Mənəviyyatın çölləşməsi

 

“Məndə yaşayanlar” silsiləsindən

 

“Çölləşmə” təbiət hadisəsi kimi torpağın şoranlaşması, münbitsizləşərək əkinə-biçinə, yaşayışa yararsızlaşması, susuzluq və quraqlıqdan çöl halına düşməsi mənasına gəlir. Əgər doğma torpaqlarımız, bütün Vətən səthi çölləşərsə, yaşanılası yer olmaqdan çıxar. “Mənəviyyatın çölləşməsi” ifadəsini isə mən insani dəyərlərin tənəzzülü, mənəvi-psixoloji aşınma, bəşəri duyğuların heyvaniləşməsi anlamında işlədirəm. Bu cür çölləşmə, birincidən daha ağır fəlakətdir. Çölləşən torpaqlarda yaşamaq çətindir, ancaq mümkündür, mənəviyyatı çölləşmiş kütlə içərisində yaşamaq mümkündür, ancaq dəhşətdir. Mənəviyyatsız insan yığınının məskunlaşdığı yerə torpaq demək olar, ancaq Vətən yox. Görkəmli nasir Əlabbasın kitab şəklində yenicə işıq üzü görmüşQaraqovaq çölləri”nə (Bakı, “Adiloğlu”, 2010; əsərin jurnal variantı ötən ilin sonunda çap edilib – “Azərbaycan”, ¹12, 2009) adını verdiyi romandakı “çölləri” sözü cəm şəklində işləndiyinə görə, ehtimal ki, yuxarıdakı izahların hər ikisini ehtiva edir. Bədii təsvir və təhkiyə rənginin tündlüyünə baxmayaraq, romanın işıqlı ideyası (bu işıq Əfsun, Qüdsi, Mahnur, Əfruz, Zülfü, Səfurə, Qəflət, İmdad, Mehri kimi obrazlardan gəlir) bunu deməyə əsas verir. Əsərin məzmun qatının dərinliyi həm də imkan verir deyək ki, yazıçının məramı nurludur. O, hər iki qorxunc hadisənin baş verməməsi üçün hadisələrin cərəyan etdiyi illərdə cəmiyyətdə itirilmiş sağlam ictimai-siyasi mühitin yaradılması, haqqaniyyətə dayalı idarəçilik sisteminin formalaşdırılması, qafil ovlanmış, “başıpozuq”, pərakəndə qüvvələrin, könüllü dəstələrin ümidinə qalmış xalqımızın aşınmış mənəvi-psixoloji durumunun bərpası, milli-mənəvi dəyərlərin qorunmasının zərurəti, Qarabağ böyüklükdə dərdi olan xalqımızın Vətənin bütövlüyü uğrunda mübarizəyə səfərbərliyi haqqında bədii-estetik təqdimat təşkil edir. Yeri gəlmişkən, Qaraqovaq kəndini Qarabağ kimi də, bütöv Vətən torpağı kimi də qəbul etmək olar. Qeyd edim ki, “Qaraqovaq çölləri” romanı haqqında ilk dəyərli fikirlər müasir filologiya elmimizin patriarxı, 80 yaşın müdriklik zirvəsindən boylanan akademik Bəkir Nəbiyevə məxsusdur. Aprelin 21-də Azərbaycan MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda 2009-cu ilin ədəbi yekunlarına həsr olunan Respublika elmi müşavirəsində dönəmin ədəbi hadisələrinə öz münasibətini açıqlayan görkəmli ədəbiyyatşünas-alim “nəsr janrında Əlabbasın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən “Qaraqovaq çölləri” adlı romanının müəllifin münaqişəyə yeni yöndən baxışı, müharibənin təfərrüatlı təsviri ilə oxucuların diqqətini cəlb etməsi” məqamını xüsusi vurğulamış, əsərin müxtəsər təhlilini vermişdir. B.Nəbiyev həmin çıxışında “Bu gün bizdə ədəbiyyat yoxdur” deyənlərə də etirazını bildirir: “Şübhəsiz ki, son illərdə zəif əsərlər də yazılıb, ayrı-ayrı ədəbi dərgilərdə belə nümunələr də çap olunub. Amma ədalətsizlik olar ki, birmənalı şəkildə “bizdə ədəbiyyat yoxdurhökmü verəsən. Şəxsən mən Anarın “ qoç, qara qoç”, ElçininBayraqdar”, Kamal Abdullanın “Yarımçıq əlyazma”, Aqil Abbasın “Dolu” və digər əsərlərini son illərin ədəbi uğurları kimi dəyərləndirərdim. Təkcə “Azərbaycan” jurnalında 2009-cu ildə 10 povestroman çap olunub.” Adları çəkilən görkəmli ədiblərimizlə yanaşı, müstəqillik dövrünün ortaya çıxardığı tamamilə yeni, indiyə qədər ədəbiyyatımızın predmeti olmayan, sovetlər məkanında və sosializm realizmi ədəbi metodu müstəvisində görünməyən mövzulara müraciət edən yazıçılarımız çoxdur. Bunların içərisində hər biri öz fərdi üslubu, bənzərsiz yaradıcı istedadı, mövzu rəngarəngliyi, dolğun tipobrazlar qalareyası ilə seçilən, milli kitab müsabiqəsi yekunlarında ön sıraları paylaşan, əsərlərinin şöhrəti ölkəmizin sərhədlərini aşan Əlabbas, Nəriman Əbdülrəhmanlı, Fəxri Uğurlu, Aslan Quliyev kimi dəyərli nasirlərimiz də yer alır. Milli azadlıq və müstəqillik, qaçqınlıq və köçkünlük, müharibə və torpaq işğalı, müvəqqəti itirilən Dağlıq Qarabağ və ətraf rayonlarının yoxluğu... Bütün bunlar son iyirmi ilin tarixi-siyasi-hərbi hadisələridir və ilk növbədə, tarixçiləri, siyasətçiləri, dövlət və hökumət adamlarını düşündürən ağır problemlərdir. Ədəbi əsərlərin mövzusu isə birbaşa bu hadisələrin özü yox, bu hadisələrin doğurduğu fəlakətlərdir: fərd olaraq insan psixologiyasında səbəb olduğu fəsadlar; xalqın ümumi ovqatında yaratdığı ruh düşkünlüyü və xəyal qırıqlığı; cəmiyyətin milli-mənəvi dünyasında yol açdığı sağalması çətin yaralar; əsirlikdə olan kişilərin dramı, qız-gəlinlərin faciəsi və içimizi yeyib-parçalayan çarəsizlik və sairə. Bu temalardan bir qismi – cəmiyyətdə baş verən demokratik dəyişikliklər, dövrün ictimai-siyasi ziddiyyətləri, mürəkkəb insan psixologiyasında meydana gələn təbəddülatlar və başqa mövzular bədii ədəbiyyata gətirilmiş, xeyli dəyərli əsər qələmə alınmışdır. Əlabbasın “Qaraqovaq çölləri” romanı, eləcə də kitabda toplananİkinci oğulpovesti, “Gözəl” və “Qul” hekayələri də əsas konturlarını yuxarıda cızmağa cəhd etdiyimiz ağrılı-sancılı keçid dönəminin sosial-tarixi sifarişidir. Yazıçı bu əsərində də bütün “izm”lərdən azad, müasir prozamızın və özünün aparıcı ənənəvi realist üslubuna sadiqdir. Ümumiyyətlə, onun nəsrində folklor ruhu, epik dünyaduyumu, həyata, gerçəkliyə fəlsəfi-estetik münasibət açıqca bəlli olur. Xalqın düşüncələri, tarixi faciələri və keçmişin ibrətli səhnələri epos təhkiyəsində verilir. Əsərləri öz ritmi, intonasiyası, deyiliş tərzi və obrazları ilə seçilir. Bu əsərlərin özünəməxsus poetik sintaksisi, fikrin ifadəsi üçün seçilən münasib söz, ifadə, zərb-məsəl, atalar sözləri və sairə ilə diqqəti cəlb edir. Əlabbasın ədəbi prosesə dərindən bələdliyi, bədii materialla işləmək istedadı, keçmişi bugünün prizmasından dəyərləndirmək qabiliyyəti, çox müasirgüclü bədii təfəkkürü var. Əsərdəki hadisələr 90-cı illərin əvvəllərində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk illərində cərəyan edir. Bu o dövr idi ki, “dünya qarışmışdı, ağzını açan millət söhbəti” eləyirdi. Romanın mövzusunu da, ideya məzmununu da, yazıçının təhkiyəsini də, obrazların danışıq və davranışlarının motivasiyalarını da, personajların monoloq və mükalimələrini də bu dövrün özünəməxsus ab-havası, qarmaqarışıq siyasəti, xaotik mühiti diktə edir. Əlabbasın yazıçı məharətini, sənətkarlığını bir daha təqdir və təsdiq edirsən ki, “əskisi yanıq, siyasi sayıqlığını itirmiş bir millətin yerində bayquşlar ulayan torpaqlarında” hadisələrin bədii şərtiliklər çərçivəsində dərk olunması və mənalandırılması ayrı cür ola bilməzdi. Başqa sözlə, usta nasir bu məkan və zaman dilimində baş verən faciəvi hadisələrin ideya-estetik həlli üçün ən uğulu süjeti qurğulayıb. Romanın kompozisiyası mənəvi-psixoloji təzadların zərgər dəqiqiliyilə qarşılaşdırılması üzərində qurulub. Bu təzad cütlüklərindən bir neçəsini xatırlayaq. Əfsun Əlibəyli SSRİ deyilən nəhəng bir dövlətin həqiqi hərbi xidmət keçdiyi Qızıl Ordusunun Xabarovskda yerləşən hissəsindən “vətən dardadır” deyə qaçıb, öz kəndlərinə gəlir. Rayon hərbi komissarlığındakı yüksək rütbəli “şələbığ” zabit onu əsgərlikdən qaçan fərari kimi qarşılayır, “...bilirsən də, Məcəllədə ordudan qaçmağa görə xüsusi maddə var”, – deyərək onu damlamaqla hədələyir, nəhayət, bir neçə il sonra qondarma səbəblər uydurub həbsxanaya da saldırır. Bəzən “canıyananlıq” edir, özünü yaxşı aparmasını, “ağzına gələni danışmamasını” ona tənbehləyir. Bütün rəsmilər, qeyri-rəsmilər, doğmalar-yadlar onu başa salmağa çalışırlar ki, indi pis zamanadır, “it yiyəsini tanımır”, nə verirlərsə al, hesab elə ki, haqq etdiyin elə sənə verilən qədərdir. Artıq şey tələb eləmə, onsuz da “ləkəlisən”, sənə nə millətin dərdindən, qoy bunu vəzifəlilər fikirləşsin. Əgər kənddə yaşaya bilmirsənsə, digər “kişilər” kimi, köç Bakıya. Əfsun isə bu cür olmağı özünə sığışdırmır, çünki mərddir, heç kimsənin yanında gözükölgəli deyil, alnı açıq, üzü ağdır. Ona görə də haqsızlığa, yalançı patriotizmə, yaltaqlığa, ikiüzlülüyə dözmür, haqq bildiyi məsələləri uca səslə söyləməkdən çəkinmir. Fərari kimi məhkəmədə mühakimə ediləndə, ona beş il istəyən dövlət ittihamçısı Əfqana “Sənin dərindən yaxşı çarıq çıxar, cənab prokuror, qayıdıb səni öldürməsəm, dədəmin oğlu deyiləm!”-, demə cəsarətini göstərir. Xalq vahimə içərisindədir, hər gün ermənilər tərəfindən silahlı basqınlar törədilir, evlər yandırılır, insanlar öldürülür, cavan-qoca, kişi-qadın demədən əsir götürülür (Əsir aparılan on bir kənd gözəlinin biri də Əfsunun bacısı Əfruzdur). Rayon mərkəzindəki hökumət nümayəndələri isə rus ağalarına xoş görünmək və onların daxili nökərlərinə yarınmaq üçün əhalidən quş tüfənglərini də yığmaqla məşğuldurlar. Əfsun deyir ki, nizami ordumuz yoxdur, silah verin, könüllülər-fədailər dəstəsi düzəldib, ermənilərə qarşı vuruşaq, bu nankor əclafları torpaqlarımızdan qovaq, törədilən vəhşiliklərin intiqamını, qız-gəlinlərimizin namus qisasını alaq. O, bunu deyərkən ucuz qəhrəmanlıq etmək, tarixə düşmək, şan-şöhrət qazanmaq barədə düşünmür (Prototipi Natiq Səlim oğlu Qasımov kimi!). Vəzifədəki başbilənlər isə hələ də xalqı dostluğa, qardaşlığa, humanistliyə, beynəlmiləlçiliyə səsləyir. Əfsun ermənilərin əlində girov olan bacısı Əfruzun xilası üçün (irəlidə əsir düşmüş ermənilərdən birilə dəyişdiriləcəyini ümid edir) sərhədi gizlicə keçir, özüylə bərabər Arşak adlı bir ermənini əsir alaraq geri qayıdır. Bic və kəmfürsət, “dal öpən” vəzifəlilər onu təqsirləndirirlər ki, dövlət ölüb bəyəm, sən “quş uçmaz-karvan keçməz” sərhədi hansı cəsarətlə və necə pozmusan, onlar bunu öz rəislərinə nə üzlə xəbər verəcəklər? Ölümün gözünə dik baxmağı bacaran tankçı Əfsun ermənilərlə ölüm-qalım savaşında çoxlu qəlpə yarası alır. Başına pul qoyulmuş canlı əfsanəyə çevrilir. Ordudan tərxis olunub kəndə qayıtdıqda “Sən niyə o biriləri kimi ölməmisən, üç ilə bir güllə yarası almamısan?” kimi cəfəng suallarla qarşılaşır. Onu və döyüşlərdə şəhid düşmüş neçə-neçə silahdaşını çapovuluqda, talançılıq və qarətçilikdə, ermənilərlə sövdələşməkdə ittiham edirlər. Bu təzad cütlüklərinin sayını artırmaq olar, lakin yuxarıda sadalananlar da romandakı bədii priyomun nə qədər güclü, hadisələrin axarının nə qədər uğurlu, obrazların bütün mürəkkəblikləri ilə təqdimatının nə qədər peşəkar olmasının bariz nümunəsidir. Əfsun romanda göydəndüşmə xarakter kimi təqdim edilmir. Onun ömür yolunu alın yazısından da çox, kəmfürsət, psevdomillətçi məmurların mənfur hökmləri dəyişdirir. Təəssüf ki, bu təbəddülat müsbətdən mənfiyə doğruduronun gəldiyi nəticə son dərəcə qorxuncdur. Vaxtilə kənd müəllimləri olan ziyalı ata-anasından əxz etdiyi vətən, vətəndaşlıq, vətənpərvərlik kimi dərslərin ülviyyəti real həyatda öz saflığını, həqiqi dəyərini itirir: “O da mənə dərs oldu ki, əgər cəbhədən qayıdan hər kəsin son aqibəti bu imişsə, çətin ki, innən belə hansısa ağıllı bu vətən üçün candan keçə”. O, bu qəbildən bir neçə fərdi-psixoloji təkamül mərhələsindən keçərək obraz kimi püxtələşir, əsərin sonuna qədər onun mənəvi dəyişməsi, çevrilməsi, nəhayət, tipikləşməsini addım-addım izləmək mümkündür. Məhz bəlalı keçid dövündə formalaşan bu xarakter bütövlüyünün sayəsində Əfsunun fərdi-ailəvi faciəsi erməni vəhşilərinin xalqımızın başına gətirdikləri müsibətlərinin ümumiləşdirilmiş obrazına çevrilə bilir. Əfsun obrazının təkamül prosesi, onun ümumiləşdirilmiş tipə çevrilməsi, dövrün bütün digər hadisələri kimi, sürətlə, cəmi bir neçə il ərzində baş verir. Müharibə dövrünün bütün uşaqları kimi, o da tez böyüyür, 21-28 yaş arasında gəncliyini (xarakterin tamamlanmasına xidmət edən orta məktəb və memarlıq ixtisasına yiyələndiyi tələbəlik illəri, qısamüddətli əsgərlik həyatı romanda epizodik şəkildə, geriyə ekskurslarla xatırlanır) yaşamağa fürsət tapmadan kişiləşir, ağsaqqallaşır, müdrikləşir. Öz danışıq, hərəkət və davranışları ilə dastan qəhrəmanları kimi əfsanələşir (əslində, eyni kökdən gələn “Əfsun” adı da rəmzi məna daşıyır). Əqidəsi və dünyagörüşü valideynləri ilə yanaşı, əmisi qədər sevdiyi, haqsızlığa, zülmə, ədalətsizliyə qarşı bütün mübarizəsi qiymətli məsləhətləri və Möhnət ləqəbi ilə yazdığı şeirləri olan Zülfü müəllimdən aldığı dərslər və tərbiyə sayəsində formalaşmışır. Qulaqlarında sırğa elədiyi düstur isə Həzrət Əlinin “Haqqı həyatınız bahasına olsa belə, müdafiə edin” kəlamı idi. Ona görə də başa düşür ki, bütün bu baş verənlər “Allahdan gələn bəla deyil”, ikiayaqlı bəndələrin şeytani əməlləridir. Dərk edir ki, “vətənin işğalı torpaqdan da əvvəl insanın mənəvi azadlığının istismarından başlanır.” Yuxarıdakı təzadlar silsiləsi Əfsunun ailədənkənar, necə deyərlər, cəmiyyətlə olan münasibətlərinin mənzərəsi idi. Bu obrazın təkamülündə ailədaxili dramatik hadisələrin əhəmiyyətli rolu var. Əfsunun cəmisi 50-55 il ömür sürmüş valideynləri – el anası Sürmə müəllimə, baş verən haqsızlıqlara dözmədiyi üçünümidi hər şeydən əvvəl ölən”, “çarəsizlikdən ürəyi partlamaq dərəcəsinə gələn”, bütün kəndin ağsaqqal kimi qəbul elədiyi Qüdsi müəllim ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. O, hələ əsgərlikdə ikən böyük bacısı Mahnur atasının razılıq vermədiyi “korazehin” şagirdinə könül verərək uzaq ellərə gedib, lakin atasıgilin dolanışığı da buyad oğlunda olan bacının göndərdiyi pulun hesabına olub. Doğma yurd-yuvaları ermənilər tərəfindən yerlə-yeksan edilib. Qardaş üçün faciələrin ən ağırı, müsibətlərin ən betəri baş verib: dünya gözəli bacısı Əfruz ermənilərin əlində əsirdir. Hadisələrin tüğyan elədiyi bir vaxtda bu tələbə-həkim qız kəndə qayıdıb ki, burada ona ehtiyac ola bilər və ermənilərin növbəti hücumlarından birində digər kənd qızları ilə bərabər əsir aparılıb. Canı qədər sevdiyi, onu özünə arxa-dayaq bilən kiçik qardaşı, uşaqlıqdan bir ayağı şikəst İmdad Maştağa dəlixanasındadır. Əfsuna edilən haqsızlıqlara dözməyib, mətbuat işçilərini başına toplayıb, “...bəyəm haqqı deyənin dilini kəsərlər? Qeyrəti olanı dama basarlar?”, – dediyi üçün. Onu dama yox, dəlixanaya basıblar, dilini də kəsməyiblər, sadəcə dili tutulub, artıq danışa bilmir, hətta onudoğma qardaşı Əfsunu belə tanımayacaq dərəcədə anlaqsızdır. Nəhayət, uğrunda hər dəqiqə canını verməyə hazır olduğu torpaqda ona və yenicə evləndiyi, bətnində onun körpəsini daşıyan Mehriyə – ermənilər tərəfindən sanki dəryazla biçilmiş 18 nəfərlik Sabutay müəllimin ailəsinin sonuncu yadigarına isti bir yuva qurmaq üçün bir qarış yer tapılmır. Beləliklə, tragik son yaxınlaşır. Əlinə avtomat silah alıb, Vətən adından alver edən məmurları biçir, qanun naminə hər cürə qanunsuzluq edən hüquq-mühafizə “dəllallarının” yerini qumbara ilə partladır, bəzi idarə binalarını şər yuvaları kimi buldozerin ağzına verib altını üstünə çevirir. “Məni öz vətənimdə, öz elimdə, düşməndən qoruduğum torpaqda da ev tikməyə qoymadınız. Alçaqlar!Cəlladlar! Qaniçənlər!...Tüpürürəm sizin simanıza! Siz yalnız buna layiqsiniz!”,- deyərək gülləni öz gicgahına çaxır. Əlbəttə, bu faciəvi sonluqdan əvvəl yazıçı “vəziyyəti xilas etmək” üçün ara mərhələlər təsvir edir, çarə axtarır, lakin bədii konfliktin kulminasiya nöqtəsi romanın əvvəllərində Əfsunun məhkəmədə dediyi son sözündən başlayır və elə oradan başlayaraq dayandırılması mümkün olmayan məcraya yönəlir “...elə ab-hava yaratmısınız, Vətən deyəndə, ilk növbədə adam yalnız evini fikirləşir...”. İşin faciəviliyi məhz burasındadır ki, qəhrəmanın fikirləşəcəyi evyoxdur. Əfsun sakitləşib öz qınına çəkilmək, bu mənfur insanlardan uzaqlaşmaq istəsə belə, sığınacağı daxma da yoxdur. Romanda təsvir edilən finalın qaçılmaz olması, hadisələrin məntiqi yekunu olması bununla şərtlənir! Elə buradaca qeyd edək ki, Əfsunun ölümü romanın sonu deyil. Gerçək faciə arxadadır. Yolunda ölümü gözə aldığı bacısı Əfruz əsirlikdən azad edilib, kəndə qayıdır. Erməni əsirliyində olub qayıdan qız-gəlinlərin bütün dəhşətli taleyi onu da gözləyir. Əfruzun sonrakı taleyini bilmək isəyən oxucuya romandanaz, nə çox, düz on yeddi il əvvəl yazılmış və bu kitabda romanın ardınca gələn “Gözəl” hekayəsini oxumağı tövsiyə edərdim. Hekayə o yerdə başlayır ki, əsirlikdən qayıdan qadın artıq kənddədi...Əfruzla eyni taleyi yaşayan qadın kəndə döndükdən sonra camaatın dedi-qodusuna, şübhəli davranışlarına, bir vaxtlar dərdindən divanə olansevgilisinin” eyhamlı baxışlarına, əlaxüsus daxudaya, sən bu qıza ucuzca ölüm yetir”,- deyə üzünü ikiəlli qapayan atasının “rüsvayi-cahan” olmasına dözməyib özünü yandıraraq intihar edir. Kim bilir, bəlkə Əfsun da özünü öldürməyib sağ qalsaZülfü müəllimin təkidiylə Mehri ilə evlənməmiş olsaydı, onun sonrakı taleyi kitabdakı “Qul” hekayəsinin qəhrəmanı Tahirinkindən fərqli olmazdı... Ancaq çətin ki, Əfsun yaşaya biləydi. O, ürəyindən keçənləri bircə qardaşı İmdada etiraf etmişdi: “Nə qədər qeyrətsiz olmalısan ki, bu cür vəziyyətdə yaşaya biləsən?”. Bir də yeganə iltiması olmuşdu: “Məni kəfənə yox, bayrağa büküb basdırın, vətən bayrağına!” “Səncə, bu işlərin axırı necə olacaq?”,- bu, Əfsunun hər kəsi düşündürən filosofanə sualıdır. “Axıra qalan bilər”,- bu da Mehrinin ona sərrast cavabı! P.S. Əlabbas mükafat alan “Qiyamçı” romanının son əsəri olacağını demişdi. Yaxşı ki, vədinə xilaf çıxdı və yeni söz deməyə hər zaman hazır sənətkar kimiQaraqovaq çölləri” ilə özü öz zirvəsini bir daha aşdı.

 

 

Əsgər RƏSULOV,

filologiya elmləri doktoru

 

525- ci qəzet.-2010.- 21 avqust.- S. 15-18.