UNUTMAĞA KİMSƏ YOX...

 

(Roman)

 

Əvvəli ötən şənbə saylarımızda

 

2-ci fəsil BƏHRAM KİŞİ MAĞARANI TAPANDAN BİR HƏFTƏ SONRA

 

Günortaya yaxın Bəhram kişi idarəyə, Mübarizin yanına gəldi. Həyəcanını zorla gizlətməyə çalışırdı. Salamsız-kalamsız: – Bilirsən, nə var, Mübariz? – Bəhram kişi açıq pəncərədən çölə baxa-baxa soruşdu. – Yox, bilmirəm. Otursana. Nə var ki? – Mübarizin diqqətini çəkən Bəhramın səsindəki gizli vahimə oldu. – Mağaranın, həqiqətən, ruhu var. – Bəhram stul çəkib oturdu. – Necə yəni... – Mübariz kişi, əlbəttə, bu “ruh” söhbətinə ilk gülənlərdən olmuşdu, nəsə demək istədi, bilmədi nə desin, udqundu və sadəcə öz sözünü təkrar eləyə bildi, – necə yəni?! “Bəhram, Bəhram, noldu sənə?!” Mübariz kişi vəhmələnmişdi, bir də onu hiss elədi ki, kürəyindən, yay-qış geydiyi dama-dama pencəyinin altından soyuq tər gedir. Yay idi, tərləməyinə qalsa, bütün gün işi elə çay içib tərləmək idi, amma indi kürəyinə gələn tər soyuq tər idi. “ Bəhram sözü havayı deməz. Bu nə axmaq məsələdi?!”. Bir müddət ikisi də susdu. – Sən də belə şeylərə inandın? – Bəli. – Nə vaxtdan? – Mağaraya girdiyim dəqiqədən. – Yaxşı, zarafatın vaxtı deyil, sabah camaat, o boyda alimlər kəndə gəlir. Yox bir. “Mağaranın ruhu var”. Gör bu yaşda sənin ağlından nələr keçir?! – Zarafat eləmək istədi, – qocalırsan... Mübariz kişi diqqətlə Bəhramı süzdü. Başındakı araxçının altında olan-qalan tükləri ağappaqdır, bunu hamı bilir, üzünü toz və tük basıb, gözləri həmişəki kimi oynayır, dibində də fanar yanır, “görəsən yenəmi mənimlə məzələnir?!” Mübariz kişi Bəhram kişidən beş (bəlkə də altı) yaş böyük idi. Amma indi diqqətlə Bəhrama baxdı, “bunun yaşı yetmişi təzə haqlayır, bə bu niyə belə tez qocaldı?! Bu belədisə, gör bir mən nə gündəyəm, adam özü hiss eləmir ki yaşını...” – Sən qocalmazsan, mənə baxma. – Bəhram kişi onun beynindən keçənləri duymuş oldu. – Mübariz, sənə deyirəm, mağaranın ruhu var. Mənə xəbərlər göndərir. Mübariz “Bu hardan bildi, mənim nə düşündüyümü?!” durub yerindən getdi, otağın küncündəki balaca buz dolabından bir su dolu şüşə çıxardı: – İçirsən? – Yox. İki stəkan suyu az qala birnəfəsə başına çəkdi, “qəribədi, çox qəribədi!”, ürəyinin yanğısı yenə durmadı. Axır zamanlar fikir verib görmüşdü: ürəyindən keçən söz, dilinə gətirməsə də, tərəf-müqabilinə necəsə əyan olurdu, “adamın özü özü üçün düşünməyinə də bu cür qadağa qoyularmış...” – Aramla, adam balası kimi, yavaş-yavaş, ətraflı, özün də tələsmə, di danış görüm, nə deyəcəksən?! “Bəlkə bunun başı xarab olub?! Həqiqətən olub. Olub. Gorun çatdasın, ay Qəmər dayı...” Bəhram yenə pəncərədən bayıra baxırdı, amma orada heç nəyi görə bilmirdi. “İndi mən bu inanmaza nə cür deyim, nə təhər inandırım?” – Deyirəm... – Bəhram kişi fikirli-fikirli dilləndi. – Deyirəm, bəlkə biz camaatı tələsik mağaraya yığmaqda düz iş görmədik?! O isə əməlli-başlı təhdid edir, kim bura girsə, elə belə də deyir, kim mağaraya girsə, yazıya barmağının ucu ilə toxunsa... Öləcək. Mübariz kişi Bəhramın təhər-tövründən başa düşdü ki, o, zarafat eləmir. Zarafat eləmirsə, deməli... “Yazıq!” – Bəhram, sakit ol. Bəhram, özünə gəl. Mağaranın ruhu hələ nə deməkdi?! Mağaranın ruhu nə gəzir buralarda?! Sənə nə oldu, niyə məni qorxudursan? – Mübariz, – Bəhram qüssəli gözlərini ona dikdi. – Mən mağaraya girəndə, bu gün səhər getmişdim yenə, qulağıma bir boğuq səs gəldi. Mən belə şey eşitməmişdim. Səs danışırdı. Dedi ki, mən buranın ruhuyam. Bir sənin bura girmək haqqın var, bir də səninlə gələnin. O da mənə işıqlı dünyanı göstərdin, onunçün. Amma... bir başqası, – dedi, – bura tək girə bilməz. Hələ yazıya, – dedi, – əl dəymək heç olmaz. Hətta sənə də olmaz! Sənə dediklərimi yaxşı dinlə, get hər kəsə söylə. – Bə sən nə dedin? – Mübariz kişi təbəssümünü zorla gizlətdi, ürəyini isə yenə nəsə gəmirməyə başlamışdı. Bəhram kişi təəccüblə “bunun başı deyəsən xarab olub” Mübarizə baxdı: – Mən nə deyə bilərdim?! Heç nə. Vahimələndim. Heç kim bilməsə də Mübariz yaxşı bilirdi ki, Bəhram qorxaq deyil. İndi işə bax, əgər ki, Bəhram bu cürə qorxubsa... – Bə necə oldu, o gün ikimiz gedəndə bu ruh bə harada idi? – Bilmirəm... – Bəhram kişinin səsi heysiz gəldi. – Bəhram, bax, qulağına səs gəlib. Boş şeydi. Mağaranın ruhu... Get evə, get dincəl, yat. İstəyirsən Tükəz qarını göndərim, bir-iki gün sənə qulluq eləsin?! – Mübariz kişi sovetliyin xidmətçisi Tükəzi hərdən-birdən, heç nədən Bəhramgilə yollardı. “Necə də olsa, təkdi, xəstələnib eləməsin, insandı.” – Yox, Tükəzlik bir məsələ yoxdu. Mən gedərəm. Amma bax ha, mən sənə sözümü dedim. – Dedin, dedin... Yaxşı, lap elə sən mənə dedin. Bə indi mən nə edim? Şəhərə, o boyda adamlara durum yazım ki, gəlməyin?! Mağaranın ruhu tərəfdən icazə... yoxdu?! Bəhram kişi necə baxdısa, Mübariz sözünün axırını güclə gətirdi. – Biləsən, – Bəhram pıçıltıya keçdi, – qulağıma səs-filan gəlməyib indiyənəcən, indi də gəlmədi. Eşitmişəm! Mağaranın içində mən o zalım səsi eşidən zaman bir yumru nəydisə, kürə kimi işıqlı, dolunaya bənzəyirdi, nəsə vardı. Dediyini deyib qurtaran kimi o kürənin işığı yavaş-yavaş söndü, “bəlkə qəfildən söndü, burası yadımdan çıxıb.” – A kişi, bəsdi, sən Allah, ağlını yığ başına. Kim inanar bu cəfəngiyyata, heç düşünürsən?! – Mübariz özü də hiss elədi ki, səsindən sünilik fışqırdı. – Dünən Qulamhüseyn müəllim gəlmişdi mağaraya. Əvvəl, dedi, özüm gəldim baxam, görəm nə var, nə yox, sonra məktəb uşaqlarını gətirəcəyəm. Əli ilə az qala eşib naxışlardan (işarətlərdən) birini yerindən qoparacaqdı. Mən dedim: – A kişi, dedim, neynirsən, etmə-eləmə... Kimə deyirsən?! – Neynədim ki?! – Qulamhüseyn müəllim qanrılıb hirslə Bəhram kişiyə tərəf tərəf çöndü. – Heç nə olmaz, qorxma, möhkəmdilər. “Yəni, bu naxışların altında gümüş də yoxdu? Bircə bunsuz (Bəhram kişisiz) bura girmək mümkün olsaydı...” – Nolsun? – Mübariz əvvəlcə bu söhbətdən bir şey anlamadı. – O olsun ki, mənə axı demişdi, kim naxışlara toxunsa, öləcək. – Kim demişdi? – Mağaranın ruhu. – A kişi, sən nə danışdığındı?! – Mübariz axır ki, əsəbiləşdi, yerindən qalxdı, pəncərənin önünü kəsib durdu. Məktəbdə dərslərin qurtaran vaxtı idi. Səliqə ilə geyinmiş, əli çantalı uşaqlar iki-iki, üç-üç sovetliyin qabağından keçib evlərinə gedirdilər. Mübariz kişi coşdu: – Sən nə danışırsan? Kim öləcək, necə öləcək, niyə öləcək?! Bütün rayonda, hələ bəlkə Azərbaycanda Qulamhüseyndən zal adam yoxdu. Kəldi o, öküzdü, həyatı boyu bir dəfə də xəstələnməyib! Qonşumdu, mən bilirəm. – Mən də bilirəm. – Bəhram kişinin səsi isə qüssəli idi. ... Çox çəkmədi, iki gün sonra kəndə xəbər yayıldı ki, Qulamhüseyn müəllim gecə yatıb səhər yuxudan durmayıb. İnanılası deyildi. Yuxudaca keçinmişdi. Ah-vay, şivən... Qəfil ölüm ağır ölümdü, səbəbini ailəsi, qohum-qardaşı bildimi, bilmədi. Mübariz kişi bu hadisə ilə Bəhram kişinin dediklərini yada salaraq uzlaşdırdı və bu dəfə əməlli-başlı xoflandı. “Bəhram düz deyirmiş, od olmasa, tüstü çıxmaz!” Bir neçə gün havalı kimi gəzdi. Nəyə görəsə Qulamhüseyn müəllimin yasında da Bəhramdan uzaq durdu. Amma bir axşam nə isə çəkib onu Bəhram kişinin həyətinə gətirdi. “Çoban papağı” həmişəki kimi öz arxasını Vəng dağına söykəmişdi. Vəng dağı özü yox idi, yerində bir böyük qaraltı var idi. Mübariz kişi dağ tərəfə baxa bilmədi. “Balaca”nın altında mütəkkəyə söykənib bir müddət ikisi də dinməzcə oturdular. – Gördünmü? – Sükutu pozaraq Bəhram kişi soruşdu. – Gördüm. – Mübariz kişi cavab verdi. F.Q.-NİN KƏNDƏ GƏLDİYİ BİRİNCİ GECƏ Bəhram kişi öz otağına keçib yerinə uzandı. Yağış yağmağına yağırdı, amma nəydisə damın üstündən tappatap səsi gəlmirdi. “Görəsən bir şey anladı? Bu bir işarət idi. Kaş F.Q.-nin bəxti gətirəydi, oxuyaydı bu yazını...” F.Q. ürəyinə yatmışdı. “Təmiz, sözüdik adama oxşayır. Beləsi işini yarıda qoymaz, heç qoymaz. Oxumasa getməyəcək!” Bakıdan gələn adamların (mütəxəssislərin) onun evində qalmaları Bəhramın qürurunu qaldırır, camaat arasında hörmətini birə-yüz edirdi. Bəhram mağaranı, oradakı yazını tapmasına, ilk dəfə üzə çıxarmasına deyil, bəlkə də daha çox şəhərdən gələn qonaqların məhz onun evində qalmalarına sevinirdi. Mübariz ara-sıra onun bu sevincinə balaca soğan doğrasa da (hərdən zorla çəkib hansısa qonağı öz evinə yatmağa aparırdı – bundan artığına gücü çatmırdı) “qısqanır, qısqanır, qısqanclıq bunun canındadı, qanındadı”, Bəhram bunu vecinə almır, Bakıdan gələn qonaqlaranstitut əməkdaşlarına, onları müşayiət edən rayon işçilərinə, elə Mübarizin özünə) qulluq etməkdən, xidmətlərində durmaqdan xüsusi zövq duyurdu. ... F.Q. qapını açıb yavaşca içəri keçdi. Ehtiyatlı olmağa çalışdısa da, ayağı nəyə isə ilişdi (işığı yandırmaq istəməmişdi), kətil idi, onu kənara çəkib öz otağına girdi, bir istədi, yol çantasını açsın, pal-paltarını elə indicə yerbəyer eləsin, amma o qədər yorulmuşdu ki, tənbəlliyi güc gəldi, birtəhər soyunub özünü yıxdı çarpayıya, ondan çıxmayan iş, bu qədər təəssüratın beyninə, gözünə, qəlbinə girməsinə baxmayaraq başı balınca toxunan kimi az qala başına dəyən ulduzları da, üzüyuxarı yağan yağışı da, Vəng dağını da, mağaranı, yazını da, Afaqı da, onun ifritə anasını da, Mübariz kişinin özünü də ( F.Q.-nin dodağına yüngülcə təbəssüm qondu, bəlkə Mübarizin adının çəkilməsini duydu?!) unutmadımı, unutdu, yuxuya, özü də çox bərk bir yuxuya getdi. Bəhram kişi yatağında o tərəf, bu tərəfə çevrildi. “Mübariz” söhbəti (“Mübariz, baxma, yaxşı adamdı və s. və i.a.) Bəhram kişinin yuxusuna haram qatmışdı, “gərək elə deməyəydim, heç Mübariz yeridi? Yoxsa ki, mən sənə belə danışaram, mən sənə elə danışaram, danışaram nədi, nəyi danışacaqsan, a kişi, nəyi?..” Nədənsə, hardansa gəlib beyninə girdi ki, əsl halına yanası adam odu, onun özüdü, Mübariz deyil, burnuuzun Mübariz heç deyil. Nolub ki, Mübarizə?! Evi, eşiyi, uşaqları, arvadı (hələ o zamanlar canı sulu Gülgəz qarı barədə də acı dillər bəzi şeylər danışırdı, babalı deyənlərin boynuna)... “Mübariz həyatını çoxdan qurub. Bəs mən?” Bəhram kişi çalışmışdı, bu fikirləri həmişə özündən uzaq eləsin, bəzən alınmışdı, bəzən isə yox. İndi də xəyal ərklə çəkib onu uzaq uşaqlıq və gənclik illərinə aparmadımı, apardı, həyat kino lenti kimi, elə bil, fırlanıb əvvəlinə yığıldı, Bəhram kişi dönüb oldu adi bir tamaşaçı... Mübariz, Bəhram, Gülsüm dastanı çoxdandı bu cürə rəngli göstərməmişdi özünü ona. Hər şey o vaxt rəngə bürünmüşdü, al-əlvan rəng içində idi... MÜBARİZ, BƏHRAM, GÜLSÜM (50 İL ƏVVƏL) ...Yalan olmasın, təxminən, əlli-əlli bir il əvvəl (dəqiq desək, 1955-ci ildə) qaşqabaqlı bir payız səhəri Bəhram kənddə açılan yeni məktəbə (3-cü sinfə) getməyə başladı, məktəbə gec qalmışdı, rəhmətlik atası onu uzaq yerə (yaxın kənddəki məktəbə bir saat piyada yol vardı) göndərmək istəməmişdi, əslində, ona görə istəməmişdi ki, yol uzaqdı, uşağa ağır olar hər gün gedib-gəlmək və s. və i.a. sadəcə, balaca Bəhram ona burda – örüş yerində lazım idi – qoyuna gedəndə ona yol yoldaşlığı edirdi. (Bəhramın atası Qəmər kişi kəndin çobanı idi). Yeni məktəb binasını rayon mərkəzindən kəndə məhz bu iş üçün gələn xüsusi tikinti briqadası tikib təhvil verdi. Kolxoz sədrinin, kənd sovetinin təşkil etdiyi yığcam bir açılış oldu. Məktəb poçtxananın sağ böyründə tikilmişdi. Kənd əhli bayram paltarı geyinib poçtxananın qabağındakı açıqlığa ( Radio meydanına) yığışdı, samovarlar, dəm çaynikləri, stəkan-nəlbəki, əlavə stol, stul gətirdilər, çay məclisi düzəldi. Mübariz o zaman bığ yeri təzə tərləyən bir növcavan idi. Tikintidə ora-bura qaçıb xüsusi canfəşanlıq edir, başına öz yaşıdlarından ibarət dəstə düzəldib onun bu canfəşanlığına bığaltı qımışan ustalara guya kömək edirdi; çay qoyurdular, yemək süfrəsi açırdılar, zir-zibili tikinti meydanından təmizləyirdilər və s. və i.a. Üzləri tüklü, qaraqabaq ustaları rayon mərkəzindən üstüaçıq yük maşını səhərdən kəndə gətirir, hava qaralanda geri aparırdı. Dinməz-söyləməz yedikləri günorta yeməyini onlara kənd soveti verirdi – hər ailə bir günlük naharı (ustalar olardı səkkiz – on nəfər) boynuna götürmüşdü. Damı, kərpici, sementi, taxta-şalbanı kənd sovetinin sədri Allahverdi kişi “o idarə sənin, bu idarə mənim” yüz yerə ayaq döyə-döyə təşkil edirdi. Bəzən material ləngiyəndə ustalar qısa, ya uzun müddətli “perekura” çıxır, papirosu papirosa calayıb, tikintidəcə orda-burda oturub içdikcə çaydan içə-içə ustabaşı Zərbəlinin dediyi kimi tikinti sursatını gözləyirdilər. Bu zaman Mübariz ağlına nə və hardan gəlirdisə sual dalınca sual yağdırır, ustaların evləri, arvad-uşaqları, qohumları barədə “yaxın” Moskvadan, “uzaq” Berlundən o ki var ustaları danışdırırdı. Zərbəli deyirdi ki, ( yalnız bu zaman qaşqabağı onu tərk edirdi) mənim evimdə nəyim var, nəyim yoxdu – Mübariz məndən yaxşı bilir. Poçtxananın qapısına yaxın bir uca dirək var idi, o dirəyə radio reproduktoru bağlanmışdı, özü də, bu radio gün ərzində işləyirdi, xırıldayıb inildəyən vaxtı da olurdu, səsinin aydın, səlis gələn vaxtı da. Axşamlar kənd əhli – qocalar, yaşlılar bir tərəfdə, cavanlar bu biri tərəfdə, uşaqlar, arvadlar isə o biri, qarşı tərəfdə bu radio meydanına toplaşardılar, taxta stulları ilə gələrdi çoxu, musiqi verilişlərinin, xüsusilə də, ədəbi-musiqili verilişlərin (şeirli, hekayəli söhbətlərin) vaxtını keçirməzdilər. Radio meydanı, əslində, gizli görüş yeri idi. Hərdən qızların, arvadların (adətən, musiqili verilişlər zamanı) dəstəsindən demək, gülmək səsləri meydanı başına götürür (bəzən bir xüsusi gülüş o biri tərəfə, kiməsə bir işarət kimi göndərilirdi), bir də baxırdın, musiqi də qurtarıb, radionun iş günü də bitib – Sovet Azərbaycanının Dövlət himninin son gurultusudu, budur, xırıldayıb o da susdu, meydandan isə həvəs dolu səslər – söhbətlər, gülüşlər kəsilmək bilmir. Qış, payız aylarında, təbii ki, Radio meydanı boş qalırdı, “dincliyə” qoyulurdu. Gecə yağan və heç kimin necə yağmasını görmədiyi ağappaq qar meydanı başdan-başa bürüyürdü (“Qocalıq da belədi”, Bəhram kişi əlini saçına çəkib düşünürdü, “bir gün yuxudan durub görürsən ki, hər tərəf ağappaq qardı”). Vəng dağından soyuq küləklərin sovurub gətirdiyi qar dənələri çox tez bir zamanda meydanı xalı kimi örtür, buzlaşmış, sürüşkən cığıra ürək edib ayaq basanlar yıxılanı qəhqəhəylə yıxılır, ürəklisi “nərə” çəkib sürüşüb keçirdi. Gecələr dolğun ayın işığı bu təzə yağan qarın bəyazına qarışdıqca, həqiqətən, Radio meydanı gözqamaşdıran, ağappaq bir xalçaya bənzəyirdi. Meydan ətrafı şam, çinar ağacları qarlı libaslarını elə tez və həvəslə geyinirdilər ki, kənddə qız-uşaq illər ərzində (yəni, tək-tük nadir hallarda) onlar üçün alınan paltara, dona bu cür arzu-kamla sevinib bürünürdü. İsti yay bitmək üzrə idi, sentyabr sürətlə yaxınlaşırdı. Məktəbin açılışından sonra yeni müdir – rayon mərkəzindən gəlmiş, uzun illər mərkəzdə məktəb işində işləmiş Bayram müəllim uşaqların siyahısının tərtibi ilə məşğul idi. Kənddə müəllim problemi yox idi, şəhərə gedib oxumuşlar içində tək-tük olsa da qayıdıb gələnlər vardı. Tarix, coğrafiya, ana dili dərsləri yerbəyer edilmişdi. Rayon mərkəzindən olsa-ola riyaziyyat (Bayram müəllim özü riyaziyyatdan dərs deyəcəkdi) xarici dil və rus dili müəllimləri gələcəkdilər – hələlik belə bir qüvvə ilə yeni məktəb kəndin (hətta qonşu Qamışlığın) uşaqlarını qarşılaya bilərdi. Rayon mərkəzindən bir də onu ümid vermişdilər ki, müəllim məsələsi get-gedə yaxşılaşacaq və həqiqətən də elə oldu. Artıq əlli il əvvəl tikilmiş o birmərtəbəli, on üç sinif otağı və iki kabineti olan kiçik məktəbə az qala bitişik üç il bundan əvvəl yeni, yaraşıqlı və geniş (ən əsası – ikimərtəbəli və onillik!) məktəb binası inşa edildi. İndinin özündə də müəllimlik edənlərin əksəriyyəti dörd il, beş il əvvəl kənddən çıxmış gənclər idi – ali təhsillərini şəhərdə başa vuranlar hələ ki, Vəng dağının ətəyindəki bu kəndə həvəslə geri dönürdülər. ... O uzaq yay gecəsi isə Radio meydanında təntənəli bir əhval-ruhiyyə hökm sürürdü. Bir neçə gündən sonra kəndin həyatında ilk rəsmi məktəb fəaliyyətə başlayacaqdı. Nə vaxtsa, inqilabdan əvvəl burada bir mollaxana açılmışdısa da sovetlər gələndə bu mollaxananı tezcə də bağlamışdılar, binası indi kənd sovetliyinə məxsus idi, kənd sovetinin sədri Allahverdi kişi uşaq yaşından bu mollaxanaya dərs oxumağa gedənlərdən (bir dəfə hətta iranlı Molla Kəbləli onun ayaqlarını falaqqaya da salmışdı – yaxşı xatırlayırdı, “öldüm, Allah, bu zülmü düşmənə də göstərmə”) biri idi, indi isə bu binaya sovet sədri kimi gedib gəlirdi. Allahverdi kişi yaşlı birisi idi, başına yığılmış adamlara həmən gün rəsmi açılışdan sonra belə dedi: – Baxın, mən ölü, siz diri, kəndin gələcəyi hələ qabaqdadı. Bu torpağın böyük tarixi var. Atam danışardı, Vəng dağından gəlib o qədər dəmir-dümür, bəzək əşyaları, türbə-məzarlar bütöv-bütöv aparıblar ki... Heç kim bilmir, indi onlar hardadı?! – Sahibi olmayıb buraların, sahibi! – Müharibədən sonra Sibirə sürülüb (nədi-nədi üç ay, üçcə ay “plendə” olub – sonra qaçıb Belarusiya partizanlarına qoşulmuşdu) indi-indi kəndə dönən Əryən kişi həmişəki kimi yenə də bir “mız” qoydu. – Olmayıb, indi var! – Allahverdi kişi ona sərt cavab verdi. “Elədi, elədi...” deyənlər bilinmədi, kimi təsdiq edir – Əryən kişinin dünyaya, ölkəyə, dövlətə gizli etirazını, yoxsa Allahverdi kişinin aşkar təqdirini. Mübarizin olardı o zaman on beş, on altı yaşı. Cavanların arasında vurnuxsa da, bir qulağı Allahverdi kişigildə qalardı. Bəhram isə on yaşındaydı və Allahverdi kişi xeyli inadcıllıq göstərəndən sonra atası onun yeni məktəbə ( özü də birinci sinfə) getməsinə razılıq vermişdi, “bax ha, məktəbdən sonra ölsən də tökülüb-qalan işlərimizi görüb qurtarmalısan...” Bəhram düz əlli il əvvəl hələ isti, amma sərin-sərin mehləri artıq əsməyə başlayan sentyabr ayında özündən iki-üç yaş balaca uşaqlarla (on beş nəfər olardılar) məktəbin birinci sinfinə ilk getdiyi günü yaxşı xatırlayırdı. Sevincdən köksü atırdı. Elə birinci gün uzaq qohumları sayılan Əryən kişinin kiçik qızı Gülsümlə masa arxasında bir partada oturdu. Özü ərklə gedib onun yanından çəkilmədi, “qohumdu, qoy yanında olum”. Gülsüm isə qıpqırmızı qızarıb elə hey gülümsəyirdi, dodağına təbəssüm rəngli kəpənək olub qonmuşdu, sanki bir daha heç hara uçmayacaqdı. Təbəssüm o dərəcədə Gülsümdən (bəlkə özündən xəbərsiz) əl çəkmirdi ki, bir az keçdi, sinifdə hamı onu “Gülümsər” deyib çağırmağa başladı. Bir dəfə qaçaqaç düşmüşdü (dərslər bitən zaman belə olurdu) itələşə-itələşə, əlbəttə ki, bilmədən Gülsümü yerə yıxmışdılar, dizi dəyib qanamışdı. Bir Bəhrama, bir də sıyrılmış dizinə qorxa-qorxa baxıb qız “uf... uf... uf...” inildəyə-inildəyə həm ağlayırdı, bənövşəyi gözündən əməlli-başlı yaş idi gəlirdi, həm də... yenə də ancaq Bəhram üçün zorla da olsa, gülümsəməyindən qalmırdı. Qərəz, gün-günü, ay-ayı, il-ili əvəzlədi, altıncı sinfə elə beləcə bir-birinə gülümsəyə-gülümsəyə gəlib çatdılar. Altıncı sinifdə günlərin bir günü Bəhram sinəsinin dərin bir yerinin Gülsüm olmayanda sıxıldığını, nə isə itirmiş adamlar kimi özünə yer tapmadığını hiss elədi. Gülsüm “qızlar bulağından su içən” keçid dövründə idi və arıqlığına baxmayaraq kənd qızlarının əksəriyyəti kimi xeyli qəşəngləşmişdi – yanaqları qıpqırmızı, qaşları sivri, saçları qapqara, gözləri, gözlərı isə bənövşə rəngində; bilinmirdi yaşıldı, mavidi, göydü, nədi?! İndi o uzaq illərin arxasında durub Bəhram kişi o günləri xatırlayanda və bu zaman ürəyi sıxılıb-əziləndə ilk əvvəl yadına düşən Gülsümün bənövşəyi (yaşıl, mavi?..) gözlərindəki təbəssüm olurdu. lll Aralarında beş-altı yaş fərqi olsa da Mübariz ilə Bəhramınkı “tuturdu”, necə deyərlər, “quşları bir-birinə qonmuşdu”. Mübariz iki il oxudu yeni kənd məktəbində, səkkizinci sinfi bitirəndən sonra (məktəb səkkizillik idi) gedib rayon mərkəzində kənd təsərrüfatı texnikumu vardı, ora daxil olmuşdu, hərdən gedirdi dərsə, çox zaman getmirdi və getməyən zaman gəlirdi əvvəl altıncı, sonra yeddinci, daha sonra səkkizinci siniflər dərsini bitirən məqama özünü yetirirdi. Ürək sirdaşına çevrilmiş Bəhramı gözləyir, birgə Vəng dağının Qamışlığa aparan cığırı ilə gedə-gedə Bəhramın atasının qoyunları dağ döşünə yaydığı taladakı çəmənliyə qədər ordan-burdan söhbət edərdilər. Mübariz kəndin məşhur sual verəni idi. Kənddə onun suallarının leysanına düşən kim olurdusa, olsun, yalvarıb yaxasını güclə-bəlayla qurtara bilirdi. “Bilmirəm, vallah, mənlik deyil. Sən özün bilirsən? Atom bombasını kim icad eləyib??? Ay Mübariz, mən hardan bunu bilim, sən bunları hələ hardan bilirsən, texnikumun mərifətinə baxırsanmı?” Ən çox təəccüb edən isə kənd sovetinin sədri “ürəyiyuxa” Allahverdi kişi olurdu. Axşamlar Radio meydanında yaşlıların söhbəti nadir hallarda Mübarizsiz keçərdi. Özü olmayanda da “ə, bu hardadı, gəlsəydi, maraqlı bir söhbət edərdi...” deyən yaşlıların hətta Mübariz üçün azacıq darıxdıqları da olurdu, hamı onun xüsusi elmi və siyasi hazırlığını yüksək qiymətləndirirdi. Allahverdi kişi qəti əmin idi ki, bu uzunburun Mübariz yaxın gələcəkdə nə isə bir qəhrəmanlıq edəcək və bununla kəndin adını göylərə qaldıracaq. (Amma “nə isə” də “bəlkə” kimi əkmişdi, bitmədi). Hərdən heç nədən, birbaşa adamın düz gözlərinə dik-dik baxıb soruşmağı vardı. Məsələn: – Bilirsən, BMT-nin Baş katibi kimdi? Bilmirsən... – Kimdi, ay Mübariz? – Allahverdi kişi maraqla soruşurdu.

 

Ardı gələn şənbə sayımızda

 

 

Kamal ABDULLA

 

525-ci qəzet.- 2010.-21 avqust.- S.16-17.