“Azərbaycanlılarla
görüş yaddaşımda ən
gözəl xatirə olaraq qalacaq”
SƏFİR
MASAMİTSU OKİ: “AZƏRBAYCANDA İŞLƏMƏYİ
ÇOXDAN ARZU EDİRDİM”
Yaponiya ilə Azərbaycan
arasında bütün sahələrdə münasibətlər
inkişaf etməkdədir. Rəsmi Tokio Azərbaycanla siyasi, iqtisadi,
mədəni və digər sahələrdə əməkdaşlığa
xüsusi önəm verir. Yaponiyanın Azərbaycandakı səfiri
Masamitsu Oki “525”ə müsahibəsində münasibətlərin
hazırkı durumundan danışıb.
– Cənab səfir, əvvəlcə
istərdim Yaponiya-Azərbaycan əlaqələrinin
bugünkü durumu barədə fikirlərinizi bildirəsiniz.
Rəsmi Tokio əlaqələrin səviyyəsindən
razıdırmı?
– Hazırda Azərbaycanla
Yaponiya arasında müxtəlif sahələrdə əlaqələr
yüksək səviyyədədir. Cənab prezident İlham Əliyevin
2006-cı ilin mart ayında Yaponiyaya etdiyi səfərin nəticəsində
onsuz da yüksək səviyyədə olan əlaqələrimiz
daha da təkmilləşdirildi. Həmin səfər zamanı
qəbul edilən birgə bəyannamə ikitərəfli əlaqələrin
gələcək istiqamətlərini müəyyənləşdirmiş
oldu.
Hazırda ölkələrimiz
arasında yüksək səviyyəli görüşlər
həyata keçirilməkdədir. Biz Xarici İşlər
Nazirlikləri arasında siyasi dialoq təşkil etmişik.
İstərdim ki,
ölkələrimiz arasında olan əla münasibətlərin
inkişafını nəinki iqtisadi və siyasi sahələrdə,
o cümlədən mədəniyyət, idman, turizm, və ətraf
mühit kimi sahələrdə də tətbiq edək.
– Yaponiyanın xarici
siyasətində Azərbaycan hansı yeri tutur?
–
Yaponiya və Azərbaycan demokratiya,
hüquq normaları, bazar
iqtisadiyyatı kimi eyni
dəyərləri bölüşürlər. Həmçinin
Azərbaycan Qafqaz regionunun
sabitliyinin təminatçısıdır.
Mənim fikrimcə, Yaponiya
və Azərbaycanı təmsil edən yüksək vəzifəli
dövlət rəsmilərinin qarşılıqlı səfərləri
ölkənizin inkişafına yönəlmiş əhəmiyyətli
iqtisadi, texniki əməkdaşlıq
Yaponiyanın xarici siyasətində Azərbaycanın
vacib yer tutduğunun aydın göstəriciləridir.
–
Siz mədəniyyət və digər sahələri
qeyd etdiniz. Mədəni
əlaqələri necə dəyərləndirirsiniz?
–
Azərbaycan və Yaponiya arasında
qarşılıqlı mədəni əlaqələr olduqca fəaldır. Onu da qeyd edim
ki, son zamanlarda
Azərbaycanla Yaponiya arasında mədəni
mübadilə kifayət qədər intensivləşib. Mədəniyyətimizi
sizin xalqa tanıtmaq üçün çox
vasitələrdən istifadə edirik. Məsələn, ənənəvi yapon
musiqisi, gül-çiçək düzülüşü (İkebana),
yapon çay mərasimi
ilə bağlı tədbirlər keçirmişik.
2009-cu ilin noyabrında Rus
Dram Teatrında yapon
musiqiçilərin çıxışı maraqla
qarşılandı. Bundan başqa,
Bakı Dövlət Universitetində, Xəzər və Qafqaz universitetlərində “Yaponiya günü” keçirmişik. Müxtəlif məktəblərdə
oriqami dərsləri (oriqami
– kağızdan quş, qayıq və başqa fiqurlu qatlamalar düzəltmək – yapon
xalq incəsənətidir) keçmişik. Gələcəkdə də
bu fəaliyyəti davam
etdirəcəyik. Bu ilin
payızında isə Azərbaycanda “Yapon
kinosu günləri” keçirməyi
planlaşdırırıq.
Səfirlik
Azərbaycanda yapon mədəniyyətini
tanıtdırmaq üçün bir çox mədəniyyət
təşkilatları ilə əməkdaşlıq edir. Onu da
deyim ki, Tokiodakı Azərbaycan
səfirliyi yaponlara Azərbaycan mədəniyyətini
təqdim etmək üçün layihələr
həyata keçirir. Mən özüm isə Yaponiyada
olduğum vaxt Azərbaycan
və onun mədəniyyəti haqqında
danışıram. Gələcəkdə ölkələrimiz
arasında mədəni əməkdaşlığın
genişlənəcəyinə ümid
edirəm və Yaponiya səfirliyi olaraq bu yöndə səylərimizi
əsirgəməyəcəyik.
Mənim
istəyim odur ki, daha çox azərbaycanlı
Yaponiyaya səfər edib
müasir Yaponiya və
onun ənənəvi mədəniyyətinin
şahidi olsun. Digər
tərəfdən, istəyirəm ki, daha çox yapon Azərbaycana gəlib bu
ölkənin təbiətini və qonaqpərvərliyini görsün və layiqincə qiymətləndirsin.
Hazırda çox az
yaponiyalı Azərbaycan dilində oxumağı,
danışmağı və ya
yazmağı bilir və çox
az azərbaycanlı da
yapon dilində danışır. Qeyd edim ki,
Azərbaycan dili biz diplomatlar üçün
çox vacibdir. Mən Azərbaycan dilində
danışanda insanlar
bizimlə daha ünsiyyətcil olurlar.
Xüsusilə də bölgələrdə,
kənd yerlərində
xarici ölkə səfirlərinin yerli əhali ilə Azərbaycan dilində danışması çox
faydalıdır. Azərbaycan dilində
mükəmməl bilməsəm
də, gündəlik
adi danışıq üçün əziyyət
çəkmirəm. Yeri gəlmişkən,
bizim dillərimiz arasında oxşarlıqlar
var. Mən ilk dəfə
türk dilini öyrənəndə bunu
görmüşəm.
Məsələn, qrammatikada iki dilin cümlə
quruluşu, demək olar ki, eynidir. İngilis dilində deyilir: “Mən gedirəm məktəbə”. Amma türk və yapon dillərində deyirik: “Mən məktəbə gedirəm”.
Hazırda səfirliyimizdə çalışan 11 yapondan
5-i Azərbaycan dilində
danışır.
Biz yapon ədəbiyyatının,
yazıçılarımızın əsərlərinin peşəkar
tərcüməçi tərəfindən
Azərbaycan dilinə
tərcümə olunmasını
istəyirik. Bəzi tanınmış yapon yazıçılarının
əsərləri ingilis
və rus dillərinə tərcümə
olunub və Azərbaycan oxucularına tanışdır. Məsələn,
bu yaxınlarda Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva mənə dedi ki, o, Haruki Murakaminin
əsərlərini mütaliə
etməyi sevir. Mehriban xanımın bu sözləri məni çox həvəsləndirdi.
Biz tərcümə üçün mütəxəssis
tapmalıyıq.
– Cənab səfir, Azərbaycana gələnə qədər
ölkəmiz haqqında
hansı məlumata malik idiniz?
– Mən təxminən 10 il
əvvəl Türkiyədə
işləyərkən orada
bir neçə azərbaycanlı ilə tanış olmuşdum. İlk dəfə onların vasitəsilə Azərbaycan
haqqında, bu ölkənin mədəniyyəti
barədə məlumat
almışdım. Sonra ilk dəfə
Azərbaycana turist səfərinə gəldim.
O vaxt ölkənizin özünəməxsus ənənələri,
Bakıdakı İçərişəhər
kimi mədəni irsi mənə dərin təsir bağışladı. Sizin xalqınızın
qonaqpərvərliyi və
istiqanlılığı da
məndə zəngin
təəssürat yaratmışdı.
Həmin vaxtdan Azərbaycan
yaşayıb işləmək
istədiyim ölkələr
siyahısında ilk sıralarda
yer tutdu. Onu da
deyim ki, həmin vaxtdan keçən 10 il
ərzində Azərbaycan
çox inkişaf edib. Yaxşı yollar, təzə
binalar inşa edilib. Amma Azərbaycan xalqının
istiqanlılığı və
qonaqpərvərliyi dəyişməz
olaraq qalıb ki, ölkədə də ən çox sevdiyim cəhətlər məhz
budur.
– Azərbaycanda yaşadığınız illər
sizə imkan verir ki, insanlar
arasında oxşar və fərqli xüsusiyyətləri seçə
biləsiniz. Bu baxımdan
özünüzü Azərbaycanda
necə hiss edirsiniz?
– Mənim fikrimcə, ən maraqlı məqam Azərbaycanla Yaponiya insanları arasında oxşar cəhətlərin
olmasıdır. Bu baxımdan
biz oxşar dəyərləri
və ənənələri
bölüşürük: yaşlı insanlara ehtiram, möhkəm ailə telləri, əcnəbilərə qonaqpərvər
münasibət. Mən hesab
edirəm ki, bu maraqlı faktdır ki, İpək yolunun şərqində və qərbində oxşar ölkələr yerləşir
və bu nöqteyi-nəzərdən Azərbaycan
və Yaponiya oxşar dəyərləri,
ənənələri bölüşürlər.
Bu baxımdan mən Azərbaycanda özümü
çox rahat hiss edirəm. Xüsusilə kəndlərdə qalmağı xoşlayıram.
Mən həmçinin Azərbaycan
toylarını xoşlayıram.
İnsanlar rəqs edir
və xoşbəxt görünürlər. Yaponiyada toylar
sakit keçir, sizdə isə daha səs-küylü olur. Ona görə də
mən Azərbaycan toylarını bəyənirəm.
– Siz böyük
bir ölkəni
diplomat kimi təmsil edirsiniz. Yəqin ki, boş vaxtlarınız
az olur.
Bizim teatr və konsert
salonlarına necə,
getməyə vaxt tapırsınız?
– Mən musiqi, rəqs və teatrları sevirəm. Çox vaxt klassik musiqini dinləmək üçün Filarmoniyaya
gedirəm. Heydər Əliyev
sarayında konsertlərə
həvəslə gedirəm.
Bakıda olduğum müddətdə
Alim Qasımov və onun qızının
iştirakı ilə
muğam konsertində
olmuşdum. Bundan başqa,
“KVN”in (Şən və Hazırcavablar Klubu) tamaşasına da baxmışam. Deyim ki, tamaşalar Azərbaycan dilində idi və mən
ancaq 20-30 faiz başa düşürdüm.
Buna baxmayaraq, çox gülməli idi və tamaşadan
zövq aldım.
– Azərbaycanla Yaponiya arasında turizm əlaqələrinin səviyyəsini
necə qiymətləndirirsiniz?
– Düşünürəm
ki, turizm sahəsində əlaqələrimizi
inkişaf etdirə bilərik. Mən istərdim ki,
daha çox azərbaycanlı Yaponiyaya
səfər etsin və müasir Yaponiyanı, onun ənənəvi mədəniyyətini
başa düşsün.
Həmçinin istərdim ki,
daha çox yapon Azərbaycana gəlsin və bu ölkənin gözəl təbiətini,
mədəniyyətini görsün,
qiymətləndirsin. Hazırda Azərbaycana
o qədər çox
yapon turisti gəlmir. Düşünürəm ki, bu sahədə Azərbaycan tərəfinin bəzi işlər görməsi
lazımdır. Məsələn, çoxlu otel tikməlidir. Əsas
iş isə turizm sənayesində çalışan insanların
treninq məşğələləri
keçmələridir. Bundan başqa,
biz də Yaponiyada ictimai əlaqələr işinin fəaliyyətini
gücləndirməliyik. Əgər bunlar edilsə, ölkəyə çoxlu
sayda yapon turisti gələr. Çünki Azərbaycan cəlbedici
ölkədir. Yaponlar zəngin
mədəniyyətə, ənənələrə
malik ölkələrə
səfər etməyi
sevirlər. Əminəm ki, gələcəkdə
Azərbaycana turist səfərinə gələn
yaponların sayı artacaq.
– Yapon investorları
Azərbaycanın qeyri-neft
sektoruna maraq göstərirlərmi?
– Azərbaycan qeyri-neft sektorunun inkişafı üçün
böyük potensiala malikdir. Biz ümid
edirik ki, sözügedən sektora sərmayə qoymaq məqsədi ilə daha çox xarici investor cəlb etmək üçün Azərbaycan rəqabətli
biznes şəraitini təmin etməklə öz səylərini davam etdirəcək.
İnvestorlar müxtəlif ölkələri
müqayisə edərək
investisiya imkanlarını
axtaracaqlar və bunu nəzərə alaraq Azərbaycanın qonşu ölkələrlə
müqayisədə cəlbedici
bazara malik olması zəruridir.
Bu baxımdan çoxlu hazırlıq işi görmək lazımdır. Mənim fikrimcə,
onlardan birincisi insan resurslarının inkişafıdır. Əsasən, xidmət sənayesində.
– Ölkəmizdə olduğunuz müddətdə
vaxt tapıb maraqlı yerlərə səyahət edə bilmisiniz?
– Mən inkişafa yardım layihələrinin yerinə
yetirilməsi çərçivəsində
və öz şəxsi səyahətlərimlə
bağlı Azərbaycanın
bir çox yerinə səfərlər
etmişəm. Ölkənizin
bütün yerlərində gözəl mənzərələr
var. Misal üçün, Xınalıq kəndi həm ənənələr
və qonaqpərvərlik, həm də qeyri-adi mənzərə
baxımından xüsusi bir məkandır. Masallının
İstisu bulaqları isə mənə Yaponiyadakı isti
bulaqları xatırlatdı. Qubada və İsmayıllıda
olan geniş meşələr xoşuma gəldi. Şəki də
gözəl tarixi şəhərdir və mən onu Azərbaycanın
Kiotosu adlandırıram.
İki il əvvəl Şəkiyə səfər
edəndə gördüm ki, şəhərin çayı
zibil ilə çox çirklənib. Biz orada çayı təmizləmə
layihəsi həyata keçirməyə qərar verdik. Bu
yaxınlarda layihə tamamlanacaq və mən çox xoşbəxtəm
ki, bu işə töhfə verə bilmişəm.
Keçən ay İsmayıllıda
tullantıların idarə edilməsi ilə bağlı bizim
bir başqa ekoloji layihəmiz müvəffəqiyyətlə
həyata keçirildi. Keçən il həmçinin
İsmayıllıda yaponiyalı bağban tərəfindən
“Yapon bağı” salındı. Əgər siz
İsmayıllıya getsəniz, “Yapon bağı”na baş
çəkməyinizi tövsiyə edirəm.
Azərbaycanın bölgələrinə
çoxlu səfərlər etmək niyyətindəyəm,
çünki maraqlı insanlarla görüşməyi və
unudulmaz mənzərələrlə rastlaşmağı
davam etmək istəyirəm. Bakıda dənizkənarı
bulvarı, Fəvvarələr meydanı və İçərişəhər
kimi gözəl yerlərdə gəzməyi xoşlayıram.
Bulvar və Fəvvarələr meydanı təmirdən sonra
xüsusilə əsrarəngiz olub.
– Azərbaycan milli mətbəxi ilə
aranız necədir?
Azərbaycanlıların ətlə
birlikdə çoxlu tərəvəz yemələri çox
gözəl ənənədir. Azərbaycanda
yaşadığım 3 il müddətində 5 kiloqram
kökəlmişəm. Ona görə ki, milli yeməklərinizi
çox yeyirəm. Ən çox sevdiyim yeməyiniz səbzə-plovdur.
Mən onu hər həftə yeyə bilirəm. Buğlama isə
ikinci sevimli yeməyimdir.
– Ölkəmizi tərk edərkən xatirə
olaraq özünüzlə nə aparmaq istərdiniz?
– İnsanlarla görüş
yaddaşımda ən gözəl xatirə olaraq qalacaq. Bundan
əlavə, xatirə olaraq Azərbaycan xalçası, rəsm
əsərləri, fotolar götürəcəm. Çox
sevdiyim kəkotu və fındıq da aparmağı
planlaşdırıram.
P.SULTANOVA
Yeni Azərbaycan.-2010.- 21 avqust.- S. 9.