Bir kəndin
repressiya mənzərələri: ağrılı faktlar,
acı həqiqətlər
Mustafa Ədil
oğlunun və erməni qəsbkarlarına qarşı
döyüşdə şəhid olmuş tanınmış
göz həkimi Nizami Bəylər oğlunun işıqlı
xatirəsinə
II yazı
Yüz
minlərlə adamın taleyində dərin iz buraxan Sovet
repressiyası Azərbaycanda əslində 1920-ci ilin aprelindən
– Vətənimizin XI Ordu tərəfindən işğalı
günündən başlayıb. Belə ki, təkcə
1920-ci ilin aprelindən 1921-ci ilin may ayına qədər
bolşeviklər Azərbaycanda 48 min adamı məhkəməsiz,
istintaqsız güllələmişdilər. Bu səbəbdən
repressiyanı yalnız 30-cu illərə aid etmək doğru
deyil. Arxiv sənədlərinin, repressiyaya məruz
qalanların istintaq materiallarının təhlili göstərir
ki, repressiya 30-cu illərdən əvvəl və sonrakı
illərdə də, yəni 40-50-ci illərin əvvəllərində
də həyata keçirilib.
İyirmi nəfərin güllələndiyi
Mərzili kəndində bu acı aqibətlə üzləşənlərdən
biri də Bayramov Ədil yüzbaşı Hacı Mustafa
oğlu olub. Onun həbsi, “cinayətini” sübut etmək
üçün alınan ifadələr və irəli
sürülən ittiham tipik “sovet ədalət məhkəməsi”
nümunəsidir. Qeyd edək ki, çekistlər, şəhərlərdən
fərqli olaraq, kənd sakinlərinin “cinayətini” sübuta
yetirmək üçün adətən qohum-əqrabanı
üz-üzə qoyurdular. Onlardan məlum üsullarla
alınan ifadələri sübut kimi sənədləşdirirdilər.
İstintaq
materiallarından aydın olur ki, Ədil yüzbaşı 4 dəfə
– 1905, 1928, 1930 və 1937-ci illərdə həbs olunub. Onun
sovet işğalı zamanı ilk həbsi 1928-ci ilin
mayında olub və qısa müddət – cəmisi bir həftə
davam edib. Lakin istintaq ondan “əl çəkməyib”. 1928-ci
ilin mayından onun əleyhinə materiallar toplanaraq, nəhayət
1930-cu ildə yenidən həbs edilib.
1928-ci il may ayının 12-də Dövlət
Siyasi İdarəsinin (DSİ) Ağdam bölməsinin əməliyyat
müvəkkili Ədil yüzbaşının
yaxınlarından birini dindirir. “Əksinqilabçılarla”,
“qiyamçılarla” onun əlaqəsini “sübut” edən ifadələr
alır: “...1928-ci il yanvar ayının axırlarında...
heyvanlarımızla Salyan qəzasının Muğan
qışlaqlarında Hacı Əli Cəfər yerində
yaşayırdıq. 5 nəfər silahlı adam gəldi. Mən
üzdən onları tanımırdım... Bayramov Ədilin
sözlərinə görə, onlardan biri Araz bəy (indi
İrandadır), ikincisi Zülü bəy Sultanov (o da indi
İrandadır), üçüncüsü Qarakişi
(familiyasını bilmirəm), digər ikisinin ad və
familiyalarını unutmuşam... bir gecə qaldılar. Sonra Ədil
yüzbaşı onları İran tərəfə
ötürdü. Həmin gün də geri qayıtdı. Üç
gündən sonra Bayramov Ədil (maraqlıdır istintaq sənədlərində
bu kişinin soyadı və adı gah Ədil
yüzbaşı Hacı Mustafa oğlu, gah da Bayramov Ədil
kimi verilir) İrana getdi və üç gün orada qaldı
və geri, evə qayıtdı”. Sual: “Niyə siz bu barədə
vaxtında xəbər verməmisiniz?” Cavab: “Biz Salyan qəzasından
uzaqda yaşayırdıq. Mən bu barədə Ağdam
Siyasi İdarəsinə ərizə göndərdim”. Sual: “Ədil
Hacı Mustafa oğlunun siyasi mühacirlərlə hansı əlaqələri
var?” Cavab: “Onların... Ədil Hacı Mustafa oğlu ilə
çoxdan əlaqələri var və Sultan bəy
(Cümhuriyyət dövrünün görkəmli
ictimai-siyasi xadimi, Xosrov Paşa bəy Sultanovun qardaşı,
Qarabağda erməni qəsbkarları Andronikə, Droya və
Sovet işğal rejiminə qarşı mübarizənin rəhbərlərindən
olan Sultan bəy Sultanov nəzərdə tutulur – B.Əziz)
onda 200 baş qoyun, at və sairə saxlamışdı. Ədil
yüzbaşı onları 1926-cı ilin iyununda satdı”.
Sual: “Bu iş haqqında əlavə nə deyə bilərsiniz?”
Cavab: Ədil Hacı Mustafa oğlu onlardan Türkiyə
nümunəli bir vintovka (buna el arasında “Türk
aynalısı” deyirdilər – B.Əziz) və onun
üçün 400 patron aldı. Sonra onu 4 min çervona
satdı”. Bundan təxminən bir ay sonra 20 iyun 1928-ci ildə
müstəntiq başqa bir şahidi o zaman Ağdam rayonu
Güllücə sovetinin sədri olan, vaxtı ilə Mərzilidə
eyni işdə çalışan bolşevik S.Məmmədovun
ifadəsini alır. DSİ-nin əməliyyat müvəkkili
ondan Ədil Hacı Mustafa oğlunun qardaşı ilə əmlak
bölgüsü barədə ona məlumat verib-verməməsi
ilə maraqlanır. O dövrdəki qanunlara görə, əmlak
bölgüsü mütləq sovet dövlətinin nümayəndəsinin
iştirakı ilə olmalı idi. Şahid bölgüdə
iştirak etməsə də, xəbəri olduğunu, əmlak
bölgüsü zamanı onların arasında
narazılıq yarandığını, hətta “Sultan bəyin
Ədildə 220 baş qoyunu qaldığı”nı, bu barədə
İsrafil Hacı Mustafa oğlunun, Rəcəb Hüseyn
oğlunun, Fərman Cavad oğlunun, Xanlar Namaz oğlunun da məlumatı
olduğunu bildirir.
28
avqust 1928-ci ildə müstəntiq, Ədil Hacı
Mustafa oğlunun qardaşı
oğlu Rəcəb Hüseyn oğlunu dindirib.
Ondan əmlak bölgüsü və əmisinin siyasi mühacirlərlə
əlaqəsi barədə bildiklərini
danışmağı tələb edir. Cavab: “Mənim iyunda vəfat
etmiş atam Hüseyn Hacı Mustafa oğlu, qardaşı
İsrafil və Ədilin təsərrüfatları bir idi.
Atam vəfat etdikdən sonra təsərrüfatı mənə
keçdi. 1927-ci ildə əmim İsrafil gəlib dedi ki, o
ayrılmaq istəyir. Aramızda əmlak bölgüsü
oldu. Ədil özünə 900 baş qoyun, 5 dəvə, 14
at, 13 baş iribuynuzlu mal-qara, ev əşyaları və sairə
götürdü. İsrafilə 600 baş qoyun, 5 dəvə,
5 at, 8 baş mal-qara, mənə 500 baş qoyun, 5 dəvə,
3 at və ev əşyaları verdi. Mən kiçik
qardaşım və bacımla hələlik Ədilin
yanında qaldım. Keçən il bölgü zamanı
aşağıdakılar iştirak edirdi: Yaylaq komitəsinin sədri
Surxay Məmmədov. O, əmlakın qeyri-bərabər
bölünməsi ilə maraqlandı... Bu ilin yazında mən
Ədildən birdəfəlik ayrıldım. Bu vaxt isə o mənə
3 at, 3 dəvə, 350 baş qoyun, ev əşyaları verdi”.
Sual: “Ədillə bir təsərrüfatda olarkən nə
zaman, hansı şəraitdə Sultan bəy Sultanov
qoyunları Ədilə vermişdi. Bu barədə
bölgüdən əvvəl Ədil sizə bir söz
deyibmi, məlumatınız olubmu?” Cavab: “O, həmişə
heyvanları satıb yenisini alırdı. Bizə heç vaxt
heç nə deməyib”.
28 avqust
1928-ci ildə Ədil kişinin qardaşı İsrafil
Hacı Mustafa oğlu dindirilir. Ondan da bölgü və Ədil
kişinin Sultan bəylə əlaqələri soruşulur. O
da bu suala “Sultan bəylə Ədilin əlaqələri haqda
heç nə hiss etməmişdim, bizə heç nə deməyib”
cavabını verir.
Ertəsi
gün 29 avqust 1928-ci ildə əslən başqa kənddən
olan Məmmədov Məmməd Əli oğlu ifadə verib
deyir: “Mən Mərzili cammatı arasında
yaşayırdım. Yaylaq komitəsinin keçmiş sədri,
indi Güllücə ispolkomunun (icraiyyə komitəsi-B.Əziz)
sədrinin sözlərinə görə, keçən il Mərzili
sakinləri Ədil Hacı Mustafa oğlu və
qardaşları arasında əmlak bölgüsü oldu. Amma
bu bölgü zamanı 200 baş qoyun bölünməyib. Bu
il də Salyan qəzasında öz qohumu Rəcəbdən
ayrılıb... Ədil bildirir ki, bu artıq qoyunları Sultan
bəy onda saxlayıb”.
9 mart 1929-cu ildə müstəntiq
şahid qismində Xanlar Namaz oğlunu dindirir. Müstəntiqin
“bölgü zamanı orada olmusunuzmu” sualına o belə cavab
verir: “Mən iştirak etməmişəm. Ədil öz xeyri
üçün 150 baş qoyun saxlayıb. Ancaq bu qoyunlar kimə
məxsusdur, bilmirəm. Ona görə ki, onlar mənimlə
yaxşı münasibətdə deyillər. Ancaq istər
Nikolay dövründə, istər də Müsavat zamanı Ədil
Sultan bəy Sultanovla qardaş kimi olublar. Sultan bəylə
indi də əlaqə saxlayırlar. Ədil indi hardasa
İranla sərhəd yaxınlığında
yaşayır. Onlar həmişə əlaqə saxlayır.
Ancaq qoyunların Sultan bəyin olub-olmadığını
bilmirəm. Bölgü
zamanı S.Məmmədov orada olub”.
Şahid Hindarx sakini Bayram Hacıyevin ifadəsi
isə daha diqqətçəkəndir. Bu ifadə artıq
idarəetmədə deyil, həm də məişətdə
yadelli ənənənin tədricən kök
saldığını göstərir: “Avqustun 1-də mən
gizlicə kənd sovetinin sədri Abış Abdullayevlə
birlikdə Ədilin evinə getmişdim. Bizi görən kimi
dərhal sözünü dəyişib başqa mövzudan bəhs
etdi. Bundan sonra Abış getdi, mən Ədillə tək
qaldım. O, mənə sual verdi ki, nə üçün
bığ saxlamırsan? Ona cavab verdim ki, elə-belə,
bığsızlıq mənə mane olmur. O bir də
bığ haqqında sual verdi. Anladım ki, nə isə onun sözü
var. Mənə nə isə demək istəyir. Bu səbəbdən
nə demək istədiyini soruşdum. O mənə cavab verdi
ki, SSRİ ilə İngiltərə arasında müharibə
başlayacaq. İngiltərəyə birinci İran kömək
edəcək. Mən soruşdum ki, bunu hardan bilir? Mənə
dedi ki, bu barədə məlumatı var, şübhəsi
yoxdur. Mənə dedi Ağdama gedək. Hətta təklif etdi
(mal, pul, yoxsa sovetlərə qarşı birgə mübarizə
aparmaq, anlaşılmır – B.Əziz). Bundan sonra mən
çıxdım. Abışı gördüm. O, mənə
dedi ki, buradan Ağdama qaçmaq istəyirəm”.
1929-cu ilin martında istintaq zamanı
müstəntiq ondan sovet hökumətinin düşməni
olan qaçaqlarla hansı formada əlaqə
saxladığını, onlara necə maddi yardım göstərməsini,
“səmimiyyətlə” söyləməsini tələb edir. Cavab:
“Təxminən iki il bundan qabaq yaylağa – Əhmədağalı
Dörbəndinə – bizə, çoxdan
tanıdığım Zeynalabdin gəldi. Ona maddi yardım
göstərməyi xahiş etdi...
Şöhlət Məmməd oğlu,
Allahverdi Məmməd oğlu, Süleyman Məşədi
Abbasqulu oğlu və mən ona ucuz qiymətə – birini 15-20
manatdan 4 qoyun verdik... Zeynalabdin Zili bəylə gəlməsinə
baxmayaraq, ona heç bir söz demədi. Zili bəyin hansı
məqsədlə gəldiyini bizim heç birimiz bilmədik”.
İfadəsinin sonunda şahid Ədil kişinin köhnədən
dost olduqları üçün indi sıxıntı
keçirən Zeynalabdinə 1810 manat pul verdiyini də
bildirir.
Şahid Fərman Cavad oğlu istintaqa ifadəsində
əmlak bölgüsündə iştirak etmədiyini, Ədil
kişinin nə qədər artıq qoyunu özünə
götürdüyünü bilmədiyini deyir.
Müstəntiq özünə lazım
olan ifadəni Bəhram Hacıyevdən ala bildiyi
üçün 1929-cu il sentyabrın 17-də onu təkrar dindirir.
O, ifadəsində 1928-ci ilin yaz və yayında Yaylaq komitəsinin
katibi kimi camaat arasında gəzən söz-söhbətlərdən,
şayiələrdən bəhs edib deyir: “... Basarkeçərdən
(ermənilər hələ sovet dövründə bu adı
Vardenislə əvəzləmişdilər-B.Əziz)
qayıtdıqda yolda Əmirov (Rüstəm Əmirov o
dövrdə Yaylaq komitəsinin sədri vəzifəsini
daşıyıb-B.Əziz) bizdən ayrıldı və
qohumlarıgilə getdi... Xan Təhlə kəndində mən
vətəndaş Hacı Qasım və Fərmanla
görüşdüm. Onlar məndən soruşdular ki,
Basarkeçərdə gəzən yeni xəbəri eşitmisənmi?
Mən “nə xəbər” deyə soruşduqda onlar
İranın İngiltərə ilə birləşməsi və
SSRİ-yə hücum edərək Sovet hakimiyyətini devirəcəyini
bildirdilər. Mən bu şayiəni inkar etdim. Amma onlar dediklərindən
dönmədilər. Məsləhət gördüm ki,
aşağıya, geriyə gedib kulak Məşədi Molla Qəmbərlə
görüşək, görək bu nə məsələdir.
Onun yanına gedən kimi o daha bığları
qırxmamağı, kulaklarla mübarizə aparmamağı
tövsiyə etdi. Hətta bildirdi ki, mən qorxuramsa,
aşağıya onu salamat keçirə bilər. Mən onu
təhqir etdim, belə fitnəkar şayiə yaymamağa dəvət
etdim. Bizim yolumuz Mərzili köçərilərinin
qaldığı yerdən keçirdi. Biz milisonerlə bu
köçərilərin yanından keçərkən
kulak, səsdən məhrum Ədil yüzbaşı ilə
onun evində görüşdük. Kənd Sovetinin sədri
Abış Abdullayev də orada idi. Biz gələndə nədənsə
danışırdılar. Bizim gəlişimizlə
açıq-aydın mövzunu dəyişdilər. Ədil
yüzbaşının yoldaşı məni kənara çəkib
(tanımadığı, yad bir adamı dindar, zəhmli ərinin
yanında kənara çəkib qulağına söz demək...
Əhsən
belə şantaj düşünənlərə – B.Əziz)
dedi: “Sənə yazığım gəldiyi və cavan
olduğun üçün məsləhət görürəm,
bığlarını qırxma. Camaata müraciət et,
kulaklarla yaxşı rəftar etsin. Onda mən maraqlandım
ki, o nədən mənə belə məsləhət verir. O
söylədi ki, Ədil yüzbaşı deyir ki, onda olan dəqiq
məlumata görə İngiltərə ilə İran birləşib
avqustun 1-də SSRİ-yə hücum edəcəklər...
Sonra Ədil gəlib mənə təklif etdi ki, onu
Abışla yola salaq aşağıya, arana. Mən bu
şayiələri rədd etdim (Əslində bu ifadə ilə
o Ədil kişinin həyat yoldaşı Dilşad
xanımın da gələcəkdə repressiyası
üçün zəmin hazırlayırdı – B.Əziz).
Amma Ədil buna inanırdı. Hətta Sovet və partiya rəhbərlərindən
– Mirzoyan, Qarayev və başqalarından misallar da çəkirdi.
Bu söhbətlərdən sonra o kənd sovetinin sədri
Abışla mənə söylədi ki, aşağı
gedirmi? Mən mənfi cavab verdim. O mənə məsləhət
gördü ki, aşağı onunla gedim, yaylaq və yollar
sakit deyil. Doğrudan da o ləngimədi və getdi. Halbuki əhali
hələ yaylaqda idi”.
18 sentyabr 1929-cu ildə Sultan bəy
Sultanovun “quldur bandası”nın işi ilə əlaqədar həbs
edilərək dindirilən İsmayılbəyli kəndindən
olan Cəfərqulu Qulu oğlu deyir: “Mən Ədil
yüzbaşını çoxdan tanıyıram. O hələ
çar dövründə bizim kənddə bir neçə
il starşina olub. Aramızda düşmənçilik
olmayıb. Mən son vaxtlar Ağdamda nəzarət altında
saxlanılırdım. Bu vaxt Ədil yüzbaşını
da gətirdilər. O bildirdi ki, yaylağa hansısa
şuşalı gəlib deyir ki, böyük dövlətlər
SSRİ ilə müharibə aparacaq, sovet hökumətini
devirəcək. Bu şuşalı söyləyib ki, yaylaqda
bu şayiəni Zili bəy Sultanov yaymışdır”.
(Ardı gələn şənbə sayımızda)
Boran ƏZİZ,
tarix elmləri namizədi,
dosent
525-ci qəzet.- 2010.- 28 avqust.- S. 18.