Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri

 

Üzeyir HACIBƏYLİ

 

 (Əvvəli ötən şənbə saylarımızda)

 

Toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni və lüğətin tərtibçisi: Şirməmməd Hüseynov Milli iftixarımız Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən mətbu əsərlərini aramaqla məşğulam. Hələlik 1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc olunmuş 150-dən artıq əsərini toplamış, onları ərəb əlifbasından müasir əlifbaya çevirmişəm. Bu əsərlərlə oxucuları “525-ci qəzet” vasitəsilə tanış etmək istədim. Şirməmməd HÜSEYNOV

Ordan-burdan “Dini-islam əldən getdi”, yaxud “sənə nə!” Hacı Dilman oğlu Hacı Səlman-tacir firuş mal-e İran və qənd-çay-məktəbə gedən bir nəfər balaca müsəlman qızını görüb: – Vay dini-islam əldən getdi! – deyib “Qafqazski” kalendarı vurdu divara və pirkeşikdən soruşdu: – Adə, bu gün subbot günüdü? ... Ona dedilər ki, Hacı, axı bizim öz təqvimimiz var, tazə qaidə ilə yazılıb, özü də bundan ucuzdur. Neçün bir danəsini alıb divardan asmırsan? Dedi: –hə, pəs mənim alverim xaricilər ilə keçir, ona görə rəvaci-ticarət üçün belənçik eləmişəm. Bunun müqabilində ona bir-iki haqq söz dedikdə Hacı bu cavabı verdi: – Atam, sənə nə? lll Axund Molla filan ağa – ki müqəddəs olmağına hər kəs şübhə etsə, gözləri kor olar – müsəlman cavanlarını müsəlman teatrına gedən görüb: –Vay dini-islam əldən getdi!-deyib öz oğlunu “Səadət” məktəbindən çıxarıb gimnaziyaya qoydu. ...Ona dedilər ki, atam-anam sənə qurban olsun, bəs beş il bundan əqdəm diyordun ki, şkolaya gedən uşaqların atası kafirdir. İndi belə neçün? Dedi: hə, mən istiyoram ki, mənim oğlum axırda doktor olsun. Bunun müqabilində ona bir neçə haqq sözü dedikdə axund bu cavabı verdi: – Atam, sənə nə? lll Kərbəlayi Həsən oğlu Məşhədi qulaqkəsən- özü də “domovladelest” –qonşusu oğlu Məhəmmədi rus şapkasında görüb: – Vay, dini-islam əldən getdi!-deyib üç danə otağı ayda əlli manata müsəlmana vermiyib o iyirmi beş manata yəhudiyə verdi. ... Ona dedilər ki, Məşhədi, neçün özünə ziyan verdin və müsəlman əvəzinə evinə yəhudi saldın? Dedi-hə, müsəlman naməhrəmdir. Bunun müqabilində ona bir neçə haqq söz dedikdə Məşhədi bu cavabı verdi: – Atam, sənə nə? lll Məşhədi Qara oğlu Kərbəlayi qırmızı-özü də əllaf-bir nəfər müsəlman arvadını çəkməli görüb: –Vay dini-islam əldən getdi!-deyib on putluq kisə gətirmiş hambalın başına cüt əli ilə bir qapaz saldı ki, az qaldı hambalın gözləri ovcuna düşə. ... Ona dedilər ki, Kərbəlayi, belə neçün, axı yazıqdır. Dedi: Bunun yazıq iranlı ... Gör nə ...! Dəniz qırağından Şamaxı yoluna ki, iki qədəm yoldur, bir danə kisə gətirib məndən bir abbası pul istiyor! Bunun müqabilində ona bir neçə haqq söz dedikdə Kərbəlayi bu cavabı verdi: – Atam, sənə nə? lll Mirzə Yaman oğlu Dirazbəg ki, özü də az qalıbdır ki, lap qoçu olsun-bir nəfər müsəlman müəlliməsini bazardan dəftər-kitab alan görüb: – Vay dini-islam əldən getdi!-deyib bir matişkənin qolundan yapışdı “katatsa” iləməgə getdi ... ... Ona dedilər ki, a bəg, axı sən bir kaftar adamsan, bu nə dəstgahdır belə. Dedi-özgə cürə ömrüm keçmiyor. Bunun müqabilində ona bir neçə haqq söz dedikdə bu cavabı verdi: –Atam, sənə nə? Filankəs “İqbal” qəzeti, 6 sentyabr 1912, ¹ 154 Ordan-burdan Bu da doğru sözdür Günlərin bir günü yolda gedirkən tacirlərimizdən bir neçəsinə rast gəldim. Söhbətə başladıq. – Hara gedirsiniz? – Şəhərimizə – Hardan gəlirsiz? – “Mükərrə”dən – Ticarət necədir? – Əlhəmdüllah, yaxşıdır. – Hesab kitab saxlıyorsunuzmı, yoxsa hamısı əzbərdəndir! – Necə ola bilər, böyük buxalteriyamız vardır. – Buxalteriniz kimdir? – Yəhudidir. – Neçün yəhudi, müsəlman tapmadınız? Tacir dedi: – Müsəlman saxlamağa tövbə eləmişəm. – Neçün? – Qulaq as deyim. Mən başladım qulaq asmağa, tacir bu hekayəni nəql elədi: “Günlərin bir günü baxdım gördüm ki, hesab-kitabsız ticarət işi ağır keçir. Dedim gərək özümə bir buxalter tutam. Fikir-fikir elədim ki, nə tövr buxalter tutum. Çünki, bizim müsəlman buxalterlər iki cürədir. Birisi “azyatski” namaz qılan və oruc tutan, o biri də “yevropeyski”, namaz qılmayan və oruc da tutmayan. “Aziyatski” iransayağı hesab çəkir, “yevropeyski” də russayağı. Dedim qoy namaz qılan tutum ki, savabı da olsun. Ondan-bundan soruşdum, dedilər ki, Məşhədi Həsən çox yaxşı hesab-kitab biləndir və özü də namazını bir dəqiqə keçirməz və bir də ramazandan başqa ilin hər cümə axşamı günün yarısını oruc tutar. Dedim Allah atasına rəhmət eləsin. De gəlsin məvacibini alsın, mənim hesab-kitabıma baxsın. Məşədi Həsən gəldi. Top hamar saqqalı qapqara şəvə kimi, əllər hənalı və baş da qırxıq. Məlum oldu ki, bu sir-sifətin sahibi namaz qılan olar, ondan başqa səlam verirkən “ə”nin məxrəcini o qədər məharət ilə diyordi ki, Məşhədinin hülqumunda “ə” hərfi şabalıt kimi şaqqıldardı. Hesab-kitabı verdik Məşhədinin əlinə. Bir neçə gün iş öz qaidəsi ilə gedirdi. Günlərin bir günü Məşhədi gəlmədi. Başladıq gözləməgə. Saət doqquz oldu, gəlmədi, on oldu gəlmədi. On bir olanda gəldi. – Məşhədi, neçün belə gec gəldin? – Hə, Kərbəlayi, ğüsul vacib olmuşdu, həmamə getmişdim. Amma sən öləsən, sənin meytini görüm, Kərbəlayi, bir cürə həna tapmışam ki, cəmi dünyanı-məşriqdən tutub məğribə qədər gəzəsən-eləsini tapa bilməzsən! İstərsən gələn səfər nümunə üçün gətirim baxasan! Daha belə şey, bir də sənə sən öləsən deyirəm heç bir də tapılmaz. Dedim, Məşhədi, həna qalsın, səhərdən bəri mal gəldi, mal getdi, onların hesabı yazılmadı. Həmamə cümə günü gedərlər... Qərəz həftədə bir neçə kərə Məşhədiyə ğüsul vacib olduğuna görə hesab-kitab tökülüb qalırdı. Yaz ötdü, yay zamanı gəldi. Bir gün paraxoddan mal çıxartmaq lazım gəldi. Dedim, Məşhədi, bir tez ol paraxod gəlibdir, malımızı çıxart, hesabın gör. Göndər bəri. Gördüm Məşhədi başını bulayır. Rəhmətligin oğlu- diyor, adam bu istidə bayıra çıxa bilər? Baxdım gördüm ki, yox, Məşhədi mənim ticarətimi öz halına salacaqdır. Əlac kəsilib birə-iki verib Məşhədini istirahətxanəsinə göndərdim. Dedim bu səfər “yevropeyski” buxalter tutum ki, özü də namaz qılmasa da müsəlman olsun. Soraqlaşdım, birisini nişan verdilər. Gəldi. “Sosial” papaqlı bir cavan oğlandır ki, çox korluq ilə dolandığı zahirindən məlumdur. Başladı işləməgə. İran hesab-kitabını çöndərdi russayağı elədi. Bir qədərdən sonra məvacibini verdim. Səhər gəldi gördüm ki, Məhərrəm – (oğlanın adı idi) əynini-başını düzləndiribdir. Çox şad oldum. Onun səhərisi gəldim dükana, bir də gördüm ki, dükanımızın qabağından bərk ətir iysi gəlir. İçəri girdim. Gördüm ki, ətir iyisi dükanın içini elə bürüyübdür ki, guya on manatlıq “duxi” şüşəsi sınıbdır! Məhərrəm oğlan bir şişə “adekalonu” başından töküb ayağında bənd olubdur. Dedim nə zərəri var, qoy oğlan ətirli olsun. Bir zaman keçəndən sonra gördüm Məhərrəm oğlan indi dönüb başqa adam olubdur. Mən ilə danışarkən papirosunu ağzının küncünə qoyub bir əlində “trost” (əl ağacı) və o biri əli də belində danışırdı və mənə də hərdəm bir “qospodin burjua” və bəzi vəqt “qospodin kapitalist” diyordu. Bir gün gördüm telefon edirlər. Getdim telefona, dedim kimsən danışan? Qulağıma bir rus qızının nazik səsi gəldi. “Skajite pojalusta, Maqerram tam?” Dedim kto, dedi Maqerramçik! Dükandan soruşdum ki, adə, bizdə Maqerramçik kimdir, gördüm Məhərrəm birdən durub yügürdü ki, mənəm! Telefonu verdim Maqerramçikə. Di başına dönüm söhbət başlandı, nə söhbət, Məhərrəm oğlan telefonda bir oyun çıxardırdı ki, gəl tamaşa elə! Gah gülüyordu, gah ağlamsınırdı, gah naz eliyordu, gah acıqlanırdı, gah xoş-xoş sözlər deyirdi. Di gəl müştəriyə cavab ver. Kərbəlayinin dükanı ətir iyi, Məhərrəm də müştərilərin qabağında qız ilə telefonda söhbət eləyir, hər kəs də telefona yaxın gəlsə, diyor ki, “zanet”. Soruşdum, adə, Məhərrəm, bu nə olan işdir, dedi ki: “lyubitsiya” olmuşam. O nəmənədir? Bəs bir rus qızına məhəbbət yetirmişəm-deyib Məhərrəm bu şeiri də oxudu: Kərbəlayi! Məhəbbət bir bəla şeydir giriftar olmayan bilməz! Cavabında dedim ki, Məhərrəm! Hesab-kitab bir elə şeydir ki, əqli olmayan bilməz! Sən o qızın canı get keyfini elə, qoy, atam, mən alış-verişimi özüm yola aparram. İndi o zamandan bəridir müsəlman tutmaqdan tövbə eləyib bir yəhudi tutmuşam ki, budur iki aydır ki, ona nə qüsul vacib olur, nə də ki, “lyubitsiya” olur. Hesab – kitab da öz qaidəsi ilə gedir”. Dedim bu da həqq sözdür. Filankəs “İqbal” qəzeti, 10 sentyabr 1912, ¹ 157 Ordan-burdan Rus alimlərindən bir nəfəri mənə bu hekayəti nəql elədi. – Getdim Qafqaza, qabağıma bir adam çıxdı ki, çox nazik bədən, qəddi-qamət yerində və çərkəzi paltarında, iti gözləri yırtıcı quş gözünə oxşuyordu. Soruşdum hansı millətdənsən, dedi ləzgiyəm. Birinə dəxi rast gəldim, bu da çərkəzi paltarda idi. Amma elə bil ki, uşaq atasının çuxasını geymişdi. Papaq da başında, üfürsə idik, yıxılardı. Hərif bir balaca da vurmuşdu. Soruşdum sən hansı millətdənsən. Dedi-gürcüyəm. Ötdüm. Bir ayrısı qabağıma çıxdı. Bunun iki şeyi-yoğun bədəni, bir buğları, bir də qarnı. Soruşdum, sən hansı millətdənsən. Dedi: erməniyəm. Keçdim, bir ayrısı qabağıma çıxdı. Başında iki barmaq enində papaq, əgnində bir paltar vardı ki, daldan baxanda büzməli çuxa idi, amma qabaqdan yevropeyski surtuk. Soruşdum, sən hansı millətdənsən, dedi müsəlmanam. Dedim, bilirəm müsəlmansan, bəs hansı millətdənsən? Dedi, müsəlman millətindənəm. Dedim müsəlmanlıq sənin dinindir. Bəs millətin nə millətdir. Dedi müsəlman millətidir. Mən başımı qalxızıb göyə baxdım. Hava bir qədər buludlu idi. Amma yağış havası yox idi. Soruşdum sən hansı taifədənsən, dedi müsəlman taifəsindənəm. Mən ətrafa göz döndərdim: kənarda dəniz görünürdü. Paraxodlar və barkazlar ora-bura gəzinirdi. Dedim nə dilində danışırsan, dedi müsəlman dilində. Gördüm məni acığımdan ağlamaq tutur. Özümü toxdadıb bir neçə sual dəxi verdim. Gördüm xeyir a! Kişinin öz millətindən əsla va bəda xəbəri yoxdur. Boşladım, çıxdı getdi. Alim bu əhvalatı nəql edib, məndən soruşdu ki, nədəndir ki, sizin Qafqaz türkləri öz millətlərindən bixəbərdirlər? Dedim Qafqaz türkləri nə tövr baxəbər olsunlar ki, milli məktəblərimizdə dərs oxuyan uşaqların ataları məktəbə gəlib papaqlarını yerə çırpırlar və diyorlar ki, mənim oğluma iki şeydən dərs ver. Birisi fars dili, birisi rus dili, yoxsa oğlumu məktəbdən çıxardacağam. Onlara deyirlər ki, canım, axı öz dilimiz var ki, hamısından vacib odur. İnsan öz dilini bilmiyəndə din də gedir, dil də gedir, millət də gedir. Deyir- yox oğluma türk dili lazım degildir. Odur ki, o cür ataların uşaqları da axırda atasına ya “papaşa” deyir, yainki “pədər”, özü də nə millətin adamı olduğunu bilmiyor və axırdan-axıra işi baş tutub atasına “rəhmət” oxuyur. Alim dedi, bəs, görünür ki, sizlər hələ çox yazıqsınız. Dedim bəli, çox yazığıq, getdi.

Filankəs “İqbal” qəzeti, 12 sentyabr 1912, ¹ 159 Birinci kitabın sonu

 

 

Üzeyir HACIBƏYLİ

 

525-ci qəzet.- 2010.- 21 avqust.- S. 21