“Bu cəhdlər əbəsdi”

 

MİSİR MƏRDANOV: “TƏHSİL SAHƏSİNDƏ GEDƏN İNKİŞAFI DANMAQ ƏN AZI ƏDALƏTSİZLİKDİR”

 

“2009-2010-cu tədris ilinin ən vacib hadisəsindən biri uzun illərdən bəri müzakirə olunan “Təhsil haqqinda” qanunun qəbulu olub. Qanunun tətbiqi ilə bağlı Təhsil Nazirliyi tərəfindən mütərəqqi dünya təcrübəsində tətbiq olunan inkişafyönümlü model və mexanizmləri, müasir yanaşmaları əks etdirən 40-dək normativ-hüquqi sənəd hazırlanıb. Sənədlərin 22-si Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Nazirlər Kabinetinin fəaliyyətində də təhsilin inkişafı əsas prioritetlərdən biri olub, 2009-10-cu dərs ilində hökumət tərəfindən təhsillə bağlı 25 qərar imzalanıb. Ötən tədris ilində Nazirlər Kabineti Türkiyə, Misir, Rusiya və Ukraynanın ali məktəblərində Azərbaycandan təhsil alan tələbə, aspirant və doktorantlara təqaüdlərin müəyyən edilməsi haqqında qərar qəbul edib. Qərara əsasən müvafiq ikitərəfli müqavilələr əsasında dövlət xətti ilə Türkiyə və Misirin ali məktəblərində Azərbaycandan bakalavriat və magistratura səviyyələrində təhsil alan hər bir tələbə üçün 100 ABŞ dolları (2009-da 50 ABŞ dolları təşkil edib) doktorantlar üçün 200 ABŞ dolları (ötən il 50 dollar olub), Rusiya və Ukraynanın ali təhsil müəssisələrində mütəxəssis hazırlığı, bakalavriat, magistratura səviyyələrində təhsil alan hər bir tələbə, eləcə də ordinatorlar üçün 150 (2009-da 100 dollar olub), aspirantlara 250 (ötən il 150 dollar olub), doktorantlara 300 ABŞ dolları (2009-da 200 dollar təşktl edib) ekvivalentində büdcə vəsaiti hesabına aylıq təqaüd müəyyən edilib. Dövlət büdcəsinin tərkibində təhsilə ayrılan faktiki xərclər 2009-cu ildə 1.147 milyard manat təşkil edib. 2010-cu ildə təhsilə ayrılan xərclər 1.276 milyard manat nəzərdə tutulub. Bu da ötən ilin büdcəsinə nisbətən 129 milyon manat artıqdır. İnvestisiyaların həcmi 2009-cu ildə 63.7 milyon manat, 2010-cu ildə 71.4 milyon manat təşkil edir. Təhsil işçilərinin orta aylıq əməkhaqqı ilbəil artaraq 2008-ci ildəki 220 manatdan 2009-cu ildə 268,5 manata yüksəlib. 2010-cu ildə əmək haqqı sabit qalıb. 2009-10-cu dərs ilində Təhsil Nazirliyi tərəfindən “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi uğurla həyata keçirilib. Prezident İlham Əliyev “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin qaliblərinin mükafatlandırılması haqqında sərəncamlar imzalayıb. Sərəncamlara əsasən 100 ən yaxşı müəllimin hər birinə 5 min manat, 50 ən yaxşı məktəbin hər birinə 10 min manat mükafat verilib. 2009-10-cu dərs ilinin ən mühüm hadisələrindən biri də 470 nəfərə prezidentin sərəncamı ilə fəxri adlar, orden, medal və fərdi təqaüdlərin verilməsidi”. Bunu 2009-2010-cu tədris ilində həyata keçirilən tədbirləri dəyərləndirərkən təhsil naziri Misir Mərdanov deyib.

 

BU İL 3 MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏSİ ƏSASLI TƏMİR EDİLİB, 32 MÜƏSSİSƏDƏ CARİ TƏMİR İŞLƏRİ APARILIB

 

Nazirin sözlərinə görə, ötən il ölkə üzrə 14 yeni məktəbəqədər təhsil müəssisəsi tikilib istifadəyə verilib. Bakının 10 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir edilib. 134 müəssisə müvafiq avadanlıqlarla, təlim vəsaitləri ilə təmin olunub. Həyata kecirilən tədbirlər nəticəsində Bakıda bağçalara cəlb olunan uşaqların sayı 10 min nəfər artıb, təhsilin bu pilləsi üzrə əhatə səviyyəsi 26 faizi ötüb. Hazırda ölkədə ümumilikdə 1624 uşaq bağçası fəaliyyət göstərir. Bu bağçalarda 107954 uşaq tərbiyə olunur. Ölkədə fəaliyyət göstərən özəl məktəbəqədər təhsil müəssisələrinin sayı isə 16-dır. Burada 800 uşaq tərbiyə olunur: “Təhsil Nazirliyi tərəfindən ölkənin iqtisadi və inzibati rayonları üzrə 5 yaşlı uşaqların sayı dəqiqləşdirilib, məktəbəqədər təhsilə cəlb olunanlar haqqında məlmat bankı yaradılıb. Göstəricilərə əsasən məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı ölkə üzrə 107954, Bakı üzrə 34701, məktəbəqədər təhsil müəssisələrində layihə üzrə uşaq yerlərinin sayı ölkə üzrə 128344, paytaxt üzrə 46934, istifadə olunmayan uşaq yerlərinin sayı 24322, Bakı üzrə 10175-dir.

Ölkə üzrə 5 yaşlı uşaqların sayı 131925, paytaxt üzrə 26352, onlardan məktəbəqədər təhsilə cəlb olunanların sayı ölkə üzrə 28348, Bakı üzrə 10252, cəlb olunmayanların sayı ölkə üzrə 103577, paytaxt üzrə 16100, 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi üçün tələb olunan uşaq yerlərinin sayı 79255-dir”. M.Mərdanov vurğulayıb ki,

 

DÖVLƏT MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ BİR İLDƏ ORTA HESABLA HƏR UŞAĞA 816 MANAT VƏSAİT AYRILIR

 

Ancaq özəl məktəbəqədər təhsil müəssisələrində valideynlər tərəfindən bu müəssisələrə 10 dəfə artıq vəsait ödənilir. Məsələn, “Çeburaşka”da hər uşağa aylıq 400 manat, Pleyarenada 500, MTK-nın uşaq bağçasında 600, XXl əsr ÜTM-nin uşaq bağçasında 600, “Günəş” uşaq bağçasında 750 manat vəsait ödənilir”.

Məktəbəqədər təhsil müəssisələrində mövcud olan problemlərdən söz açan M.Mərdanov bildirib ki, hazırda 1173 bağçasının əsaslı təmirə ehtiyacı var. Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazası zəifdi, bu məqsədlə kifayət qədər maliyyə vəsaiti ayrılmır, 21müəssisədə müxtəlif təşkilatlar yerləşdirilib, ölkədəki 362 bağçada 7998 nəfərdən ibarət 1768 məcburi köçkün ailəsi məskunlaşıb. Ölkə üzrə məktəbəqədər müəssisələrə uşaqların cəlbi faizi aşağıdır: ölkə üzrə 16,5, şəhərlərdə 23,4, kəndlərdə 8,7 faiz.

Prezidentin “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” sərəncamına əsasən 240 məktəbəqədər təhsil müəssisəsi özəlləşdirməyə açıq elan edilib. İndiyədək həmin müəssisələrdən 82-si, o cümlədən Bakıda 46-sı özəlləşdirilib. Onlardan 6-sı Təhsil Nazirliyinin lisenziyasına əsasən profili üzrə fəaliyyət göstərir, orada 325 uşaq tərbiyə və təhsil alır. 9 müəssisə lisenziyasız fəaliyyət göstərir, 12 müəssisənin binasından qeyri-təhsil məqsədləri üçün, əsasən tiçarət obyektləri kimi istifadə edilir. 8 müəssisədə məcburi köçkün ailələri məskunlaşıb, 4 müəssisənin binası sökülüb, 43 müəssisə fəaliyyət göstərmir: “Bu gün ölkədə 3532 yaşayış məntəqəsi var. Onların 2667-də uşaq bağçası yoxdu. Şəhərlərdə bağçalar var kəndlərdə yoxdu. Mənim fikrimcə, bu çox ciddi bir məsələdi, bizim üçün bu çox ciddi bir problem sayılır”.

Təhsil nazirinin dediyinə görə, Nazirlər Kabinetinin təsdiq etdiyi qida normalarına uyğun olaraq

 

MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏSİNDƏ 1 GÜN ƏRZİNDƏ 1 UŞAĞIN QİDALANMASI ÜÇÜN MALİYYƏ XƏRCİ 3 MANAT 25 QƏPİK TƏŞKİL ETMƏLİDİ

 

Lakin faktiki ayrılan vəsait həmin normadan xeyli aşağıdı. Fakt ondan ibarətdir ki, Bakıda 1 manat 59 qəpik ayrılır, Xaçmaz rayonunda 1 manat 10 qəpik, Masallıda 93 qəpik, Qəbələdə 78 qəpik, Bərdədə 56 qəpik, Sumqayıtda 51 qəpik, Balakəndə 48 qəpik, Zaqatalada isə 42 qəpik: “Biz nə qədər tələb etsək də bu vəsaitlər artırılmır. Yalnız Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Qərənfil” uşaq bağçasında 1 gün ərzində 1 uşağın qidalanması üçün maliyyə xərci 3 manat 25 qəpik təşkil edir. Ona görə də 200 yerlik bu bağçada 400 uşaq tərbiyə olunur”.

 

BU İL 17434 YERLİK 48 YENİ MƏKTƏB BİNASI İNŞA EDİLİB

 

10 məktəb üçün 1418 yerlik əlavə korpuslar tikilib. 6 məktəb əsaslı təmir olunub, 356 orta məktəbdə Təhsil Nazirliyi tərəfindən cari təmir işləri aparılıb. 6980 yerlik 25 yeni məktəb binasının tikintisinə başlanılıb. Ölkədə fəaliyyət göstərən dövlət ümumtəhsil məktəblərinin sayı 4529, şagirdlərin sayı 1352500, özəl ümumtəhsil məktəblərin sayı 17, orada təhsil alanların sayı isə 7400 nəfərdir. 2010-11-ci tədris ilində ümumtəhsil məktəblərinin 1-ci siniflərinə 123844 şagirdin gəlməsi proqnozlaşdırılır. Heydər Əliyev Fondunun dəstəyilə Ulyanovski şəhərində yeni bir məktəb istifadəyə veriləcək. Gürcüstanda 5 əsaslı təmir olunan məktəbin istifadəyə verilməsi gözlənilir. M.Mərdanovun sözlərinə əsasən, bu il məktəblərin avadanlıqla təminatı üçün nəzərdə tutulan vəsait 3,2 milyon manat təşkil edib. Bu il 64 rayon təhsil şöbəsinə məktəblər üçün 27414 parta, 2315 yazı lövhəsi, 4313 müəllim masası, 7662 müəllim stolu verilib. Məktəblərin laboratoriyalarla təminatına 1,9 milyon manat vəsait ayrılıb. 115 məktəb müasir kimya və fizika laboratoriyaları ilə təmin edilib. Məktəb katabxanalarının təchizatı üçün ayrılan vəsait 941 min manat təşkil edib. Bu vəsait hesabına 66 məktəbin kitabxanası zəruri avadanlıqlarla təmin edilib: “Yeni məktəblərinin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi nəticəsində ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Son 10 ildə məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar sayəsində ikinövbəli məktəblərin faizi 73,0-dan 44-ə, ikinci növbədə təhsil alan şagirdlərin faizi isə 34,5-dən 21-ə enib”.

Nazir deyir ki, nazirliyin qarşısında duran ən ciddi problemlərdən biri də məktəb şəbəkəsinin rasionallaşdırılmasıdır. Bu iş nazirlk tərəfindən Dünya Bankının xəttilə aparılır: “Hazırda ölkədə az şagird təhsil alan çoxlu sayda məktəb var. Məsələn, şagirdlərin sayı 30 nəfərədək olan məktəblərin sayı 315, şagirdlərin sayı 31-dən 50-yə qədər olan təhsil müəssisələrinin sayı 74, şagirdlərin sayı 30-dək olan məktəblərin sayı isə 9 dənə təşkil edir. Təhsil Nazirliyi bu problemin aradan qaldırılması istiqamətində ciddi işlər görür”.

Təhsil tarixində ilk dəfə olaraq ölkənin 14 rayonunda 1-ci siniflərdə fənn kurikulumlarının tətbiqi vəziyyətinin monitorinqi aparılıb. Yeni kurikulumların tətbiqi ilə əlaqədar ilk dəfə olaraq 2010-2011-ci dərs ilində

 

1-Cİ SİNİFLƏRLƏ İŞLƏYƏN 9 MİNƏDƏK MÜƏLLİM XÜSUSİ PROQRAM ƏSASINDA ÖYRƏDİCİ TƏLİM KURSLARINDAN KEÇİB

 

Müəllimlər nazirlik tərəfindən nümunəvi tədris materialları ilə təmin ediliblər. M.Mərdanov qeyd edib kı, 2008-2009-cu tədris ilində ümumtəhsil məktəblərinin 1-ci siniflərində tədrisə yeni fənn kurikulumları və müasir dərsliklərlə başlanıb, bu proses 2009-10-cu tədris ilində 1-ci və 2-ci sinifləri əhatə edib: “Nazirlik tərəfindən xarici dillərin intensiv tədrisi layihələri davam etdirilir. Rusiyanın Azərbaycandakı səfirliyi ilə birlikdə 2009-10-cu tədris ilindən ölkənin 50 məktəbində rus dilinin intensiv tədrisi layihəsinə start verilib. British Council ilə Bakının 7 pilot məktəbində xususi tədris planı və proqramı əsasında ingilis dilinin intensiv tədrisi layihəsi davam etdirilib. Həmin məktəblərin 100-dən çox müəllimi Böyük Britaniyadan dəvət olunan beynəlxalq məsləhətçinin iştirakı ilə xüsusi treninqlərdən keçirilib”.

Ali məktəblərə qəbulun ilkin nəticələri haqqda danışan nazir deyib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) məlumatına görə, qəbul imtahanlarında 0-100 bal toplayan builki məzunların sayı 17127 nəfər olub. Bu sənədverənlərin 28.17 faizini təşkil edir. Ötən il bu 31.48 faiz olub. Yəni bu il ötən ilkinə nisbətən 0-100 toplayan məzunların sayında 3,4 faiz azalma olub. Bu da keyfiyyətin artması deməkdi. TQDK-nın məlumatına əsasən, 100-200 bal toplayan abituriyentlərin faizi ötən il 22.63, bu il isə 21,57 faiz olub. 200-300 bal toplayanların faizi ötən il 18.26 bi il 18.67 faiz təşkil edib. Ən sevindirici hal odur ki, 300-500 bal toplayanların faizi 21.23 faizdən 23.01 faizə yüksəlib.

 

QƏBUL İMTAHANLARINDA 500-700 BAL TOPLAYAN ABİTURİYENTLƏRİN FAİZİ ÖTƏN İL 6.40, BU İL İSƏ 8.58 FAİZ TƏŞKİL EDİB

 

Bu cox sevindirici haldı. TQDK-nın məlumatına görə, qəbul imtahanlarında ixtisas qrupları üzrə 500-700 bal toplayan abituritentlərin faizi aşağı düşüb. 1-ci ixtisas qrupu üzrə 5 faiz, 2-ci ixtisas qrupu üzrə 10 faiz, 3-cü ixtisas qrupu üzrə 8 və 4-cü ixtisas qrupu üzrə 12 faiz təşkil edib: “Mənim fikrimcə, bu göstəricilər çox yaxşıdı. Bu ümumu təhsildə olan inkişafın əsas göstəriciləridir. Ötən il 996 nəfər 600-dən yuxarı nəticə göstərib. Bu il isə 1414 nəfər 600-dən çox bal toplayıb. Bu göstəricilər də təqdirə layiqdir”.

 

2010-2011-Cİ TƏDRİS İLİ ÜÇÜN 111 ADDA 4506650 NÜSXƏ DƏRSLİK VƏ MÜƏLLİM ÜÇÜN METODİK VƏSAİT ÇAP OLUNUB

 

Nazirin söylədiyinə görə, yeni kurikulum tətbiq edilən III siniflər üçün 40 adda 1088250 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait, I, VI, VIII-XI siniflər üçün isə 70 adda 3417800 nüsxə dərslik və 1 adda 600 nüsxə müəllim üçün metodik vəsait çap olunub. Xüsusi məktəblər üçün 12 adda 1070 nüsxə xüsusi şriftlərlə və brayl əlifbası ilə dərsliklər çap edilib. I siniflər üçün “Azərbaycan dili” dərslik komplekti, II siniflərin “Ərəb dili”, III siniflərin bütün dərslik komplektləri, VIII siniflərin “Rəsmxət”, IX sinfilər üçün “Coğrafiya”, “Azərbaycan Respublikasının Konstitusiyası” dərslikləri, XI siniflər üçün “İnfolrmatika” dərsliyi yenidir.

 

ÖLKƏNİN 73 MƏKTƏBİNƏ 200 NOUTBUK VƏ PROYEKTOR DƏSTİ PAYLANIB

 

M.Mərdanov deyir ki, “Elektron məktəb” layihəsində iştirak edən 20 məktəbə 300 yeni NEXSUS markalı personal kompüter, 336 ədəd netbuk verilib. Həmin məktəblər fiberoptik kabel vasitəsilə “Azərbaycan təhsil şəbəkəsi”nə qoşulub, onların yüksək sürətli internetə və nazirliyin Məlumat və Resurs Mərkəzinə çıxışı təmin olunub. 500 məktəb şəbəkə avadanlığı ilə təmin edilib. Kompüter avadanlıqları üçün 32000 lisenziya proqramı alınıb. 36 rayon üzrə 373 məktəbdə 6532 dəst kompüter avadanlığına texniki xidmət göstərilib. 17180 nəfər pedaqoji heyət, 4000 nəfər inzibati-idarəetmə heyət, 600 nəfər isə texniki heyət treninqlərdən keçib. “Xalq kompüteri” layihəsi çərçivəsində 7600 müəllim sadələşdirilmiş şərtlərlə kompüter əldə edib.

2009-2010-cu tədris ilinin ən mühüm hadisələrindən biri də ali məktəblərdə yeni maliyyələşmə mexanizminin tətbiq edilməsidi.

 

BU İL İLK DƏFƏ OLARAQ BAKALAVR PİLLƏSİNƏ QƏBUL ADAMBAŞINA MALİYYƏLƏŞMƏYƏ UYĞUN OLARAQ, DÖVLƏT SİFARİŞİ ƏSASINDA APARILIB

 

Nazir vurğulayıb ki, ali məktəblərə qəbul planı təsdiq olunarkən 37 ali məktəb yeni sistemdə iştirak etmək istədiyini bildirib. Onlardan 8-i özəl ali məktəb olub. Bakı Dövlət Universitetində dövlət sifarişi ilə qəbul olunanların faizi 52.7 faiz olub. Dövlət Neft Akademiyasında 71, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında 92 faiz, Texniki Universitet 32.8 faiz, Dillər Universiteti 55.6 faiz, Bakı Slavyan Universiteti 18.8 faiz, İqtisad Universitetində 42.4 faiz, Bakı Musiqi Akademiyası 43.4 faiz, Azərbaycan Milli Konservatoriyası 33.3 faiz, Tibb Universiteti 39.6 faiz olub. Özəl ali məktəblərdən Azərbaycan Kooperasiya Universitetində 0 faiz, “Azərbaycan” Universitetində 3 nəfər, Bakı “Asiya” Universitetində 0 faiz, Xəzər Universiteti 19 nəfər, Bakı Qızlar Universiteti 0 faiz, Qərb Universiteti 1.1 faiz, Bakı Avrasiya Universiteti 0 faiz, Qafqaz Universiteti 250 nəfər.

M.Mərdanov bildirib ki, son günlər Azərbaycan təhsilinin inkişaf səviyyəsinin ilbəil aşağı düşməsi, təhsilin bütün pillələri üzrə inkişafın müşahidə olunmaması haqqda cəmiyyətə doğru olmayan məlumatlar verilir. Özünü “ekspert” adlandıran bəzi adamlar Azərbaycan təhsilinin keyfiyyətinin aşağı düşməsi barədə əsassız, qərəzli fikirlər səsləndirirlər: “Biz PİZA Beynəlxalq Qiymətləndirmə Təşkilatının üzvü olaraq artıq ikinci dəfədir ki, beynəlxalq qiymətləndirmədə iştirak edirik. Birinci qiymətləndirmədə riyaziyyat üzrə biz çox yüksək nəticə göstərmişik. Ancaq oxu üzrə nəticələrimiz çox aşağıdı. Heç kəs demir ki, riyaziyyat üzrə yaxşı nəticə göstərilib. Hamı deyir ki, oxu göstəricisi üzrə nəticələrimiz aşağıdı. Oxu göstəricisi deyəndə bizim başa düşdüyümüz mənada mətni oxumaq başa düşülmür. Burada uşağa qəliz bir mətn verilir və mətnə aid çox çətin və bu sahə üzrə mütəxəssislərin belə cavab verə bilməyəcəyi suallar təqdim olunur. Yüksək ixtisaslı müəllim, alim belə bu suallara cavab verə bilməz, qalsın ki,15 yaşlı uşaq. Mən bizim oxu üzrə göstəricilərimizin aşağı olmasını müzakirə edən o ekspertlərə demək isitəyirəm ki, bilmədikləri bir məsələ haqqında danışıb Azərbaycan müəlliminin gördüyü işə qara yaxmağa çalışmasınlar. Bu cəhdlər əbəsdi. Təhsil sahəsində gedən inkişafı danmaq ən azı ədalətsizlikdi”. Nazirin sözlərinə əsasən, BMT hər ilin payızında ilin yekunlarına uyğun olaraq BMT-nin üzvü olan hər ölkənin insan kapitalının inkişaf göstəriciləri ilə illik hesabat dərc edir: “Əvvəla mən qeyd edim ki, bugünədək beynəlxalq təşkilatların əksəriyyəti müəyyən məsələlərə qiymət verərkən Azərbaycanla bağlı heç bir vaxt ədalətli mövqe tutmayıblar. BMT də digər təşkilatlar kimi ədalatli mövqe tutmayıb və hazırladığı hesabatda həqiqətə uyğun olmayan məlumatlar veriblər. Həmin hesabata görə, Ermənistan Azərbaycandan iki pillə yuxarıda dayanır. Halbuki Azərbaycanın hərbiyə ayırdığı büdcə Ermənistanın bütün büdcəsindən çoxdu.

Ermənistanda iqtisadi böhranin hökm sürdüyü, ölkənin acınacaqlı vəziyyətdə olduğu hər kəsə bəllidi. Deməli bu təşkilatın hazırladığı hesabatda olan məlumatlar həqiqəti əks etdirmir: “Bu təşkilatın Azərbaycan təhsilinə verdiyi qiymət də həqiqətə uyğun deyil. Çox təəssüf ki, bizim ekspertlər də onların hesabatında təhsillə bağlı yer alan “məlumatları” düzgün hesab edirlər. Qeyd edim ki, hesabat iki dildə ingilis və rus dilindədi. Hesabatdakı sütunun biri ümumu daxili məhsulun indeksini göstərir, digəri isə təhsilin indeksini göstərən sütundu. Hesabatın rus dilində olan variantında təhsil indeksi yerinə təhsilin kəmiyyət göstərici qeyd olunub. Bu tamamilə səhv bir şeydi. Bu təhsilin keyfiyyət deyil kəmiyyət göstəricisidir. Mənim fikrimcə, qərəzli bir mövqedi. Bizim ekspertlər bu səhflərə etiraz etmək əvəzinə, o fikirləri dəstəkləyir və bununla da ictimaiyyəti çaşdırmağa çalışırlar. O indeksdə biz niyə kəmiyyət baxımından aşağıyıq? Çünki Azərbaycanda əhalinin hər yüz min nəfərinə görə ali təhsillilərin sayı həqiqətən də aşağıdı. Bunu bizə Dünya Bankının ekspertləri də dəfələrlə irad tutublar. Mən isə cavab olaraq onlara demişəm ki, biz yalançı ali məktəb açmaqla məşğul deyilik. Biz keyfiyyətsiz mütəxəssis hazırlayan ali məktəbləri bağlayırıq və bağlayacağıq. Vaxtilə 1990-cı illərin əvvəllərində iki ilə Azərbaycanda 100 özəl ali məktəb, 45 özəl texnikum açılmışdı. Tovuzun, Beyləqanın kəndində universitet fəaliyyət göstərirdi. Biz isə 13 il ərzində onları yavaş-yavaş bağladıq. Çünki bu müəssisələrdə peşəkar kadr hazırlığı üçün əlverişli şərait yox idi. Ali təhsil alan insanların sayını artırmaq üçün ilk növbədə şərait yaratmaq, yeni universitet binası tikmək, laboratoriya yaratmaq, dərslik, orada dərs deyəcək müəllim hazırlamaq lazımdı. Ancaq bundan sonra ali təhsil alanların sayını artırmaq olar. Biz ancaq ölkədə yüksək ixtisaslı mütəxəssis yetişdirən universitetlərin qalmasının tərəfdarıyıq”.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2010.- 28 avqust.- S. 8-9