“Tahir Salahov” filmi təqdim olunub
Bakının 193 nömrəli orta məktəbində xalq rəssamı Tahir Salahovun ad günü münasibətilə rejissor
Ziya Şıxlinskinin
“Tahir Salahov” sənədli filmi təqdim edilib. Məktəbin
direktoru Rəhim Hüseynov 1928-ci il noyabrın 29-da Bakıda anadan olmuş Tahir Salahovun həyat və yaradıcılığı haqqında
məlumat verərək
bildirib ki, Rusiya rəssamlıq akademiyasının vitse-prezidenti
T.Salahov Sosialist Əməyi Qəhrəmanı,
SSRİ-nin, Azərbaycanın
və Rusiya Federasiyasının xalq rəssamı, SSRİ Dövlət
mükafatı laureatı,
dünyanın 20-dən artıq
rəssamlıq akademiyasının
və yaradıcılıq
təşkilatının üzvüdür.
Film rəssamın özü haqqında söhbəti ilə başlayır və onun söhbəti ilə də yekunlaşır. Rejissor diqqətə
çatdırıb ki,
filmin belə quruluşda çəkilməsini
o, T.Salahovla birgə fikirləşib. Sənətkarın
portret janrında yaratdığı bəstəkarlar
Dmitri Şostakoviç,
Qara Qarayev, Fikrət Əmirov, şairlər Rəsul Rza, Mirzə Ələkbər Sabir, violonçel ustası Mstislav Rostrapoviç və başqa mədəniyyət xadimlərinə
həsr etdiyi əsərlər öz müəllifinə dünya
şöhrəti gətirib.
Qeyd edək ki, film Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” kinostudiyasında
lentə alınıb.
Ekran əsərinin ssenari müəllifi Toğrul Cuvarlı, operatoru Adil Abbasovdur.
HÜSNİYYƏ
525-ci
qəzet.- 2010.- 1 dekabr.- S.7.