Bir Vaqif Aslanov vardı...
Nizami CƏFƏROV
Bir Vaqif Aslanov vardı... Böyük alim
idi... Ömrünü bir nağıl qəhrəmanı
kimi yaşadı.
Rusca, ərəbcə,
farsca, ingiliscə, almanca bilirdi. Hələ gənc yaşlarında
Qazağın bir kəndində ingilis, o biri kəndində
alman dili dərsi deyirmiş. Mən bunu sonralar fəxrlə
rəhmətlik Aydın Məmmədova danışanda laqeydcəsinə:
– Sən bilməmisən, yəqin, məsciddə
də mollalıq edirmiş, – dedi. Ərəbcə də bilməsinə
işarə edirdi...
Vaqif Aslanov bu qədər dilləri öyrənib məşhurlaşandan
sonra ünsiyyətcil olmaq əvəzinə məşhur
olduğu məlum miqyası hamının üzünə
bağladı, həmkarlarına yalnız onun icazəsi ilə
keçilə biləcək bir qapı qoydu. Vaqif Aslanov daha böyük işlər görə
bilərdi. Ancaq həyatını heç kimə
(heç özünə də !) lazım
olmayan intriqalara həsr edib, məhv elədi.
Əlacsız
qalıb təyinatımı Akademiyaya alanda mənim səviyyəmi
yoxlamaq üçün Elmi Şurada məruzə eləməyimi
istədilər. “Sadə cümlənin struktur-semantik inkişafı”
mövzusunda məruzə elədim. Şura sədri
akademik Məmmədağa Şirəliyev “məruzəçiyə
kimin sualı var?” deyəndə Vaqif müəllim bir-iki sual verdi, mən də “ustalıqla” izah etdim ki, həmin
suallara nə mən cavab verə bilərəm, nə Siz, nə
də dilçilik elmi. Gənc usta ilə təcrübəli
usta bir-birini başa düşdülər. Və təcrübəli
usta, Məmmədağa Şirəliyevdən xahiş etdi ki,
təyinatla gələn bu gənci onun şöbəsinə
göndərsinlər... Mən həmin
şöbənin – Azərbaycan dili tarixi şöbəsinin
kiçik elmi işçisi oldum. Ancaq
kiminsə inzibati rəhbərliyi altında işləməyə
(və yaşamağa!) öyrənməmişdim.
Və bu, heç Vaqif müəllimə də
lazım deyildi...
Azərbaycan
dilinin tarixi leksikologiyasından doktorluq yazmış, yazıya
qədərki Azərbaycan dilini araşdırmış,
farsdilli Azərbaycan klassiklərindən sətri tərcümələr
etmişdi. Türkologiyanı,
dil nəzəriyyəsini də yaxşı bilirdi.
Sovet türkoloqlarının çoxu ilə
dost idi.
Vaqif Aslanov
bilikli olduğuna görə bəzən özünü əhli-kefliyə
qoyurdu. İnana
bilmirdi ki, ondan da biliklisi çıxa bilər. Ziya
Bünyadovla, Rüstəm Əliyevlə oturub durur, nəinki
onlardan aşağı, müəyyən məqamlarda yuxarı
olduğunu görür və özündən müştəbeh
olurdu.
Böyük həmyerlisi Səməd
Vurğuna oxşayan bu insanla ilk görüşdə
(İsmayıl Məmmədovla birlikdə) ondan xoşum gəlməmişdi,
çünki mənim namizədlik dissertasiyamı tərcümə
eləmək üçün çox pul istədi... Bir də
ona görə xoşum gəlmədi ki, “Sizin yerlinizdir” – deyən
İsmayıl müəllimdən soruşdu:
– Atası kolxoz sədridir?..
Bu sözün İsmayıl müəllimə
xoş gəlmədiyini görəndə əlavə etdi:
– İsmayıl, sən doktorluğunu gətir, pulsuz
tərcümə edim.
Onda direktor
müavini idi.
Və “alverimiz” tutmadı... Kor-peşiman
geri qayıdanda İsmayıl müəllimdən soruşdum
ki, bu böyüklükdə adam niyə belə hərəkət
elədi, çox yuxarıdan getdi?..
İsmayıl müəllim dostunun tərəfini vermədi:
– Elə bildi ki, sən bekara bir şey
yazmısan, işi tərcümə eləyə-eləyə
təzədən yazmalıdır. Adətən
ondan bu cür şeylər xahiş edirlər.
Çox
keçmədi ki, müavinlikdən getdi, bir neçə il sonra Azərbaycan dili tarixi şöbəsinin
müdirliyindən də çıxmalı oldu...
Ancaq etiraf
edim ki, mən Vaqif müəllimi kiminsə arxasınca
danışan görmədim, nə deyirdisə, üzə
deyirdi. Və ona görə
də haqlı-haqsız düşmən qazanırdı... Müdafiələrdə dissertantlara çətin
suallar verir, konfranslarda tənqidi çıxışlar edir, əsərlərə
mənfi rəy yazırdı. O qədər prinsipial idi
ki, Mahmud Kaşqarinin “Divan”ının 30-cu illərdəki tərcüməsinə
də belə bir rəy yazmışdı... Və
hərdən mənə elə gəlirdi ki, türkologiya
elminin banisinin özünə də (min ildən sonra!) mənfi
rəy yaza bilərdi.
Müdafiələrdən birində o qədər
də hazırlıqlı olmayan bir dissertanta “mənim sənə
iyirmi beş sualım var, bircəsinə
cavab verə bilsən, lehinə səs verəcəm” – dedi,
sonra əlavə elədi:
– Molla Pənah
Vaqif neçənci əsrdə yaşayıb?
Dissertant dərhal cavab verdi:
– XVIII əsrdə.
Vaqif müəllim:
– Bəs avtoreferatda niyə XVII əsr
gedib? – deyəndə mən yerimdən dilləndim:
– Vaqif müəllim,
ikinci suala ehtiyac yox idi... Çünki bir suala
artıq doğru cavab verildi.
Gülümsündü. Əyləşdi. Və dissertantın “Texniki səhv olub” sözlərinə
də fikir vermədi.
Bütün elmi ictimaiyyət bilirdi ki, Vaqif Aslanov biliklidir.
Onun hər dəfə bu həqiqəti ortaya qoyması, bilmirəm,
nəyə lazım idi?.. Bilmirəm, hiss
etmirdimi ki, arxasınca “özünü göstərir” deyirlər...
Ancaq tənqidi
çıxışlarında çox vaxt haqlı olurdu...
Dilçilik İnstitutunun istedadlı əməkdaşlarından
Ədalət Tahirzadə Elmi Şurada məruzə edib deyir
ki, Azərbaycan dilindəki bütün sözlər beş kök-sözdən törəyib,
onların dördünü tapmışam, cəmisi biri
qalıb...
Bu “cəsarətli”
iddiaya dözməyən Vaqif müəllim söz alıb
deyir:
– Ədalət, o sözü də tap,
Dilçilik İnstitutunu bağlayaq, batıb
qırıldıq...
Və bununla
həm Ədalət Tahirzadənin “kəşf”inə qiymət
verir, həm də böhran dövrünü yaşayan
İnstitutdakı vəziyyəti dəyərləndirirdi.
...Görkəmli türkoloq Sergey İvanov
Bakıya gələndə Vaqif müəllim məni onunla tanış etdi. Bizi Bilgəhə, dəniz
sahilinə apardı. Yaxşı qonaqlıq verdi.
Məhərrəm Əhmədov da orada idi... Məni
İvanova tərifləyib xahiş etdi ki, Nizaminin Leninqrad
Dövlət Universitetinin Türkologiya kafedrasında
(İvanov həmin kafedranın müdiri idi) doktorant
olmasına kömək elə... Elə bir istəyim
olmamışdı. Xətrə dəyməmək
üçün yüngülcə etiraz eləyəndə
“buralarda qalıb neyləyəcəksən, get, böyük
bir elm adamı ol, yenə gəl” – dedi. İvanov da məsələyə
ciddi yanaşanda aspiranturaya nə qədər çətinliklə
daxil olduğumu yadıma salıb təəssüfləndim
ki, gərək elə əvvəldən Vaqif müəllimi
tapıb Leninqrada gedəydim... Ancaq çox keçmədi ki,
Bakı dilçilik mühitinə hörmətim bir az da artdı; əsərlərini oxuduğum,
qibtə ilə baxdığım böyük türkoloq bir
az içəndən sonra dəniz qırağında sülənən
sahibsiz bir itlə danışmağa, onu sığallamağa
başladı... Biz də bu mənzərəyə
tamaşa edirdik. Və maraqlıdır ki, bizə səksəkə
ilə baxan it yenicə tanış
olduğu İvanovla çox mehriban idi.
Vaqif müəllimə
baxıb yavaşca dedim ki, Leninqrada getsəm, bunun gününə
düşəcəm. Bizdə də belə şeyə
yaxşı baxmırlar... Gülümsündü, “səni məcbur
edən yoxdu ki...” dedi.
...Onda klassik alimlərə xas olan maneralar
da vardı. Kökü çox dərinə gedən zərif
zarafatlar, geniş məlumatdan (və erudisiyadan) irəli gələn
az danışmaq, mövqeyini “formullar”la
bildirmək, özününkü saydığı hər
xırda şeyə belə dəyər vermək... Bir dəfə
qonşu şöbədə oturub çay içirdik, Vaqif
müəllim də gəlmişdi, ancaq qənd az idi. Vaqif müəllim gənc dilçi
xanımlardan birinə:
– İntizar, al bu açarı, get mənim
otağımdakı seyfi aç, orda iki konfet var, birini gətir.
Seyfi də bağla – deyəndə İntizara ərklə:
– O birini də mənə gətir – dedim.
Vaqif müəllim tövrünü pozmadan:
– İntizar, nə deyirəm, onu elə,
biri qalsın, o birini gətir, – dedi. Və
İntizar xanım elə də elədi.
Böyük
alim isə hərəkətindən məmnun bir şəkildə
çayını içib getdi. Onun öz prinsipləri vardı... Və
kiminsə həmin prinsiplərə necə baxacağı o qədər
də vecinə deyildi.
Bir dəfə İnstitutun direktor
müavini (faktiki rəhbəri) Zərifə Budaqova dedi ki,
Vaqif Aslanova tapşırmışıq, “Azərbaycan dili
xaricdə” adlı məqalələr toplusu hazırlayır,
həmin mövzuda bir məqalə də sən ver. Məhəmməd
Peyfunun İranda yenicə nəşr olunmuş “Azərbaycan
dilinin lüğəti” barədə bir rəy yazıb Vaqif
müəllimə verdim. Məcmuəyə daxil
eləmədi. Əvvəl dedi ki, zəifdir, məcmuə
çıxandan sonra dedi ki, “yuxarı”dan gələn yazı
idi, ona görə də qəbul eləmədim...
Mən “Ədəbiyyat
qəzeti”ndə işləyəndə məqalə gətirmişdi. Namizədliyini
Akademiyanın müxbir üzvlüyünə vermiş bir
professorun nəşr etdirdiyi “Divan” mətninin Türkiyə nəşrindən
köçürmə olduğunu sübut edən bir məqalə
idi. Dedim, yaxşı deyil, gözləyək, qoy
seçilsin, sonra çap edərik. İndi eləsək,
ayrı cür baxarlar... Dedi ki, seçiləndən sonra məqalənin
çıxıb-çıxmamağının daha nə əhəmiyyəti
olacaq?..
Məqalə
çap olunmadı.
Ancaq nə yazmışdısa, düz
yazmışdı...
Vaqif müəllim
tez-tez beynəlxalq konfranslara gedər, Azərbaycan
dilçiliyini layiqincə təmsil eləyərdi. Mənə elə gəlir
ki, bu səfərlər yalnız elm xatirinə, yaxud
dünyada məşhurlaşmaq naminə deyildi. O hər
yerdə darıxırdı... Bir dəfə
hansısa mötəbər elmi məclisdən
qayıtmışdı. Soruşdum ki, Vaqif müəllim,
məruzənizin mövzusu nə idi?.. Bir az düşünüb qəliz bir şey dedi:
“Məhdud regional mühitlərdə yabançı dilin
leksik təsiri xüsusiyyətləri”... Nə isə belə
bir şey... Mən də zarafatla dedim ki, yəni Qazax dialektində
rus sözləri...
Gülümsündü, “hə, elə bir
şey idi” – dedi.
...Doktorluq
dissertasiyamın avtoreferatının tərcüməsinə
kömək elədi, məsləhətlər verdi,
opponentim oldu və yaş fərqimizə baxmayaraq, səmimi
dostluq elədik. Məni ona qarşı qoymaq istəyənlərin
cavabını verməyə çalışdım.
Ondan da xahiş edirdim ki, intriqaçılara fikir verməsin...
Ancaq necə fikir verməyə bilərdi ki,
şöbə müdirliyini də ona çox
görmüşdülər. Hətta
aramızı vurmaq üçün böyük alimin yerini mənə
– gənc bir tədqiqatçıya təklif eləmişdilər.
Münaqişələr
üzərində qurulmuş bir həyatın sonluğu da bu
cür faciəli olmalı idi. Və oldu... Özü də bir tərəf
üçün deyil, bütün tərəflər
üçün...
Onu torpağa basdıranda bir daha anladım
ki, böyük alim, hətta məcbur edilsə belə, mənsəb-mövqe
münaqişələrinə qarışmayıb elmlə məşğul
olsaydı, həm həyatdan vaxtsız getməz, həm də
indikindən qat-qat artıq fayda verər, şöhrətli
olardı...
Biz çox böyük alimlərimizi
heç nədən itirmişik...
Nizami CƏFƏROV
525-ci qəzet.- 2010.- 28 avqust.- S. 19.