Ədəbiyyatşünaslıq
elmimizin patriarxı
Bəkir NƏBİYEV
– 80
Ömrünün
altmış ilini ədəbiyyatşünaslıq
elmimizə həsr edən, onun
inkişafında xüsusi xidmətləri
olan, görkəmli alim,
sadə və təvazökar insan, akademik Bəkir Nəbiyevin 80 yaşı tamam olur. Titanik zəhməti, sonsuz məhəbbəti ilə elmin daşlı-kəsəkli yolları ilə
irəliləyərək ədəbiyyatşünaslıq elmimizin zirvəsində Bakı Dövlət
Universitetində dərs aldığı Məmməd Arif, Əli Sultanlı, Mir
Cəlal, Cəfər Xəndan, Məmməd Cəfər, Həmid
Araslı, Abbas Zamanov, Feyzulla Qasımzadə
kimi böyük
ustadların cərgəsində bərqərar olan Bəkir müəllimin ömür
yoluna nəzər salanda
bir daha dərk etdim ki, illəri illərə
calayıb uzun ömür
sürmək, necə gəldi yaşamaq
hünər deyil, həyatı həyat
kimi ləyaqətlə, mənalı yaşamaq, özündən sonra
iz qoyub getmək
hünərdir. Bu baxımdan akademik Bəkir Nəbiyev
xoşbəxt insanlardandır. Ədəbiyyat elmini
özünə həyat kredosu seçən,
bir gün belə onsuz yaşamayan, ədəbiyyatımıza,
onu yaradanlara alimin dərin məhəbbəti, bitib-tükənməyən
enerjisi və buna təkan
verən sahilsiz ümmana
bənzər arzuları cild-cild
kitabların, saysız-hesabsız elmi məqalələrin
meydana gəlməsinə münbit
şərait yaradıb. Bəkir müəllim Yaradanın əta
etdiyi həyatının mənasını
yazıb-yaratmaqda görür. Uzun ömür payı və istedadı sayəsində
ədəbi prosesə, klassik ədəbi
irsə, ədəbi tənqidə, ədəbi əlaqələrə,
poeziyada sənətkarlıq məsələlərinin
tədqiqinə 50-dən artıq kitab, doqquz yüzdən çox
məqalə və resenziya həsr edən
alim nəinki Azərbaycanda, keçmiş Sovetlər
Birliyi ölkələrində, eləcə
də Türkiyə, İran və İraqda görkəmli ədəbiyyatşünas
kimi tanınır. Hazırda
akademik Bəkir Nəbiyev Nizami
adına Ədəbiyyat İnstitutunda
hazırlanan altı cildlik “Azərbaycan ədəbiyyatı
tarixi” adlı fundamental
əsərin baş redaktoru
(əsərin üç cildi
ingilis və rus dillərində
geniş xülasə ilə artıq çap olunub), Azərbaycan
Milli Ensiklopediyanın redaksiya
heyətinin sədr müavini, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, həmin
institutun nəzdində Dissertasiya
Şurasının sədridir. Bir çox doktorluq
dissertasiyaları üzrə elmi məsləhətçi,
namizədlik dissertasiyaları üzrə aspirant
və dissertantların elmi rəhbəri olub. Ümumiyyətlə, alimin
ədəbiyyatşünaslıq sahəsində yüksək
ixtisaslı kadrların hazırlanmasında xidmətləri böyükdür. Bu qədər vəzifə
borcunu və yaradıcılıq işini yerinə yetirmək təbii ki, ədəbiyyatımızı və
xalqımızı sonsuz məhəbbətlə
sevən, bitib-tükənməyən istəklə
yazıb-yaradan qələm sahiblərinin payına düşə
bilər. Həqiqətən də bu
sayda tədqiqat işini
ömrünü bütövlükdə ədəbiyyatşünaslıq
elmimizə həsr edən, onun
patriarxı adını qazanan, elm sahəsində böyük
nüfuz sahibi olan bir alim
edə bilərdi. Diqqət çəkən odur ki, akademikin
özünün də
yaradıcılığı tədqiqatçıların,
xüsusən də indi adlı-sanlı
alimlər kimi yetişən tələbələri
Vilayət Quliyev, Kamal
Abdulla, Teymur Kərimli,
Vaqif Arzumanlı, Nizaməddin Şəmsizadə,
Elmira Rəhimova, Şirindil
Alışanlı, Arif Əmrahoğlu və
başqalarının tədqiqat obyektinə çevrilib, onlar müəllimləri
haqqında sanballı məqalələr və kitablar yazıb. Burada AMEA-nın müxbir üzvü, professor Teymur Kərimlinin “Yaxşıların
axıra qalmışı” adlı kitabını və professor Vaqif
Arzumanlının yenicə çapdan
çıxmış “Akademik Bəkir Nəbiyev
və ədəbi əlaqələrin öyrənilməsi və
inkişafı problemləri” monoqrafiyasını qeyd etmək istərdim. Uzun
illərdən bəri dostluq münasibətində
olduğum Bəkir müəllimin
yaradıcılığına dərin məhəbbət,
şəxsiyyətinə ehtiram hissi ilə yaşayanlardan
biri də mən olmuşam.
Alimin hədiyyə etdiyi
hər bir kitabını oxuduqca
əsər məni ağuşuna alıb böyük ideyaların bərqərar olduğu, arzuların bitib-tükənmədiyi
bir aləmə aparıb. Bəkir
müəllimdən bəhs edən bir məqaləmdə
göstərdiyim kimi, bu
aləmdə usanmadan külüng
çalan, ədəbiyyatşünaslıq
elmimizin keşiyində müsəlləh
əsgər kimi dayanan,
yaşamağı yazıb-yaratmaq üçün
qənimət sayan, böyük
bir elmi müəssisənin
görə biləcəyi vüsətli işləri təkbaşına
görən, həyatı, yaradıcılığı, insanlara münasibəti,
xeyirxahlığı, bəlağətli nitqi,
müdrikliyi ilə örnək olan Bəkir Nəbiyev zirvəsi görünür. Məhz buna
görə də Bəkir müəllimdən, onun məhsuldar
yaradıcılığından yazmaq adama məmnunluq gətirir. Səmimiyyətlə
etiraf edim ki, Bəkir müəllimin
yaradıcılığına həsr etdiyim
“Nə yaxşı dünyada yaxşı
var imiş”, “Tarix qurub-yaradanları yaşadır”, “Böyük yolun yolçusu”, “Tarixi səfərin
bəhrəsi”, “Gərgin əməyin bəhrəsi”, “Ədəbiyyatşünaslıq
elmimizin təntənəsi” kimi məqalələrimi yazaraq
mötəbər mətbu orqanlarda – “Azərbaycan”
qəzeti və “Azərbaycan” jurnalında, eləcə də
“Ədəbiyyat qəzeti”ndə çap
etdirəndə qürur hissi
keçirmişəm. Akademikin “Heydər Əliyev
haqqında etüdlər” kitabına həsr elədiyim “Tarix qurub-yaradanları yaşadır” məqaləmin
ictimaiyyətin böyük marağına
səbəb olduğunu xüsusi
qeyd etmək mənə əvəzolunmaz
məmnunluq gətirir. Bəkir müəllimin bu əsəri onun təşəbbüsü
və fəal iştirakı ilə yazılan “Heydər Əliyev
və Azərbaycan ədəbiyyatı” kitabına daxil edilib və bu kitaba görə müəlliflər:
akademik Bəkir Nəbiyev, müxbir
üzv Teymur Kərimli,
professorlar Məhərrəm
Qasımlı, Vilayət Quliyev, Nizaməddin
Şəmsizadə və filologiya elmi üzrə fəlsəfə doktoru Nikpur Cabbarlı bu il Dövlət
Mükafatına layiq görülüblər.
Bəkir müəllimin “Heydər Əliyev
haqqında etüdlər” əsəri mənim qənaətimə
görə Azərbaycan tarixində bir epoxa olan, xalqın qürur və güvənc yerinə
çevrilən, Azərbaycanın tarixi
salnaməsinə qızıl hərflərlə yazılan bu bənzərsiz şəxsiyyət
haqqında yazılan ən dəyərli əsərlərdəndir.
Hər cümləsinin xüsusi çəkisi
olan, böyük mətləblərdən
söz açan kitabdan ulu öndərimizlə
bağlı bir çox
qənaətlər hasil edilir.
Kitabdan göründüyü
kimi Heydər Əliyevin bədii ədəbiyyat,
ədəbiyyatşünaslıq, tənqid, bədii tərcümə,
klassik irs, ədəbi
proses və s. barədə
fikir və ideyaları indi
də aktual olaraq
qalır. Sevindirici haldır ki, prezidentimiz
İlham Əliyev öndərimizin fikir və ideyalarının həyata
keçməsində ardıcıl olaraq əlindən
gələni edir, ədəbiyyatımız,
elmimiz və dilimizin
inkişafı yolunda xidmət göstərənlərin
əməyini layiqincə qiymətləndirir. Ədəbiyyatımıza
və xalqa xidmətinə görə
əməyi yüksək qiymətləndirilən alimlərimizdən
biri də akademik Bəkir
Nəbiyevdir. Bəkir müəllim demək olar
ki, bütün titullara, fəxri adlara,
ordenlərə, yüksək mükafatlara
(təkcə onu demək kifayətdir ki, iki dəfə Dövlət
Mükafatı alıb) layiq görülmüş nüfuzlu
alimdir. Dalbadal çap olunan məqalə
və kitabları bu qənaətə gəlməyə
imkan verir deyək ki, akademik Bəkir Nəbiyev
bu yaşda da ömrünün mənasını
yazıb-yaratmaqda, xalqa xidmətdə görür. Yeri gəlmişkən
deyək ki, alim
hazırda dahi bəstəkar Üzeyir Hacıbəyovun həyat və
yaradıcılığına həsr olunan
böyük bir
monoqrafiyanı bitirmək üzrədir. Bu
kitabda Üzeyir bəyin
ədəbiyyatşünaslıq və publisistik
fəaliyyətinin qaranlıq qalan bir çox məqamlarına
aydınlıq gətirilir. Uzun illər Azərbaycan Elmlər Akademiyası Ədəbiyyat,
Dil və İncəsənət Bölməsinin
akademik-katibi, Azərbaycan Elmlər
Akademiyası “Xəbərləri”nin (Ədəbiyyat, dil və incəsənət seriyası üzrə)
baş redaktoru, on ilə yaxın AMEA-nın Nizami
adına Ədəbiyyat İnstitutunun direktoru kimi tutduğu məsul vəzifələrin
diktəsi ilə hümanitar elmlərin,
xüsusən də ədəbiyyatşünaslıq elminin bütün
ağırlığını çiyinlərində
daşıyan, ədəbi-bədii fikrimizin
inkişaf yollarını müəyyənləşdirən,
doğru məcraya yönəldən Bəkir
müəllim ömrünün bu çağında da
ədəbi prosesin fəal
iştirakçısı olaraq qalır. Alimin gündəlik əzmkar fəaliyyəti
örnək olmaq baxımından xüsusi məna kəsb edir.
Başqalarına örnək olmaq isə böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi Bəkir müəllim gərgin
əməyi, insanlara təmənnasız
köməyi, xeyirxahlığı sayəsində əldə
edib. On il bundan öncə akademik Bəkir Nəbiyevin soraq
kitabçası çıxmışdı. Həmin kitab alimin “Bir
də fürsət olacaqmı?” adlı ön
sözü ilə
açılırdı: “Altmış doqquz
yaşın içindəyəm. Bu hələ
70 deyilsə də, hər halda yeddinci onluğun sonuna doğru gedirəm...
əgər tale üzümə gülsə,
bir də görəcəyəm ki, budur yetmiş
də tamam oldu...” Yetmiş də tamam oldu, 75-də. Bu münasibətlə
Bəkir müəllim soraq
kitabçasının daha mükəmməl
nəsrini oxuculara təqdim etdi. Ön sözdə
yazdı: “Səxavəti sonsuz olan tanrının iradəsi ilə mənə
bir də fürsət verilmişdir.
Artıq mən həyatımın 75-ci ilini
yaşayıram...” Həyat və Bəkir müəllimin səmərəli,
mənalı həyatı davam edir. İndi Bəkir
müəllimin 80 yaşı tamam olur. Mən şübhə etmirəm
ki, 10 ildən sonra Bəkir
müəllim 90 illik yubileyi
münasibətilə çıxan soraq
kitabında yazacaq ki,
səxavəti sonsuz olan
tanrı və ədəbiyyatımıza, ədəbiyyatşünaslıq
elmimizə olan sonsuz məhəbbət
ona 90-nı haqlamağa
imkan verib. Bunu deməyə haqqı olacaq.
Bu böyük şəxsiyyətin
geniş qəlbi, xeyirxahlığı və
elm fədaisi olmağı bunu
deməyə əsas verir. Paxıllıq,
kin-küdurət nə olduğunu bilməyən,
qəlbi başqalarına xeyirxahlıqla döyünən
şəxs ilahidən gələn enerji
ilə çox yaşayar.
Bir də ki, qədim Çin mütəfəkkiri Konfutsinin
düşündürücü kəlamı
var: “Elm,
bilik elə bir həzz
mənbəyidir ki, o insana hər şeyi, hətta
fiziki iztirabı, necə
qocaldığını belə unutdura bilir”. Çin filosofunun kəlamı sanki
yorulmaq bilmədən çalışan,
xalqımıza qədərincə xidmət edən, ədəbiyyatşünaslıq
elmimizin patriarxı, akademik
Bəkir Nəbiyevin boyuna biçilib.
Qəzənfər PAŞAYEV,
Filologiya elmləri doktoru,
professor
525-ci qəzet.-
2010.- 21 avqust.- S. 19..