30 avqust Beynəlxalq İtkin Düşmüşlər günü qeyd olunub

 

30 avqust Beynəlxalq İtkin Düşmüşlər günü Azərbaycanda qeyd olunub. Bu barədə APA-ya Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslərin ailələri yerli hakimiyyət orqanlarının, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və BQXK nümayəndələri ilə birgə Bakı, Sumqayıt, Sabirabad, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində 30 avqust Beynəlxalq İtkin Düşmüşlər gününü qeyd ediblər. BQXK-nın Azərbaycandakı nümayəndəliyinin axtarış üzrə nümayəndəsi Martin Aqure Oquya atəşkəs haqqında sazişin bağlanmasından 16 il keçməsinə baxmayaraq bu gün Azərbaycanda 4500 nəfərdən çox itkin düşmüş şəxsin taleyinin hələ də naməlum olaraq qaldığını qeyd edib. O, həmçinin itkin düşmüş şəxslərin həyat yoldaşlarının, anaların və uşaqlarının, bir sözlə daima həyəcan içərisində yaşayan və öz yaxınları barədə məlumat gözləyən bütün yaxınların çəkdikləri əzabların ölçüyə gəlməz olduğunu bildirib: “Münaqişə şəraitində insanların itkin düşməsi faktı yalnız itkin düşənlərə deyil, həm də onların ailələrinə və bütün icmaya zərər vuran çox böyük humanitar faciədir”.

Tədbirdə həmçinin bildirilib ki, BQXK itkin düşmüş şəxslərin talelərinə aydınlıq gətirilməsinə yardım üçün mexanizmin işlənib hazırlanmasında Azərbaycan hakimiyyət orqanları ilə birgə əməkdaşlıq edir. Cenevrə Konvensiyaları və onlara Əlavə Protokollarla üzərinə qoyulmuş mandata əsasən BQXK-nın ailələrə itkin düşmüş əzizlərinin talelərinə aydınlıq gətirmək üçün etdiyi yardım sırf humanitar xarakter daşıyır. Qeyd olunub ki, BQXK və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında məlumat toplanması sahəsində geniş səylərini davam etdirirlər. Toplanmış məlumat 2011-ci ilin ortalarında bu məlumatların mərkəzləşdirilmiş qaydada idarə olunması üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təhvil veriləcək. Bundan sonra, BQXK-nın hakimiyyət orqanlarına göstərdiyi yardım lazım gəldikdə müvafiq səriştənin bölüşdürülməsinə və itkin düşmüş şəxslərin ailələrinin ehtiyaclarına cavab verilməsinə yönələcək.

 

 

 525-ci qəzet.- 2010.- 31 avqust.- S. 2.