PETERBURQ
(Esse-kollaj, yarıironik, yarıciddi, intertekstual təcrübə)
“Peterburq”
kitabının müəllifi A.Belının xatirəsinə.
Və bir də A...-ya etiraf.
...Peterburqda bir dəstə ağ vərəq
almışdım, yazı yazmağa. Yaza bilmədim. Ancaq o
kağızları otelə atıb gəlmədim.
Özümlə Bakıya gətirdim. Başıma gələnləri
deyil, duyduqlarımı, düşündüklərimi onlara
yazdım (guya yazmasaydım Piter dağılacaqdı...).
...Şəhərlər də adamlar kimidir
(sürtülmüş cümlədir, amma nə qədər
gerçəyə yaxındır). Adamlar xoşbəxt və
bədbəxt doğulurlar (trivial həqiqətdir). Şəhərlərin
taleyi adamlar kimi əvvəldən yazılır
(darıxdırıcı cümlədir, ancaq keçər).
Bu şəhəri I Pyotr salanda (dünyanı fəth etmək
arzusu dənizdən başlayır) – soyuq, nəmli bir gün
idi (nə dəxli var ki, tutaq ki, günəşli bir gün
idi). Aqibəti tutqunluq, nəm və soyuqluq olan Piter
bataqlıq üzərində salınmış şəhərdir
(bataqlıq həmişə nəm və təhlükə
qoxuyur. Yəqin sonrakı cümləyə hazırlıq
gedir). Üzərindən 400 il keçsə də,
dünyanın ən böyük, gözəl şəhərlərindən
biri olan Petroqrad – Pyotrun şəhəri yenə rütubət,
soyuqluq qoxuyur. Çarqrad da Piterin bir başqa adıdır.
Çar şəhəri o qədər zövq və ilhamla
salınıb ki, sanki insan təbiətə meydan oxuyub:
bataqlıq üfunətinə, mığmığa rəzalətinə
qarşı al sənə modern Avropa şəhəri – muzeyi
ilə, yaraşıqlı binaları ilə, bəyaz gəmiləri
və füsunkar ehtişamı ilə (bir az
qaraqışqırıq olmadımı?!) Şəhərin və
şəhəri salan Pyotrun haqqını əlindən
alıb bu gözəl şəhərin bolşevizmin simvolu,
paytaxtı elan olunması nə az, nə çox 70 il çəkdi
(daha gözəl ifadə etmək olardı; bolşevizmi deyil,
insan haqsızlığını önə çəksəydiniz
pis olmazdımı?). ...İlk dəfə Piterə 80-ci illərdə
– Kasparovla Karpovun şahmat üzrə dünya
çempionatındakı oyununa getmişəm (o vaxt
çempionatın 10 günü Moskvada, 10 günü də
Leninqradda keçirilirdi) (bu təfərrüata ehtiyac
varmı?). O zaman Piter çox soyuq idi. Şəhərlə
şəhərdə yaşayanlar arasında elə bir təzad
vardı ki, sanki bu şəhərdə yaşayanları
buradan çıxarıblar və haradansa başqa bir məmləkətdən
bura insanlar gətiriblər (bunu daha gözəl yazmaq
olardı. Bədii yazı hamının bildiyini,
gördüyünü heç kəsin yaza bilmədiyi şəkildə
ifadə etməkdir). Şəhər gülür, sevinir,
öz gözəlliyi içində uyuyur. İnsanlar qəmgindir,
sanki hamı üşüyür, dərdini deyə bilməyəcək
şəkildə qorxur, harasa naməlum yerə tələsir.
(əvvəlkindən yaxşıdır, amma yenə də
mütləq müqayisə deyil). Elə o zamanlar bu soyuq,
tutqun şəhərdə oxumuş şərqli, o cümlədən
azərbaycanlı gələcək rəssam tələbələrin
sıxıntısını anladım (nə yaxşı
savaşdan öncə orada Rəssamlıq Akademiyasında
oxuyan Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin
adını çəkmədin? Bilmirəm, bəlkə də
haqlısan...). Əslində Bakı da dəniz şəhəridir,
limandır. Ancaq Bakının rütubəti ilə Piterin
rütubəti fərqlidir. Piterdə nəmlik sanki içəridədir,
ağ ciyərdədir, Bakıda üzdə, dəridə.
Bakı küləklər şəhəridir, bu onu başqa nəm
şəhərlərdən ayırır (Badi-kubə –
Bakının uydurma etnoliji yorumunu xatırlatmadığın
üçün təşəkkürlər...) Xülasə
o zaman Leninqradı sevmədim. Sonralar opponentim piterli oldu:
professor S.N.İvanov. Bu düşündüklərimi ona
söylədim. Gülümsədi və dedi ki, biz
yaşadığımız şəhərlərin əsirləriyik
və bu əsirlik bizə olumsuz danışmağı
yasaqlayır. Amma biz Piteri çox sevirik. Mən sənə
Andrey Belının “Peterburq” əsərini oxumağı və
“Ermitaj”ı gəzməyi məsləhət görürəm.
Bəlkə fikrin dəyişdi (mütləq bu cümlədən
sonra Piter haqqında fikrinizin dəyişdiyini yazacaqsnız,
amma tezdir). Zaman keçdi, Piter də dəyişdi, mən də
(daha doğrusu zaman dəyişdi və onun içindəkiləri
də dəyişdirdi, düz deyilmi?). Rus ədəbiyyatının
gümüş dövrünün nümayəndəsi,
modernizmi, daha dəqiqi simvolizmi təmsil edən Andrey
Belının “Peterburq”unu da oxudum, sevdim. (Qardaşım, bu əsər
reallığı çox şərti olan xəyali Piterdir.
A.Belının uydurduğu Piterdir. Bu uydurmanın digər
adı ədəbiyyatdır). Amma axtardığım Piteri tapa
bilmədim ki, bilmədim Tapmaq üçün yenidən getmək,
yenidən yaşamaq lazım deyilmi?). Sovetlər
dağıldı (amma yəqin ki, sovetlərdə
yaşayanlar dağılmadı). Bir xeyli sonra, bu ilin
yayında Piterə altayşünasların konfransına
getdim, əslində Piteri yenidən kəşf etməyə.
...Peterburqun bəyaz gecələrini musilsiz bir ustalıqla təsvir
edən F.Dostoyevskinin qələminin gücünü bir daha dərk
etdim (yaxşı ki, müqayisə etmədiniz – real Piter və
Dostoyevski Piteri bəyaz gecələr fonunda). Puşkinin “Tunc
heykəli”ndəkiləri mənəvi olaraq
gördüyüm kimi maddi olaraq da gördüm (“toxundum”
sözü maddiyyəti daha çox bildirir). İkinci səyahətimdə
Piteri daha canlı və isti gördüm (yaxşı ki,
demirsən, canlılıq Sovetlər Birliyinin
yıxılması və siyasi rəhbərliyin V.Putinin (KQB məktəbinin
yetirdiyi böyük siyasi xadim) siması ilə, istilik isə
havaların Rusiyada, o cümlədən Piterdə dəhşətli
dərəcədə isti keçməsi ilə
bağlıdır. Çox sağ ol). Və birinci səyahətdəki
intibahlarımı unutdum (çox yaxşı). Üstəlik
“Ermitaj”ı, “Ermitaj”da yerləşdirilməyən ayrıca
yerləşdirilən çox qiymətli saxlancı (gələcək
muzeyi də) gəzdim. Şəkil çəkmək
qadağan olsa da, bir macar altayşünasının ciddi
etirazına baxmayaraq fotoşəklini çəkdim. (macar
altayşünas haqqında 5-6 cümlə
yazmadığın və onun etirafını əsaslandırmadığın
üçün təşəkkür). Piterdə kədərli
olan piterlilərin vəziyyəti idi (bədii cümlə
olmadığını hiss etməmiş deyilsiniz). Ümumən
qış şəhəri olan Piterin yayı faciə idi.
Soyutma sisteminin metrodan kafelərə, restoranlara qədər
çalışmaması, kondisionerin defisit olması,
ventilyatorun (yelqovanın) defisit olduğu bu gözəl şəhər
yeni piterlilərin şəhəri kimi yaddaşıma
yazıldı. Gözəl, istiqanlı qızları mehriban,
mədəni kişiləri ilə, səliqə-səhmanı
ilə birgə unutmayacağım Petroqrada mütləq bir də
gəlməyə söz verdim. İnandım ki, mənim
Piterim, mənim uydurduğum Piterdir (zatən uydurmasan,
gerçək Piteri yazsan onun bir qəpiklik qiyməti
olmazdı və izninizlə bu cümləni bir az
yontalmamış olsa da şah cümlə elan edim).
...Avropadan, Asiyadan, o cümlədən Türkiyədən gələn
alimlərə köhnə sovet adamı kimi bir köynək
yaxın olduğum üçün və dil maneəm
olmadığı üçün (ingilis dilində dil maneəsinin
kompensasiyası kimi) çox vaxt tanıdıcı şərhləri
mən verməli olurdum. Türklər, çinlilər,
monqollar maraq göstərirdilər, heyran olurdular, Güney
koreyalılar və yaponlar çox maraq göstərmirdilər
və əllərində foto-aparat, kamera yorulub usanmadan öz
Piterlərini axtarırdılar. Piteri mənə əziz edən
bir amili xatırlatmaq istərdim. II Dünya savaşında
Leninqradın müdafiəsi savaşın ən dəhşətli
günləri idi. O vaxtlarda mənə əmi, dayı qədər
yaxın olan Səməd doktor cavan əsgər kimi orada
vuruşmuşdu. O ağır günlərin birində
kontuziya keçirib ağır yaralanan Səməd doktoru 14-15
yaşında bir rus qızı – tibb bacısı Nina xilas
etmişdi. Piterli bu qəhrəman qızın xilas etdikləri
arasında olan Səməd doktor ölüm yatağından
qalxan kimi qərar verir ki, ömrünü-gününü
Nina ilə bağlasın. Bu əbədi
bağlılığın sevgi, yoxsa minnətdarlıq
duyğusu olduğuna qərar vermək çətindir. Amma
buna qərar vermək asandır ki, bu, Səməd kişinin də,
Nina xalanın da taleyi, alın yazısı idi. Mənim
uşaqlıq və gənclik illərimin qəhrəmanlarından
biri də arıq, ağbəniz, rus doğulub müsəlman
kimi vəfat edən Nina xala idi. Nina xala mənim
üçün Piterin insanlaşmış şəkli idi
(bir az açılmalı mətləblər var ki, onların
təfərrüatı, anlamı, fəlsəfəsi verilməli
idi. Bir cümlə ilə yaxa qurtarmaq hesabdan deyil). Piterdə
Nina xalanın anası, bacısı, qardaşı
qalmışdı. Arabir məktublaşırdılar, sonra
uzaqlıq hər cür əlaqəni silib pozdu. Nina xalanın
atası da, anası da, bacısı da, qardaşı da Səməd
doktor və balaları idi. Taledən qaçmaq olmaz
(Qaçmaq olarsa necə olar? Bu cür növbətçi
cümlələr bədii yükü az olan və mətnə
xələl gətirən cümlələrdir). ...900 gün
mühasirə əzablarını yaşamış Səməd
doktorun köks ötürüb dediyi “şəhərdə
insanlardan başqa canlı qalmamışdı. İnsanlar
bütün canlıları yeyib qurtarmışdılar” deməsi
hələ də yadımdadır. Və o müsibət
içində Nizaminin yubileyini keçirmiş “Ermitaj”ı
bağırlarında qoruyub saxladılar. Dünyada elə
şeylər var ki, onunla zarafat etmək olmaz. Zarafat edərsən,
dünyada müqəddəs olan hər şeyə son
vermiş olarsan. Piteri gəzdikcə “Biz Sovetlərdən
çıxmışıq, sovetlər bizdən
çıxmayıb”, – fikrinin müdrikliyinə vuruldum və
postsovet ölkələrinin doğmalığının və
homosovetikusun dəyişməzliyinin şahidi oldum (məni
aparan çaya Araz da deyərəm, Kür də, Volqa da, Lena
da...). Xatırlayıram ki, gənclik dostum şair Şamxal
Rüstəmin “Leninqrad” şeiri, “Salam” şeiri kimi dillər əzbəri
idi. (Vot tebe na...) “Leninqrad, qərib evim-eşiyim...”
(düzü misranın arxasını türk qardaşlar
demiş “çox merak etdim”) misrası ilə başlayan
şeir şairin Leninqrada kədərli səyahətinin poetik
inikasıdır. Şeirin sonu kədərli, hətta
ağlamalı olsa da, əvvəldə və ortada xeyli ləzzət,
zövq aldığımız bu şeir müəllifdən
çox dostum Ağacəfər Həsənliyə hörmət
gətirmişdi. Çünki şeiri söyləməyə
utanan (amma yazanda utanmayan) Şamxaldan fərqli olaraq bu şeiri
yazmayan, amma söyləyəndə də utanmayan Ağacəfər
özü gözəl şair və Füzuli aşiqi
olduğu üçün utanmadığı kimi, əsla kədərlənmirdi,
əsla gülmürdü. Dinləyiciləri kədərləndirirdi,
ağladırdı və güldürürdü. (Yeri gəlmişkən,
nə Şamxal Rüstəmi nə də Ağacəfər Həsənlini
çoxdan görmürəm. Əgər Bakıdadırlarsa
mənə zəng etsələr, çox sevinərəm. Bu
da müəllifin reallıq duyğusu və sürreal məntiqi).
Leninqrada sovet türkologiyasının ağsaqqalı
A.N.Kononovun, qədim türk tarixi bilicilərindən
S.Q.Klyaştornının, görkəmli şərqşünas
O.A.Akimuşkinin vətənidir desəm, məni
uzunçuluqda qınamayın (əlimizdən nə gəlir
ki, iki canımız olsaydı, birini adını çəkmədiyim
Şərqşünaslıq İnstitunun direktoru sinoloq,
gözəl qadın Popovaya qurban verməsək namərdlik
olardı). ...Piterin tarix qoxuyan binlarına baxıram. Bu binalar
həm cəmiyyət tarixinin, həm də təbiət
tarixinin şahidləridir. Burada fizika ilə metafizika, zəfərlə
faciə, həqiqətlə yalan bir-birinə
qarışıb. Son çarın ailəsinin son nəfərə
kimi güllələnməsi bu binaların qara üzünə
yazılıb. Smolnı, Avropa, Kronştat yalanı və misli
görünməmiş inkar. Avamlığın, cəhalətin,
zorun, kütlənin intellekt, zəka, vicdan, zəiflik,
insanlıq üzərində çaldığı məşum
zəfər də qara üzün yazılarındandır.
Sovet repressiya beşiklərinin biri də Piterdir. Oğru,
mafiya dünyasının beşiklərindən biri, cinayət
yuvası Peterburqla mədəniyyət yuvası, insanlıq
beşiyi Piter bir-biri ilə yanaşı, qonşu yaşayan gerçəklərdir.
Zamanın yaddaşında hər şey olduğu kimi
qalır: nə artıq, nə əskik. Puşkinin,
Dostoyevskinin Piteri bizim Piterimizdir. Bir də Stolıpin, Rasputin,
Lenin Piteri var. Bir də gözə görünməyən,
amma bu əsrarəngiz Piteri yaradan balaca adamların Piteri var.
Piterin tarix qoxuyan binalarının divarlarında hər şey
yazılıb. I Pyotrdan sonrakı II Pyotr deyil, I Pyotrın
ikincisi mümkünmü? Məncə, rus tarixi I Pyotru əbədi
itirib. Və o, bir də heç vaxt gəlməyəcək...
(I Pyotra əşhəddi – ehtiyac olduğunu düşünmək
yanlışdır). Şəxsiyyətlər heç vaxt
geri qayıtmırlar. Gələnlər onları
yamsılayanlardır. ...Şəhərlər insanların
öz-özlərini azdırmaq üçün
yaratdıqları kəndlər yığınıdır.
...Axşamın dar çağı, qürub, gün
doğuşu hiss edilməyən yerin adı şəhərdir.
...Şəhərin qarışıqlığı
içində, kütlənin və nəhəng
axının tərkibində yalnız qala bilmək xoşbəxtliyi
şəhərdə yaşayan böyük sənətkarlara
nəsib olur. ...Öz içində böyük şəhərləri
xəyalən yox edib tənha qalmağı bacaran sənətkar
Allaha doğru yolçuluğa başlayan qutlu adamdır.
...İdarə olunan hallünasiya, yaradıcılığa
qida verən epilepsiya, aydınlanma (ozarenie) bədahət... sənətin
əl-kimyasıdır. Peterburq gecələrinin mənə
söylədiyi həqiqətlər bunlardır. ...Həqiqət
bir, yalan mindir. Həqiqət yalnız, yalan sonsuzdur. Bəlkə
də yalanın cazibəsi onun sonsuzluğundadır. Həqiqəti
tapmaq hüquqda, məhkəmədə, elmdə olduqca mühömdör. Sənət
həqiqətdən daha çox yalan östə qurulur. Sənətin həqiqəti həyatın
həqiqətindən fərqlidir və o da sonsuzdur. (Bu hekayətin
və ya essenin ən gözəl özəlliyi ithafda
adının baş hərfi keçən A-nın kimliyinin möəmmalı qalmasıdır. Yoxsa çox
yorulardıq. Allah bizi yaxşı qurtarıb).
Kamil VƏLİ
525-ci qəzet.- 2010.- 21 avqust.- S. 23.