Gözü yolda qalan
Cəbrayılım
Qarabağım! Adı kimi bəxti də, taleyi də qara gələn,
taleyinə 18 il tapdaq həyatı yaşamaq yazılan qara yazılım. Hanı? Axtarıram amma tapa bilmirəm torpağımı.
Tapa bilmirəm, taleyinə Azərbaycanın tərkibində
amma ermənilərin tapdağında olmaq yazılan bəxti qaramı. Tapa bilmirəm Şuşanı,
Ağdamı, Füzulini,
Ağdərəni, Kəlbəcəri,
Zəngilanı. Eşidə bilmirəm
Qubadlının, Xocavəndin,
Laçının, sorağını,
Xocalının, Cəbrayılın
harayını. Dünən
Cəbrayılımızın işğalından 17 il ötdü. Cəbrayılsız ötüb-keçən
17 il. 17 il bundan
əvvəl işğal
etdilər Cəbrayılı.
7
rayonun ardından Cəbrayılımın
da işğal dağı
çəkildi başı bəlalı
xalqımın, torpağımın al-qan
içindəki sinəsinə. 17 il bundan öncə işğal
edildi Xudafərin körpüsü,
Hacı Qaraman, Düldül,
Mazan nənə, Qurban
təpə pirləri. 17 il bundan öncə işğal
olundu, bəxti qara
Qarabağımla eyni taleyi
paylaşdı Cəbrayılım da.
Üzüm bağlarının, meyvə
bağlarının, qoz
ağaclarının məskəni olan Cəbrayılın
itirilməsi Azərbaycanımın ürəyinə vurulan daha bir
ağır zərbə oldu. Yenə
qızıla bərabər sərvətləri ilə zəngin
rayonun işğal xəbərini
aldı xalqım. Yenə dözdü, yenə
ayaqda qaldı. Cəbrayılımı hələ
geri qaytara bilməmişik.
Cəbrayılım isə azad olunacaq günü gözləyir.
17 il gözü yolda qalan Cəbrayılımız
bizi və xoş
günlərini gözləyir. Hələ də ümid edir ki, bəlkə tezliklə onu
azad edələr, qurtular
bu xarabalıqdan, yenə qayıdar əfsanəvi
təbiəti. Yenə əkilər çinar
ağacı, yenə qol-budaq atar, yenə üzərində binalar,
tikilər, abidələr qoyular tikilər.
Qurumuş “Çinar”
kəhrizinin buz kimi suyu yenidən canlanar. Yenə
bərpa edilər Xudafərini, Hacı Qaramanı, Qurban təpəsi və adlarını
sadalamadığım neçə-neçə pirləri,
görməli yerləri. Yenə qayıdar Soltanlı, Mərcanlı,
Minbaşlı kəndləri, Şirik
meşələri. İnşallah gözlədiyimiz
həmin gün tezliklə gələr.
Tezliklə Qarabağ azad
olar və əhalisinin üzərindən
götürülər qaçqınlıq taleyi.
Arzum budur ki, inşallah tezliklə
qayıdım gözü yolda
qalan, həsrət çəkən Cəbrayılıma,
Qarabağıma. Bundan sonra sevinc hissi ilə yazaram ürəyimdəki
xoş sözləri. İnanaq
və arzu edək ki,
Cəbrayılımsız elə 17 il keçirmiş olarıq. 17 ilin
həsrətindən sonra geri
alarıq torpaqlarımızı. Çünki
daha dözməyə səbrimiz yoxdu. Çünki
artıq sondu. Səbr kasamız necə
deyərlər dolub. Dözdüyümüz
daha bəsdi. Son damla, qanımıza qədər vuruşub geri qaytarmalıyıq
Vətəni, Qarabağı, Cəbrayılı...
Pərvin NƏRİMANQIZI
525-ci qəzet.-
2010.- 24 avqust.- S. 2.