Mübariz
19 avqust 2010-cu il Mübarək ramazan
ayında Sənin xatirənə müraciət etmək, Ruhun qarşısında səcdə etmək,
gücsüzlüyümüzü etiraf etmək, sağkən vətən uğrunda qurban verdiyin o əzəmətli
və məsum bədənini belə mənfur düşmənin
əlindən ala bilməməyimizin
acısını yaşaya-yaşaya
gündə min dəfə ölmək də
bizim payımıza düşən qismətdir.
Sən doğulanda Qarabağ
yanırdı, hələ yanır. Sən doğulanda
İbrahimovların sevincinə nankor
düşmənlər zəhər qatmışdılar
artıq. Sənin dünyaya gəlişin
o ailə üçün
qaranlıq quyuya düşən gün işığı oldu.
Varlığınla, hər gün
atdığın addımlarla, arşın kürəyinlə,
dəmir biləyinlə ətrafını, həndəvərini,
elini-obanı dirçəltdin. Kimin
ağlına gəldi Sənə “Mübariz”
adı vermək? Yoxsa kiməsə Sənin
təyinatın vəhylə gəlmişdi? İyirmi
iki yaşında adını milyon qat doğrultdun,
Mübariz! Gündə ölə-ölə
yüz il yaşamaqdansa, Mübariz kimi, kişi kimi, ər kimi, nər kimi ölməyi seçdin.
Keşkə o vaxt bizim kimi qorxaqlardan
bir-ikisi olaydı qarşında,
dayandıraydı Səni, “a bala, tələsmə, hər şey
düzələcək, səbr elə”, deyəydi. O yerdə o qorxaqlığın bir
təsəllisi olardı: Sən sağ
qalardın. Düzdür, onda
Sən də Sən olmazdın, bizlərdən biri olardın. “Lazım gəlsə”
düşüncəsini daşıyanın biri
də artardı. Bilmirsən ki, hansı
yaxşıdır. Üzünü belə
görməmişdik, adını belə bilmirdik
çoxumuz. Bağışla ki, öz qorxaq
xislətimizlə Sənə və yaşıdlarına
“cavansınız, Qarabağ dərdini başa düşməzsiniz” deyə ümidsiz baxdığımız dəqiqələr
az olmamışdı. Sanki
özümüz çox
başa düşüb
bir şey eləmişik!
Səni başqa bir
şəxsə bənzətməyə,
oxşadığın başqa qəhrəmanı
axtarmağa adamın vicdanı yol vermir. Sən heç kimə oxşamağa
çalışmadın, çünki Sən
bənzərsiz, taysız-bərabərsiz Mübariz
idin. Qəhrəmanlıq salnaməsinə
də öz şərəfli səhifəni
yazdın. İndi sevib-sevilən
vıxtındı. Neçə dilbər gözəlin gizli baxışları sığallamışdı
enli kürəyini. Göndərilmiş
və göndərilməmiş neçə məktublar
ünvanlanmışdı Sənə. Neçə qız
anası ananın bir təbəssümünə
göz dikmişdi qohum olacaq deyə. Sən başqa dilbəri seçdin.
Əzilən, inləyən, yad
tapdağı altda qalan,
təravətini itirməsə də ləyaqəti ayaqlara düşmüş
dilbəri. Dağlarında atları vəhşiləşmiş,
bulaqlarının gözü tutulmuş, İstisuyu “soyumuş”, zəngin yataqları oyulmuş, tikililəri sökülmüş,
yollarına yeni uydurma
“tarixi abidələr” qoyulmuş,
bədəninə minalar, mərmilər xərçəng
şişləri kimi döşənmiş
obanı seçdin sevgin
üçün.
Görüşünə getdin,
canını verdin. “Sən bu halda olduğun
müddətdə mənə yaşamaq
düşməz” dedin. Nə desəm hüzurunda aciz, zəif, solğun, bayağı, sönük,
dadsız-duzsuz görünür. Sadəcə
bu sözlərin arxasına gizlənirəm
ki, cılızlığım, qərarsızlığım,
cəsarətsizliyim görünməsin. Kimdən gizlənirəm
ki? Baba Pünhan vardı, ruhu şad olsun, dözmədi
Qarabağsızlığa, əbədiyyətə qovuşdu. Hikkəsindən əsir qıza
müraciətlə yazmışdı ki,
sən əsir düşdüyün
gündən köçdüm Bakıya,
bilmədim sən bilmisən. Başımızı dəvə
quşu timsalı soxmuşuq
quma, deyirik gizlənmişik.
Çoxumuz heç
gizlənməyi də fikirləşmir. Sənin ruhunu belə söhbətlərlə narahat etmək də kişilikdən deyil. Sən ki, şikayət
eləmədin. Nəyi necə eləməyi hamımıza
nümunə göstərdin. Sənin qovuşduğun
dünyaya haqq
dünyası deyirlər. Ateizm zəhəri
ilə yaralanmış ağlımla bunun
doğruluğuna şübhə eləmək
keçir içimdən.
İnamımız da iradəmiz kimi alayarımçıqdır. Sən vətəni
bizə miras qoyub köçmüş əcdadlarımızın
yanına üzüağ getdin.
Nəmərd düşmən tənini, gül bədənini vermək istəməsə
də. Bizsə oraya aparılası ağ üzümüz
olmadığına görə ağ kəfən
pulunu dünyanın minbir
ölkəsində qazanırıq. İndi
şəhid olanlardan üzr
istəmək, onların ruhu
qarşısında “günahkarlığı” etiraf etmək də bir cür dəb düşüb.
Vətəni azad etmək vəzifəsini
çox
“optimallaşdırmışıq”, – ya məclislərdə
oturub şərabın növbəti qədəhini
azad olmuş Qarabağda içmək şərəfinə
tostlar deyirik, ya da günü-gündən
üzərinə təzə xal
düşən genofondumuzun sağlam toxumlarını itirib
ah-vay edirik. Amma bizim yerimizə bu Qarabağı kim azad edəcək sualını dilimizə belə
gətirməyə cürət etmirik.
Deyirəm, yazıram və əlim-ayağım titrəyir,
bilirəm ki, Qarabağdakı erməninin
kölgəsinə söz deməyə cəsarəti
olmayanlar məni parçalamağa
hazırdırlar... Olsun! Tofiqlərin,
İsmətlərin, Ramillərin, Alıların,
Kazımağaların, Mübarizlərin,
torpağımızı Vətən etmiş
yüzlərlə qeyrətli oğulların qanı ilə
mayalanmış qədim Azərbaycan işğaldan
qurtulacaq, təbii haqqı olan
ləyaqətinə qovuşacaq!
Müvəqqəti də olsa məğlub
olmuş elin-obanın əyilmiş qəddi,
Mübariz, Sizlərin sayənizdə
düzələcək. Sənin xatirəni əbədiləşdirmək
üçün Prezidentin
fərmanından tutmuş, mübarək
adını daşıyan gəmiyə,
idmançılarımızın uğurlarına qədər
atılan hər addım Sənin və
torpaqlarımızın bütövlüyü
uğrunda canlarından keçmiş
hər bir azərbaycanlının ruhu qarşısında paklaşmağa
doğru gedən yolu
qısaldır.
Cəfər SADİQ
525.- ci qəzet.- 2010.- 21 avqust.- S. 11.