Meksikada Dünya Gənclər
Konfransı başa çatıb
Gənclər və
idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi
altında nazirlik əməkdaşları və gənclər
təşkilatlarının nümayəndələrindən
ibarət heyətin qatıldığı Dünya Gənclər
Konfransı başa çatıb. Nazirliyin mətbuat xidmətindən
verilən məlumata görə, Dünya Gənclər
Konfransı Meksikanın Leon şəhərində BMT tərəfindən
12 avqust 2010-12 avqust 2011-ci il müddətində elan edilən
Gənclər İli çərçivəsində
keçirilib. Dünya Gənclər Konfransının
keçirilməsində əsas məqsəd – hökumət
və gənclərin qeyri-hökumət təşkilatları
nümayəndələrinin birgə müzakirəsi ilə
beynəlxalq səviyyədə müəyyən edilən
Minilliyin İnkişaf Məqsədlərinə (MDG) nail olmaq
üçün hazırkı mərhələdə gənclər
sahəsinin aparıcı prioritetlərini müəyyən
etmək olub. Dünya Gənclər Forumuna bütövlükdə
təxminən 110 ölkədən 3500 nəfərə qədər
insan qatılıb. Konfrans 2 hissədə təşkil edilib:
İctimai (gənclər) Forumu və Hökumət Forumu.
Hökumət Forumunun rəsmi
açılışında Alonso Lühambia – Meksikanın Təhsil
naziri və Meksika Prezidentinin Konfransda rəsmi nümayəndəsi,
Priscila Vera Hernandez – Meksika Gənclər İnstitutunun Baş
direktoru, BMT-nin Əhali Fondunun İcraçı direktorunun
müavini – Purnima Mane, Meksikanın Quanaxuato ştatının
qubernatoru və sair rəsmilər çıxış ediblər.
Hökumət Forumu gənclər siyasətinin MDG ilə ahəng
olan 11 əsas mövzu üzrə keçirilib. Keçirilən
plenar iclasda Gənclər və idman nazirinin müavini
İ.Babayev Azərbaycanda gənclər siyasətinin həyata
keçirilməsində əldə edilən əsas nəticələr
haqqında danışıb. Çıxışda gənclərin
ictimai həyatda artan iştirakı, işsizliyin azalması, gənclərin
təhsilə cəlb edilməsi və hamı
üçün təhsi sahəsində əldə
edilmiş nəticələr, gənclərin beynəlxalq əməkdaşlığı
və gənclər təşkilatlarının
iştirakının stimullaşdırılması
üçün hökumət tərəfindən dəstəklənməsi
məsələləri qeyd edilib. Eyni zamanda Ermənistanın
Azərbaycana təcavüzü haqqında
iştirakçılara məlumat verilib.
S.QARAYEVA
525-ci qəzet.- 2010.- 31 avqust.- S. 2.