Yanlış
da bir naxışdır
Şekspir, Bethoven,
Puşkin, Qoqol, Balzak, Çaykovski, Mirzə Fətəli,
Sabir, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov!
Adları böyük ehtiramla çəkilən sənət
bahadırları, xalqların iftixarı, milli qüruru,
müqəddəs məbədləri! Bu gün bizə qəribə
gəlir ki, həmin bu dahilərə ağır büzənlər,
əsərlərini bəyənməyənlər və ən
dəhşətlisi, onlara dərs deyənlər,
öyüd-nəsihət verənlər, “başlarına
ağıl qoyanlar” da olub. Bu cür mənəvi karlar və
korlar sənətkarların müasirləri içində
daha artıq imiş. Şekspirin müasirlərindən
neçə-neçəsi öz cırtdan meyarlarıyla onun
əsərlərinə min cür qulp qoyublar. Neçə-neçə
cılız düşüncəli musiqi tənqidçisi
Baxa, Bethovenə, Çaykovskiyə musiqini necə
yazmağı, hansı janrlara müraciət etməyi,
yaradıcılıq məsələlərini necə həll
etməyi “yekə-yekə” məsləhət veriblər.
İndi biz çətin
inana bilirik ki, Bethovenin 9-cu və Çaykovskinin 6-cı
simfoniyalarını uğursuzluq kimi qiymətləndirənlər
çox olub. İndi bizə qəribə gəlir ki, “Hamlet”i,
“Otello”nu, “Maqbet”i lağa qoyanlar, “Ölülər”ə gülünc
irad tutanlar, Sabirə, Cəlil Məmmədquluzadəyə Azərbaycan
dili dərsi deyənlər var imiş. Ağlımıza
sığışdıra bilmirik ki, hansı bir nadansa
Puşkinin əsərlərini hissdən və ideyadan məhrum
hesab edib, Mirzə Fətəliyə söyüşlər
yağdırıb. Lermontovu ancaq Qərb ədəbiyyatının
təsiriylə bağlayıb, Qoqolu və Lev Tolstoyu rus
xalqını ləkələməkdə
ittihamlandırıb. Balzakın romançılıq
istedadını, Çexovun dramaturgiyasını, Üzeyir
Hacıbəyovun opera və operettalarının əhəmiyyətini
dananlar da tapılıb. İndi bizə qəribə gəlir...
Amma vaxtı ilə nadan
söyüşüylə, cahil təşəxxüsüylə,
avam təkəbbürüylə neçə böyük sənətkar
incidilib, təhqir və təqib olunub, bəzən kimsəsizliyə,
bəzən aclığa-səfalətə, bəzən hətta
ölümə məhkum edilib!
Bəzən
bizə elə gəlir ki, böyük sənətkarlar
bütün bunlardan çox-çox yüksəkdə
durduqları üçün belə atmacaları eynlərinə
almayıblar. Biz unuduruq ki, sənətkar nə
qədər ucada dursa belə o da adi insani hisslərə
malikdir, haqsız, hücumları, rişəndi, kinayəni
başqalarından daha həssas duyur və daha ağır
udur, onun qəlbi tikanlardan, iynələrdən daha çox
ağrıyır. Sözümüzün qüvvəti,
memuarları, zamanın sənədlərini varaqlayaq.
F.M.Dostoyevskinin arvadı A.Q.Dostoyevskaya ərinin sözlərini
xatırlayır: “Mən öləndə, Anya, məni ədəbiyyatçıların
yanında basdırmayın. O dünyada düşmənlərimlə
qonşu olmaq istəmirəm. Bu dünyada onlardan çəkdiklərim
bəsdir!”.
Çaykovski
acı-acı deyirdi: “Bilmirəm bu cənablar (musiqi tənqidçiləri)
niyə mənə belə nifrət bəsləyirlər? Nə
yazıramsa hər tərəfdən üstümə
tökülürlər!”.
Cəlil
Məmmədquluzadə yazırdı: “Amma
müsəlman qardaşlardan təvəqqe edirik ki, hər kəs
bizi söyəcək, indidən söysün ki,
söyüş kağızlarını oxumağa
macalımız olsun, yoxsa, sonra Kərbəla
mövqüfatı xüsusunda söhbət edəndə o qədər
föhş kağızları üstümüzə
töküləcək ki, oxuyub qurtarmağa fürsət
olmayacaq! Bu sözlərin dərdli kinayəsində nə qədər
göynək vardır.
Böyük
sənətkarlar haqqında deyilmiş səthi mülahizələri,
yanlış fikirləri, bir çox hallarda əbləh
sözləri toplayıb oxuculara təqdim etmək əyləncə
məqsədi daşımır. Bu həm də ibrət məktəbidir.
Topladığımız fikirlər orta əsrlərdən,
XX əsrin əvvəllərinəcən olan dövrü əhatə
edir. Amma məgər bizim əsrdə – sonuncu çərəyinə
yaxınlaşdığımız XX yüz illikdə
-dövrümüzün böyük sənətkarları
haqqında azmı nadan fikirlər yürüdülüb? Pikassonu “oyunbaz” adlandıran burjua jurnalistləri,
Çaplini Amerikadan qovan mühafizəkarlar, Nazim Hikməti təqib
edən mürtəcelər – vaxtı ilə kommunar rəssam
Kurbeyə gülən, Darvini lağa qoyan, Didrodan, Belinskidən,
Həsənbəy Zərdabidən gizli polisə danoslar
yazanların mənəvi, ruhi varisləri deyilmi?
Böyük sənətkarların
üstünə atılan ləkələr onların nə
yaradıcılıq vüqarına, nə də şəxsi
ləyaqətinə əskiklik gətirə bilər. Əksinə
onların varlığı, mühiti, ömrü və
yaşadığı şərait haqqında daha dolğun təsəvvür
yaradar.
Böyük sənətkarlar haqqında bəzən
ağıllı adamların belə söylədikləri
mübahisəli, səhv fikirlər, dayaz düşüncəli
müasirlərin yürütdükləri yanlış
mülahizələr, nadanların dedikləri təhqiramiz
sözlər bu dühaların tərcümeyi-hallarını
tamamlayan ştrixlər, naxışlardır. Xalqımız
yaxşı deyib ki, yanlış da bir naxışdır.
ÖN SÖZ
YERİNƏ
Ən
böyük zəkalar – ən çox mübahisə
doğuran zəkalardır. Odur
ki, dahilərə hətta ağıllı adamlar da hücum
çəkir; Erazm, Volter, Siseron, Horasi, Lukian, Plutarx, İosif
Flavi, Əflatun, Pifaqor və Homeri kəskin tənqid ediblər.
Bu siyahıya biz Zoilin adını salmırıq. İnkar etmək
– tənqid etmək deyil. Nifrət etmək – anlamaq deyil.
Söyüş – mübahisə deyil. Zoil, Çekki, Qrin,
Avellaneda, Vilyam Lauder, Vize, Freron – bu adlar ləkə kimidir.
Onlar bəşərin ən böyük dahilərini təhqir
edərkən bəşəriyyətin özünü təhqir
etmişlər. Bu alçaq adamların əllərində
dühalara atdıqları çirkabın izləri qalıb.
Onlar
ən pis xatirələrə layiq olsalar da, haqlarında
heç bir xatirə qalmayıb – bu şəxslər nifrət
məşhurluğunu belə qazana bilməyiblər.
Onların varlıqları kimin yadında qalıb? Onları
alayarımçıq yada salırlar, bu isə tam
unutqanlıqdan da pisdir. Bu bədnam tənqidçilər
tarixin kölgəsində daldalanır. Məsələn,
tutalım, Kleman adlı birisi vaxtı ilə özünü
“tənqidçilər tənqidçisi” adlandırırmış.
Onun bütün fəaliyyəti Didronu qapmaqdan və Didro
haqqında danoslar yazmaqdan ibarət olub. İndi onun adı
unudulub gedib və Kleman Jenevredə doğulubsa da onu Dijonlu
Klemanla çaşdırırlar. Onu habelə Kleman de Bozla, Kleman de Askenlə
də David Klemanla dəyişik salırlar. Axırda dörd, ya beş
naməlum klemanların içində itib batmamaqdan
ötrü Didronun əsərlərini “dumanlı
laqqırtı” adlındırmağa dəyərdimi?
Famyen Strada nahaq yerə böyük Tasitə
qəzəblə hücum edirdi: indi həmin bu Famyen
Stradanı Zigizmund Avqustun təlxəyi Fabyen Spada ilə səhv
salırlar. Əbəs yerə Çekki
yazıq Danteni didib dağıdırdı; indi biz heç
bilmirik – bu Çekkinin adı həqiqətən Çekki
imiş, ya bəlkə Çekko imiş. Qrin
ki, Şekspirin yaxasından yapışmışdı, indi
onu hansısa başqa bir Qrinlə dolaşıq salırlar.
Servantesin “düşməni” Avellanedanın
adı deyəsən, Avallanado imiş. Miltona
böhtan atan Lauderin adı bəlkə də Layder imiş.
Molyeri “darmadağın” edən de Vize adlı
birisi demə Domino adlı birisiymiş – zadəganlıqdan
xoşu gəlib, adını de Vize qoyub.
Bütün
bu insancıqlar elə bilirlərmiş ki, təhqir və təqib
etdikləri dühaların işıqları bunların da
üstünə düşəcək. Amma xam xəyaldır – onlar
kölgədə qaldılar ki, qaldılar. Bu zavallılar heç nə qazanmadılar –
paylarına nifrət belə düşmədi.
Yazıqlar!
Viktor HÜQO HOMER HAQQINDA
İnsana məxsus
olan hansı alçaq və murdar cəhətlər varsa,
oğurluq, pozğunluq, bir-birini aldatmaq – hamısını
yalançı Homer və Hesnod allahlara şamil etmişlər.
KSENOFON (bizim eradan əvvəl VI əsr)
DANTE HAQQINDA
Bu əsərdə
(“İlahi komediya”) yaxşı nə varsa
xristianlıqdandır, pis nə varsa – əsərdən və
müəllifin zövqündəndir.
(F.R.- de Şatobrian,
1802)
VİLYAM ŞEKSPİR HAQQINDA
Şekspirin nə
tragik, nə də komik istedadı var. Onun faciələri
sünidir, komediyalarında isə o, ancaq instinktə arxalanır. “Maqbet”dən gülünc
bir əsər tapmaq çətindir.
(Forbs, XVII əsr tənqidçisi)
Şekspir –
plagiatordur, bütün əsərlərini ondan-bundan
köçürüb, özü heç nə yazmayıb. O, qafiyəsiz şeir quraşdırmaqdan
başqa heç nə bacarmır.
(Qrin, “Bir qəpiklik zəka” məqaləsi,
1592)
Bu Şekspir
kobud və Barbar bir zəkadır.
(Lord Şeftsberi)
Şekspirin əsərləri
tamamilə dumanlıdır, anlaşılmazdır.
(Con Drayden, XVII əsr)
Bu şair
tarixi həqiqətləri təhrif edir.
(Lennoks)
Yadımdadır,
aktyorlar Şekspirdən razılıq edirdilər ki, heç vaxt
əl yazmalarında bircə kəlmə qaralayıb pozmur. Mən onlara dedim: kaş ki, o, əsərlərində
minlərlə kəlmə pozaydı.
(Ben Conson, ingilis dramaturqu, Şekspirin
müasiri)
Şekspirin
komizmi çox-çox aşağı səviyyədədir,
Şeduellin komizmindən çox-çox
aşağıdır.
(Uorberton)
Şekspirin
komizmi çox kobuddur, adamı güldürmür. Ağıldan məhrum təlxəklikdir.
(Semyuel Fut)
Şekspir
neyləsin? Gərək bir təhər başını
dolandıraydı da?
Bəs
çörəyi nədən çıxaraydı?!
(Pop, 1725)
“Yuli Sezar”
çox soyuq və adamı həyəcanlandırmağa qadir
olmayan bir faciədir.
(Ben Conson)
“Hamlet”də
qəbirqazanlar qəbri qaza-qaza kobud mahnılar oxuyurlar. Əcəb cəfəngiyyatdır! Bu
oyunbazlığı hələ faciə də
adlandırırlar! Şekspir ingilis
teatrını məhv etdi. Şekspiri ciddi
qəbul etmək olmaz. Allah bizi bu səfeh Şekspirdən
saxlasın!
(Volter)
Bütün
köntöylüyünə baxmayaraq hətta Şekspir də
kitab-zad oxuyarmış və az-çox məlumatı
varmış.
(Laqarp. Ədəbiyyat kursuna giriş)
Bu təmsilin (söhbət “Otello”dan gedir –
red.) mənası ibrətamizdir-gərək xanımlar bir az diqqətli olsunlar, dəsmallarını itirməsinlər.
Amma zarafatı bir yana qoyaq – belə poeziya
tamaşaçılara nə fayda, nə dərs verə bilər?
O ancaq bizim ağlımızı çaşdırar, fikirlərimizi
qarışdırar, başımızı dumanlandırar,
instinktlərimizi pozar, xəyallarımızı azdırar, zövqümüzü
korlayar və başımızı şöhrət
ehtirasıyla, tapmacalarla, hay-küylə cəfəngiyyatla
doldurar.
(Tomaz Raymer, 1693)
Şekspirin
“Otello” adlı faciəsində həmin bu zənci Otello
arvadını boğub öldürməmişdən qabaq iki
dəfə onu öpür. Mərifətli adamlara bu iyrənc
görünür. Amma Şekspirin pərəstişkarları
israr edir ki, həmin bu Otello çox gözəl insandır,
illah da ki, zəncidir.
(Volter. “Fəlsəfə lüğəti”)
Şekspir kimi ikinci dərəcəli
müəlliflər və aşağı səviyyəli
şairlər...
(Delandon, 1804)
Şekspir
heç bir fərli şey yazmayıb, yazdıqları
hamısı zibildir.
(F.F.Kokoşkin, Malı teatrın direktoru,
XIX əsr)
Niyə,
Şekspir pis deyil, onun başı cürbəcür məzəli
şeylərlə doludur.
(Alman tənqidçisi Bentheym, 1680)
MOLYER HAQQINDA
Molyer gərək jarqondan, ara
sözlərindən, kobud dildən əl çəksin,
düzgün fransız dilində yazsın.
(Jan de Labruer, 1689)
BOMARŞE HAQQINDA
Bu əsər
(“Fiqaronun toyu”- red.) iyrənc əsərdir, heç bir vaxt
oynanmayacaq.
(XVI Lüdovik)
VOLTER HAQQINDA
Məni ən
çox təəccübə gətirən Volterin
kitabları deyil, o məsələdir ki, bu kitabların xeyli
oxucusu var və hətta həmin oxucuların arasında bəziləri
özünü ağıllı hesab edir.
(Abbat Qiyon, 1759)
Onun əsərlərini
çox sərt mühakimə etməyə dəyməz. Onlar ciddi tənqidə tab gətirə
bilmir. “Kandid”də nə süjet, nə plan, nə
dərin məna, nə də həmin əsrin bəzi ingilis
romançılarına xas olan parlaq boyalar var.
(Qrimm, mart, 1759)
LOMONOSOV HAQQINDA
Lomonosov
poeziyasının ən əsas nöqsanı odur ki, bu
poeziyanın xəlqiliyi çatmır.
(Nadejdin, “Molva”, 1833)
İOHAN SEBASTİAN BAX HAQQINDA
Biz Baxı
müqəssir tuturuq ki, xoralda bir çox əcaib variasiyalar
edir və xorala elə qəribə tonlar qatır ki, dinləyicilər
bir şey anlaya bilmirlər. Ona tövsiyə edirik ki, bundan sonra belə
gözlənilməz fəndlərə yol verməsin,
qayda-qanuna riayət etsin.
(1706-cı il
fevralın 21-də Arnştadte qraf konsistoriyası tərəfindən
yazılmış protokoldan)
Əgər onun istedadı daha xoş
olsaydı, əgər dəbdəbə və
qatmaqarışıqlıq onun əsərlərini təbiilikdən
məhrum etməsəydi və həddən ziyadə sənətkarlıq
onların gözəlliyini soldurmasaydı... Bir
sözlə vaxtı ilə şeirdə Leonşteyn nə
idisə, Bax da musiqidə odur. Dəbdəbəçilik
hər ikisini təbiilikdən süniliyə, əzəmətdən
zülmətə gətirib çıxartdı. İkisinin də ağır zəhmətinə və
ciddi səylərinə təəccüb qalmaq olar, ancaq bu zəhmət
və səy hədər idi, çünki onların əsərləri
ayıq zəkalara ziddir.
(Şeybe, musiqi tənqidçisi,
İ.S.Baxın müasiri)
MOTSART HAQQINDA
Heyf ki,
Motsartın bədii və həqiqətən də gözəl
niyyəti – yenilik yaratmaq niyyəti baş tutmadı. O, çox irəli addımlamağa
çalışdı, belə addımdan hisslər və
ürək bir şey qazanmır. Onun Haydna həsr
etdiyi kvartetlər – həddən artıq şit-şirindir.
Hansı qulaq bu səslərə uzun zaman
dözə bilər?
(Kramer, “Musiqi” jurnalı, 1787, yanvar)
Əlbəttə,
çox heyf ki, Motsart kimi böyük bir şəxs
dünyadan getdi. Amma bizim üçün onun olmamağı daha
yaxşıdır. O, bir az artıq
yaşasaydı, heç kim bizim əsərlərimizə bir
qara qəpik verməyəcəkdi.
(Vena bəstəkarlarından biri,
Motsartın ölümü münasibəti ilə)
BETHOVEN HAQQINDA
Mənim üçün Bethoven eyni ilə
mismar dolu bir torbadır ki, hərdən bir bu torbanı
ağır çəkiclə döyəcləyirlər.
(Con Raskin, “Məktublaşma”, 1881, 6 fevral)
Cənab
Bethoven mahir pianistdir, amma eyni sözü onun bəstəkarlığı
haqqında demək olmaz. Onun variasiyaları gözəllikdən çox
uzaqdır. Onların keçidləri
çox iddialı və təmtəraqlı olsa da səthidir.
(“Ümumi musiqi qəzeti”, 1799)
Şübhəsiz, cənab Bethoven öz
yoluyla gedir, amma bu nə qəribə və təngə gətirən
yoldur! Bilik, bilik və ancaq bilik! Heç bir təbiilik,
axıcılıq yoxdur. Əgər dəqiq
təyin etsək, onun əsərlərində bir
yığın bilik var, amma yaxşı üslub yoxdur. Onun əsərləri kələ-kötürdür,
maraqsızdır, adama heç bir zövq vermir.
(Həmin qəzet, 1799)
Bəziləri
– Bethovenin yaxın dostları deyirlər ki, bu simfoniya
(“Üçüncü qəhrəmanlıq simfoniyası” –
red.) gözəl əsərdir. Əgər dinləyicilər onu
lazımınca qiymətləndirə bilmirsə səbəb
onların kifayət dərəcədə bədii təhsilə
malik olmamasındadır, bu simfoniyanın bütün gözəlliklərini
indi qavraya bilməyənlər, min ildən sonra qavrayacaqlar”.
Dinləyicilərin başqa bir qismi belə hesab
edir ki, simfoniyanın heç bir bədii dəyəri yoxdur,
bu əsər müəllfiin orijinal olmaq, hoqqabazlıq etmək
istəyindən yaranıb. Biz Bethovenə
xatırlatmaq istəyirik ki, dahilər özlərini
yalançı orijinallıqla, nəyin bahasına olursa-olsun
qeyri-adi görünməklə deyil, gözəllik və
ülviliklə ifadə edir.
(“Sadəlövh” qəzeti,1805,
Vena)
Bethovenin yeni
“Fidelio” operası bəyənilmədi. Opera cəmisi bir neçə
dəfə oynanıldı və ilk tamaşadan sonra salon
tamamilə boş idi. Musiqinin bəzi
yaxşı yerləri var, amma o, kamillikdən çox
uzaqdır. Bir sözlə Bethovenin bu əsəri
də tutmadı.
(“Sadəlövh” qəzeti, 1805)
Bethoven sənətin
yüksək pilləsinə qalxmaq iqtidarında deyil və
onun estetik mədəniyyəti çatışmır.
(“Kübar” qəzeti, 1805)
Mənim
qayınatam heç bir vaxt belə cəfəngiyyat
yazmazdı.
(Mayer, Motsartın kürəkəni,
“Fidelio” operası haqqında, 1805)
Hələ
heç bir vaxt bu qədər rabitəsiz, dolaşıq,
qarışıq, insan zövqünü əsəbiləşdirən
musiqi yazılmayıb, (söhbət Bethovenin “Leonara ¹ 3”
üvertürü haqqında gedir – red). Kəskin modulyasiyalar iyrənc
bir ardıcıllıqla düzülüblər və bəzi
xırda-mırda, sönük fikirlər bu xoşagəlməz
qulaqbatıran təsiri tamamlayır.
(“Sadəlövh” qəzeti, 1806, 29 mart)
Məncə
Doqquzuncu simfoniya bir daha sübut edir ki, Bethoven estetik təxəyyüldən
və gözəllik hissindən büsbütün məhrumdur.
(Lui, Spor, 1861)
GÖTE HAQQINDA
Göte və
Şiller – böyük, amma həddən artıq
şişirdilmiş şairlərdir. Onların qızıl çələnglərində
və qədər qəlp brilyant, saxta daş-qaş və
qurğuşun var.
(Kamil Sent-Sans, “Paris əks-sədası”,
sentyabr, 1914)
Götenin hər
sözünü peyğəmbər kəlamı hesab edirdilər,
amma o heç bir vaxt elə bir şey demirdi ki, almanlara milli
qürurlarından söz açsın, yaxud onları nəcib
bir işə, igidliyə sövq etsin. O dünyadakı tarixi hadisələri
biganəliklə seyr edirdi. Bircə hərbi təlimlərdən
əsəbiləşirdi ki, onu poetik röyalardan
ayırır.
(Mensel, 1839)
BAYRON HAQQINDA
Sözün
düzü məncə “Bayron dühası” sadəcə
olaraq axmaqlıq deməkdir.
(Lun Veyo, 1848)
İNGİLİS ƏDƏBİYYATI HAQQINDA
İngilis ədəbiyyatı
heç ötəri nəzərə də layiq deyil.
(A.de Riverol “Fransız dilinin
universallığı haqqında”, 1784)
FRANSIZ ƏDƏBİYYATI HAQQINDA
Qəribədir,
amma fransızlar yazmaq öyrənəndən bəri, ta
1656-cı ilə qədər, yəni “Lettr provensial” yaranana qədər
bir dənə də fərli kitab ortaya
çıxarmayıblar.
(Volter, “Fəlsəfi lüğət”)
İSPAN VƏ İTALYAN ƏDƏBİYYATI HAQQINDA
İspan və italyan dillərində
yazılmış əsərlər çox təhlükəlidir:
onlar gənc qadınların əxlaqını xarab edir və
pozur. Onları oxuyanın itkisi qazancından
çoxdur.
(Fenelon, “Qızların tərbiyəsi
haqqında”, 1687)
Mənə nə
üçün Vidadinin “Durnalar”ını Seyid Əzim və
Zakirin misralarını oxutdurursunuz? Əgər mən vaxtı ilə fikrimi
bunlardan başqasına vermiş olsaydım, indi həqiqi
türk dili və ədəbiyyatını bilmiş
olardım.
(“Dirilik” jurnalı, 16 noyabr, 1914)
REALİZM HAQQINDA
Klassisistlər
gözəlliyi təsvir edirdilər, romantiklər gözəlliklə
eybəcərliyi çarpazlaşdırırdılar, realistlər
ancaq eybəcərlikləri qələmə alırlar.
(Pol Deşanel, “Deputat”, 1889)
AKTYORLAR HAQQINDA
Teatrda
ağlayırsınızsa, ağlayan siz deyilsiz, içinizdəki
meymundur. Talma, Raşel, Kin,
Rossi, Sara Bernarın işi-peşəsi o idi ki, insan
naturasında eşələnirdilər, oradakı meymunu
tapıb oyadıb üzə çıxarırdılar, sonra
həmin meymunun dörd pəncəsindən yapışıb
onu səhnəyə, hamının gözü
qarşısına atırdılar.
(Filadelf Qorilla, “İnsan-
cırlaşmış meymundur”. Meymunlar haqqında qeydlər
və təəssürat, 1893)
PUŞKİN HAQQINDA
Puşkin əsrindən
geri qalıb, moddan düşüb.
(Nadejdin, 1830)
“Yevgeni Onegin” – Puşkinin qəti süqutu
deməkdir.
(Bulqarin, 1830)
Puşkinin əsərində nə hiss
var, nə ideya, nə xarakter, yalnız, musiqi, sözlərin
ahəngi mövcuddur. Hər şey hamar, təmiz- xırdaca
daş-qaş, xırdaca almazlar!
(“Severnaya pçela” qəzeti, 1840)
LERMONTOV HAQQINDA
Romanın əsas
qəhrəmanı Peçorin təzə bir obraz deyil – o, rus
məişəti və rus cəmiyyəti üçün
tipik deyil. Qərb
ədəbiyyatından gələn soyuq və eqoist bir şəxsiyyətdir.
(Bulqarin, “Severnaya pçela” 1840, ¹, 246)
QOQOL HAQQINDA
Qoqolun əsərləri
çirklidir və bayağılıq baxımından Pol-de
Kokun yazılarından da aşağıdır. Adamları olduqları kimi
deyil, olmalı olduqları kimi təsvir etmək
lazımdır.
(Şeveryov, “Moskovski nablyudatel”, 1834)
“Ölü
canlar”da da, “Müfəttiş”də də rus naturası natəmiz,
nahamvar, cır-cındırlı, sərxoş və
vicdansız bir varlıq kimi göstərilir.
(Bulqarin, “Severnaya pçela”, 1845, ¹ 27)
VİKTOR HÜQO HAQQINDA
Mən get-gedə
sayı artan oxuculardan biriyəm, o qisim oxuculardan ki, Hüqonun
qeyri-adi şöhrətini qeyri-adi fırıldaq hesab edirlər.
(Lun Veyo, “Kainat”, 2 fevral, 1842)
Çox vaxt
cinayəti düşünüb hazırlayan onu icra edənlərdən
qat-qat artıq müqəssirdir. Əgər səfillər özləri cəmiyyətə
qarşı üsyana qalxsaydı, onların vurduqları ziyan
yenə də Viktor Hüqonun “Səfillər”inin zərərindən
az olardı.
(A.de Lamot, “Biabırçı peşələr”,
1877)
Siz fransız
dilindən imtina etsəz, fransız dili sizdən inciməz,
çünki onsuz da çoxdandır onun başına yaman
oyunlar açırsınız. Gələn kitabınızı almanca
yazın.
(J.B.de Orevill. Viktor Hüqoya
açıq məktub. “Fiqaro” qəzeti, 1872, aprel)
BALZAK HAQQINDA
Şübhəsiz
ki, cənab de Balzak heç vaxt yaxşı roman yaza bilməyəcək.
(Peltan, 1833)
Balzak təbibdir,
ayıblı xəstəliklər üzrə mütəxəssisdir. Bəli, bəli, həmin o təbiblər
kimi Balzak da açıq-saçıq söhbətlər hərisidir,
onlar təki özgə yataqlarını pusmaqdan zövq
alır, alverçi bazar arvadları kimi, manikürçü
qızlar kimi, qeybətcil qarılar kimi artıq-əskik
danışmağı xoşlayır.
Bizim ən məhsuldar
romançımıza ev
hündürlüyündə peyin qalağı
lazımdır ki, onun üstündə bir neçə
solğun və xəstə çiçək bitirsin. Balzakın üslubu naz-qəmzəlidir, həm də
işvəlidir, əsəbiləşdiricidir,
boyalıdır, bər-bəzəklidir, məstedici və
pozucudur.
(Sent –Bev, fransız tənqidçisi, 1840)
STENDAL HAQQINDA
Nə səbəbə görə bu
uğursuz romanlara (“Parma monastırı” və
“Qırmızı və qara” nəzərdə tutulur – red.)
belə böyük əhəmiyyət verirlər?! Axı, ayrı-ayrı səhifələr istisna
olunarsa bu romanlar ancaq ikrah hissi doğurur.
(Sent Bev, 1857)
JORJ SAND HAQQINDA
Ah, madam! Haçansa siz
abırlı-həyalı bir qız olmusunuz.
Yazmağı boşlayın və onda bəlkə hələ
abırlı-həyalı qadın ola
bildiniz.
(P.J.Prudon. “İnqilabda və kilsədə
ədalət haqqında”, 1858)
Bu dəhşətli Jorj Sand –
qarışıq bir məxluqun tipik nümunəsidir –
yarımçıq qadın, yarımçıq kişi! Kentavr yarı insan, yarı at olan kimi!
(Jozef Peladan, “Məhəbbət elmi”, 1911)
DARVİN VƏ DARVİNİZM HAQQINDA
Belə
çıxır ki, Napoleon, İsgəndər, Sezar, Ərəstü,
Arşimed, Nyuton, Şekspir, Homer, Zolya, Demosfen, Siseron –
paltarlarını dəyişmiş meymunlardır. Vəssalam.
(Filadelf Qorilla, 1893)
Darvin insan
haqqında mühakimə yürüdərkən ancaq ingilisləri
nəzərdə tuturdu və odur ki, insanla meymun arasında elə
bir əsaslı fərq görmürdü.
(Lui Mertin, 1895)
M.F.AXUNDOV HAQQINDA
Mirzə Fətəli
Axundov kimi laməzhəb şəxsi yad edib onun şəninə
kitab yazan özü də gərəkdir mürtəd olsun.
(İsgəndər bəy Rüstəmbəyov)
HƏSƏNBƏY ZƏRDABİ
Dustan, vilayət
nadansız olmaz. Dünya belə gəlib, belə də gedəcək.
Təfavüt nadanların çox-azlığındadır və
bizim xahişimiz onları azaltmaqdır və bu səbəbə
belə meydanbazlıq edən nadanlara cavab yazılmasa qəzet
çıxarmaq olmaz...
...Qarabağinin həcvini (H.Zərdabiyə
kobud həcv yazmış Həsən Qara Hadi nəzərdə
tutulur-red.) onların xahişinə görə çap etməyə
izn olmadı. Amma ol cənab və onu fitləyən
əşxas məyus olmasınlar ki, belə kamallı sözlər
pünhan qalacaq. Fikrim budur ki, bizim Zərdab kəndində
Qarabağın sərhəddində bir daş qoydurub onun
üstünə zikr olunan həcvi qazdırım ki, gələcəkdə
bizim övladlar o yadigara baxıb bilsinlər ki, mən nə zəhmət
ilə milləti –islamı qəflətdən ayıltmaq istəyən
vaxtda necə nadanlara rast gəlmişəm.
(H.Zərdabi. “Əkinçi” qəzeti,
1877, ¹ 12)
ÇAYKOVSKİ HAQQINDA
Görünür
cənab Çaykovski indiyə qədər operanın nə
demək olduğunu bilmir, bu janra bələd deyil, onu sevmir,
amma eşidib ki, başqa bəstəkarlar opera yazır, o da
belə fikrə düşüb. Özü-özünə yəqin təsəlli
verib ki, yəni mən də opera bəstəkarıyam. Çaykovskinin opera sənətinə belə bəsit
münasibəti onun yazdığı “Opriçnik”
operasından görünür. Bu operada
üslubdan əsər-əlamət yoxdur.
(S.A. Kyui. “Sankt-Peterburqskie vedomosti”, 1874)
Səhnəlikdən
məhrum, parlaq musiqi parçalarından məhrum operadır,
uzundur, müğənnilərin ifası üçün əlverişli
deyil (“Yevgeni Onegin” operası nəzərdə tutulur-red.)
(“Novoe vremya”, 1881)
Bu opera
(“Yevgeni Onegin”-red) opera deyil, bir sıra yarı konsert, yarı
opera nömrələrindən ibarətdir və bu nömrələr
çox tələm-tələsik və səliqəsiz birləşdirilmişdir.
(“Qolos”, 27 yanvar, 1881)
Cənab
Çaykovski incə sənətkar deyil, zövqü
aşağıdır, musiqisi yekrəng və
cansıxıcıdır. Bir sözlə “Yevgeni Onegin” sənətə
heç bir təzə şey əlavə etmir.
(“Nedelya”, 1881, ¹ 45)
Bu səfər
bizim gümanlarımız doğrulmadı. Çaykovskinin son əsəri
(“Qaratoxmaq qadın” operası nəzərdə tutulur – red) rus
opera musiqisində heç bir təzə şey əlavə
etmədi. Bəstəkarın indiyə qədər
bu sahədə yazdığı əsərlərinin
içində ən zəifi oldu. Çətin
ki, əsər gələcəkdə camaatın rəğbətini
qazana.
(“Peterburqskiy listok”, 1890, 20 dekabr)
Cənab
Çaykovskinin “İolanta” əsəri zəif əsərdir.
(Həmin qəzet, 1892)
Bu sayaq əsərlər
(söhbət “Şelkunçik” baletindən gedir –red.) yazmaq
üçün aydındır ki, heç bir ilham-filan
lazım deyil, çünki burada heç bir
yaradıcılıqdan söhbət gedə bilməz.
(“Birjevıe vedomosti, Domino, 1892)
Onun bu təzə
əsərində (“Françesko da Rimini) simfonik poeması nəzərdə
tutulur – red) əslində heç bir təzəlik yoxdur.
(“Sovremennıe izvestiya” 1876, Zub)
Temalar
çox pisdir, onların inkişafı da çox
tanışdır. Faktura kobuddur, qabadır, ala-bəzəkdir (söhbət
“İtalyan kapriççiosu”ndan gedir – red.)
(Həmin qəzet, 1880, “Qoca musiqiçi”,
S.N.Kruqlikov)
Çaykovski
əvəllər daha yaxşı yazırdı. Daha Çaykovski heç nə
yaza bilməyəcək.
(Həmin qəzet, 1882, “Cavan musiqiçi”)
Bu əsər
mövzu cəhətdən xüsusi bir orijinallığa malik
deyil, temalar köhnədir, sönükdür. (Söhbət Altıncı
simfoniyadan gedir – red.)
(“Sankt-Peterburqskie vedomosti”, 1893)
Təəssüf
ki, burada da (Altıncı simfoniyada-red.) Çaykovskinin bütün
son əsərlərində olduğu kimi zəriflik və
zahiri tapıntılar yaradıcılıq dərinliyinə
üstün gəlir, simfoniyanın birinci və
axırıncı hissələri məzmunca zəifdirlər
və başqa bəstəkarların əsərlərini
xatırladır.
(“Sın oteçestva”, 1893)
MUSORQSKİ HAQQINDA
Aprelin 4-də “Opera komitəsi”
toplaşıb yerli-dibli, qəti və izahsız-filansız
rus sənətinin ən görkəmli əsərlərindən
birini – Musorqskinin “Xovanşina” operasını rədd etdi...
dedilər ki, bu “ifrat cərəyanın” bir nümunəsi –
“Boris Qodunov” səhnədə oynanır, bəsdir, hətta
çoxdur.
(Stasov. “Musiqi dərəbəyliyi”, 1883)
BERLİOZ HAQQINDA
Cənab
Berliozun musiqisində heç bir fikir yoxdur, əgər təsadüfən
bir fikir azıb gəlib onun başına düşürsə,
Berlioz dərhal onu uzaq etməyi bacarır.
(Pol Skudov. “Musiqi tənqidi və ədəbiyyat”,
1850)
MALLERME HAQQINDA
Fransız
şairi Mallermeni fransız dilinə belə tərcümə
etmək çətin işdir.
(Jül Renar. Gündəlik, 1898)
FLOBER HAQQINDA
Bütün
Floberi mən iki qəpiyə dəyişərdim.
(Leon Dode, 1895)
DELAKRUA HAQQINDA
Delakrua kimi,
Kurbe də təbiəti murdarlayır.
(“Korsar”, 1850)
KURBE HAQQINDA
Hələ heç kəs Kurbe kimi
açıq şəkildə eybəcərliyə pərəstiş
etməyib,
(J.Delaklüz, “Salon”, 1850)
İMPRESSİONİSTLƏR HAQQINDA
İmpressionizm
millətin axırı, Fransanın sonu deməkdir.
(Jan Jerom, “Rəssamların qəzeti”, 1894)
İmpressionizm
nədir? Təsəvvür
edin ki, pişik pianonun dilləri üstündə gəzintiyə
çıxıb, yaxud meymunun əlinə boya və
fırça düşüb – budur impressionizm!
(Alber Volf, “Fiqaro”, 1875)
Lepeletye
küçəsinin heç bəxti gətirmir. Opera yaranandan sonra bu məhəllə
təzə bir qəzaya düçar olub. Burda üzdəniraq
rəssamların sərgisi açılıb; beş
ya altı dəli, bir dəstə böyüklük
iddiasına düşmüş sərsəri –
yığışıb əsərlərini nümayiş
etdirirlər. Bu şəkilləri görən
adamların gülməkdən qarınları
qırılır.
(“Fiqaro”, 1875)
EDUARD MANE HAQQINDA
Bu miskin fransız...
(Xamerton. “Təsviri sənət icmalı”, 1863)
Camaat
morqdakı təkin Manenin üfunət verən “Olimpiya”sı
qarşısına yığılır.
(“La Press”, 1863)
SEZANN HAQQINDA
Onun ən məşhur
əsərlərinin qarşısında on dəqiqə
dayansanız hökmən dəniz xəstəsi kimi ürəyiniz
bulanıb, başınız gicəllənəcək.
(Birbuyott. “İdmançı”)
Fu! Qaçmaq, bütün həddi-cızığı
aşmış bu oyunbazlıqdan, bu dəhşətli mənzərələrdən
mümkün qədər tez qaçmaq. Əlbəttə,
hər şeyə tüpürmək olar, amma daha bu dərəcədə
yox da!
(J.Denuanvil, “Rəssamların qəzeti”,
1895)
ZOLYA HAQQINDA
Bu abırsız Zolya...
(Jabye, “Həftəlik revyu”, 1909)
Ürəkbulandırıcı
dil və biabırçı detallar – bundan başqa
Zolyanın kitablarında nə var?
(Antuan Laport, “Zolya Zolyaya qarşı”, 1896)
MOPASSAN HAQQINDA
Çox erkən
yaşda ümumi iflicdən vəfat edən bu zavalı yad
olunmağa layiqsə belə, bu hüququ kobud və cüzi
istedadıyla deyil, qeyri-adi şöhrətiylə
qazanmışdır. Bu şöhrətin səbəbi də odur ki,
Mopassan tamamilə camaatın aşağı zövqünə
uyğunlaşmışdır.
(Leon Dode, “XIX əsr əbləhi”, 1922)
ÇEXOV HAQQINDA
Doğrudan da
siz gərək uzun müddət pyes yazmaqdan vaz keçəsiniz. Səhnə sizi
sıxır, uğursuzluğa düçar edir, sizin
istedadınız dramatik istedad deyil.
(Pleşeev, Çexova məktubdan, 1889)
İvanov surəti
– rus ziyalısına böhtandır.
(“Sın oteçestva”, “İvanov” pyesi
haqqında, 1839)
LEV TOLSTOY HAQQINDA
“Anna Karenina əyləncəli, amma boş
və mənasız bir nağıldır... L.Tolstoy
cəmiyyətin əxlaqi səviyyəsini aşağı
salan yazıçılardandır.
(P.Tkaçev.
Tənqidi felyeton. “Delo”, 1875)
“Anna
Karenina”da təbiət təsvirləri iyrəncdir.
(A.M.Skabiçevski. “Birjevıe vedomosti”,
1875)
Mən indicə
L.Tolstoyun yeni pyesini oxuyub qurtardım və dəhşətdən
özümə gələ bilmirəm. Yəni doğrudan bizim
xalqımız L.Tolstoyun təsvir etdiyi kimidir? Bir şey haqqında da düşünmək
lazımdır – rus kənd məişətinin bu sayaq göstərilməsi
sərhədlərimizdən kənarda xaricilərə necə
təsir bağışlayar? Rusiyaya
qarşı nifrət püskürən xarici mətbuat bizdəki
hər hadisəni hərisliklə izləyir və xırda,
yaxud uydurma faktları şişirdib, rus həyatının məşəqqətli
səhnələri kimi qələmə verir. Deyəcəklər, budur, ruslar özləri öz
xalqlarının məişətini bu cür təsvir edirlər.
(K.Pobedonostsev.
III Aleksandra məktub.
18 fevral, 1887)
CƏLİL MƏMMƏDQULUZADƏ HAQQINDA
Həzarat! Mən
danışmaq istəməzdim. Lakin şəri
təklif məni danışmağa vadar edir. Bir nəfər şəxs çıxıb
ortalığa. Tiflisdə “Molla Nəsrəddin”
adında məcmuə çıxardır. İndiyə kimi hər nə cəfəngiyyat
yazıb, onunla işim yoxdur. Özü bilir, öz
Allahı... Ancaq axır vaxtlarda islamın
kökünə balta vurmağa başlayıb. Yazır ki, müsəlmanlar arvadlarını
açıb versinlər xaricilər aparsın. Daha buna davam gətirmək olmaz. Bunun
müqabilində bir tədbir lazımdır.
(Bakı qazısı Mirməhəmmədkərimin
nitqindən, 25 may, 1907)
Mənasız
və faydasız sözlər yerinə ümumin mənfəətinə
yarayacaq ciddi mütəfərriqələrlə səhifələrinizi
doldursanız daha eyi hərəkət etmiş olursunuz zənnindəyiz.
(“Şəlalə” jurnalı “Molla Nəsrəddin”
jurnalı haqqında, 20 iyun 1913)
Müəllif
səhnə və ədəbiyyatdan çox da bixəbər
deyilmiş. Çünki adətən, bir ədib öz fikrini,
öz ideyasını həmin ideal bir adamın ağzı ilə
söylər. Halbuki, “Ölülər”in müəllifi
bir keflinin ağzı ilə danışır.
(“Açıq söz” qəzeti, 2 may 1916)
Dəfələrlə
qeyd edildiyi kimi “Molla Nəsrəddin”in dili bərbaddır. “Molla Nəsrəddin” məcmuəsi
tədricən dilini dəyişdirməli və bugünkü
ədəbi dilimizlə
uyğunlaşdırılmalıdır.
(“Kommunist” qəzeti, 12 noyabr 1929)
M.Ə.SABİR HAQQINDA
“Şeirinizdə
türkcəyə (azərbaycancaya – red.) müxalif bəzi əlfaz
və cümlələrlə bərabər qəvaidi-əruzə
dəxi müğayir bəzi misralar və kəza mütəəddid
imalələr rast gəldiyimizdən təshihə lüzum
gördük”.
(“Həyat” qəzeti,
1 iyul 1905. İdarədən
qeyd)
ABBAS SƏHHƏT HAQQINDA
Şair
yarın üzünü, xətti-xalını vəsf etməlidir,
azadə olub laübali dolanmalıdır, siz isə məktəbə
gedib şairlik adını bədnam etdiniz, uşaqların həmdəmi
oldunuz.
(Nasehin Səhhətə yazdığı
məktubdan)
NƏCƏFBƏY VƏZİROV HAQQINDA
Burada müəllif
əsas diqqətini kütləvi teatr ətrafına
toplamağa vermişdir. Buna
görə də hər şey: əsərin quruluşu,
bütövlüyü, məzmunu, bir sözlə bədiiliyi
və ideyalılığı xarici effektə qurban verilir. (Söhbət “Yağışdan çıxdıq,
yağmura düşdük” pyesi haqqında gedir – red.)
(“Kaspi” qəzeti, 9 dekabr 1898)
Ə.HAQVERDİYEV HAQQINDA
Ancaq təəssüf
ki, əksər tatar (Azərbaycan – red.) pyesləri kimi o da
(“Dağılan tifaq” – red.) quruluş bütövlüyü cəhətdən
qüsurludur. Burada nə ehtirasların məntiqi inkişafı, nə
də onların mübarizəsi var.
(Həmin qəzet, 14 fevral 1899)
ÜZEYİR HACIBƏYOV HAQQINDA
Bizim teatr
inkişafımız opera və operettalarla başlanır. Halbuki tərbiyəvi əhəmiyyət
iddiasında olan səhnə sənətində bunlar ikinci və
hətta üçüncü dərəcəli məhsullardır.
(Söhbət Üzeyir Hacıbəyovun opera və
musiqili komediyalarından gedir – red.)
(Əsəd
Məmmədov-Əhliyev. “Səhnənin tərbiyəvi əhəmiyyəti”,
“Kaspi”, 1917, ¹241)
Əgər
biz öz uşaqlarımızı bu operettalarla tərbiyə
etsək, nəticəsi əxlaqsız və pozğunluq
olacaq. Vətəndaş Hacıbəyov
“operetta” sözünü işlətmir, əvəzində
“musiqili-dramatik əsərlər” deyir. Elə bil
görmür ki, bu əsərlərdə sırf musiqi
çox az miqdardadır.
(Əsəd
Məmmədov-Əhliyev, Vətəndaş Ü.B.Hacıbəyova
cavab. “Kaspi”, 1917, ¹246)
Avqustun
axırlarında Hacıbəyov qardaşlarının
müdiriyyəti yeni opera və operetta tamaşaları sezonunu
açdı. İlk tamaşalardan bu nəticəni
çıxartmaq olar ki, heç bir yenilik və
yaxşılaşma gözlənilmir. Həmin
artist qüvvələri, geyimlər, dekorlar və nəhayət
həmin çığır-bağırçı camaat.
Səd heyf ki, bu sayaq operalar drama və
komediyanı sıxışdırıb aradan
çıxarır.
(Q.B.Şirvanski. “Musulman teatrı haqqında bir neçə
söz”, “Kaspi”, 1917, ¹ 196)
SON SÖZ YERİNƏ
Mənim əzəmətli qardaşım!
Ey mənim qəmlərə mübtəla olan, arzusuna
çatmayan, arzusunun oxu heç bir yerdə hədəfə
dəyməyən və öz müasirlərinin qabiliyyətsizliyindən
və anlamazlığından təngə gələn!
...Mənim bu məktubumun surətini bir
kitabçaya köçürüb saxlayın. Barı, qoy gələcək nəsil bilsin ki, mən
və siz bu xüsusda nə zəhmətlər çəkmişik,
lakin səyimiz heç bir nəticə verməmişdir.
Bəlkə onlar bizim bu arzumuzu həyata
keçirsinlər. Lakin mənim onlara da
ümidim yoxdur, çünki onların özü də bizim
müasirimiz olan bu eşşəklərdən əmələ
gələcəkdirlər.
Mirzə Fətəli AXUNDOV
“Qobustan” toplusu, 1972, ¹ 4
525-ci qəzet.- 2010.- 28 avqust.- S. 23-25.