Böyük qəhrəmanlıq haqqında
yığcam teletarixçə
MİLLİ QƏHRƏMAN MÜBARİZ İBRAHİMOV
HAQQINDA İLK SƏNƏDLİ FİLM UĞURLU ALINIB
...İctimai Televiziyanın belə bir sənədli
filmi çəkib başa çatdırması
barədə xəbər
qəfil yayıldı. Buna qədər kütləvi
informasiya vasitələrində
nüfuzlu deputatlarımızdan
birinin dəstəyi ilə Milli Qəhrəman Mübariz İbrahimov haqqında film
hazırlığına başlandığı
və hətta sentyabrda onun efirə çıxarılacağı
xəbər verilmişdi.
Adama elə gəlirdi ki, həmin layihə haqqında məlumat telekanalları Vətənin ən yeni qəhrəmanının
ekran obrazını yaratmaq cəhdindən çəkindirir və hamı vəd olunan filmi gözləyir.
Amma İctimai
TV yenə öz məramına sadiq qaldı: ölkənin birinci kanalı olaraq, çox qısa vaxt ərzində qəhrəman
Mübariz haqqında
ilk sənədli filmi
çəkib ictimaiyyətə
təqdim etdi.
Avqustun 23-də telekanalın
səhər efirində
– “Yeni gün” verilişində tamaşaçılar
filmin yaradıcıları,
onların rəy və təəssüratları
ilə də tanış oldular, gənc şəhidin böyük qəhrəmanlıqla
bitən şərəfli
ömür və döyüş yolu barədə filmə də baxdılar.
Yenə İctimai
TV ənənələrini xatırlatmalı olacağıq:
hay-küydən, pafosdan,
didaktikadan uzaq, aydın, səlis mətn, dürüst diksiya, məkan və hadisələrin obyektiv təsviri... Ssenari müəllifi Müsəllim Həsənovun
elə həmin verilişdəcə vurğuladığı
kimi, filmin yaradıcıları vətənpərvərlik
haqqında pafoslu çağırışlardan imtina edərək, Mübariz İbrahimovun
real obrazını və
qəhrəmanlığını canlandırmağa, “hadisələrin
bərpası”na üstünlük veriblər.
Atəşkəsin on altı ildən bəri davam etməsi bizi müharibə əhval-ruhiyyəsindən,
işğal altındakı
torpaqlarımızı azad
etmək uğrunda həlledici savaşa qalxmaq istəyindən uzaqlaşdırmayıb. Bu dövrdə
ölkəmizdə böyüməkdə
olan nəslin qəlbinə və yaddaşına vətənin
bölünməzliyini təmin
etmək, əzəli
yurd yerlərimizi işğaldan qurtarmaq, düşməndən intiqam
almaq arzusunun hakim kəsildiyini gizir Mübariz İbrahimov bir daha Azərbaycanı
sevənlərə də,
sevməyənlərə də
nümayiş etdirdi.
Filmin yaradıcıları bu ideyanın bədii-publisitik həllini
bacarıqla taparaq, sadə, amma dinamik və təsirli televiziya dili ilə onu
tamaşaçılara çatdıra
biliblər. Son iki
ayda ölkəmizdə
bəlkə də hamının dilinin əzbərinə çevrilmiş
fakt və hadisələrin cəmi
on beş dəqiqəlik vaxt çərçivəsinə sığan yığcam audiovizual ifadəsini vermək, böyük qəhrəmanlığı yığcam
teletarixçəyə çevirmək,
təbii ki, asan iş deyil.
Ssenaridəki lakoniklik,
iştirakçıların yığcam, təmkinli təhkiyəsi, qəhrəmanın
bioqrafiyasını, şəxsiyyətini,
həyat ideallarını,
arzu, istək və düşüncələrini
səciyyələndirən ən konkret ştrixlərin, detalların
seçilərək, filmin
leytmotivinə uyğun
şəkildə məntiqi
ardıcıllıqla yerləşdirilməsi,
təsvirlərin bəzən
odlu-alovlu döyüş
səhnəsi kimi iti, bəzən də şəhidlik anı kimi həzin
dinamizmi tamaşaçını
axıradək diqqətli
olmağa, təfərrüatları
yadda saxlamağa vadar edir. Belə uğurlu
işə görə
həm İctimai TV-nin rəhbərliyini, həm də filmin bütün yaradıcı-texniki heyətini
təbrik etmək olar. Vətənin igid oğlunun ölməz ruhuna hədsiz ehtiramın təcəssümü olan
bu film üzərində
çalışanların – ssenari müəllifi Müsəllim Həsənovun,
rejissor Ruslan Hüseynovun, operator Manaf Quliyevin və başqalarının öz
peşəkarlıq imkanlarından
maksimum istifadə etdiyi danılmazdır.
Əminliklə demək olar ki, İctimai TV-nin “Mübariz” filmi gənc nəslin hərbi-vətənpərvərlik
tərbiyəsində təsirli
rol oynaya biləcək bir telelayihədir və onu disklərə köçürüb ümumtəhsil
məktəblərinə çatdırmaqda,
üzümüzə gələn
tədris ilinin ilk dərslərində şagirdlərə
nümayiş etdirməkdə
böyük fayda olar.
Yeri gəlmişkən, filmdən
əvvəl yenə Mübariz İbrahimov haqqında telekanal rəhbərliyinin təşəbbüsü
ilə yazılmış
mahnının və ona çəkilmiş klipin də təqdimatı oldu. Bəstəkar Faiq Sucəddinov və şair Baba Vəziroğlunun birgə
yaradıcı əməyinin
məhsulu olan bu mahnı qəhrəman
Mübarizin vətən
sevgisi, hünər və rəşadəti ilə həmahəng səslənir, hər birmizi mübarizliyə çağırır.
Təbii ki, qeyrətli oğul və qızlarımız bundan sonra da xalqımızın
qəhrəmanlıq tarixinə
yeni-yeni səhifələr
yazacaqlar. Bu səhifələri
təkcə mənəvi
deyil, həm də sənədli və ya bədii
film, ədəbi-publisistik əsər,
populyar musiqi parçası kimi maddi sərvətə çevirmək çox gərəkli, vacib və dəyərli işdir. İctimai
TV-nin Azərbaycanın
Milli Qəhrəmanı
Mübariz İbrahimov
haqqında gördüyü
iş kimi...
Elşən ƏLİYEV
525-ci qəzet.- 2010.- 26 avqust.-S.4.