ağır günlərin birində Kəlbəcər gözəli ceyran yandırılmış kəndlərindən qaçır, gördüyü mənzərələr isə onu dəhşətə gətirir. Qoca babası isə onu soraqlayır. Bu zaman bir erməni dığası, əlində avtomat, sinəsində xaç ceyrana sarı gəlir. Ceyran qorxusundan bir nalə çəkdi, Naləsi bürüdü bütün dağları. Ağlaya-ağlaya qaçırdı ceyran. Qarşıda bir dərin uçurum vardı, Bax, bu da axırı, ömrün son anı. Müəllif ceyranın ölüm səhnəsini ürək ağrısı ilə təsvir edir:

 

Son dəfə həsrətlə dağlara baxıb,

Qoy məni ağlasın bu dağlar”,-dedi.

Mənim tək ceyranı, Odlar qızını,

Tuta bilməyəcək dığalar”,-dedi.

Qartal qanadı tək açıb qolunu,

Uçurum aşağı atdı özünü.

Yad ovçu ceyranı ovlaya bilməz,

O ceyran əbədi yumdu gözünü.

 

Əlbəttə, bu poemadakı ovqat çox kədərlidir, oxucu sarsılmaya bilməz. Amma fikirləşəndə ki,bir azərbaycanlı qızı düşmən qarşısında yeganə çarəni özünə qəsd eləməkdə, uçurumdan atmaqda görür, o kədər hissini qəzəb qisas duyğuları əvəz edir.

Vahid Əlioğlunun kitabda bir silsilə şeirləri var ki, onları müəllifAlnıma yazılan yazıbölməsində təqdim edib. Burada təkcə şairin öz taleyi, həyat yolu deyil, həm insanlığın keçdiyi yol ümumiləşdirilir.Həyatın bütün təzadları, mürəkkəblikləri, cəmiyyətdə məmləkətdə baş verən ictimai-siyasi hadisələr fərdi insan taleyindən keçib gedir silinməz izlər buraxır. Bu yolda insanın öz şərəf ləyaqətini, vicdan heysiyyətini qoruması, daha doğrusu, qoruya bilməsi onun dözümünü, mətanətini təsdiq edir. İnsanın saçı ağarar-bu, fizioloji proses olmaqdan savayı, həm onun həyatda gördüyü mənəvi məhrumiyyətlərin pisliklərə qarşı, şərə qarşı necə mübarizə aparmasının sonucudur. Oğrular doğrunu basıb döyəndə, canım yana-yana saçım ağarıb. Bir mərdi namərdə möhtac görəndə, Düşmüşəm gümana, saçım ağarıb. Mən həsrət içində yol gözləməkdən, Deyin o canana, saçım ağarıb. nəhayət: Xoşbəxt gələcəyə, nurlu sabaha, İnana-inana...saçım ağarıb. İllər gəlib keçir, cavanlıq tədricən ömürdən köç edir, ömrün xəzan illəri qapında görünür, Amma gəncliyi bir daha geri qaytarmaq olmaz:

 

Ürək eşq oduna bir daha yanmaz,

Ömrün payızıdı...kimsə inanmaz.

qədər yalvarsam,

bir an dayanmaz,

Mənim can evimdən köçən illərim.

 

cavanlıq gücünü daha alıbdı,

Mənim ürəyimə kədər salıbdı.

Ay Vahid, görəsən harda qalıbdı?

Gəncliyi şərbət tək içən illərim.

 

Öncə qeyd etdik ki, Vahid Əlioğlu heca şeiri ərazisinin nümayəndəsidir, yəni bütün yazdıqları doğma vəznimizdədir. Onun şeirlərindəki musiqililik elə bu vəznin ritmə, ahəngə uyğunluğundan bir müəllifin bacarığından, sözləri, ifadələri, misraları sanki musiqi notuna, qəlibinə sığışdırmaqdan gəlir. Amma zorla yox. Şeirini özü o ahəngi, musiqini yaradır. Aşağıdakı qoşmada olduğu kimi:

 

Dərd oxdan itidir, ürəyi dələr,

Namərdin gülləsi kürəyi dələr,

Ruhu oxşasa da qürbət ölkələr,

Vətənin bir qara daşına dəyməz.

 

Ürəkdən silinməz qəmin izləri,

Bu həyat sınağa çəkər bizləri,

Yad qızın can alan qara gözləri,

Sevdiyin gözəlin qaşına dəyməz.

 

Özgəyə sən ümid bağlama, Vahid,

Hər sözdən kükrəyib,

çağlama Vahid,

Uşaq tək kövrəlib, ağlama Vahid,

Bu dünya gözünün yaşına dəyməz.

 

Bir neçə kəlmə Vahid Əlioğlunun sevgi şeirləri barədə. Bu şeirlər, fikrimizcə, payız sevgisi, yəni ömrün ahıl çağlarının sevgisidir. Xatirələr, ömrün ötən anları ilə bağlı nisgilli duyğular, ilk sevginin unudulmayan anları onun sevgi şeirlərinin əsas mövzularıdır. Vahidli günlərin yada düşəndə, Gözlərin dolanda xatırla məni-bu iki misra onun sevgi şeirlərinin leytmotivi sayıla bilər. Bütün sevgi şeirlərini oxuyandan sonra belə bir fikir hasil olur ki, məhəbbət insanı ucaldan, mənən şax qürurlu saxlayan, qocalmağa qoymayan mənəvi qüvvədir. Bütün yer üzünə sevgi ələnər, Zülmət gecələr nura bələnər. Həsrətin bir anda əriyər, gedər,- Bir gözlərinə mən baxa bilsəm.

Vahid Əlioğlunun şeirlər kitabında təbii ki, onun ən yaxşı şeirləri ilə müqayisədə bir qədər solğun təsir bağışlayan qümunələr olmamış deyil. Bəzən deyilmişlərin təkrarına da rast gəlirsən. Amma bunlar kitabın ümumi səviyyəsini təyin eləmir. Ürək yanmasaürək yanğılarının ifadəsidir deyir yazımıza nöqtə qoyuruq.

 

 

Vaqif YUSİFLİ

 

525-ci qəzet.- 2010.- 21 avqust.- S. 25.