Tofiq Abdin günü

 

İnsanın bütün ömür boyu, müxtəlif yaş mərhələlərində bir formada qalması zor işdir. Hər adam zamanın qarşısında çox duruş gətirə bilmir, zaman gizlicə, hiss olunmadan alnında qırışlar “toxuyur”, qəfildən güzgüyə baxanda diksinirsən: “Ay dad-bidad, ömürtez keçdi?!”

Haqqında danışacağım adam ola bilsin ki, vaxtsa belə bir hiss keçirib, amma zahiri görkəmi ətrafdakılarda həmişə qibtə hissi doğurub. Bu adam Tofiq Abdindir. Bu yazı Tofiq abi haqqında yazdığım 5-ci yazıdır. Bir ara məni Tofiq Abdinşünas adlandırırdılar. Axı mən neyləyim ki, bu kişiyə simpatiyam var? Onun haqqında demək istədiklərimin bir qismini yazmışam, burda təkrara lüzum görmürəm. Onun yazıları bir vaxtlar mənim üçün örnək olub, “Adlerdə bir körpü varpovesti mənim düşüncəmdə əməlli-başlı inqilab eləyib. Deyəsən bunu da yazmışam. Bəs yazmadığım nə qalıb? Bu yaxınlarda “Azərbaycan” jurnalında Tofiq abinin bir povesti dərc olundu- “Dövlət çevrilişi”. Bir göz qırpımında oxudum və...

Tofiq Abdinlə söhbətlərimiz əsnasında belə bir povestinin olduğunu söz arası demişdi. Buyurun, bu da povest yox, tarixi, avtobioqrafik, sənədli bir əsər. Sərt həqiqətlərin yer aldığı əsərdə bizim bilmədiyimiz çox məqamlar var. Əsərdə üslub qarışıqlığı var, bu da Tofiq Abdin qələminə xas bir şeydir. “Ah, İstanbul, İstanbul...” kitabında da belə manevrlər yetərincədir.

Bütöv Azərbaycan ideyasının 60-cı illərdəki qaranquşları... Yox, biz o illəri təsəvvürümüzdə canlandırmaqda acizik, o illərin qadağaları, xofu, aurası da bizə yaddır. “Xruşşov mülayimləşməsi” bu gənclərin ümidlərini nə dərəcədə dirçəltdi, bu azad nəfəs nə qədər çəkdi və qısa zaman kəsiyində azadlıq idealları düşüncələri nə dərəcədə qapsaya bildi? Bu dövr artıq tarixə çevrildiyindən bütün bu suallara cavab tapmaq üçün arxivlərə baş vurmaq lazım gəlir və müəyyən mənada Tofiq Abdinin publisistik povest adlandırdığı “Dövlət çevrilişi” kitabı da gələcək araşdırıcılara ipucu verir.

Tofiq abi kiməsə yarınan adam deyil, onun xarakterində belə şey yoxdur, bir yerdə duruş gətirə bilməyəndə sakitcə qovluğunu götürüb gedəcək, amma yarınmaq onluq deyil. Onun çevrəsində olanlar, vaxtilə onunla çiyin-çiyinə çalışmış insanlar da bunu təsdiqləyər.

Povestdə yeganə barışa bilmədiyim məqam satqınların, çuğulçuların adlarının gizli saxlanmasıdır. Özünə iradımı bildirmişəm. Abi görün özünə necə bəraət qazandırır: “Axı o adamlar həyatda yaşayırlar!” Bəs sizə xəyanət etmiş insanlara qarşı bu qədər humanist olmaq olarmı, abi? Siz onların adlarını yazmalıydınız ki, gözləri görə-görə üzləri açılaydı, bu onlara ən böyük zərbə olardı. Siz bu fürsəti qaçırdınız... Rəhmətlik Cabir Novruz deyirdi ki, “sağlığında yaman deyin yamanlara!” Yadıma 2004-cü ilin 1 sentyabrı düşdü. O gün Buzovnadakı bağdan Abiyə üzüm yığıb gətirmişdim. Əlbəttə, gecəykən bir yazı da qaralamışdım, özlüyümdə fikirləşirdim ki, Tofiq abi yazımı bəyənəcək. Bu günlərdə ağzını aradım, “Dualarına görə çox sağ ol, Tofiq Abdin!” yazısı yadında qalıb. Həmin yazını isə özüm ona xatırlatdım, özlüyümdə fikirləşdim ki, demək bəyənməyib. Bəlkə də belə deyil.

Həyatımın ən ağır məqamlarında mənə təsəlli verən, məni intiharın astanasından qaytaran bu dünyada Tofiq Abdin adlı bir söz sevdalısının yaşaması olub. Düşünmüşəm ki, ən son məqamda o qapıya üz tuta bilərəm, doqquzuncu mərtəbədəki o ev sahibindən xəbərsiz məni xilas edib. Bu həqiqəti etiraf etməkdən heç vaxt çəkinməmişəm. Axı mən bu halı yaşamışam, bir halda ki, onun haqqında yazıram, yaşantılarımı niyə gizlədim?

Bu gün ədəbi mühitdə Kənan Hacı adlı bir isim varsa, bunda Tofiq Abdinin danılmaz payı var. Öncə yazılarıyla, sonra isə şəxsiyyətilə həmişə mənə örnək olan bu insanın özünəməxsus yaşam fəlsəfəsi var, bu məqamda o, heç kimə güzəştə getməz, həyat prinsiplərindən heç vaxt geri çəkilməz. Bu, mümkün deyil. Bəzən düşüncəli, bəzən coşub-daşan, gəldiyi yerə həmişə bir canlanma gətirən, mübahisə, mükalimə ortamı yaratmağı bacaran, qürbət ağrılarını içinin bütün hüceyrələrindən keçirmiş, həyatı olduğu kimi qəbul edən, bəzənçox soyuqqanlı, daxili dünyasını tam açıb-tökməyən sirli bir adamdır O.

Onunla bir zamanda yaşayıb onunla bir havanı udmaq da bir tale fürsətidir. Vay-vay, əsər yaddan çıxdı ki... Axı “Dövlət çevrilişi”ndən danışırdıq. Amma Tofiq Abdindən danışdıq. Düşünürəm ki, əslində əsərdən danışmaq yox, əsəri oxumaq lazımdır. Danışsaq, oxucuya heçqalmayacaq. Oxucu özünü əziyyətə salıb Tofiq Abdinin bu dəyərli əsərini oxusa biləcək ki, bu günkü müstəqilliyimizin toxumlarını kimlər əkib cücərdib, azadlığımızın bağbanları kimlər olub. Azərbaycanın müstəqil olmasında Tofiq Abdininöz payı var, o bu yolda qorxularını yenib, taleyilə çiling-ağac oynayıb.

 Bir dəfə yazmışdım ki, 1 sentyabr mənim üçün Tofiq Abdin günüdür. O günün ərəfəsindəyik. Qoy Uca Tanrı bizləri bu günsüz qoymasın! Amin!

 

 

Kənan HACI

 

525-ci qəzet.- 2010.- 28 avqust.- S.26.