Füzuli və Cəbrayılın
işğalından 17 il ötdü
Dünən Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının
Ermənistan Silahlı
Qüvvələri tərəfindən
işğal olunmasından
17 il ötüb.
APA-nın xəbərinə
görə, 23 avqust
1993-cü ildə ümumi
sahəsi 139 min 393 hektar
olan Füzuli rayonun qərb hissəsindən (50 kənd)
125 min 368 hektar ərazi
ermənilər tərəfindən
işğal olunub.
Füzuli rayonunun ərazisi 1386 kv.km, əhalisi isə təxminən
105 min nəfərdir. Rayonda 2 şəhər (Füzuli,
Horadiz), 75 kənd və başqa yaşayış məntəqələri
var. İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət
evi, 45 klub, xalq və dövlət dram teatrları, 685
çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi,
vərəm və dəri və zöhrəvi xəstəlikləri
dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi,
38 məktəbəqədər müəssisə, 2 muzey,
stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və
s. obyektləri fəaliyyət göstərib. Rayonun
işğaldan azad olunmuş ərazisində 13 qəsəbə
və 20 kənd var. Qəsəbələrdən 12-si
işğaldan azad olunmuş ərazidə yeni
salınmış və məcburi köçkün ailələri
müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə
51 min məcburi köçkün məskunlaşıb. Məhsuldarlıq
baxımından kənd təsərrüfatına yararlı
boz, şabalıdı, boz-qəhvəyi kimi torpaq sahələri
var. Rayonda taxılçılıq, heyvandarlıq,
üzümçülük, qoyunçuluq, quşçuluq,
baramaçılıq geniş inkişaf edib. Kənd təsərrüfatı
ilə yanaşı, rayonda tikinti tresti, 6 nəqliyyat təşkilatı,
13 sənaye müəssisəsi və s. fəaliyyət
göstərib. Füzulinin 1100-dən çox şəhid və
itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli
əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində
36 361 nəfər uşaq zərər çəkib, onlardan
155-i yetim qalıb. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər
Nazirliyi bildirir ki, Füzuli rayonunda ümumi ehtiyatları 58858
min m3 olan və mişar daşı istehsalına yararlı istismar
olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı,
kərpic-kirəmit istehsalına yararlı 11211 min m3 ehtiyatlara
malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min m3 olan Quruçay
qum-çınqıl qarışığı yataqları
var. Özünəməxsus təbiəti olan Füzuli
rayonunun ərazisində yaşı 200 ildən 1400 ilə qədər
olan 11 ədəd Şərq çinarı təbiət abidəsi
kimi pasportlaşdırılmış və işğala qədər
mühafizə olunub. Avqustun 23-ü həm də sahəsi 104
min 980 hektar olan Cəbrayıl rayonunun erməni
işğalçıları tərəfindən zəbt
olunduğu gündür. Zəngin yeraltı sərvətlərə
və əsrarəngiz təbii gözəlliyə malik olan Cəbrayıl
rayonu 1930-cu ildə yaradılıb. Cəbrayıl rayonunda
respublika və rayon əhəmiyyətli 120-dək tarixi
memarlıq abidəsi, qiymətli ağac növlərindən
ibarət meşələr, böyük ehtiyata malik yeraltı
sərvətlər, özünün qeyri-adi flora və
faunası ilə seçilən Diridağın özünəməxsus
əsrarəngiz təbiət guşələri, mineral maddələrlə
zəngin su mənbələri erməni
işğalçıları tərəfindən
dağıdılaraq, məhv edilib. Cəbrayılın
işğalı zamanı 246 nəfər şəhid olub, 91
nəfər əsir və itkin düşüb, 177 nəfər
əlil olub.
525-ci qəzet.-
2010.- 24 avqust.- S. 2.