UNUTMAĞA KİMSƏ YOX...

 

 (Roman)

 

Əvvəli ötən şənbə saylarımızda

 

– U Tan. U Tandı.

– Kim utandı, ə? Mən utandım? – Allahverdi kişi bilmirdi, hirslənsin, ya gülsün.

– Yox e, – Mübariz şən-şən, için-için gülərdi. – Ay Allahverdi dayı, U Tan adam adıdı. Özü əslən Birmalıdı. Birma bir ölkədi. Bütün dünyanın rəisliyini veriblər ona. U Tana.

– Ada bax, ə. Utan. Utananın oğlu olarmı?

– Olmaz, olmaz...

 ... Mübariz Bəhramın məktəbdən çıxan vaxtını, hansı dərsin olub-olmayacağını çox yaxşı bilirdi, hətta Bəhram mat qalırdı ki, bəzən axırıncı dərsləri olmayanda belə məktəbdən çıxıb Mübarizi məktəb qapısı ilə üzbəüz, Qarağac kötüyünün üstünə oturmuş görürdü. “Səhərdənmi gözləyir, nədi? Bə bunun öz dərsləri nə oldu?! Əsl dostdu, əsl dost buna deyərəm...”

Gülümsər Gülsümlə yolları bir idi, çox zaman o biri uşaqlar olmayanda Kəhrizli körpünün üstünəcən birgə yol gedirdilər, körpünün üstündən bir yerdə keçirdilər – Mübariz, Bəhram, bir də o, Gülsüm. Körpünü keçib Mübarizlə Bəhram sola, Vəng dağının ətəyinə, Bəhramgilin həyətinə (Çoban papağına) sarı, Gülsüm isə başını aşağı dikib (amma gülümsəyirdi), sağa çönürdü, Gülsümgülün evi dəyirman yolunun əvvəlində idi. Sağollaşanda Mübariz hər dəfə qıza zarafatla nəsə bir söz tapıb deyirdi: “Bax, sabahkı dərslərini yaxşı oxu, sabah cəbir səndən soruşacaq, ürəyimə damıb.” Bir gün, iki gün, üç gün... (əslində: bir il, iki il, üç il...) nəhayət, bir dəfə Mübariz özünü faş elədi (Bəhramın özü də bilmədi, ürəyi niyə belə atlandı?!). Həmən gün Mübariz məktəbdən körpüyə qədər elə hey bunu deyib durdu: “adamların bir-birindən uzaqda bir-birini xatırlaması nə cür baş verir, bilirsən?” Dil boğaza qoymadı, suallarını yağdıra-yağdıra (ən çox da bu zaman Gülsümə nəzər salıb, “sən tələsmə, Bəhram, sən tələsmə” deyə söz deməyə çalışan Bəhramı sakitləşdirdi, cavabı, illah, Gülsümdən gözlədi. Bəhramın ürəyi səbirsiz vururdu. “Məndən yəqin sonra soruşacaq, qız ki indi yolu burulasıdı, onunçün ondan əl çəkmir”.

 Gülsüm, əlbəttə ki, gülümsəyə-gülümsəyə (bunsuz olardımı?)bilmərəm” dedi.

 – Mən deyirəm, bəlkə...

 – Sən dayan!.. – Mübariz coşa-coşa artıq bu dəfə kobud şəkildə Bəhramın sözünü kəsdi, yenə üzünü Gülsümə tutdu, – istəyirsən, sınaqdan keçirək?! Əgər... yox, sən axşam evdə məni xatırlayanda, hökmən saata bax, gör saat neçədi?! Görəcəksən, mən də səni eyni vaxtda xatırlayacağam. Sən – şahid! – Mübarizin, nəhayət yadına düşdü ki, Bəhram də heç nə anlamaya-anlamaya (“bu nə deməkdir?”) onlarla bir yol gedir. – Bəhram qoy şahid olsun. İkimiz də dəqiq vaxtı ona deyərik. Sonra tutuşdurarıq. Mən bilirəm. Eyni vaxt olacaq! Sabah özün görəcəksən!

Gülsüm başını yelləyib (bu dəfə heç nə demədən) səssizcə öz yolu ilə çıxıb getdi. Bəhramın ağlına da gəlmədi ki, qız bu dəfə öz həmişəki təbəssümünü hara, niyə gizlətdi, o axı ayrılarkən həmişəki kimi gülümsəmədi, birdən-birə ciddidən ciddi oldu: “Gör bir, mən bunu hələ nəyçünsə xatırlamalıyam?! Ay səni... buna bax bir... Bir də mən olam, sən uzunburun Mübarizlə yol gedərəmmi – heç vədə! Bəhram, Bəhram, sən yəni bu boyda dilbilməzsən...” Gülsüm addımlarını yeyinlətdi.

Bəhram o zaman başa düşmədi ki, Mübarizlə tək qalandan sonra yol boyu nə üçün ikisi də susduqca susdular.

– Bu gün qoyuna getməyəcəyəm. Evdə işlərim var.

Bəhram yalan deyirdi, tək qalmaq istəyirdi – amma bilmirdi niyə?! Görünür, Mübariz də eləydi.

Bəhram kişi bu gün də xatırlayır ki, Mübariz onun bu sözlərindən sonra, nə üçünsə həmişəki kimi zəli olub ona yapışmadı, örüş yerinə zorla çəkib onu aparmadı, sinif uşaqları barədə (əlbəttə, xüsusən, Gülsüm barədə) bitib-tükənməz suallarını yağdırmadı, o da tezcə “sağ ol” deyib aralandı, havada əridi, hara yox oldu, hara getdi, Bəhram bunun səbəbini anlamadı – çox fikirli idi ondan. Bəhram kişi onu da yaxşı xatırlayır ki, sabahı gün bu siçan-pişik oyunu (“gizlənpaç?”) birdəfəlik bitdi. Hər şey gün işığına büründü.

 Gülsüm yenə Bəhramla bir yerdə dərslər bitəndən sonra məktəbdən çıxan zaman Mübarizi həmişəki yerində görüb bu dəfə təbəssümünü açıq-aşkar, göz görə qaş-qabaqla əvəz elədi, addımlarını yeyinlətdi. Mübarizlə Bəhram heç nə anlamadan onun yanınca tələsdilər.

– Noldu, saat neçə idi, dünən mən yadına düşəndə? – Mübariz ürəyi atlana-atlana soruşdu. “ Bu niyə belə qaşqabaqlıdı?! Görən nə olub?!..

Gülsüm cavab vermədi, barmaqları məktəb çantasını bərk-bərk sıxdı.

Mübariz isə cavab almadan kimdənsə əl çəkmişdimi, çəkməmişdi. Bu dəfə də zəhlə tökdü:

– Saata baxdınmı, saat neçə idi? – Elə soruşdu ki, artıq cavab verməmək mümkün olmadı, körpüyə hələ bir az yol qalırdı.

– Heç yadıma düşmədin. – “Yan, qal! İşim-gücüm qurtarmışdı, hələ bir sən gəlib uzun burnunla yadıma düşəcəkdin”. – Gülsüm hirsini güclə boğub qəflətən gülümsədi, Bəhrama baxdı, sualı bilinmədi, kimədi. – Bəs sən? – Mən?

 – Mübariz tələsik soruşdu.

Gülsüm yenə gözləri Bəhramda məxsusi onun üçün gülümsədi.

– Hə də, sən demirdin ki, adamlar eyni vaxtda bir-biri barədə düşünürlər? – Avam Bəhram atdı özünü ortalığa, nə atdı, birdən yadına düşdü ki, dünənki söhbətin məğzi bu idi, onu şahid seçiblər, Gülsüm isə indi ondan kömək gözləyir (???).

– Mənmi? – Mübariz qıpqırmızı olub dübarə soruşdu.

– Sən, sən! – Gülsümün qəzəbi qəlbindən üzünə köçdü, təbəssümü qəfildən yox oldu, rəngi qızardı. Cavab almamış əl çəkənə oxşamırdı, bu dəfə nümayişkaranə bir şəkildə dayandı. O daha (“eh!”) Bəhrama baxmırdı, o, artıq Mübarizin üzünü, gözünü, burnunu öz qəzəbli baxışı ilə deşməkdə idi.

Bu yerəcən hər şey şuxluq, zarafat pərdəsinə bürünmüşdüsə, Mübarizin cavabı bu pərdəni qəfildən götürmədimi, götürdü, pərdə arxasında zəif bir inilti qaldı. Bəhram kişi bu günəcən Mübarizin iniltisini yaxşı xatırlayır. Bu iniltidən sonra Bəhram çaşqın bir halda (sövq-təbii) üzünü çöndərib Gülsümə baxmışdı. Gülsüm isə heç nə demədən, tez çönüb körpünü keçdi, üzündə həmən o qəzəbli ifadə, sağollaşmadan az qala qaça-qaça çıxıb getdi.

Mübarizin həmən iniltili cavabını Bəhram kişi sonralar tez-tez xatırlayır və bu zaman acı-acı gülümsəyir. Bəhram Gülsümdən baxışlarını çəkə bilməyə-bilməyə Mübarizdən dübarə soruşdu:

– Sən! Sən! Sən özün nə zaman onu xatırlamısan?

Mübariz ayaq saxladı, elə bil, özü-özünə (Bəhramın, nəhayət, gözünü açan ) o iniltili cavabı verdi:

– Mənim onu heç unutduğum vaxt olubmu?!

Bəhram yerindəcə ildırım vurmuş adamlar kimi donub qalmışdı. “Mən nə qədər axmaq, mən qədər avamam. Bu axı, gün təki aydın, nə qədər də sadədir. Dost, dost... Bu da dost. Bu ki... bu ki bu qızı sevirmiş. Mənə baxırsanmı? Yəni, bəlkə də hamının bundan xəbəri varmış, bir məndən başqa. Aman, aman, aman... Of, of, of... Yaxşı, bə mənə nə oldu?! Mən niyə bu qədərinə yanıram? Sevir, sevsin. Yox! Yox!!! Gülsüm, Gülsüm... Gülsümsüz mən...”

 Gülsüm sabahı gün məktəbə gəlmədi. İki gündən sonra gəldi. Bəhramın ürəyi bu iki gün ərzində az qala partlayacaqdı, sinfə girəndə birinci tez göz gəzdirib Gülsümü öz yerində tapmayanda “ gup” eləyib ürəyi harasa yumbalanırdı, sonra bütün sinfə altdan-altdan göz gəzdirirdi: “bəlkə yerini dəyişib?!” Yox! Gülsüm dərsə iki gün sonra gəldi. Yenə sakitcə keçib onunla yanaşı oturdu. Bəhram uzun müddət başını qaldırıb onun üzünə baxa bilmədi. “Görəsən başqa bir dünyada Mübarizsiz Kəhrizli körpünü keçmək olardımı, olmazdımı?” Qız da ondan, elə bil, hürkmüşdü, daha əvvəlki kimi məxsusi onun üçün gülümsəmirdi. Hamıya necə, ona da eləcə.

 Bir az da keçəcəkdi, məktəbdə yay imtahanları başlayacaq və onlar səkkizincini bitirəcəkdilər. Anlaşılmazı bəzən rahat-rahat, bəzən isə qəddarcasına anlaşılana çevirən məktəb illəri, bu sinif otağı, dəhliz, Kəhrizli körpüyə qədərki yol... – hər şey, hər şey arxada qalacaqdı, uzun illər boyu çox şey baş verəcəkdi, çox şey dəyişəcəkdi, keçib gedəcəkdi, unudulacaqdı. Gülsüm unudulmayacaqdı. O əmin idi. Uzaqdan-uzağa olsa da (çoxdan bir-birini axtarmırdılar) belə hiss edirdi ki, Mübariz də bu cür düşünür. Bəhramın birdən-birə özünə elə yazığı gəldi ki... Bir az keçdi, indi də Mübarizə yazığı gəlməyə başladı. “ O vaxt mən nə təhər avam idim, Allah, nə təhər çaşıb qalmışdım?!”

 

 MÜBARİZ, BƏHRAM, GÜLSÜM (2)

 

Mübarizin son gün Kəhrizli arxın üstündə məlul-məlul dilə gətirdiyi o etiraf həqiqətin üzərinə birdən-birə gün işığı saldı və həqiqət bərq vurub hər tərəfdən görünməyə başladı. Məlum oldu ki, bu həqiqət təkcə ondan ibarət deyil ki, sən demə, bu uzunburun Mübariz Gülsümə vurulub, onu bu qədərinə sevir, həqiqət həm də bundan ibarətdir ki (Bəhram özü ilk dəfə idi bunu anlayırdı), Bəhram də Gülsümü dünyalar qədər istəyir.

İndinin özündə, axşamlar evdə, ya da Qarağacın altında, qarşısında bir stəkan çay, tək-tənha qaldığı vaxtlar (belə vaxtlar isə nə qədər desən olurdu) məktəb illərini, Gülsümün unudulmaz təbəssümünü az qala minnətdarlıqla xatırlayır və bu zaman artıq təzə-təzə olan kimi əzab çəkmirdi, əksinə, xoşhallanırdı. Yuxusuna gəlib o günlər girirdi, Gülsümün ona evdən “Ovod” romanını gətirib (şəhərdən gələn əmisi bir qucaq kitab gətirmişdi – Varis əmisi) “hökmən oxu” deməsi, oxuyub qurtarandan sonra isə qızı cırnatmaq üçün “bu da kitabdı?! Oxuya bilmədim”.özünü artistliyə vurması...

 – Çox da bilirsən?! Doğrudan xoşuna gəlmədi? Gəlib, gəlib... gözlərindən görürəm, xoşuna gəlib. Mənim xoşuma gəlib... – Gülsüm qızardı. – Bəhram, sən Ovod kimisən, bilirsən? Onun kimi ucaboylu, güclüsən... Ver, ver bunu.

 – Qıpqıpmızı qızarmış Gülsüm Kəhrizli arxın körpüsündə çantasını ondan aldı (Bəhram hərdən, xüsusilə, ağır olan vaxtlarda – məsələn, kitabxanadan kitab alanda Gülsümün çantasını körpüyəcən özü daşıyırdı), birdən söhbəti dəyişib yenə təbəssümünə “qərq oldu”:

– Vəng dağından gecələr qorxulu-qorxulu səslər gəlir, düzdü? Noldu, niyə susursan?

Qoşa hörüklü, gülümsər Gülsümün səsinə qulaq asmaq Bəhramın xoşuna gəlirdi. O qədər xoşuna gəlirdi ki, bəzən qulaq asa-asa sualın mənasını anlamazdı, çaşıb qalardı. Gülsüm isə belə hallarda “ bax, bax, Bəhram, mən beləcə ancaq sənə baxıram, qızarma, utanma, eh, nolub sənə, ayıl...” gözlərində xüsusi bir təbəssüm gülümsərdi, bu xüsusi təbəssüm Bəhram üçün elə bu gün də dünyadakı hər şeydən əziz olub durub gözlərinin qabağında, gedirdimi, getmirdi.

“Ovod kimisən, ucaboylu... görəsən nə demək istədi?!”

– Gəlir, Vəng dağından gecələr elə qorxulu səslər gəlir ki... Uuu... Mən vahimədən yata bilmirəm. Deyirlər, dağda cadugər gizlənib, bir də deyirlər, bu dağ istəyəndə adamlara görükür, istəməyəndə görükmür...

Qız döyüküb qaldı. Təbəssüm üzündə donmuşdu. Handan-hana diqqət və ehtiyatla Bəhrami süzəndən sonra (Bəhram gülüşünü saxlaya bilməmişdi) ürəyi Gülsümün yerinə gəldi, təbəssümü dodağında oynadı:

– Yalançı, yalançı, bu boyda oğlansan, amma... ay səni yalançı... – Gülsüm gülə-gülə qaçıb getdi.

Uzunburun Mübariz isə, əlbəttə, hər şeyi korladı. “Heyvanın heyvanı, bu nədi dedi, qız, əslində, ondan yox, məndən küsdü” – Bəhram anlamışdı ki, Gülsüm səkkizinci sinifdən sonra daha əvvəlki, məxsusi ona gülümsəyən Gülsüm bir də heç vaxt olmayacaq.

Gülsümün atası Əryən kişinin Bakıda yaxın qohumu (dayısı oğlu Varis) yaşayırdı, razılaşmışdılar, Gülsüm orta məktəbi Bakıda tamamlayacaqdı və bu müddət ərzində onlarda qalacaqdı. Varis müəllim adlı bu dayıoğlu, həqiqətən, qohumcanlı idi, Gülsümü iki il orta məktəbdə oxuyan zaman, beş il ali məktəbə gedib-gələn zaman evində öz balası kimi saxladı. “Qızım, sənin üzündə nə zamansa gülüş görəcəm, yoxsa yox, kənd üçün, yəni, belə darıxırsan?! Əvvəl-əvvəl mən də yaman darıxırdım, sonra isə, eh...” Gülsümün üzündəki təbəssüm bir də peyda oldu beşinci kursu bitirib filoloq diplomunu alandan az sonra Varis əmisinin onu oğlu Səyyafa nişanladığı gün Gülsüm nə isə xatırlayıb dodaqları yenə öz həmənki işıqlı təbəssümünə büründü.

... Bir dəfə yay tətili zamanı (gərək ki, dördüncü kursa keçmişdi) folklor yığmaq məqsədilə Gülsümü öz kəndlərinə təcrübəyə göndərmişdilər. Ev-ev gəzib nağıl, əfsanə, lətifə, deyim yığmalı idi. Gülsümü kənddə görənlər ancaq ondan danışırdılar. “Gözəl-göyçək, ağıllı, ədəbli... nağılları toplamağa gəlib, gərək ona bir qəşəng nağıl danışam”. Kəndin cavanları sahman-səliqələrinə, üst-başlarına fikir verməyə başladılar. Hardansa Radio meydanında Mübariz öz sualları ilə yenidən peyda oldu (çoxdandı yox idi, rayon mərkəzində texnikumu bitirib ispolkomda nə isə bir işə düzəlmişdi).

Bəhram o zaman bircə dəfə, özü də təsadüfən gördü Gülsümü. Üstəlik çox pis yerdə üz-üzə gəldilər – düz Kəhrizli arxın körpüsü üstündə (“Kəhrizli arx, söylə səndə nə sirr var?”). Gülsüm həqiqətən dönüb başqa bir Gülsüm olmuşdu, əvvəlkindən də xeyli qəşəngləşmiş, ətə-cana gəlmişdi (əvvəllər arıq idi; “sən yemək yemirsənmi, Gülsüm?! Bəlkə sən ağacın budağında yatırsan, onun üçün belə nərmənaziksən, budaq səni saxlar...”).

Qulağına çatmışdı, haralardasa bəzi qoca qarılar bir müddət yoxa çıxan qızlar yenidən kəndə gəlib qayıdanda əvvəlcə onların qarınlarına baxardılar, “şişib, ya şişməyib?” Bu bir anlıq körpü üstdəki görüş zamanı Bəhramın gözləri macal tapıb Gülsümün əvvəlcə gözlərinin içinə saplandı, sonra Bəhram Gülsümün qəlbinə baxdı. Gülsümün qəlbi şişmişdi. Bu qəlbə kimsə girib özünə orada yuva qurmuşdu. “Ay qoca qarı...”

Gülsüm özü hamilə deyildi, Gülsümün qəlbi hamilə idi. Gülsüm tezcə başını aşağı dikib ürəyi yarpaq misalı titrəyən Bəhramın salamına dilucu “salam” verdi, özü də ürəyi elə o cür (amma heç nə biruzə vermədən) titrəyə-titrəyə tezcə də keçib getdi. “Niyə, niyə, nə üçün?” Vəssəlam.

Mübariz təngnəfəs naxır yerinə özünü çatdırdı:

– Gəlibdi. – Salamsız-kalamsız “şad” (“bəd?”) xəbər verdi.

– Mübariz, sən nəyə gəldin?

– Elə-belə... Gəldim. Deyirlər, nişanlanıb guya. Varis əmisinin oğluna nişanlanıb.

– Allah xoşbəxt eləsin. Sənə nə?

– Səndən niyaranam. Mən sənə görə deyirdim. – Mübariz başın aşağı dikib riyakarlıq etdi.

– Yaxşı, mənə nə?

Mübariz bir an başın qaldırdı, maddım-maddım onun üzünə baxıb durdu, söz tapmadı deməyə. İstədiyi söhbət alınmamışdı. Kimisə suala tutmaq bəlkə də ilk dəfə ona xeyli iyrənc gəldi. Eləcənə bir-birilə bir-iki kəlmə də tamam dəxli olmayan məsələlərdən danışdılar:

– Rayona gələndə bir görük. Yerimi ki, bilirsən. Təzə hind filmi gətiriblər, bir yerdə gedərik.

– Gedərik, Mübariz... Mən qoyunları tala tərəfə apacaqdım. – Bəhram oturduğu daşın üstündən qalxdı.

“Eh!..” – eləyib Mübariz daha bir kəlmə danışmadı. Elə həmən axşam rayona qayıdıb getdi.

... İndi Bəhram kişi F.Q.-yə Mübariz barədə “Mübariz yaxşı kişidi” deyəndə nəyi nəzərdə tuturdu, bunu özü də bilmirdi. Sadəcə, Bəhram kişi həmişə istəmişdi ki, adamlar arasında dil-könül birliyi olsun, hamı bir-birinin dalınca ancaq xoş üzlə baxsın və hamı bir-birinə xoş sözlər desin.

“Nədi Mübarizin yaxşı adam olmasının sübutu?” sualına isə Bəhram kişinin birmənalı cavabı yox idi. Mübariz uzun bir müddət idi ki, kəndə köçüb gəlmişdi, arvadı, uşaqları... sovetin sədri idi, Bəhram kişi isə altmışı çoxdan keçmişdi, amma ailəsi – arvadı, colma-cocuğu yox idi, buna heç əvvəldən həvəsi də olmamışdı, “külfət, arvad, uşaq... yox, yox, sən allah, başqa şeydən danışaq”, təkidlə onu evləndirmək istəyən atası Qəmər çoban vəfat edəndən sonra daha heç kimi aldatmağa ehtiyac qalmamışdı, özü üçün yaşayırdı, bir də arıçılığını edirdi, çünki Bəhram kişi arıçı idi, özü də yaxşı arıçı idi. “Xoş-beş, onbeş” və ... xatırlamağa çalışdı, daha nə idi Mübarizlə onu birləşdirən? Keçmişin xatirələri deyildi, heç biri bir dəfə də olsun o məktəb günlərini yada salmayıb. Hər ikisinin uzaq qohumu olan Gülsüm çoxdan ailə qurmuşdu, oğul, nəvə böyüdə-böyüdə, yəqin ki, o da qocalmışdı. Hər halda ikisi də qəlbinin gizlinində buna ən azından ümid edirdi. Gülsümdən çoxdandı heç bir səs-səda yox idi. Atası Əryən kişi öləndən sonra (qırxından, ilindən sonra) kənddəki evlərinin qıfılı bu günə qədər açar görməmişdi. “Qocalıb, qocalıb yəqin...”

“Amma yox, Mübariz dilinə bir kəlmə söz gətirməsə belə, Mübariz yaxşı adamdı. İndiyə qədər özünü mənim yanımda günahkar sayır, bilirəm”.

Körpü üstündəki təsadüfi görüşdən sonra (təxminən, bir il sonra – Gülsüm bu zaman artıq ərə getmişdi, daha sonra eşitdi, gərək ki, ekiz övlad da dünyaya gətirmişdi) Bəhram Gülsümü bir dəfə də görəsi oldu. Bakıda bir qohum toyu idi, Qumral əmisinin oğlu qızını ərə verirdi. Bəhram restorana gələndə dəm-dəsgah, büsat onu əməlli-başlı çaşdırdı, ger-geyimli qonaqlar, xidmətçilər, musiqi, hay-küy...

Restoran toyları təzə-təzə dəb düşürdü. Ağız deyəni qulaq eşitmirdi. Uzaqda, yaxında gülən, gülüşən, badə-badəyə vuranların tanış simaları (bəziləri nə zamansa kənddən çıxıb, çoxdan şəhərli olmuşdular) diqqətini cəlb edir və bu təmiz, səliyqəylə geyinmiş, üzü-gözü sevgi dolu (əlbəttə, bu sevginin yaranmasında içilənlərin də “xidməti” vardı) adamlara baxa-baxa Bəhram düşünürdü ki, nə yaxşı onun qohumları, tanıdıqları, lap elə tanımadıqları bir-birinə bu cür mehribanlıqlarını qoruyub saxlaya biliblər, bir-birilə belə ərklə, canyananlıqla söhbət edir, birlikdə çörək kəsir, bir-biri qarşısında bu adamların alınları açıq, üzləri ağdı. Nə yaxşı, nə yaxşı...”Zəmanə zəmanə deyil, Allah çox görməsin, qorusun bunları bir-biri üçün...”

Toy yavaş-yavaş qızışırdı. Nəfəs dərmək, içəridəki boğanaqdan heç olmasa qısa bir müddətə can qurtarmaq üçün Bəhram vestübülə çıxdı. Gözləri ora-bura baxa-baxa tanış axtardı, tapa bilmədi, elə bu zaman sola dönəndə az qala onunla (Gülsümlə) toqquşdu. Yanında qalstuklu – kostyumlu, bir yaşlı, amma, şux kişi vardı, Bəhram bu adamı heç vaxt görməmişdi, amma “suyu şirin gəldi, yəqin ki, əridir”. Gülsüm onu görəndə yanaqları allanmadımı, allandı (bircə əvvəlki təbəssümü üzündə yox idi, amma təbəssümsüz də Gülsüm Gülsüm idi, yenə də bir az qəşəngləşmişdi, əynindəki qızılı həşyəli qara paltarı, boynundakı iki qatar mirvarisi ona çox yaraşırdı). Bəlkə də görməməzliyə vurub Gülsüm yan keçmək istərdi, amma mümkün olmadı, ayaq saxladılar, salamlaşdılar:

– Tanış olun, – Gülsüm ərinə dilucu Bəhramı təqdim etdi. – Qəmər əmimin oğludu, Bəhram. Kənddə yaşayır. Bir sinifdə oxumuşuq. Bu da...

 – Tay denən qohumuq ki... Mən Varis müəllimin oğluyam, bu xanım da övladlarımızın anasıdı. Səyyaf müəllim.

 – Varis əminin oğlu (üzügülər adam idi) əlini uzadıb özünü təqdim elədi.

– Bəhram. – Bəhramın uca boyu elə bil balacalaşdı, bunu özü elədi, (Səyyaf müəllimin balaca boyundanmı utandı?), bir-birinin əlini sıxdılar. Bəhram çalışdı, üzünə bir təbəssüm yapışdırsın (qədim zamanlarda yeri gələndə Gülsümdən təbəssüm borc alardı), alındımı, alınmadımı – bilmədi. Alınmadı, çünki Gülsüm gördü ki (“ eh!..”), dodağını dişlədi.

– Çoxdan gəlmisən toya?

– Səyyaf müəllim Bəhramla min ilin tanışları kimi danışmağa başladı.

 – Hə, bir az var. Gurultudu yaman. Dedim, çıxım bir nəfəs alım... – Ürəyi ata-ata Bəhram üzünü Gülsümə tutdu. – Necəsən, nə təhərsən? Uşaqlar, Varis əmi?..

– Yaxşıyam. Hamı yaxşıdı. Sizlərdə nə var, nə yox?! Qohumlar, tanışlar, dostlar?.. Pəri nənə durur? – “Dostlar” sözünün xüsusi vurğusu var idi.

– Durur, durur. Hamısı yaxşıdı. Salamları var – Bəhram gizli eyhamı, əlbəttə ki, anlamadı.

 Səyyaf müəllim əli ilə qalstukunu düzəldə-düzəldə başını döndərib həvəslə sağa-sola baxır, qohum-tanış axtarırdı. İçəridən gələn musiqi səsi, adamların könüldən oynamaları (indi qocalı, cavanlı, arvadlı, kişili əl tutub yallı gedirdilər) onu cuşa gətirir, içəri – toy zalına çəkirdi.

– Yaxşı, Bəhram, deyirəm, onsuz da gecikmişik, biz keçək içəri. Bir biz tərəfə də görün. Görüşərik. Keçək içəri, Gülsüm?

Onlar içəri keçdilər. Bəhram cibindən dəsmal çıxarıb alnının tərini silmək istəyəndə barmaqları titrəyirdi.

Bu “Gülsüm” söhbətini burada bitirmək də olardı. Amma...

Bir məqam da oldu, o məqamsız mümkün deyil.

... Bəhram yerinə qayıdanda gördü ki, Gülsüm və əri Səyyaf müəllim ondan bir stol o tərəfdə oturublar – üzü Bəhrama sarı. Səyyaf müəllim özünə yanında bir həmsöhbət tapmışdı, başı bərk qarışıq idi, yeyirdi, içirdi, badə-badəyə vururdu. Bəhram calışdı, onlarla üz-üzə, göz-gözə gəlməsin, o tərəfə çalışdı, baxmasın. Beynində veyil-veyil gəzən bir fikir isə ona bu toy məclisində heç cür rahatlıq vermirdi, qəlbini əzirdi. “Noldu bə bu qızın o gülüşü? Bunun dodağının ucu da qaçmır ki. Elə bil, ömrü boyu bir dəfə də gülüb eləməyib. Bu niyə belə oldu?”

Bəhram “lənət şeytana!” xəlvətə salıb Gülsüm tərəfə gizli bir nəzər yetirdi, “elədi ki, var – gəmiləri batıb”.

Doğrudan da, Gülsümün üzündə ciddilikdən başqa heç nə yox idi. “Hayıf, hayıf...”

 ... Toyun axırına az qalırdı. Xidmət edənlər stol üstə qabları o yan bu yana eləyib aş üçün yer düzəldirdilər. Elə bu zaman müğənni çox yanıqlı və tanış bir mahnını oxumağa başladı. Kimsə bu mahnıya oynamağa çalışdı, alınmadı. Mahnının belə sözləri vardı: “Apardı sellər Saranı...”

Radio meydanında Gülsüm o tərəfdə – arvadların yanında, Bəhram isə bu tərəfdə – cavanların arasında bu mahnıya birinci dəfə orda qulaq asmışdılar, hər ikisinə elə gəlmişdi ki, bu mahnı ancaq onların mahnısı ola bilər, indi, bu saat Radio meydanında onlardan başqa heç kim yoxdur. Hamı harasa, bax, uçdu, getdi, ancaq onlardı, bir-birindən gözlərini çəkə bilmirlər. Sonra isə hər kəs yenə də Radio meydanında peyda oldu, öz yerinə qayıtdı, o mahnının nə üçün onları belə bir hala salmasını ikisi də qəlbinin ən dərin yerində gizlətdi və bu barədə sonralar da bir-birinə bir kəlmə belə söz demədilər. İndi bu haylı-küylü toy məclisində o uzaq və qəmli mahnıya qulaq asa-asa Bəhramın qəlbindən döyünə-döyünə yenə qəribə hisslər keçdi: “apardı sellər Gülsümü, apardı...”

Bu dəfə düppədüzünə üzünü döndərib Gülsümə baxdı. Damarında qanı donmadımı, dondu. Gülsümün rəngi geyindiyi paltarın rənginin tam əksi olmuşdu. Paltar qızıl həşyəli qara paltar idisə, Gülsümün rəngi indi bəmbəyaz idi. Gülsüm qüssə dolu gözlərini dikmişdi düz onun üzünə və... gülümsəyirdi. Baxırdı və gülümsəyirdi. Təbəssüm yenə kəpənək kimi onun titrək dodaqlarına qonmuşdu – eynən məktəbdəki kimi, eynən məxsusi onun üçün gülümsəyirdi. Onlar yenə təkcə qalmışdılar. Radio meydanında olan kimi bütün bu toy camaatı – bəy və gəlin, qonaqlar, müğənnilər, musiqiçilər, xidmətçilər, lap elə üzüqıpqırmızı qızarmış Səyyaf müəllimin özü harasa uçdular, getdilər, əridilər, yox oldular. Gülsüm sakit-sakit, açıqca bir həsrətlə ona baxır və gülümsəyirdi. Bu bir vida təbəssümü idi. Son dəfə. Məxsusi onun üçün.

Vəssəlam. Bu dəfə, həqiqətən, vəssəlam.

 

 

(Ardı gələn şənbə sayımızda)

 

Kamal ABDULLA

 

525-ci qəzet.- 2010.- 28 avqust.- S. 16-17.