Nəşrlərdə
kənara qoyulmuş mətbu əsərləri
Üzeyir HACIBƏYLİ-125
(Əvvəli ötən şənbə
saylarımızda)
Milli
iftixarımız Üzeyir Hacıbəylinin anadan
olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd
edəcəkdir. Hazırlıq işləri
artıq başlanmışdır. Üzeyir
bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən
də, neçə ildir ki, bu dahi şəxsiyyətin
yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə
kənara qoyulmuş, hətta heç yerdə adı belə
çəkilməyən mətbu əsərlərini aramaqla
məşğulam. Hələlik
1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc
olunmuş 150-dən artıq əsərini toplamış,
onları ərəb əlifbasından müasir əlifbaya
çevirmişəm. Bu əsərlərlə
oxucuları “525-ci qəzet” vasitəsilə tanış
etmək istədim.
2-ci KİTAB
Ordan-burdan
“İstilayi –səma”
Enəsil Şilizbux əhalisindən
danimarkalı olub, alman əsgərləri arasında
müharibə etmiş olan bir çavuş “Kövnü, əlhəqq
və istila” ünvanı ilə top gurultuları altında bir
şeir tərtib etmişdir.
Bu şeir
“Tayms” qəzetəsi tərəfindən əldə edilib nəşr
olunmuş və rus qəzetələri də bunu tərcümə
ilə nəşrən iqtibas etmişdirlər. Almanlar həqqində istehzakaranə bir zəmində
yazılan bu şeirin nəsrən tərcüməsi
şudur:
Biz
Fransayı tar–mar etdik, Elzas-Loteran üzərində hakimiyyətimizi
bərqərar etdik. Sərhədimizi artıq şimala doğru genişlətmək
qarşısındayız. Belçikayı
cibimizə soxduqdan sonra dəmir yumruğumuzu Sovaçiya,
Hollanda və Danimarka üzərinə endirəcəyiz.
Alman səltəsi hüzurunda ümum kiçik
millətlər təslim olunmalıdır. Müharibəyi biz kəmali- müzəfəriyyət
ilə tamam edəcəyiz. Avstriya,
İspaniya, İngiltərə, Rusiya və Türkiyə-iştə
hərbi qənimətlərimiz bunlar olacaqdır.
Biz Asiyayı
istila edəcəyik, Afrikayı ilhaq edib Amerikayı müstəmləkə
edəcəyiz.
Bundan sonra
kürreyi- ərzdə şayani-əhəmiyyət bir şey
daha qalmayacaq. Artıq bizə yer üzü sıq (dar) gələcək.
Fəqət məyus olmuyacağız. Bizim müvəltəkə və Gindenburq-Aya səfər
qılacaq və orada vüquati-əzimə baş göstərəcəkdir.
İki
qütbü bir yerə tez möhkəmləyib, Günəşi
ordan bombardman edəcək, bundan sonra göyə hərbi səyahət
yapacağız. Göyün qapıları bizim qeysər hüzurunda
açılacaq və buradan qeysərimiz kəndisinin əski
alman Allahına ziyarətə gedəcəkdir.
Biz burada
göyü istila edəcəyiz və şübhəsiz qeysər
məbud olacaqdır. Sonra biz cəhənnəmi zəbt edəcəyiz ki,
zatən bizim vəkil-səfirimiz-Bismark orada bulunuyor”.
“Yeni İqbal”, 5 iyul 1915, ¹ 59
kövnü- aləm, təbiət
əlhəqq- doğrusu, həqiqətən
istila – işğal
TÜRK VƏ BOLQAR ETİLAFI HAQQINDA
Çoxdan bəri
söylənilməkdə olan Türk və Bolqar etilafı
axırda məlum oldu ki, əmələ gəlib və qol
qoyulubdur. Bolqariya
hökuməti bir zamanda iki tərəf ilə
danışıq edə-edə axırda türklər ilə
etilaf qurmağa qərar qoydu. Hərçəndi
etilaf mürəbbe dövlətləri (yəni Rusiya, Fransa,
İngiltərə və İtaliya) ilə Bolqariyanın
danışığı hələ qurtarmayıbdır.
Etilaf mürəbbe dövlətləri
müxaliflərə cürbəcür təkliflərdə
davam edirlər. Lakin dünənki
teleqramlardan anlaşıldığına görə
almanların nüfuzi bolqarlar üzərinə o qədər
təsir etmiş ki, etilafi-mürəbbein bolqarlardan qəti
bir cavab gözləmələri çətindir.
Türk və bolqar etilafi əsası
üzrə öylə olubdur ki, Türkiyə
toprağından bir parça yer bolqarlara keçir: Böylə
ki, bolqarların Atəfər dənizində olan Dədəağac
bəndərindən öz şəhərləri olan Fəbə
Felyupupolyə getmək üçün yolları Türkiyə
toprağından idi. Bu isə gömrük vergisi
cəhətincə bolqarlar üçün
müşkülat törədirdi. İndi haman parça yer türklər tərəfindən
bolqarlara verilib və bu yol ilə etilaf əmələ gəlibdir.
Bu yerin səthi igirmi min mürəbbe kilometroya
qədərdir. Deyilməgə görə
etilaf nə qədər olsa da, genə də bolqarların əl-ayağını
bağlamıyormuş. Hətta Bolqariya istəsə
günü bu gün Türkiyə üstünə
tökülüb orada bərkinərmiş.
Lakin “Novoye
vremya” qəzetəsi işin bu cəhətinə inanmıyor
və diyor ki, Türkiyədə heç bir vəzir bu işə
razı olmaz ki, yerinin bir hissəsini özgəyə verə. Özü də bilə ki, haman özgə sabah onun üstünə
hücum edəcəkdir. Digər tərəfdən
bolqarların da bir parça yer alıb da ehtiyatını əldən
buraxmağı dəxi uşaq aldadan bir fəqərədir.
Görünür ki, burada başqa əsaslar
vardır. Haman “sağlam politik əsaslarını”
bilmək üçün “Novoye vremya” alman qəzetələrinə
müraciət edib də bəyanını orada tapır.
Böylə ki, almanların “Hamburq xəbərləri”
namindəki qəzetələrinin axır nömrələrində
yazılıbdır ki: mərkəzi dövlətlər (yəni
Almaniya ilə Avstriya) bolqarların Makedoniya ilə əski
Serbiyadaki iddialarını hər bir barədə iqrar və təsvib
etməkdədirlər. Əgər Bolqariya
Serbistan üzərinə hücum edib “öz həqqi olan” yerləri
istila edərsə, o halda mərkəzi dövlətlər
bolqarların bu iddialarına silah gücü ilə kömək
durarlar. Yunan isə-bu işlərə dinməz
durub ancaq gendən baxar, hərçəndi yunan ilə serblər
arasında əhdnamə vardır ki, bolqarlar Serbistan üzərinə
hücum etsə, yunanlar serblərə kömək etsinlər.
Lakin məzkur əhdnamədə tək
bolqarların hücumu xüsusunda deyilib. Bolqar
Almaniya və Avstriya hücumu barəsində əsla bir
söz yoxdur. Və bir də yunanlardan
ötrü dinməz durmaq özlərinə mənfəətdir.
Çünki, mərkəzi dövlətlər
Qavalanın yunanlar əlində qalmasını təmin edərlər.
Bolqarlar isə Qavala əvəzində Arnautdan
yer alarlar. Türk-bolqar etelafının
imzalanması türklər ilə bolqarların
yaxınlaşmağını və bir də mərkəzi
dövlətlərin İtalyan proqramının feldən
qövlə keçməsini sildirməkdədir.
Lakin “Novoye
vremya” qəzetəsinin əqli kəsmir ki, Bolqariya Serbistan
üzərinə silahla əl açsın. Çünki, bolqarlar rus cəmaətinin
fikrinə məhəlgüzar olmasalar da, öz xələfgirlərinin
fikrini nəzərə alıyorlar. Xələfgirlər
isə bolqarların Almaniya və Avstriya ilə əlbir
olmasına razı degildirlər. Doğrusu budur ki,
bolqarlar Türkiyə vasitəsilə Almaniya ilə etilafa
girib söz verəcəkdirlər ki, dinməz dursunlar:
almanlardan ötrü bir ölmək və qalmaq məsələsi
vardır ki, o da Serbistanı yarıb-keçib, türklər
ilə bilavasitə əlaqədə olmaqdır. Əgər fərz edəlim ki, almanlar Serbistandan
keçdilər. O halda bolqar baş vəziri Radoslavovun bir
işi olacaqsa-o da dəst-dəstə oturub
avstriyalıların bolqar yerlərindən keçmələrinə
tamaşa etməkdir.
Hər halda
“Novoye vremya” özü də görünür ki, bu “bolqar
oyunundan” yaxşı baş açmıyor. Odur ki, axırda müttəfiq
dövlətlərin diplomatlarına təklif ediyor ki, bu
“murdar oyunu” tezlik ilə aşkara çıxarsınlar.
Da öylə olmasın ki, bolqarlar da bizi türklər kimi ələ
salıb axırda başımıza iş açsınlar”.
Bizcə
türk-bolqar etilafı əmri-vaqe hökmünə girdikdən
sonra, bunun nəticəsi nə olacağını gələcəkdəki
görəcəgimiz vaqelər göstərər.
Üzeyir
“Yeni İqbal”, 10 sentyabr 1915, ¹ 114
etilaf – barışıq, razılaşma
mürəbbe – dördlük
ORDAN-BURDAN
Upravanın qulluqçuları diyorlar ki,
guya şəhər bahalıq imiş: qəndin girvənkəsi
igirmi iki qəpik imiş, paltar-palasın qiyməti
iki-üç qat artıbmış, azuqəyə pul
çatırmaq olmurmuş...
Qərəz,
məvaciblərinin artırılmasını istiyorlar; diyorlar
ki, pul çatmıyor.
Ay hay, vay vay!!
Yaxşı,
fərz edəlim ki, məsələn, süpürgəçilərin
igirmi manatlıq məvaciblərini artırıb otuz manat elədik. Elə bilirsiniz ki, bununla
onun işi düzəldi? Xeyr! Hərgah otuz manat ilə
iş düzəlirsə, bəs neçün süpürgəçilərin
starşinaları ki otuz manat alırlar, onlar da məvaciblərinin
artırılmasını istiyorlar?!
Yoxsa
starşinaların da məvacibini artıraq?
Yaxşı,
onu da artırıb lap əlli manat elədik. Pəs upravanın əlli manat alan qulluqçuları neçün şikayət
edirlər ki, pul çatmıyor?
Deməli gərək
onlarınkı da artırılsın, hə? Yetmiş beş manat
olsun! Bəs indi ki yetmiş beş manat
onların işini düzəldir, neçün uprava
uçitellərinin də işini düzəltmiyor. Halbuki,
onlar yetmiş beş manat nəqd pul
alırlar və genə həmişə deyinirlər ki,
dolanmağa pul çatmıyor?
Yəni sən elə bilirsən ki,
uçitellərin məvacibi lap iki qat artıb yüz əlli
manat olsa, iş düzələr? Xeyr, düzəlməz.
Hərgah
düzələrsə, bəs neçün upravanın
yüz əlli manat olan deloproizveditelləri pulsuzluqdan şikayət
edirlər?
Fikirləri budur ki, onların da məvacibləri
artsın! Öylədirmi? Yaxşı
artsın, lap olsun beş yüz manat!
Axı genə də iş düzəlmir!
Upravanın ayda beş
yüz manat məvacib alan çlenləri də diyorlar ki, ildə
altı min manata dolanmaq çətindir!
Bəs necə
olsun?
Yoxsa istiyorsunuz ki, çlenlərin də məvacibi
artsın.... a! Yox bir! Yəni istədigin budur
ki, upravanın bütün qulluqçuları da qorodskoy qlava
kimi ildə igirmi dörd min manat alsınlar?!
Belə iş olmaz ki! ...
Filankəs
“Yeni İqbal”, 16 sentyabr 1915, ¹ 119
TEATRO VƏ MUSİQİ
“Arşın mal alan” erməni dilində
Dünən Mayılov
qardaşlarının teatrında “Arşın mal alan” operettası erməni operet dəstəsi tərəfindən
Bakıda birinci dəfə olaraq mövqeyi-tamaşayə
qoyuldu.
Operettanın
sözləri başdan-ayağa qədər nə sayaq ki,
müsəlmancasında var, öylə də tərcümə
edilibdir. Musiqisinə gəldikdə,
mütərcimin əlində “Arşın mal alan”ın
notları olmadığına görə bəzi havaları
bilməyib özlərindən bir neçə Osmanlı və
erməni havaları qoşubdurlar.
Oyun əli-ələmum
yaxşı keçdi; Artistlərdən Sultan bəy rolunu
oynayan Torosyan bizim komikimiz Əliəkbər Hüseynzadənin
yerini verə bilməsə də, yenə öz rolunu qaidəsincə
oynadı və cəmaəti çox güldürdü. Əsgər rolunu oynayan cənab
erməni dilincə segahı yaxşı məqamda
başladı; Zənguləsi olmadığına görə
segah bir qədər düzənsiz çıxırdı,
lakin erməni təsnifini o qədər gözəl oxudu ki, cəmaət
əl çalıb təkrarını tələb etdilər.
Amma çox heyflər olsun ki, bu cənab Əsgərin
kimdən ibarət olduğunu başa düşmüyüb
ikinci pərdədə komiklik eyləməgə
başlayıb zövqümüzü xərab etdi. Arvad almaq kibi öylə çətin bir məsələ
qarşısında müşkülata düçar olmuş
ciddi bir cavanın biməna komikliyi heç yaraşan şey
degildir. Süleymanı oynayan cavan çox
diri idi; Çox aydın danışıb, həm də
oxuyordu. Valsı isə-heç tərifə
gəlməyən bir surətdə gözəlcəsinə
oyun çıxardıb mahir bir artist olduğunu bildirirdi.
Gülçöhrəni oynayan xanım, doğrudur bizim
Ağdamski kibi Şahnaz və Osmanlı oxumadı, lakin-bir o
ki, arvad idi- Bəsdir xanımın bəzi hərəkatı
Yevropa sayaqında idisə də, yenə də yaxşı
oynadı. Təkrar edirəm ki, Əsgər
rolunu layiqli surətdə aparsa idi, bu xanımın oyunu daha
gözəl görünürdü. Asiyanı
oynayan xanımın rəqsi və oxumağı cəmaətə
çox xoş gəldi; Təkrarını tələb etdilər.
Qulluqçu Tellini oynayan xanım öz curu olan
Vəlidən geri durmuyordu. Bu xanım
çox gözəl bir şur oxudu. Səsində
məlahət vardı. Oyunu da diri idi.
Mütərcim
Mağalyan cənablarının təhti-idarəsində tərənnümsaz
olan sazəndələr uyğun idilər;
Çalğıları cəmaətə təsirbəxş
idi. Mütərcim cənablarının
bu işlərə bir çox zəhmətlər çəkmiş
olduğu aşkar idi.
Operetta və
oyun cəmaətin xoşuna gəldi. Erməni cəmaətinin hər sinfindən
adamlar var idilər. Ermənilərin
şairi olan Dumda məkatib komissiyasının sədri
Ohanesyan cənabları dəxi teatroda idi.
Müsəlman opera və dram baş artistləri;
“Arşın mal alan” müsənnifi
Üzeyir bəy ilə bərabər dəxi
tamaşaçılar içində idilər. Oyunun
axırında cəmaət müsənnifi səhnəyə
çağırıb alqışladılar. Cəmaət
kəmali-dəb və ərkan ilə hər kəs öz
yerində əyləşib səssiz kuş-huş və guş ilə oyuna tamaşa etmələri tərif
və təhsinə layiq idi.
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2010.- 28 avqust.- S. 21.