Oralarda kimlər var: Tofiq ABDİN

 

mən on il əvvəlki Tofiq deyiləm

 

heç beş il əvvəlki Tofiq deyiləm

 

1 Sentyabr

 

bu gün mənim doğum günüm

uydurma bir doğum günü

bu günün kədəri çox

sevinc itirib gücünü

yaşanan sevdaların

sırasına qar yağıb

insan doğulan gündən

tale onu qarğıyıb.

qapı var,nə astana

otağımın havası yox

gələnimin yolu bağlı

gedənimin davası çox

almışdım, verəm

orda bir körpə ağlayır

ola baxıb görəm ki

hər şey təzədən başlayır

bir sevdayla doğulmuşdum

bilmirdilər getməyim var

gətirənlər indi yoxdu

bu qalanlar məni ağlar...

2010

 

 

Gözəl həkim gözəl dost

 

Əlisəfa Əliyevə ithaf edirəm

 

mən on il əvvəlki Tofiq deyiləm

heç beş il əvvəlki Tofiq deyiləm

çıxıb davalardan ,çıxıb savaşdan

qalıb havalara bağlı bu ömür

onun necəliyi buluddan gəlir

Allaha,insana ümiddən gəlir

mən başdan-ayağa qəmli gileyəm

aldı öz içinə qorxular məni

qorxutdu qorxulu yuxular məni

bu qorxular

biri dünən vardı axı

bu gün yox

bu qorxular içində

cəsarətim

çilik-çilik qırıq ox

mən on il əvvəlki Tofiq deyiləm

heç beş il əvvəlki Tofiq deyiləm

gəlib dayanmışam bir ah içində

quş kimi çırpınnam günah içində

sevmək cəsarəti sıfırın altda

sevilməksə ondan bir aşağı

sabah duaları dilimdə şəkər

axşam duaları sabahı çəkər

titrək yarpaq kimi içim əsməkdə

bu yaşda, bu gündə bu əsarətdə

yenə olanlar məni üzməkdə

mən on il əvvəlki Tofiq deyiləm

heç beş il əvvəlki Tofiq deyiləm

bəzən çiçəklər incidir məni

yazıq böcəklər incidir məni

nəymiş bu dünyanın bilinməz yeri

bu halla, bu günlə, bu ağrılarla

yeri tofiq abdin geriyə yeri

yeriyə bilsən

niyə gəlmişdin ki

niyə bezmisən

dünya elə buymuş

dözüb yaşa sən

2010

 

 

sevdim elə bildim ki

səni xoşbəxt edərəm

bilmədim ki vaxtsa

səni yalqız buraxıb

səndən öncə gedərəm.

bu sözləri yazanda

içimdə ayrılıqlar

illər öncə bir idik

indi isə ortada

yaşanmaz ayrılıq var.

titrək yarpaq bilirəm

uzanan əlimizi

güc yox tale tükənib

qınamaz kimsə bizi

mənsiz qalmağın da dərd

mənlə getməyin dərd

gör gec anlamışam

dünya namərdmiş,namərd.

tez getsəm bağışla

gec getsəm bağışla

səni bədbəxt etdim

bu bəxtlə,bu naxışla.

2010

 

məni sevmək böyük bəla imiş

alnınıza ay doğdu sevmədiniz

güllər yağdı başınıza sevmədiniz

bu güllərlə çıxdım sizin qarşınıza

sevmədiniz

mən neyləyim

məni sevmək böyük bəla imiş

bu yaşımda şeir yazdım sevilməkçin

mənə imkan yaratdınız əyilməkçin

qarşınızda boynu bükük dayandım

dırnaq boyda şəfqət üçün

qapınıza dayandım

bu vətənin havasını çox gördünüz

düz üstümə yeridiniz

sonra məni qınadınız

Allah mənə bel vermişdi

qarşınızda dik durmağa

ömrüm boyu əymək üçün sınadınız

içimdəki dözüm məni sınamadı

evimdəki iki gözüm sınamadı

bəlkə onlar sınasaydı

öyrəşərdim beli bükük yaşamağa

sizin kimi onun,bunun yüklərini daşımağa

mənə olan qəsdiniz

niyə qənim kəsilmisiz

Allah verən bu ömürə.

2010

 

bu dünyaya düşəli

getmək günün gözlədim

dərdimi danışmadım

günahımı gizlədim

yaşamaq bu imişsə

demək yalanam yalan

məni satan oldu

ki məni alan

qarşımda bir daş divar

bundan o yana yol yox

ha çırpın bu üzündə

o üzdə gözləyən çox

görəsən tanıyarlar

səsimi çıxarmasam

bəlkə qınayarlar

neçə illərdi yoxam

mənmi vəfasız çıxdım

onlarmı vəfasızdı

əyər son bu imişsə

bu yazı yazıdı

2010

 

sənə ağırlığım yox

bu ömür mənim ömrüm

niyə tələsirsən ki

mən səndən qabaq ölüm.

sənə elə gəlir ki

çox yaşadım deyəsən

mənlik deyil bu işlər

bunları bilməlisən.

içimdə çiçək açıb

ayrılığın qorxusu

sanki ərşə çəkilib

gözlərimin yuxusu

canım ruhum həyatım

səni kimə tapşırım

sən çağrılmaz bayatım

bayatıtək yaşarım.

gəlmişəm gedəcəyəm

qalası deyiləm ki

məni üzmək verir

axı niyə ölüm ki...

2010

 

yaşadım yaşamışam

bundan sonrası Allahın

güman üstdə köklənmişəm

yarı dərdin yarı ahın

dualarla yatıb qalxmaq

indi ömrümün mayası

məndən o yanda yaşayır

ömrümün böyük yarısı

baxıram yaşanan yola

çoxu getdi, azı qaldı

mənlikdi sizlik

kimdisə qapımı çaldı

aman tanrım kimdi görən

hansı əsrdən yol gəlib

ya qapını yanlış salıb

ya məni tanışmı bilib

2010

 

indi baxıb görürəm ki

mən deyən oldun sən

sən deyən oldum mən

bu yol hara uzanacaq

bu yol harda bitər görən.

mən gözlərdim bu günü

sən gözlərdin bu günü

hədər yaşadın ömrünü

hədər yaşadım ömrümü.

bir acıq var bu şeirdə

ünvanını tapammıram

səndən ayrı bir ömürü

ömür kimi yaşamıram

bəs niyə içimiz dolu

acıqla, heyflə dərdlə

yüz kərə dedim mən sənə

mənə itirdiyin ömrü

yaşamısan sən hədərlə

artıq gecdi döz bu zülmə

hələ buna var gülüm

məzarımın üstündəki otlara

baxıb ağlarsan

zülüm-zülüm

bəlkə belə olmadı

gözündə yaş qalmaz olar

hələ sağam düşünürəm

sonrası olar olar.

2010

 

zaman-zaman havadı içimdə

bu türkümü bayatımı ağımı

alıb bütün ovqatımı əlimdən

qaralığa qərq eləyər ağımı

ağac idim budağımı vurdular

sonra gəlib əhvalımı sordular

uzun illər öncələri qırdılar

pərvazlanan qolumu qanadımı

sevdadı bu içimdə göyərən

hara qaçım bu sevdanın əlindən

bu dünya gəlib onda durdum mən

kimsə sevməz mənim kimi adamı

içim sızlar sızıltısı o yanlıq

mən etmədim kimlərəsə yamanlıq

yazıq könlüm yazıq oldu çox yazıq

görən kimə tapşırım mənim adımı

bu sızıltı xəstə qasım havası

yoxa çıxdı içimin gur davası

bu hal məni yıxasıdı yıxası

bir bəndə yox alsın mənim qadamı.

2010

 

on il,iyirmi il qabaq

mənim acıdığım insanlar vardı

içimə zaman sindi bilmirəm

onların adı

bu adlar yarpaq-yarpaq

torpaq içimdə çiçək açdı

şaxələndi

bu adlar ömrümə necə endi

indi onlar kimi

birisiyəm mən

kimə söyləyim

kimə deyim ki

mənə acımayın,unudun məni...

unudun

vaxt gələr bu acılıqdan

boy verib çıxaram

sizə göy üzünün dərinliyindən

sizə içinizin sərinliyindən

boylanıb baxaram...

mən daş deyiləm ki

mən insanam...

2009

 

 

ÜSKÜDAR ŞEİRLƏRİNDƏN

 

üsküdardan qalxan gəmi

içi dolu yarın qəmi

qurumayıb gözüm nəmi

üsküdardan qalxan gəmi...

üsküdardan qalxan gəmi

alıb görürəcək məni

dalğalara paylayacaq

dərd-qəmimi.

üsküdardan qalxan gəmi

dolaşsa da bu aləmi

dönüb gətirəcək məni

üsküdardan qalxan gəmi

istanbulsuz gəmi deyil

üsküdardan qalxan gəmi

üsküdarda yağan yağmur

bir qız öpüşündən yumşaq

yağmur altında

yuyar telimi...

 

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2010.- 28 avqust.- S.27.